Xəbər verdiyimiz kimi, istedadlı bəstəkar Rüfət Xəlilov 27-30 avqust tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində beynəlxalq müasir musiqi festivalında (Tempora Internation Meeting-2013) iştirak edib. Rüfət Xəlilov 2004-2005-ci illərdə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdü ilə bəstəkar Didier Makın sinfində təcrübə keçib, ötən müddətdə müxtəlif beynəlxalq festival və müsabiqələrin iştirakçısı olub, ABŞ-da keçirilmiş “Music+Culture-2009” festivalında II yerə layiq görülüb. “Heyratı” simfonik rapsodiyasının və bir sıra kamera əsərlərinin müəllifidir. Bolqarıstan səfərindən qayıtdıqdan sonra bəstəkarla görüşüb təəssüratlarını öyrəndik, yaradıcılıq planları barədə danışdıq.
   
   - Rüfət müəllim, öncə Sofiyadakı beynəlxalq musiqi festivalı barədə danışaq...
    - Əvvəla, festivalda iştirakıma dəstək verdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Sofiya festivalının indiyədək iştirak etdiyim digər tədbirlərdən fərqi ondan ibarət idi ki, burada iştirakçılar tam sərbəst surətdə öz yaradıcı işlərini dinləyicilərə çatdıra bilirdilər. Fransanın “Tempora” Müasir Musiqi Assosiasiyası bir neçə il əvvəl yaranıb. “Tempora” italyancadan tərcümədə “vaxt” yaxud “indi” mənalarını verir və hazırda dünyada baş verən qlobal dəyişikliklərin musiqidə ifadəsinə xarakterikdir. Təşkilatın prezidenti, bəstəkar Didier Mak və xanımı Aleksandra Foldur. Onların məqsədi dünyada, xüsusilə də Asiya ölkələrindən olan bəstəkar və ifaçıları hər il müxtəlif şəhərlərdə keçirilən bu tədbirə dəvət etməkdir. Festivalın fərqli ölkələrdə keçirilməsində məqsəd digər millətlərin xalq çalğı alətlərini, folklor musiqisini təbliğ etməkdir. Sofiya festivalında əsasən Fransa, İspaniya, İtaliya, Yaponiya və Almaniyadan olan bəstəkar və ifaçılar iştirak edirdilər.
   Musiqiçilər çox maraqlı ideyalarla çıxışlar etdilər. Fransalı bəstəkar Rolin Etienin “Səs rəngləri” layihəsini xüsusi qeyd etmək istərdim. Belə ki, struktur cəhətdən improvizasiya janrında qurulmuş və teatrallaşdırılmış bu əsər kainatın abstrakt obrazlarının bir təzahürü kimi ifadə olunmuşdu. Ümumiyyətlə, bu tədbirin əsas mahiyyətindən biri də ifaçı-bəstəkarlar arasında təcrübələr aparmaq idi. Digər ölkələrdən fərqli olaraq ilk dəfə iştirak etdiyimə görə məruzəmi Azərbaycan musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına, eyni zamanda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına həsr etdim. Ayrılan bir saat ərzində bəstəkarın “Cəngi” əsəri, həmçinin Üzeyir bəy nəslinin nümayəndəsi, bəstəkar İsmayıl Hacıbəyovun “Cəngi” fortepiano və orkestr üçün rapsodiyası haqqında məlumatı videomaterial şəklində təqdim etdim. Festivalın sonuncu günündə tədbir iştirakçılarının əsərlərindən ibarət Lyubomir Pipkov adına musiqi kollecinin böyük salonunda konsert keçirildi və mən fortepiano üçün yazdığım “Sonatina”nı ifa etdim.
   - Festivalda maraqlı təkliflər səsləndimi?
   - “Tempora” Müasir Musiqi Assosiasiyasının prezidenti, bəstəkar Didier Mak dəyirmi masa arxasında müzakirə zamanı bir necə ildən sonra bu tədbirin Bakıda keçirilməsini təklif etdi. Təbii ki, belə bir layihənin Bakıda keçirilməsi bizim musiqi aləmi üçün maraqlı olardı.
   - Tələbəsi olduğunuz tanınmış bəstəkar İsmayıl Hacıbəyovu necə xatırlayırsınız?
   - Dahi Üzeyir Hacıbəyli və Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoyublar. Arif Məlikov, Fərəc Qarayev, İsmayıl Hacıbəyov kimi məşhur bəstəkarlar bu məktəbin yetirmələridir. İsmayıl Hacıbəyov xalqını, vətənini ürəkdən sevən insan idi. O, Azərbaycan musiqisində neoklassisizm üslubunun banisidir. Təbiətcə çox zarafatcıl, eyni zamanda yaradıcılıqda ciddi idi. Yüksək intellektə və dünyagörüşünə malik olan İsmayıl Hacıbəyov sinifdə tələbələrə D.Şostakoviç, U.Folkner, A.Kamyu haqqında danışardı. Təəssüf ki, dünyasını vaxtsız dəyişdi. İstedadlı bəstəkar hələ gənc yaşlarında məşhur “Cəngi” rapsodiyasını, “Memorial” kantatasını bəstələmişdir. Hazırda onun əsərlərini tanınmış pianoçumuz Ülviyyə Hacıbəyova yüksək səviyyədə təbliğ edir. Mən müəllimim haqqında danışarkən onun 10 ildən çox üzərində işlədiyi, Ü.Hacıbəylinin “Firuzə” ariyası əsasında yaratdığı operanı qeyd etmək istərdim. Ancaq, bəstəkarın vəfatından 7 il keçməsinə baxmayaraq, 500 səhifəlik bu əsər səhnə həyatı qazanmayıb. Mən inanıram ki, vaxt gələcək bu opera Azərbaycan musiqi mədəniyyəti tarixində dəyərli bir sənət əsəri kimi layiq olduğu yeri tutacaq.
   - Bir bəstəkar kimi bugünkü Azərbaycan musiqinin vəziyyətini necə xarakterizə edərdiniz?
   - Bəşəriyyət sürətli inkişaf dövrünü yaşayır. İndi internet, mobil rabitə böyük informasiya və əlaqə vasitəsidir. Əgər 1960-1970-ci illərdə bəstəkarlar hər hansı Avropa və ya Amerika bəstəkarlarının partituralarını, yaxud lent yazılarını çətinliklə tapırdılarsa, indi bunları əldə etmək çox asandır. Xatırlayıram, müəllimlərimiz bizə danışırdılar ki, 70-ci illərdə “Yeni Vyana Məktəbi”nin nümayəndələri olan A.Şönberq, A.Berq, A.Vebernin əsərlərini çətinliklə tapır, əldə edəndə də çox böyük həvəslə dinləyib ifa edirdik. Deyərdim, bu gün “dəyərlərin yenidən qiymətləndirilməsi”, yəni yeninin köhnə sistem üzərində qurulması prosesi baş verir. Bəstəkarların ifaçılara ehtiyacı var. Hazırda yeni ifaçıların, bir çox simli kvartet və ansamblların səviyyəsi müasir tələblərə cavab vermir. Bəstəkarlar öz əsərlərini eşitməlidirlər.
   - Yeni əsərlər üzərində işləyirsinizmi? Gələcək planlarınız haqqında nə deyərdiniz?
   - Bu yaxınlarda böyük simfonik orkestr üçün yeni əsərimi tamamladım. Ümid edirəm yaxın vaxtlarda ifa olunacaq. Gələcək planlarım haqda onu deyim ki, qatıldığım festivaldan növbəti dəvət almışam. Gələn il festival yenidən Fransanın Bordo şəhərində keçiriləcək. İstərdim, burada bizim musiqini daha da yaxından təbliğ edim. Muğam üçlüyümüz və Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin əsərləri haqqında məruzə etməyi düşünürəm.
   
   Söhbətləşdi: Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar