Peşəkar
“Həmişə öz-özümə sual verirdim ki, necə olur, bu əqrəb, məsələn, 12-nin üstünə gələndə zəng çalır. Saat haradan bilir ki, indi zəng çalmalıdır?”
Öz sahəsində sayılıb-seçilən insanları təqdim etdiyimiz “Peşəkar” rubrikasının budəfəki qonağı saatsaz Ədalət Cavadovdur. Müsahibim artıq 45 ildir ki, bu sənətlə məşğul olur, təmir etdiyi saatların sayını isə çoxdan unudub. Ancaq müştərilərini yaxşı xatırladığını, böyük şairimiz Bəxtiyar Vahabzadənin onun dükanına tez-tez gəldiyini, hətta işlətdiyi saatın markasını belə unutmadığını deyir. Bir az da giley-güzarlı olan müsahibim sənətinin gələcəyindən də narahatdır, gəncləri bu sahəyə maraq göstərmədiyinə görə həm qınayır, həm də onlara haqq qazandırır...
- Ədalət usta, öncə özünüz haqqında oxucularımıza məlumat verərdiniz...
- Üç övlad atasıyam, bir oğlum, iki qızım var. Oğlum mənim yanımda sənətimi davam etdirir. Özüm alitəhsilliyəm, Azərbaycan Texniki Universitetini bitirmişəm. İndi sənətimi davam etdirən oğlum da alitəhsillidir, iki institut bitirib. Saatsazlıqla isə düz 45 ildir ki, məşğul oluram.
- Bu sənətə maraq haradan yarandı?
- Allah ölənlərimizə rəhmət eləsin, rəhmətlik atam tanınmış saatsaz olub, 1945-ci ildən bu sahədə çalışıb. Biz elə o vaxtdan Mərkəzi Univermağın yanında yaşamışıq, atamın dükanı da mənim indiki dükanımın yanında idi. Atama yeməyi həmişə mən gətirirdim, yanında oturub işinə baxırdım, suallar verirdim, o da öyrədirdi. Uşaq idim, saatın işləməsi, çıqqıltısı mənə maraqlı gəlirdi. O vaxtlar böyük zəngli saatlar məni daha çox maraqlandırırdı. Həmişə öz-özümə sual verirdim ki, necə olur, bu əqrəb, məsələn, 12-nin üstünə gələndə zəng çalır. Saat haradan bilir ki, indi zəng çalmalıdır? Atamdan da soruşurdum, o da başa salmağa çalışırdı, ancaq elə də anlamırdım. 15 yaşım olanda bəzi təmir işlərini görə bilirdim. Sırf usta kimi çalışmağa isə institut illərində başladım, artıq sərbəst şəkildə qol saatlarını təmir edə bilirdim. Hətta institutda müəllimlərim deyirdi ki, gül kimi sənətin var, ali təhsil nəyinə lazımdır, ancaq deyə bilmirdim ki, ali təhsil almasam mənə qız verməyəcəklər. O vaxt elə idi, ali təhsili olmayana qız vermirdilər. Diplomu sırf ona görə aldım. Özüm də bilirdim ki, saatsaz işləyəcəyəm.
- Belə fikir var ki, tikməyi öyrənənlər sökməkdən başlayır. Yəqin ki, sizdə də belə olub.
- Bəli, elədi. Bizim sahədə, ümumiyyətlə, elə birinci sökməyi bacarmalısan, çünki saatı düzgün sökə bilmək, onu təmir etmək qədər önəmlidir. Bu maşın deyil ki, böyük detalları olsun, itməsindən, sınmasından qorxmayasan. Saatın mexanizmi çox incədir, detalları isə həddən artıq kiçikdir. Düzgün sökə bilməsən, ya hansısa detalı sındıracaqsan, ya da düşüb itəcək. Ona görə də rəhmətlik atam mənə təmir üçün qol saatlarını verməzdi. Deyərdi ki, böyük divar saatlarından başla, onların mexanizmini, işləməsini öyrən, əlin detallara öyrəşsin, sonra sənə qol saatlarını təmir etməyə icazə verəcəyəm. Düzdür, mən narazı qalırdım, qol saatlarını təmir etmək istəyirdim. Ancaq sonra başa düşdüm ki, atam düz edirmiş. Böyük saatlardan baş çıxarmayan qol saatlarını təmir edə bilməz. İndinin özündə də görürsən ki, neçə ilin ustasıdır, ancaq divar saatlarını təmir edə bilmir. Mən buna yarımçıq papaqçılıq kimi baxıram. Özlərinə də haqq qazandırırlar ki, qol saatı ustasıyam, bu, düzgün deyil.
- Məşhur insanlardan kimlərin saatını təmir etmisiniz? Maraqlı xatirələriniz varmı?
- O vaxtlar, cavanlıq illərimdə saat düzəltdirmək üçün yanıma gələnlər çox olub. Böyük şairimiz Bəxtiyar Vahabzadə tez-tez gələrdi. Özü də “qardaşoğlu” deyə müraciət edirdi. İki saatı var idi, biri “Luç”, digəri “Polyot”. İkisi də məşhur rus saatları idi. İndi onları əntiq əşya kimi satırlar. Özü də bizim qonşuluğumuzda yaşayırdı. Mehriban, sadə insan idi, böyük şair, tanınmış insan olduğunu hiss etdirməzdi. O vaxtlar qızıl saatlar dəbdə idi, əsasən bakılılar qızılla işlənmiş və bütöv qızıl saatlar taxırdılar. Bir gün Bəxtiyar müəllim mənə saat gətirdi ki, bunun qolbağını dəyiş, bu qızıl qolbağını tax. Mən də çəkinə-çəkinə soruşdum ki, “Bəxtiyar müəllim siz qızıl saat taxmazdınız axı”. O da gülümsündü, dedi ki, “qardaşoğlu, təzyiqimə görə həkim məsləhət görüb, yoxsa taxmazdım”. Rəhmətlik Süleyman Ələsgərov gəlirdi yanıma. Onun da bir neçə saatı var idi. İsveçrə saatları taxırdı. İnsan kimi zarafatcıl adam idi, mütləq kefini açacaq bir söz söyləyərdi. Akademik Mirəli Qaşqay da bir neçə dəfə gəlib dükanımıza.
- Gənclər necə, bu sənətlə maraqlanırlarmı?
- İndi gəncləri bu sənət maraqlandırmır. Onlar daha rahat və daha çox qazana biləcəkləri sahələri seçirlər. Saatsaz çətin sənətdir, hərdən onları qınamıram da. Birincisi, elə qazanc yoxdur. Müasir saatları elə düzəldirlər ki, təmirə də ehtiyac olmur, sıradan çıxanda gərək atasan. Bir də bu işi öyrənmək üçün çox vaxt lazımdır. Ən azı beş il usta yanında durmalısan, səbirli, ehtiyatlı, diqqətli olmalısan. Bu iş səbirsiz adamın işi deyil. İndiki gənclər də çox səbirsizdirlər. Heç təmirə verdikləri saatı beş dəqiqə gözləməyə səbirləri çatmır, o ki qaldı saatlarla stol arxasında oturub bu işlə məşğul olalar. Ona görə bizim sənətin gələcəyindən nigaranam. Artıq saat ustalarının sayı bir əlin barmaqları qədərdir.
- Ədalət usta, bəs sizin öz yetirmələriniz olubmu?
- Oğlumla bərabər dörd yetirməm olub. Ancaq onların hamısı bu sənəti davam etdirmədilər. Oğlum mənim yanımda çalışır, digər tələbəm isə şəhərdə məşhur İsveçrə saatlarının satışı ilə məşğul olan mağazalar şəbəkəsində ustadır, bütün növ saatların təmiri ilə məşğuldur. Bir tələbəm də var idi, usta ola-ola gəlmişdi yanıma. Çox istedadlı, bacarıqlı oğlan idi, gecə yarıya qədər mənimlə bərabər işləyirdi. Onunla bağlı böyük ümidlərim var idi, bu sənəti yaşadacağını düşünürdüm. Ayrıca dükan da açdı, bir müddət məşğul oldu, sonra “bu işdə pul yoxdur” deyib taksi sürücülüyünə başladı. Atası da taksi sürücüsü idi. Bəlkə də atasının sənəti çəkdi onu, bilmirəm, amma indi də düşünürəm ki, o, gözəl saatsaz ola bilərdi.
- Usta, indiki saatlarla köhnə saatları müqayisə etdikdə hansı fərqləri müşahidə edirsiniz? Müsbətə, yoxsa mənfiyə doğru dəyişib.
- Keyfiyyət baxımından mənfiyə doğru dəyişib. İndiki detalların keyfiyyəti həmin keyfiyyət deyil, materialda çox böyük fərqlər var. Görünüş və funksionallıq baxımından isə irəliləyiş göz qabağındadır. İndi daha yaxşı dizayn eləyirlər, funksiyaları daha çoxdur, temperaturu belə göstərən saatlar var. Ancaq mən bir peşəkar usta kimi saatın çoxfunksiyalı olmasının əleyhinəyəm. Saatın mexanizmi nə qədər sadə olsa, bir o qədər davamlı və uzunömürlü olar. Çoxfunksiyalılıq təmirdə də problemlər yaradır, çox ustalar saatın bir funksiyasını təmir edərkən, digərini sıradan çıxarırlar. Hesab edirəm ki, saata elə saat kimi yanaşmaq lazımdır, termometr kimi yox. Bu vaxtı ölçən cihazdır. İndi Çin istehsalı olan saatlar üstünlük təşkil edir, əksəriyyəti də keyfiyyətsizdir, təmir belə etmək olmur. Onları da orijinal kimi satışa çıxarırlar.
- Saxta saatlardan söz düşmüşkən, sadə alıcı bunları əslindən necə fərqləndirməlidir?
- Sadə alıcı onları heç cür fərqləndirə bilməz, çünki xarici görünüşü eynilə orijinalda olduğu kimidir. Markanın adı, İsveçrədə istehsal olunduğu peşəkar şəkildə yazılır. Bu saatların orijinal olub-olmadığını yalnız mexanizmlərindən bilmək olar. Saxta saatların yalnız mexanizmləri fərqli olur. Alıcıların böyük əksəriyyəti isə xarici görünüşə və markaya fikir verdiklərindən aldanırlar. Məsləhət görərdim ki, bahalı marka saat almazdan əvvəl usta ilə məsləhətləşsinlər, açdırıb yoxlatdırsınlar, sonra alsınlar. Əks təqdirdə aldana bilərlər. Onu da deyim ki, bu cür saxta saatlar əvvəllər də olub. Ancaq bir qədər fərqli. Qızıl və ya üzərində işləmələri olan saatların dəbdə olduğu vaxtlarda işbazlar bahalı saatların mexanizmini alıb xaricdə onlara qızıl korpus düzəltdirirdilər, üzərində işləmələr həkk etdirirdilər. Sonra da nadir saat kimi çox baha qiymətə satırdılar. Bu cür saatları alanlar da mütləq ustaya göstərirdilər. Elə olurdu ki, gəlib bizdən xahiş edirdilər ki, orijinal olduğunu deyək. Amma heç vaxt ürəyim gəlmirdi “orijinaldır” deməyə. Ya saata baxmırdım, ya da dolayı başa salırdım ki, bu o saat deyil.
Sadiq Musa