“Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə əməkdaşlıq memorandumunda bir çox ortaq mədəni tədbirlərin, qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulur”
   
   Müsahibimiz Roma Opera Teatrının direktoru Katello de Martinodur
   
   Ölkəmizdə səfərdə olan Roma Opera Teatrının direktoru Katello de Martino ilə paytaxtımızın mərkəzində yerləşən hotellərdən birində görüşdük. Şəhərə və dənizkənarı parka gözəl mənzərə açılan guşədə qonağımızla səfəri, Bakı ilə bağlı təəssüratları və Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə əməkdaşlıq və digər məsələlər barədə danışdıq.
   
   Həmsöhbətim öncə özü haqqında məlumat verdi:
   - Roma Opera Teatrına 2009-cu ildən rəhbərlik edirəm. Eyni zamanda, İtaliyanın məşhur şəhərlərindən biri olan Salernoda yerləşən musiqi konservatoriyasının prezidenti vəzifəsində çalışıram. İtaliyanın Orviyeto şəhərində hər il təşkil olunan musiqi festivalının təşkili də mənə həvalə edilib. Bu da eynilə direktorluq vəzifəsidir. Əsasən dini musiqilərin səsləndirildiyi, pasxa bayramı ərəfəsində təşkil olunan bir festivaldır. Özümlə bağlı onu da deyə bilərəm ki, ali təhsilimi siyasi elmlər üzrə almışam, ailəliyəm 3 övladım var.
   - Bu, ölkəmizə yəqin ilk səfərinizdir. Paytaxtımız haqqında təəssüratlarınız necədir?
   - Bəli, ilk səfərimdir. Öncə onu deyim ki, paytaxtınız çox xoşuma gəldi. Şəhərin dəniz kənarında yerləşməsi, infrastrukturu, qədimliklə müasirliyin ahəngi məni valeh etdi. Gördüyünüz kimi, qaldığım hotelin də pəncərəsindən şəhərə gözəl mənzərə açılır. Şəhərinizin gecə mənzərəsi də olduqca xoşdur. Bəzi şəhərlər gecə gözəl olur, bəziləri isə gündüz. Ancaq Bakıda hər ikisi gözəldir. Hər hansı ölkəyə, şəhərə səfər etməzdən öncə, həmin yer haqqında məlumat toplamağı sevirəm və demək olar ki, bu, məndə peşəkar vərdişdir. Səfər öncəsi Bakı haqqında oxuduqlarım, internetdə baxdığım şəkillər məndə müsbət təəssürat oyatdı. Ancaq etiraf edim ki, şəhərinizdəki gözəllikləri canlı şəkildə görmək daha maraqlıdır. Bakı mənə doğma Salerno şəhərini xatırlatdı. Salerno Bakı kimi böyük şəhər deyil, ancaq da dəniz kənarında yerləşir, orada da müasirliklə qədimliyin ahəngini hiss edə bilirsən.
   - Səfəriniz Roma Opera Teatrı ilə Azərbaycan Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlıdır. Bu sənəd ikitərəfli mədəni əlaqələrə hansı töhfələri verəcək?
   - Bu memorandumun bünövrəsi bir il bundan əvvəl Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri zamanı qoyulub. O zaman birinci xanım Roma Opera Teatrını da ziyarət etdi, incəsənət nümayəndələri ilə görüşdü. Belə bir memorandumun imzalanması ilə bağlı təşəbbüsü də Mehriban xanım Əliyeva irəli sürdü. Ötən müddətdə müəyyən danışıqlar aparıldı, nəhayət, Bakıya gəldik. Memorandumda nəzərdə tutulan məsələlərə gəldikdə, bir çox ortaq mədəni tədbirlərin təşkili, teatrların kollektivlərinin qarşılıqlı səfərləri, Bakıda və Romada digər tədbirlərin təşkili planlaşdırılır.
   İtaliya ilə Azərbaycan arasında təkcə opera sahəsində deyil, mədəniyyətin bütün sahələrində əməkdaşlıq üçün olduqca böyük potensial var. Yəqin ki, üzümüzə gələn il bizim teatrın Bakıya qastrol səfəri reallaşacaq. Bu barədə danışıqlar aparılır. Bundan əlavə, səhnə geyimləri ilə bağlı uğurlu əməkdaşlıq qura bilərik. İtaliyanın ən məşhur geyim üzrə dizaynerlərinin səhnə üçün hazırladığı böyük geyim kolleksiyası var. Sizin opera teatrı da bu geyimlərdən istifadə edə bilər. Həmçinin məşhur, dünyada tanınan opera sənətçilərimizin geyindikləri əlbəsələr də var ki, biz onların Bakıda sərgisini təşkil etmək istəyirik. Sizin teatr geyimlərinizdən ibarət sərgi də Romada təşkil oluna bilər.
   Roma Opera Teatrının uşaqlardan ibarət böyük orkestri var. Onlar dünyanın bir çox şəhərlərində uğurlu çıxışlar ediblər. Bu kollektivin Bakıda da çıxışını təşkil etmək istəyirik. Gələn il məşhur italiyalı dirijor Rikardo Mutinin də şəhərinizdə çıxışı nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bizim təşəbbüsləri müsbət qarşılayacaq. Ümumiyyətlə, çalışmalıyıq ki, iki xalqın daha da yaxınlaşdırılması, əlaqələrin genişləndirilməsi məqsədilə mövcud imkanlardan səmərəli istifadə edək. Roma Opera Teatrı dünyanın qabaqcıl opera və balet teatrları ilə əməkdaşlıq edir, teatrımızın böyük təcrübəsi var. Bu təcrübəni Azərbaycanla da paylaşmağa hazırıq.
   - Bakıda mədəniyyət ocaqlarına necə, baş çəkə bidinizmi?
   - Akademik Opera və Balet Teatrına baş çəkdik. Üzeyir Hacıbəyliyə həsr olunmuş musiqi festivalının iki konsertinə baxmaq imkanımız oldu. Bir məqamı diqqətinizə çatdırım ki, Opera və Balet Teatrınızın akustikası məni valeh etdi. Bu cür akustikaya ən məşhur teatrlarda belə az təsadüf edilir. Bizə bildirdilər ki, teatr bir müddətdən sonra təmirə bağlanacaq. Bu zaman akustikanın qorunub saxlanılması olduqca vacibdir. Biz İtaliyada bu cür mənfi təcrübəni yaşadıq. Məşhur teatrlarımız olan San Karlo, San de Siciliya təmirdən sonra əvvəlki akustikanı itirdi. Eyni akustikanı yenidən bərpa etmək isə texniki baxımdan olduqca çətindir.
   - Yəqin ki, memorandum azərbaycanlı sənətçilərin İtaliyada təhsili üçün də yeni imkanlar açacaq...
   - Düşünürəm ki, tələbə mübadiləsi məsələsində müsbət irəliləyişlər olacaq. Azərbaycanlı vokalçılar İtaliyada təhsil almağa böyük önəm verirlər, orada təhsillərini artırmaq, məşhur teatrların səhnələrində çıxış etmək istəyirlər. İndinin özündə də İtaliyada musiqi təhsili alan xeyli gənc var. Məsələn, opera ifaçısı Yusif Eyvazovu İtaliyada çox sevirlər. Səhv etmirəmsə, o indi də İtaliyada yaşayır. Ölkəmizdə peşəkar musiqi təhsili üçün hər cür imkan var. Master-klasslar təşkil edirik, böyük səhnələrdə çıxış imkanı yaradırıq. Azərbaycanlı musiqiçilərin də bu fürsətlərdən yararlanması bizi sevindirir. Biz gənclərin, xüsusilə uşaqların təhsilinə xüsusi önəm veririk. Onları teatrların nəzdində olan dərnəklərə, xora cəlb edirik. Zamanla onlar mədəniyyətin bir parçasına çevrilirlər və püxtələşirlər.
   
   Sadiq Musa






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar