Müasir dövrdə kitab xalqın mədəni irsini, tarixini tanıdan, onun kimliyini sübuta yetirən, xalqı təbliğ edən mühüm vasitədir. Hər bir xalq həm də yetişdirdiyi yazıçı ilə tanınır. Yazıçının qələmə aldığı əsərlə xalq tarixə köçür, onun ədəbiyyatı yaşayır. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ərəfəsində Azərbaycanın Xalq yazıçısı, dünya şöhrətli müəllif, həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda kitabları ən çox satılan Çingiz Abdullayevlə görüşüb söhbətləşdik.

Çingiz Abdullayevin 1988-ci ildə 30 min tirajla işıq üzü görən “Mavi mələklər” adlı ilk romanı ona şöhrət gətirib. Sonralar detektiv janrında digər əsərləri ilə dünya miqyasında tanınıb və 25 ildir ki, bu imza “ədəbi yürüş”ünü davam etdirir. Yazıçı 170-dək roman və povestin, 50-dək ssenarinin, hekayələrin, çoxsaylı publisistik məqalələrin müəllifidir. Əsərləri 30-dək dilə tərcümə olunub, ümumilikdə 26 milyondan çox tirajla nəşr olunub.

Tanınmış yazıçı öncə Bakıda artıq üçüncü dəfə gerçəkləşən beynəlxalq kitab bayramı haqqında fikirlərini bölüşdü:

- Çox sevinirəm ki, ölkəmizdə belə kitab bayramları keçirilir. Bilirsiniz ki, bu gün Azərbaycanda kitabla bağlı problemlər az deyil. Kitab mağazalarının sayı azdır, kitab az oxunur. İnsanları kitaba cəlb etmək, kitaba maraq yaratmaq baxımından sərgi-yarmarkanın əhəmiyyətini yüksək qiymətləndirirəm. Sərgi-yarmarkalar həm də nəşriyyatların rəqabəti deməkdir. Belə tədbirlər nə qədər çox olsa, bir o qədər yaxşıdır.

- Çingiz müəllim, indi də keçək əsas mövzuya. Niyə sizin kitablar daha çox oxunur? Kitablarınızın belə yüksək tirajla çap olunub satılmasına səbəb nədir?

- Bu suala ən düzgün cavabı, məncə, oxucu özü verə bilər. Sözsüz ki, burada maraq başlıca rol oynayır. Əgər kitab maraqlı olmasa, heç kəs onu almaz. Siz indi Yazıçılar Birliyinin binasından çıxıb Nizami küçəsindəki “Əli və Nino” kitab mağazasına daxil olsanız, görəcəksiniz ki, orada 42 min adda kitab satılır. Mən həmişə gənc yazarlara deyirəm, siz elə bir səviyyədə yazmalısınız ki, alıcı mağazaya girəndə həmin 42 min kitab arasında sizin kitabı seçsin, pul verib onu oxumaq istəsin. Hazırda internetdə rus dilində 470 milyon kitab var. Sən rus dilində elə bir səviyyədə yazmalısan ki, onu 470 milyon kitabın sırasından seçib oxusunlar. Təbii ki, bu çox çətindir və yenə də əsas səbəb maraqdadır.

- Bu günə kimi ən çox satılan kitablarınız?

- İlk kitablarım daha çox oxunub və təkrar-təkrar nəşr olunub. Elə kitablarım olub ki, 500 000 tirajla çap olunub. Hazırda dünyada ildə 300-400 min tiraj kitablarım nəşr olunur.

- Əsərlərinizin populyar olmasında janrın rolu varmı? Hər halda insanlar detektiv əsərləri maraqla oxuyurlar...

- Düşünmürəm ki, burada janrın rolu var. Əsas məsələ həqiqətdədir. İnsanlar yazıçıya inanmalıdırlar, bilməlidirlər ki, yazıçı yalan deməyəcək. Mən yazıçı kimi çox şeyi uydurub yaza bilərəm, amma buna baxmayaraq həmişə öz qəlbimdə təmizəm və mövqeyimi dəyişmirəm. Bunu mənim oxucularım hiss edirlər və mənə inanırlar. Bəlkə də ona görə kitablarım daha çox satılır. Odur ki, janr elə də önəmli deyil. Sən elə yazmalısan ki, oxucu hiss etsin ki, sən qəhrəmanlarına inanırsan, əsərdə yaşayırsan, sən onu yazanda istəyirsən ki, bunu oxusunlar. Kitablar insanları tərbiyələndirməli, onların düzgün seçim etmələrinə kömək etməlidir. Onu da deyim ki, mənim yazdıqlarımı kim diqqətlə oxuyursa, bilir ki, bu heç də tam detektiv deyil. Fransanın “Liberasyon” qəzeti yazır ki, Çingiz Abdullayevin əsərləri adi detektiv deyil, əsl ciddi nəsrdir. Mərhum rejissorumuz, ən yaxın dostlarımdan biri olan Rasim Ocaqov deyirdi ki, məni sənin mövzun yox, fikirlərin daha çox maraqlandırır.

Kitablarım dünyanın 29 dilinə tərcümə olunub. Bütün yazıçıların arzusu odur ki, onları tanısınlar. Təvazökarlıq yazıçıya yad olan əlamətdir. Çünki yazırsansa, deməli, istəyirsən, sənin yazdıqlarını oxusunlar. Bu gün Rusiyada, Qazaxıstanda kitab mağazalarında mənim kitab rəflərimi yaradıblar. Azərbaycan tarixində heç bir yazıçının xarici ölkədə kitab mağazasında xüsusi rəfi olmayıb. Sözsüz ki, mən buna çox sevinirəm. İstəyirəm ki, bizim gənc yazarlar da dünyaya sübut etsinlər ki, azərbaycanlı da yaza bilir.

- Oxucularınızın əsərlərinizlə bağlı sizə ən çox müraciət etdiyi sual hansı olub?

- Çox suallar verirlər. Elə birinci Dronqo ilə bağlı suallardır. Ona kim oxşayır, niyə görə onu yaratdınız. Nəyə görə ona azərbaycanlı adı qoymadınız və s. Bütün suallara səbrlə cavab verirəm. Çox insanlar da inanır ki, bu qəhrəman reallıqda var, ona məktub yazırlar. Qazaxıstandan bir oxucu qadın gəlib Dronqo ilə görüşmək istəyirdi. Bu gülməli də olsa, deyərdim ki, Dronqo məndən də məşhurdur.

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Yuli Sezarın həyatından bəhs edən yeni tarixi kitabım işıq üzü görüb. Təxminən üç aya “Bakı və bakılılar” adlı böyük bir kitabım çapdan çıxacaq.

- Söhbətimizin əvvəlində bildirdiniz ki, kitab oxuyan azdır. Bəs kitaba marağı necə qaytarmaq olar?

- Həmişə uşaqlara deyirəm mənim kitablarımı deyil, ümumiyyətlə kitab oxuyun. Siz başa düşmürsünüz ki, kitab oxumamaqla özünüzü necə kasıblaşdırırsınız. Bu kitabları yazanlar ağıllı insanlar olublar ki, bu günə qədər onların əsərləri gəlib çatıb. Homeri iki min ildir oxuyurlar, Evripidi, Şekspiri, Tolstoyu və s. Siz istəmirsiniz ki, ağıllı adamların məsləhətlərini oxuyub öyrənəsiniz? Bizim sabahımız kitabdan asılıdır. Ordumuz da, iqtisadiyyatımız da, siyasətimiz də, Qarabağın qaytarılması da kitabdan başlayır. Çox vaxt tələbələrlə görüşlərim olur. Görürəm, gənclər fikirləşirlər ki, hər şeyi pul həll edir. Əgər hər şeyi pul həll etsəydi, onda dünyanın ən güclü dövlətləri ərəb ölkələri olardı. Amma niyə Yaponiyadır? Biliklə, beyinlə işləyib qüdrətli dövlətə çevriliblər. Millətin mədəniyyəti yoxdursa, o, tarixdə qala bilməz. O xalqlar ki, kitaba bağlıdırlar, onlar inkişaf edirlər. Yaxşı kitab oxumaq böyük xoşbəxtlikdir. Hamının xoşuna Çingiz Abdullayev gələ bilməz, ona görə də hamıya kitab oxumağı tövsiyə edirəm. Məni deyil, başqalarını oxuyun, amma yetər ki, oxuyun...

Söhbətləşdi: Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar