“Elə yazmalıyıq ki, oxucu özü bizi axtarsın

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlı:

- Azərbaycan paytaxtının artıq üçüncü dəfə beynəlxalq kitab sərgi-yarmarkasına ev sahibliyi etməsi xəbərini bayram kimi qəbul etdim. Bu, böyük kitab bayramıdır, belə tədbirlərin keçirilməsinə çox sevinirəm.

Əslində kitabsız günümüz yoxdur və mən kitabın mahiyyətinə daha çox diqqət ayıran insanlardanam. Bir çox müəllif və oxucular bu qənaətdədir ki, son illərdə kitaba münasibət dəyişib, maraq azalıb. Doğrudan da, azalıb. Amma bunu bir az başqa cür anlamalıyıq. Mən belə düşünürəm ki, kitabı əvəz edən elektron vasitələr gündəmə gəlib. Etiraf edək ki, bu vasitələr az da olsa, kitabı əvəz edə bilir. Ona görə də hələlik kitabdan uzaqlıq hiss olunur. Bunun özü də kitabı axtarmaq deməkdir. Çünki gedən mütləq bir gün qayıdacaq. Kitaba münasibət dəyişə bilməz. Kitab səviyyə, bilikli olmaq, inkişaf etmək deməkdir. Mən bu fikirdəyəm ki, yazıçı işini sağlam, sərrast, dərin mənalı işləməlidir. Nəşriyyat öz işini səviyyəli görməlidir. Yarmarkalar, kitab sərgiləri tez-tez təşkil olunarsa, oxucularda da maraq artar. Cəmiyyətdə kitaba maraq yaratmaq üçün bundan gözəl nə ola bilər.

Onu da deyim ki, dünənin oxucusu ilə bu günün oxucusu arasında, sözsüz ki, fərq var. Bəs biz bu günün oxucusuna kitabı sevdirə bilərikmi? Kitabı sevdirmək üçün yazıçı nə yazdığını bilməlidir. Yazıçı oxucunu mənəvi cəhətdən anlamalı və onu ifadə etməyi bacarmalıdır. Min il bundan əvvəlin oxucusuna nə lazım idisə, bu günün oxucusunun tələbatı da odur. Sadəcə, həyatı olduğu kimi təsvir etmək lazımdır. Biz işimizi düzgün qursaq, oxucunu itirmərik.

Mən yazı yazanda həyatda başqa heç nə gözümə görünmür. Nə gücüm varsa, onu bütünlüklə yazdığım əsərə sərf edirəm. Bəzən elə əsərlər yazılır ki, oxucu usanıb onu bir kənara atır, kitabdan üz döndərir. Elə yazmalıyıq ki, oxucu özü bizi axtarsın, özü maraqlansın. Amma bir kitabdan üz döndərmək yeni bir kitabın axtarışına çıxmaq deməkdir. Bu gün yeni və yaxşı film necə axtarılırsa, kitab da eləcə axtarılmalı, sevilməlidir. Bizdə poliqrafiya işi də inkişaf edib, gözəl kitablar yaranır. İnanıram ki, insanların kitaba marağı get-gedə artacaq və gənc nəslin dünyagörüşünün formalaşmasında öz yerini tutacaq.

Mən yazmayanda da yazan adamam. Yəni masa arxasında olmasam da, fikrimdə həmişə mövzu olur ki, onu nə vaxtsa mütləq oturub işləməliyəm. Yazını unutmamaq elə həmişə yazmaq deməkdir. Həmişəki güc və enerjimlə hazırda yeni bir əsər üzərində işləyirəm, amma əsər bitməyənə qədər onun haqqında heç bir informasiya verə bilmərəm. Çünki bəzən olur, bir obrazın adını aylarla fikirləşib götür-qoy edirəm. Bəzən oxucularım müraciət edirlər, əsərlərim, kitablarım haqqında öz fikirlərini bildirirlər. Vaxtilə “Dəyirman” haqqında müxtəlif fikirlər var idi. Tənqid edənlər də olurdu, tərif edənlər də. Əsas oxucu münasibətini, mühiti hiss edə bilməkdir. Boş yerə deyilməyib ki, hər şey vaxta baxar, amma vaxt heç nəyə baxmaz. Zaman güclü amildir. Elə zaman var ki, o bütün mühiti ilə birlikdə sağlamdır. İnsan zamanı, mühiti tutanda tənqidi də, tərifi də qəbul etməyi bacarır. Buna görə də bu günə kimi oxucularımın əsərlərim haqqında fikirlərinə həmişə hörmətlə yanaşmışam. Bir yazıçı kimi bütün oxucuları, kitabsevərləri beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsi münasibətilə təbrik edir, kitab oxumaq üçün bol-bol zaman arzulayıram. Qoy onlar vaxtı ayarlayıb, kitaba da zaman ayıra bilsinlər.

 

“Kitaba maraq azalıb” deyənlərlə razılaşmıram

Yazıçı-dramaturq, millət vəkili Aqil Abbas:

- Ölkəmizdə kitab yarmarkalarının keçirilməsi məni ən çox sevindirən hallardan biridir. Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə gördüyü işlər, sözün əsl mənasında, yazarlara da, kitabsevərlərə də qol-qanad verir. Beynəlxalq sərgi-yarmarkalarla bərabər, hər il respublikamızın, demək olar ki, bütün rayonlarında kitab bayramları təşkil edilir. Bu tədbirlər insanları kitaba bağlamaqla yanaşı, nəşriyyat və mətbəələr üçün də geniş imkanlar açır.

Bu gün Azərbaycanda çoxlu sayda nəşriyyatlar fəaliyyət göstərir. Belə yarmarkalar vasitəsilə onlar da öz kitablarını nümayiş etdirə, müxtəlif ölkələrdən olan həmkarları ilə əlaqə qura, təcrübə mübadiləsi apara bilirlər. Bizim artıq dünya standartlarına uyğun, nəfis tərtibatlı kitab ərsəyə gətirən mətbəələrimiz, poliqrafiya müəssisələrimiz var. Bu mənada beynəlxalq səviyyəli kitab sərgilərinin keçirilməsi ölkəmizdə bu sahənin inkişafını göstərir və özümüzü tanıda bilirik. Onu da qeyd edim ki, dəfələrlə bizim nəşriyyatlar beynəlxalq kitab sərgi-yarmarkalarında mükafatlar qazanıblar. Təbii ki, bütün bu hallara sevinmək lazımdır.

Şəxsən mən bir dəfə təsadüfən İstanbulda keçirilən beynəlxalq kitab yarmarkasında iştirak etdim. Digər ölkələrin bu sahədə necə inkişaf etdiyinin şahidi oldum. Artıq bizim respublikamızda da kitaba maraq günü-gündən artır. Elə buna görə də tez-tez mətbuatda, telekanallarda “kitaba maraq azalıb” deyənlərlə razılaşmıram. Artıq vəziyyət 20 il bundan əvvəlki kimi deyil. Kitaba münasibətdə hökm sürmüş həmin durğunluq dövrü son 3-4 ildə yavaş-yavaş aradan qalxmağa başlayıb. Ölkəmizdə kitab mağazalarının sayının az olmasına baxmayaraq, mütaliə həvəskarları çoxdur. Onu deyim ki, qonşu Türkiyədə hətta ət dükanında da kitab satılır. Bütün marketlərdə kitablar üçün ayrıca rəflər qoyulur. İstərdim, bizdə də belə olsun. Son zamanlar “Əli və Nino” kitab mağazaları şəbəkəsinin genişləndirilməsi sevindirici haldır. Kitab gərək gözə görünsün. Məsələn, Moskvada 24 saat işləyən kitab mağazaları var. Bizdə də mağazaların sayı artırılmalıdır. İnanıram ki, Mədəniyyət və Turizm Nazirliyi yaxın müddətdə bu sahədə də əlavə addımlar atacaq.

Qələmə aldı: Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar