Bu günlərdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY yaranmasının 20 illiyini qeyd etdi. Təşkilat son illər ümumtürk mədəniyyətinin təkcə türkdilli ölkələrdə deyil, eləcə də Avropada, Amerikada təbliğinə töhfələr verir, bu istiqamətdə mühüm layihələr reallaşdırır. TÜRKSOY-un baş katibi Düsen Kaseinovla söhbətimizdə qurumun fəaliyyəti ilə bağlı bır sıra aspektlərə toxunduq.

- Düsen bəy, artıq 5 ildir ki, TÜRKSOY-a rəhbərlik edirsiniz. Bu missiya sizin üçün nə deməkdir?
- TÜRKSOY üçün nə etmişəmsə, bu mənim həyatımdır və bu illər ərzində heç nə itirməmişəm. Burada türk dünyasını təbliğ edərkən özümü dünya mədəniyyətindən ayırmamışam. Çünki mən mədəniyyət xadimi, musiqiçi kimi özümü bəşər mədəniyyətinin bir hissəsi hesab edirəm. Dünyada bir çox xalqların tarixi, ədəbiyyatı, incəsənəti ilə məşğul olan qurumlar var. Lakin dünya ümumtürk mədəni irsini hələ yetərincə tanımır və biz bu istiqamətdə çox iş görməliyik. Biz hələ türk xalqları olaraq bir-birimizi yaxşı tanımırıq. Bu baxımdan TÜRKSOY-un yaradılması müstəsna önəm kəsb edir. Bu, türk dünyası üçün böyük bir fürsətdir.
Mən tamamilə başqa bir ənənələrlə, sovet ənənəsi ilə tərbiyə olunmuşam. Postsovet dövründə isə təfəkkürlər dəyişməyə başlayırdı, yeni informasiya, yeni ünsiyyət əldə etdik. TÜRKSOY-a gəldikdən sonra müxtəlif xalqların nümayəndələri ilə ünsiyyətdə oluram. Onların arasında sadə insanlar da, tanınmış musiqiçi, yazıçı, digər peşə xadimləri də var. Təbii ki, hər kəsin öz baxışı var və mən bu ünsiyyət zamanı özüm üçün çoxlu qeydlər götürmüşəm. Son 5 ildə fəaliyyətimizin əsas qayələrindən biri də bu olub ki, ümumtürk mədəni irsini yalnız TÜRKSOY-a üzv ölkələrdə deyil, dünyada təbliğ edək. 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Bayram həmçinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. İndi Novruz bütün ölkələrin bayramına çevrilib. Amerikada, Fransada bu bayramı qeyd etdik. Beləliklə, var qüvvəmizlə türk mədəniyyətinin bütün palitrasını, rəngarəngliyini, zənginliyini göstərməyə çalışırıq. Bayramı qeyd edərkən xalqlarımızın mahnılarını, rəqslərini, musiqilərini, ənənələrini nümayiş etdiririk. Məhz bu istiqamətdə sərhədləri genişləndirir, türk mədəniyyətinin, onun məşhur şəxsiyyətlərinin tanınmadığı yerlərə gedirik.
- Maraqlıdır, bununla nə əldə edirsiniz? İstədiyiniz hədəflərə çata bilirsinizmi?
- Nəticə budur - əgər insanlar bir-birilərini tanıyırsa, daha böyük maraq yaranır. İnsanlar bir-birilərini tanımalıdırlar ki, aralarında dostluq, sülh, hörmət meydana gəlsin. Mən UNESCO-da da deyirəm ki, bizim fəaliyyətimiz türk mədəniyyətinin genişləndirilməsinə xidmət edir. Əlbəttə, bu işdə türkdilli ölkələrin rəhbərlərinin bizə böyük dəstəyi var. Bu ilin avqustunda Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısında prezidentlər tərəfindən bu dəstək bir daha ifadə edildi. Bundan sonra oktyabrın 1-2-də Ankarada TÜRKSOY-un 20 illiyi quruma üzv ölkələrin mədəniyyət nazirlərinin, türk xalqlarının sənətçilərinin iştirakı ilə təntənəli qeyd olundu. Eyni zamanda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illik yubileyini qeyd etdik. Operetta 4 türk dilində - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan sənətçilərinin ifasında nümayiş olundu. TÜRKSOY artıq neçə illərdir ki, ənənəvi olaraq yeni başlayan ili türk dünyasının şəxsiyyətlərindən birinin adı ilə bağlayır, bu il çərçivəsində tədbirlər keçirir və onu tanıtmağa, təbliğ etməyə çalışır. 2014-cü il böyük türkmən şairi Məhtumqulu Fəraqinin 290 illiyi münasibətilə, habelə məşhur qırğız şairi Toktogul Satılqanovun 150 illik yubileyi münasibətilə bu şəxsiyyətlərin xatirə ili elan edilib. Beləliklə, biz onları bütün türkdilli ölkələrdə təbliğ etməyə çalışacağıq.
Bu gün Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət” adlandırılır. Həqiqətən də belədir. Amma görək bu ifadə mədəniyyət sahəsində bütün məqamlarda öz təsdiqini tapırmı? Bu günə qədər Türkiyədə Mirzə Fətəli Axundzadənin heç bir pyesi səhnəyə qoyulmayıb. Azərbaycanla Qazaxıstan 70 il eyni sistemdə yaşadıqları halda M.F.Axundzadənin pyesləri Qazaxıstan teatrında da səhnələşdirilməmişdi. Yalnız iki il əvvəl dramaturqun “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri azərbaycanlı rejissor Mikayıl Mikayılov tərəfindən Karakanda teatrında səhnəyə qoyuldu. Sonra teatrın kollektivi bu tamaşanı Mirzə Fətəlinin doğulduğu torpaqda - Şəkidə göstərdi. Yəni demək istədiyim odur ki, türk xalqları olaraq bir-birimizin mədəniyyətini tanımaq, öyrənmək üçün hələ çox işlər görməliyik.
- Hansı təşkilatlarla əməkdaşlıq etmək sizin üçün önəmlidir?
- Biz musiqiçilər, incəsənət nümayəndələri ilə əlaqələrimizi genişləndirir, onları öz layihələrimizə cəlb edirik. Türkdilli ölkələrdə olan bütün yaradıcı ittifaqlarla işləyirik. TÜRKSOY-un baş katibi olandan dərhal sonra quruma üzv olan ölkələrin Opera Direktorları Şurasını yaratdıq. Onlar birinci il bizimlə işlədikdən sonra bir müddət fasilə verdilər və mən bunu bərpa etdim. İndi bütün opera teatrlarının nümayəndələri bir-birilərini tanıyırlar. Bundan başqa, TÜRKSOY-a üzv respublikaların Teatr Direktorları Şurasını yaratdıq ki, onun da son toplantısı bir neçə ay öncə Bakıda keçirildi.
- TÜRKSOY-un opera, kino, ədəbiyyat, heykəltəraşlıq, rəssamlıq, fotoqrafiya sənəti ilə bağlı layihələri var. Bəs qurumdan kinematoqrafiya sahəsində layihə gözləmək mümkündürmü?
- Bəzən deyirlər ki, bir ortaq film çəkək, lakin mən bunu üzərimə götürmürəm. Bu sahəyə böyük pul lazımdır. Lakin bu istiqamətdə nələrsə edirik. Məsələn, Türkiyədə hər il “Altın portağal” film festivalı keçirilir. Mən bu festivalın layihə rəhbərinə dedim ki, tədbirə 10 amerikalı dəvət etmək üçün böyük pullar sərf edirsiniz, amma Azərbaycan, Qazaxıstan, Qırğızıstandan isə kinematoqrafları dəvət etmirsiniz. Beləliklə, 2010-cu ildə həmin festivalda 5 Azərbaycan filmi nümayiş etdirildi. Sonrakı illərdə isə Qazaxıstan, Qırğızıstan filmlərini qəbul etdilər. Bizim işimiz tanış etmək, əlaqə yaratmaqdır və kim istəyirsə, sonradan bu əlaqəni aktiv formada davam etdirir. Televiziyalarla yaxın əməkdaşlıq etmək istəyirik. Məsələn, 2009-cu ildə “Qazaxfilm”in TÜRKSOY-la əməkdaşlığı əsasında çəkdiyi “Dədə Qorqud” filmini yayımlamaq üçün “TRT Avaz”a verdik. Əgər belə bir kanal yaradılıbsa, bundan istifadə etmək lazımdır. Bunun üçünsə, köhnə filmlər deyil, yeni filmlər çəkib göstərmək vacibdir.
Biz mədəniyyətin bütün sahələrində layihələrə, təşəbbüslərə dəstək veririk. Bir neçə il öncə Üzeyir Hacıbəylinin “Koroğlu” operasını beynəlxalq layihə olaraq təqdim etdik. İndi qazax bəstəkarı Mukan Toloboyevin “Birjan və Sara” operasını səhnəyə qoymaq istəyirik. Artıq məşqlər başlanıb və biz bunu Samsun teatrının bazasında reallaşdıracağıq. Sual oluna bilər ki, nə üçün Ankarada deyil, Samsunda? Ankarada operalar hər zaman məşğuldur, onların qastrol səfərləri olur. Onlara mane olmadan bunu əyalət teatrında səhnəyə qoymaq istəyirik. Ola bilsin ki, gələcəkdə bu teatrın müxtəlif yerlərə qastrol səfərlərini də təşkil etdik. Heykəltəraşlarla da əməkdaşlığı davam etdirmək istəyirik. Ötən il onlar Ankaraya yaxın Çankırı bölgəsində böyük duz parçalarından heykəllər hazırlamışdılar. Bu heykəllər indi də qalır və şəhəri bəzəyir. Əsas odur ki, tədbirlər nəticəsində türkdilli ölkələrin sənətkarları bir-birini tanıyır.
- Geniş prizmadan yanaşsaq, sizin fəaliyyətinizi həm də maarifçilik işi adlandırmaq olarmı?
- Mənə elə gəlir ki, hər bir zəhmət, əmək həm də maarifləndirici olmalıdır. Bir dəfə Makedoniyalı İsgəndərdən soruşanda ki, güclü ordu təşkil etməsinin səbəbi nədir, cavabında “ona görə ki, mən öz əsgərlərimin hər birini yaxşı tanıyıram” - demişdi. Məsələn, mən Qazaxıstan Dövlət Konservatoriyasına rektorluq etdiyim dövrdə tələbələrimi yaxından tanımaq üçün onların hətta qəbul imtahanlarında iştirak etmişəm. İstedada kömək etmək lazımdır. Mən indi də bu ənənəni davam etdirirəm. TÜRKSOY-un gənclər kamera orkestri solistlərinin ailə vəziyyətini də bilirəm və lazım gəldikdə onlara dəstək oluram. Axı onlara kim kömək edəcək? Əlbəttə ki, biz. Bu il onlarla birlikdə mən də skripkada ifa etdim. Hətta ehtiyacı olanlara təqaüd veririk.
- Yeri gəlmişkən, vaxtilə gözəl skripka ifaçısı olmusunuz. Gələcəkdə yaradıcılıq fəaliyyətinizi davam etdirmək fikriniz varmı?
- Yaşayıb görərik. Bir onu deyə bilərəm ki, bu vəzifədən sonra təqaüdə getməyəcəyəm. Mənim təcrübəm var və pedaqoji fəaliyyətimi mütləq davam etdirəcəyəm. Vaxtilə öz istəyimlə nazirlikdən, yüksək vəzifədən getmişəm. Hər bir yaradıcı adam öz-özünün meneceri, mesenatı olmalıdır. Qazaxlarda belə bir deyim var: özü-özünə nə isə etməsən, sənə heç kim kömək etməyəcək. İnsanlar təşkilatçı olmalıdır və özünü hər zaman ayaqda saxlamağı bacarmalıdır.
- Əgər maliyyə vəsaitiniz imkan versəydi, onu hansı layihənin inkişafına yönəldərdiniz?
- Tərcümələrə daha çox yer ayırardım, türkdilli ölkələrin müasir ədəbiyyatını hər bir türkdilli ölkə öz dilində oxumaq imkanı əldə edərdi. Sovet dövründə böyük bir tərcümə məktəbi var idi. İndi bu haqda heç kim düşünmür. Çox vaxt isə tərcümələr çox bərbad olur. Türk xalqları bir-birinin ədəbiyyatını oxumalıdır. Əlbəttə, bunun üçün peşəkar tərcüməçilər olmalıdır. Yadınızdadırsa, sovet dövründə biz peşəkar tərcüməçiləri tanıyırdıq. TÜRKSOY-un rəhbərliyinə gəldiyim ilk ildə tərcüməçilərin toplantısını keçirdim və düşündüm ki, hər il bu tədbiri türkdilli xalqların bir tanınmış şəxsiyyətinə həsr edək. 2009-cu ildə toplantını Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin adı altında reallaşdırdıq. Artıq ikinci dəfədir ki, türk dünyasının gənc şairlərini bir yerə toplayırıq və onlar üç ay türk dilini öyrənirlər. Əlbəttə, bu müddətdə onlar dili öyrənə bilməzlər, lakin maraq oyandırırıq. Əgər bu şairlər latın qrafikası ilə türk dilini öyrənirlərsə, artıq bu poeziyanı hiss edə bilirlər.
- Növbəti ildə prioritetləriniz nədən ibarətdir?
- Prioritetlər dəyişməyəcək. Əlbəttə, biz mədəniyyətlərin yaxınlaşmasını istəyirik. Məsələn, UNESCO ilə işbirliyi haqqında razılaşmamız var. Lakin ötən müddətdə birgə tədbirlər keçirə bilmədik. Sevindirici haldır ki, İslam dünyasının UNESCO-su hesab edilən İSESCO ilə birlikdə bu günə qədər 5 tədbir keçirə bilmişik. Bundan başqa, MDB Ölkələri üzrə Beynəlxalq Humanitar Əməkdaşlıq Təşkilatı ilə əlaqələr əsasında Avrasiya türkoloqları ilə birlikdə Rusiyada yaşayan türklərin biblioqrafiya lüğətini nəşr etmişik və Moskvada təqdimatını keçirdik. Bu yaxınlarda ikinci cildi də nəşr olunacaq. Bu qurumla işbirliyini davam etdirəcəyik.

Söhbətləşdi:
Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar