İsmet Zaatov: “Məqsədimiz öz dillərimizi yaşatmaq, mədəniyyətlərimizi bir-birimizə tanıtmaq və dünyaya təbliğ etməkdir”

Son illər türk dünyası mədəniyyətinin tanıdılması istiqamətində müxtəlif layihələr reallaşdırılır. Bu il ilk dəfə keçiriləcək “Türkvizyon” beynəlxalq mahnı yarışması da bu qəbildəndir. Dekabr ayında baş tutacaq yarışmanın təşkilati işlərinə artıq start verilib. Mahnı yarışması ilə bağlı daha ətraflı məlumatları isə “Türkvizyon”un təşkilat komitəsinin rəhbəri İsmet Zaatovdan aldıq.

- İsmet bəy, əvvəlcə özünüz haqqında oxucularımıza məlumat verərdiniz. Necə oldu ki, belə bir məsuliyyətli layihənin təşkilat komitəsinin rəhbəri seçildiniz?
- Mən vaxtilə Ukraynanın Krım Muxtar Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışmışam. Krımda bir neçə musiqi layihəsi, mahnı yarışmaları keçirmişəm. Məsələn, bu il doqquzuncu dəfə “Şərq bazarı” musiqi yarışmasını reallaşdırdıq. Eyni zamanda bir sıra beynəlxalq musiqi yarışmalarında, festivallarda münsiflər heyətində təmsil olunmuşam. Görünür, peşəkarlığımı və təcrübəmi nəzərə alaraq məni “Türkvizyon” mahnı yarışmasının təşkilat komitəsinin rəhbərliyinə dəvət etdilər. Beləliklə, əldə etdiyim bu təcrübəni “Türkvizyon”da paylaşacağam. Bu, bütün türk dünyasını əhatə edəcək bir layihədir. Ona görə də tədbiri çox yüksək səviyyədə keçirməyimiz lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik.
- “Türkvizyon”da iştirakla bağlı hansı şərtlər var, mahnıların hansı dildə ifası tələb olunur?
- Layihəyə türk dünyasına məxsus bütün müstəqil dövlətlər və topluluqlar qoşulacaqlar. Hər kəs də ifasını öz dilində səsləndirəcək. Məsələn, Azərbaycan türkləri öz dillərində, xakaslar xakas türkcəsində, Türkiyə türkləri öz türkcəsində mahnı oxuyacaqlar. Bundan başqa, Makedoniyada da türk icmaları var ki, onları da yarışmaya cəlb etmək niyyətindəyik. Bəlkə də bu layihədə İraq türkmənlərini və Çində yaşayan uyğurların da nümayəndələrini görə bildik. Yarışmanın şərtlərinə görə, ilk seçimlər iştirakçı ölkələrin daxilində keçiriləcək. Öz ölkələrində birincilik əldə edən ifaçılar 2013-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Əskişəhərdə yarımfinalda və finalda iştirak edəcəklər. Birinci yarımfinal dekabrın 17-də, ikinci isə dekabrın 19-da olacaq. Dekabrın 21-də yarışmanın finalı olacaq. Müsabiqə TMB beynəlxalq musiqi telekanalı, TÜRKSOY təşkilatı, Əskişəhər valiliyi və bələdiyyəsi, Əskişəhər Anadolu Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq.
- “Türkvizyon”un digər bənzər musiqi yarışmalarından, məsələn, “Eurovision” müsabiqəsindən fərqi nə olacaq?
- “Eurovision” yarışmasında Avropa məkanına aid ölkələr iştirak edir. Məsələn, Hindistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi ölkələr istəsələr belə, bu müsabiqəyə qatıla bilmirlər. Amma “Türkvizyon” bütün türk coğrafiyasını əhatə edəcək. Bundan başqa, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, ifaçı “Eurovision”da ingilis dilində oxumalıdır. Amma qeyd etdiyim kimi, bizim layihədə iştirakçı mahnını öz doğma dilində ifa edəcək. Çünki məqsədimiz öz dillərimizi yaşatmaq, mədəniyyətlərimizi bir-birimizə tanıtmaq və dünyaya təbliğ etməkdir.
- “Türkvizyon”un “Eurovision”a rəqib olacağı ilə bağlı səslənən fikirlər nə dərəcədə həqiqətə uyğundur?
- Bizim belə bir məqsədimiz yoxdur. Onların öz yolu, bizim də öz yolumuz var. Sadəcə hər iki yarışmanın adında bənzərlik var. Lakin bizim fərqli mədəniyyətimiz, musiqimiz, bir sözlə, fərqli dəyərlərimiz var. Nədən biz öz musiqimizi tanıtmayaq? Biz türk dilində danışan ölkələr olaraq bir-birimizi yetərincə tanımırıq. Xakasın azərbaycanlını, özbək türklərinin türkməni yaxından tanıması lazımdır. Məqsəd mozaik bir özəlliyə malik türk millətinin tarixdən bu günə qədər gələn və mükəmməlləşən dilini ortaya qoymaqdır. Müsabiqədə səsverməyə gəlincə, balların 50 faizi sms, 50 faizi isə münsiflər heyəti tərəfindən veriləcək. Sirr deyil ki, “Eurovision” yarışmasında “qonşu səsverməsi” deyilən problem mövcuddur. İfaların yaxşı olub-olmamasından asılı olmayaraq qonşu ölkələr bir-birinə daha çox səs verirlər. “Türkvizyon”u isə belə problemlər qorxutmur. Bu yarışma siyasi deyil, mehriban qonşuluq prinsiplərinin təzahürüdür. Necə deyərlər, “qardaş qardaş üçün”.
- Amma maraqlıdır ki, son vaxtlar bir sıra dövlətlər - Türkiyə, Xorvatiya “Eurovision”da iştirakdan imtina edib...
- Ona görə ki, bu yarışmada narazılıq doğuran məqamlar var. Məsələn, İngiltərə, Fransa, İspaniya, Almaniya və İtaliya yarışmanın seçimlərində iştirak etmədən avtomatik finala girirlər. Məncə, bu düzgün deyil. Onların məqsədi sadəcə yarışma keçirmək, bizimki isə öz mədəniyyətimizi tanıtmaqdır. Yarışmada 20-dən çox türkdilli ölkə təmsil olunacaq. Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay, Çuvaş, Xakas respublikaları, Ukraynanın Krım Muxtar Respublikası, Moldova (Qaqauz Yeri Muxtar Vilayəti), eləcə də Bosniya və Herseqovina, Makedoniya, Gürcüstan, Belarusda yaşayan türklər, Çinin Uyğur muxtar bölgəsindən sənətçilər iştirak edəcək. ABŞ, Almaniya, Belçika, Hollandiya, Danimarka, İsveçrədə türk icması var ki, gələcəkdə onların da bu tədbirdə iştirakını istəyirik. Artıq bəzi ölkələr öz namizədini müəyyənləşdirib. Yeri gəlmişkən, Krımı bu yarışmada “Şərq bazarı-2013” müsabiqəsinin qalibi olmuş Fazilə İbrahimova təmsil edəcək.
- Türkiyədə bu il artıq dördüncü dəfə keçirilən “Türkcəvizyon” adlı bir mahnı müsabiqəsi də var. Bəzi hallarda bu layihələri qarışdırırlar, mətbuatda da bu özünü göstərir. Yəni bu istiqamətdə bir informasiya azlığı da müşahidə olunur...
- “Türkcəvizyon” TRT kanalının layihəsidir. Şərtlərə uyğun olaraq hansı ölkədən gəlməsindən asılı olmayaraq iştirakçı türk dilində oxumalıdır və məqsəd Türkiyə (Anadolu) türkçəsinin təbliğatıdır. Məsələn, Almaniya və ya Yunanıstandan yarışmaya qatılan iştirakçı Anadolu türkcəsində ifa edir. “Türkvizyon”la “Türkcəvizyon”nun şərtləri tamamilə fərqlidir.
- Maraqlıdır, türkdilli ölkələr “Türkvizyon” layihəsinə necə maraq göstərirlər?
- Sentyabrın 20-də Əskişəhərdə bu layihənin tanıtımı keçirildi və həmin tədbirə 15 türkdilli ölkənin təmsilçiləri qatıldı. Öz növbəsində festivalın canlı yayımı ilə bağlı 15 ölkənin televiziyaları ortaq razılaşmaya imza atdı. Telekanalların statusuna gəlincə, bunun dövlət, ictimai, özəl televiziya olmasının fərqi yoxdur. Layihəyə qoşulan telekanallar əvvəlcə öz ölkələrində seçim turları keçirəcəklər. Əlbəttə, seçimləri hər bir ölkənin öz münsiflər heyəti aparacaq. Amma obyektivliyin təmin olunması üçün bizim təşkilat komitəsindən də təmsilçilər həmin heyətdə yer alacaq. Yarışmaya qatılanların yaş həddi 18-dən yuxarı olmalıdır.
- Sonrakı prosedur da maraqlıdır. Əgər hər hansı ölkə təmsilçisi birincilik qazanarsa, “Eurovision”da olduğu kimi, növbəti “Türkvizyon” yarışması həmin ölkədə keçiriləcək?
- Bu yarışmada belə qayda olmayacaq. Bildiyiniz kimi, 2012-ci ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında “Türk dünyası mədəniyyət paytaxtı” layihəsinə start verilib. Ötən il Astana, bu il Əskişəhər “Mədəniyyət paytaxtı” elan edilib. Dediyim odur ki, yarışma hər il “Türk dünyası mədəniyyət paytaxtı” seçilmiş şəhərdə keçiriləcək. Tədbir bu il Əskişəhərdə, gələn il isə Tatarıstanın paytaxtı Kazan şəhərində baş tutacaq. Növbəti illərdə də prosedur eyni qaydada aparılacaq.
- Bəs yarışmada öncül yerləri tutan iştirakçıları hansı mükafatlar gözləyir?
- “Qran-pri”yə layiq görülən ifaçıya 20 min avro dəyərində pul mükafatı və 150 qramlıq qızıl heykəlcik hədiyyə ediləcək. 1-3-cü yerləri qazanan finalçılar isə 10 min avro əldə edəcəklər. Həmçinin ilk dörd yeri tutan iştirakçılar üçün türkdilli ölkələrdə konsert turları təşkil ediləcək. Eyni zamanda ilk birincilik əldə edənlərin klipləri, tanıtım albomları hazırlanacaq və bütün türk dövlətlərində nümayiş etdiriləcək. Beləliklə, “Türkvizyon” türk dünyasının gözəl səsə malik ifaçılarını üzə çıxaracaq, musiqi aləminə yeni sənətçilər qazandıracaq.
- İştirakçılardan hansı janrda ifa və performans göstərmələri tələb olunur?
- Biz folklor musiqilərinə yer vermirik. Çünki belə festivallar Türkiyədə çox keçirilir. “Türkvizyon” folklor yarışması deyil, mahnı yarışmasıdır. Ona görə də pop janrına yer veriləcək. Performansa gəlincə, təbii ki, yarışmaya qatılanların perfomans göstərməsi lazımdır. Ümumiyyətlə, bizə səs və ifa keyfiyyəti lazımdır. Hazırda dünyada qloballaşma prosesi gedir və hər kəs ondan qorxur ki, “Eurovision” qloballaşma prosesinin böyük bir hissəsidir. Amma “Türkvizyon” qloballaşmaya qarşılıq verəcək mədəniyyət layihəsidir.
- İlk addımı atmaq çətin deyil ki?
- Deyirlər, yolçu yola yaraşır və əlbəttə, yolçu yolda qalmaz. Başladıqsa, gedəcəyik. “Türkvizyon” türk dünyasına məxsus dəyərlərin simvolu olacaq. Bizim “Eurovision”da iştirak edib-etməməyimizdən asılı olmayaraq ümid edirəm ki, “Türkvizyon” öz yolu ilə irəliyə doğru gedəcək, ildən-ilə böyüyəcək və genişlənəcək.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar