“Klassik musiqiyə, hətta daha qədim musiqi parçalarına bu yolla yeni həyat vermək olar”

Oktyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Caz Festivalı çərçivəsində daha bir maraqlı konsert proqramı gerçəkləşdi. Bakı Caz Mərkəzində budəfəki musiqi gecəsinin qonağı avstriyalı pianoçu, cazmen Kristof Çex idi. Tanınmış ifaçı öz repertuarından “Vağzalda qatarı gözləmə”, “Sözsüz ifa”, “Karle”, “Bettametta”, “Static” əsərlərini cazsevərlərə təqdim etdi.

Ahəstə caz musiqisinin sehrinə toplaşmış bu janrın vurğunları alqış səsləri ilə ifaçıları daha da həvəsləndirməyə çalışırdılar. Caz musiqisinin xiridarı olmasam da, avstriyalı pianoçunun canlı ifası, səsləndirdiyi əsərlər məndə də xoş ovqat yaratdı. Axırıncı musiqi nömrəsindən sonra sürəkli alqışlar bütün zalın eyni qənaətdə olduğunu təsdiqlədi. Belə maraqlı konsertdən sonra səbəbkarla yaxından tanış olub müsahibə almaq istədim. Avstriyalı qonaq təklifimi müsbət qarşıladı. Bakı festivalında ilk dəfə iştirak etdiyini deyən Kristof Çex öncə özü haqqında məlumat verdi:
- Avstriyanın paytaxtı Vyanada dünyaya göz açmışam, obrazlı desəm, 53-cü payızımı yaşayıram. İki dəfə ailə qurmuşam və bu evliliklərdən 5 övladım dünyaya gəlib, 4 oğlum, 1 qızım var. Böyük oğlum skripka ifaçısıdır, klassik musiqi ilə məşğuldur, öz sahəsində kifayət qədər uğurlar da qazanıb.
- Bir qədər sənət fəaliyyətiniz, keçdiyiniz sənət yolundan bəhs edərdiniz.
- Peşəkar fəaliyyətimə gəldikdə, onu deyə bilərəm ki, caz və klassik musiqi sahəsinə marağım doğulub böyüdüyüm mühitdən qaynaqlanıb, Vyanada yaşayıb klassik musiqi ilə maraqlanmamaq qeyri-mümkündür. Yeddi yaşımdan pianoda ifa etməyə başlamışam. Artıq 12 yaşımda böyük rus bəstəkarı və pianoçusu Dmitri Şostakoviçin 5-ci simfoniyasını ifa edirdim, özü də not dəftərinə baxmadan. Eyni zamanda ifa zamanı sol əlimdən istifadə etmədim. Düzdür, tamaşaçılar bunun o qədər də fərqinə varmadılar, ancaq müəllimlərimin gözündən yayınmadı. Deyə bilərəm ki, klassik musiqi karyeram bu ifa ilə də bitmiş oldu, pianoda caz ifa etməyə başladım. Caz bir musiqi janrı kimi beləcə mənim həyatıma daxil oldu. Müəllimlərim də mənə bu sahədə cəsarət verdilər. Artıq sağ əlimlə orijinal əsəri ifa edərkən, sol əlimlə improvizələr etməyə başladım. Heç də pis alınmırdı. Bu həm məndə əlavə yaradıcılıq ilhamı yaradırdı, həm də müəllimlərim və tamaşaçılar razı qalırdılar.
17 yaşımda artıq ayrı-ayrı musiqiçilərlə rok və cazın sintezindən ibarət konsertlər verməyə, çıxışlar etməyə başladıq. O vaxt rok və cazın Avropada çox populyar olduğu dövr idi. Daha sonra öz qrupumuz üçün mahnılar bəstələməyə başladım. O vaxt fikirləşirdim ki, bizim sahəyə maliyyə yardımı göstərilməsini necə təmin etmək olar? Müasir musiqi janrlarında mahnı bəstələyən bəstəkarlara dövlət tərəfindən müəyyən qədər vəsait ayrılırdı. Ağlıma maraqlı bir fikir gəldi ki, müasir musiqi ilə sintez olunmuş caz mahnıları bəstələyim. Bu ideyadan yola çıxaraq 3 opera yazdım, böyük orkestrlər üçün simfoniyalar bəstələdim. Ancaq improvizə etməyi heç bir zaman dayandırmadım. Hesab edirəm ki, bütün musiqi janrlarında improvizə olmalıdır və bu sahəyə daha çox peşəkar cəlb edilməlidir və ayrıca bir yaradıcılıq növü kimi özünə yer qazanmalıdır. Klassik musiqiyə, hətta daha qədim musiqi parçalarına bu yolla yeni həyat vermək olar.
- Bugünkü ifanızda da improvizə məqamları kifayət qədər hiss olunurdu. Bu, auditoriya tərəfindən də maraqla qarşılandı. Bir qədər repertuarınız barədə məlumat verərdiniz.
- Konsertdə repertuarımız demək olar ki, bütünlüklə mənim bəstələrimdən ibarət idi. Yalnız bir parça mənimlə bu konsertdə iştirak edən kontrabas ifaçısı Piterin, son iki parça isə saksafon ifaçımız Fabianın bəstəsi idi. Mənə məxsus olan parçaların əksəriyyəti 2010-cu ildə işıq üzü görmüş “Sərgimin şəkilləri” (“Bilder meiner Ausstellung”) albomundan seçilmişdi.
- Auditoriyadan necə, razı qaldınızmı? Məncə, bir ifaçı üçün ən önəmli məqam məhz elə budur.
- Sizin auditoriya bir qədər fərqlidir. Mən fikir verdim ki, musiqinin daha çılğın hissələrində reaksiya o qədər güclü olmur. Bu yəqin ki, sizin dinləyicinin təbiətindən irəli gəlir, o qədər də hislərini büruzə verməyə meylli deyillər. Avropa dinləyicisi isə musiqidə daha çox bu cür çılğın məqamları axtarır, ona reaksiya verir, hislərini bu yolla ifadə edir. Sizin auditoriya daha çox həzin cazı sevir, ahəstə səslənən hissələri daha həssaslıqla dinləyir. Ahəstə ifalar zamanı zaldakı səssizlik də bunu göstərdi. Ümumiyyətlə isə, klassik musiqini, cazı anlayan auditoriyanız var. Sizin tamaşaçının klassik musiqi duyumu yüksəkdir.
- Azərbaycanlı caz ifaçıları, onların yaradıcılığı ilə tanışsınızmı?
- Çox təəssüf ki, tanış deyiləm. Burada Vaqif Mustafazadə və digər Azərbaycan cazmenləri haqqında məlumat aldıq. Avstriyaya qayıdandan sonra sizin caz ifaçılarının yaradıcılığı ilə maraqlanacağam. Özümlə onların albomlarını götürmək fikrim var. Bəlkə bu mənim yaradıcılığımda yeni sintezlərin, improvizələrin yaranmasına da səbəb ola bilər.
- Bu gün dünyada pop musiqisinə daha böyük maraq var, nəinki klassik musiqiyə. Avstriyada necə, bu tendensiya hiss olunurmu və sizin buna münasibətinizi bilmək maraqlı olardı.
- Öncə onu deyim ki, Avstriyada, xüsusilə, paytaxt Vyanada klassik musiqi daha populyardır və daha çox dinlənilir. Hətta bu musiqi ölkəyə ildə kifayət qədər turist də cəlb edir. Dünyanın bir çox ölkələrindən Vyanaya klassik musiqi dinləməyə gəlirlər. Bunun əsas səbəbi isə, heç şübhəsiz, peşəkar ifaçıların olmasıdır. Bundan əlavə, Avstriyada Şərq musiqi nümunələri ilə çox maraqlanırlar, çalışırlar ki, müəyyən sintezlər etsinlər, Şərq musiqisinin zənginliklərindən yararlansınlar. Məncə, bu səbəbdəndir ki, turistlərin əksəriyyəti əsasən Asiya ölkələrindən olur. Bizim ölkəmizdə dinləyicinin də klassik musiqi bilgiləri, duyumu, tələbləri yüksəkdir. Bu baxımdan deyə bilərəm ki, peşəkar dinləyicimiz var. Musiqini duyan və anlayan dinləyici qarşısında çıxış etmək isə maraqlı, eyni dərəcədə də məsuliyyətlidir. Bizdə klassik musiqiyə çox ciddi yanaşılır, 5 ali təhsil ocağı sadəcə bu sahə üzrə peşəkar kadr hazırlığı ilə məşğuldur. Mən özüm də bu universitetlərin birində caz departamentinin müdiriyəm, eyni zamanda, müəllim kimi fəaliyyət göstərirəm, professoram. Mənimlə Bakı konsertinə gələn həmkarlarımdan biri rəhbərlik etdiyim kafedranın müəllimi, digəri isə keçmiş tələbəmizdir.
- Daimi olaraq bu üçlüklə çıxış edirsiniz, ya sadəcə Bakı konserti üçün bu format seçilib?
- Bizim bir çox beynəlxalq layihələrimiz olur ki, onlardan biri də Bakı Caz Festivalında iştirakdır. Hər bir konsert üçün ayrıca format müəyyənləşdirilir, fərqli musiqiçilərlə çıxış edirik. Birlikdə bir çox layihələrimiz olub, dünyanın bir çox ölkəsində bərabər çıxış etmişik. Hansısa sabit komanda ilə daimi çıxışımız olmur, bu əsasən konsertdən asılı olaraq müəyyənləşir.
- İnternetdə sizinlə bağlı axtarış edərkən daha çox “Big map” (“Böyük xəritə”) layihəniz barədə məlumatlar gördüm. Bu barədə sizin özünüzdən məlumat almaq istərdik.
- Bu layihə mənim rəhbərliyimlə bir müddət əvvəl irəli sürülüb. Əsas məqsəd uşaqlara improvizə vərdişlərini aşılamaqla onlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Artıq bu layihəyə Avstriyada bir sıra tədris ocaqları qoşulublar. Bundan əlavə, elmi cəhətdən sübut olunub ki, klassik musiqi şagirdlərin öyrənməsinə, beynin inkişafına xüsusilə müsbət təsir göstərir. İmprovizə bu baxımdan daha da inkişaf etdirilmiş metoddur. Bilirsiniz ki, bütün dünyada şagirdlər bəzi dərsləri mənimsəməkdə çətinlik çəkirlər, əylənərək öyrənmək istəyirlər. Biz də bu yolla şagirdlərimizin yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirməyə çalışırıq. O qənaətdəyəm ki, bu universal metoddur, sizin təhsil sisteminizdə də tətbiq oluna bilər.
- Paytaxtımıza ilk səfərinizdir. Bakı, ümumiyyətlə, ölkəmiz barədə təəssüratlarınız necədir?
- İlk təəssüratlarım olduqca müsbətdir, ancaq daha geniş məlumat verə bilməyəcəyəm, çünki hələlik şəhəri gəzmək imkanımız olmayıb. Yəqin ki, növbəti günlərdə şəhərinizi doyunca gəzəcəyik, mətbəxinizdən dadacağıq. İnanıram ki, bir turist kimi də səfər ürəyimcə olacaq.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar