O, Azərbaycan müasir caz ifaçılığında ən parlaq musiqiçilərdən biridir. Ənənə və müasirlik arasında körpü yaratmağa çalışaraq müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar edir. Bir çox nüfuzlu müsabiqələrin, o cümlədən 45-ci Möntre Caz Festivalının “Ən yaxşı pianoçu” nominasiyası üzrə qalibi, Azərbaycanın ən gənc Əməkdar artist adını alan istedadlı sənətçilərindəndir. Almaniya, Böyük Britaniya, Fransa, Çexiya, Avstriya, Yunanıstan, ABŞ, Kuba, Meksika, Çin və digər ölkələrdə maraqlı konsert proqramları ilə çıxış edib. Repertuarına dünya klassik musiqiləri, müasir caz kompozisiyaları, öz əsərləri ilə yanaşı, sevə-sevə tərənnüm etdiyi digər Azərbaycan nümunələri də daxildir.

“Emil Əfrasiyab və dostları” adlı etno-caz qrupuna rəhbərlik edən istedadlı musiqiçi Bakı Musiqi Akademiyasının məzunudur. Hazırda təhsilini cazın vətəni ABŞ-da davam etdirir, Berkli Ali Musiqi Kollecinin (Boston) dinləyicisi və min nəfər tələbə arasında yeganə təqaüdçüsüdür.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Caz Festivalında çıxış etmək üçün qısa müddətə vətənə gələn musiqiçi ilə elə konsert məkanında (Beynəlxalq Muğam Mərkəzi) həmsöhbət olduq.
Musiqiçi söhbətə yenidən vətəndə olmağın xoş təəssüratı ilə başladı:

- İlk olaraq bu səfərimə vəsilə olan tədbirin təşkilatçılarına sonsuz minnətdarlığımı bildirirəm. İstər bu musiqi bayramı, istərsə də mənim bir musiqiçi kimi uzaq Amerikada təhsil almağım üçün yaradılan şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm. Məşhur musiqi qruplarının da bu festivala dəvət olunması bir musiqiçi kimi məni hədsiz sevindirir.
- Bakıya musiqiçi həmkarlarınızla gəlmisiniz. Müxtəlif ölkələrdən insanları birləşdirən bu kvartet hansı ehtiyacdan yarandı?
- Bu musiqiçilər Berkli məktəbi keçən professionallardır. Mən bunu gördüm və onlarla birgə çalışmağa qərar verdim. Çünki onların hər üçü (Aleks, Antuan, Rafael) gözəl sənətçilərdir. Qrupun təşkilində məqsəd peşəkarlarla gözəl musiqi nümunələri yaratmaq, mövcud əsərləri maraqlı, fərqli üslubda təqdim etməkdir.
- Yəqin ki, bu, musiqiçi həmkarlarının Bakıya ilk səfəridir. Qonaqlarımızın təəssüratı, caz Bakısı barədə fikirləri necədir?
- Bəli, Bakıya ilk gəlişləridir. Biz hava limanına enəndə onların heyrətlə baxan gözlərini görmənizi istərdim. Bu, həyatımda keçirdiyim bəlkə də ən gözəl, ən kövrək fəxarət hissi idi. Onların Azərbaycanı, gözəl, zəngin, yüksək tərəqqi yolunu keçən Bakımızı görərkən heyrətlənmələri məni qürurlandırdı.
- Amerikada, fərqli mədəniyyətlərin təmasda olduğu ölkədə Azərbaycan musiqisinin təbliğinə, onu sevdirməyə çalışmaq səriştə tələb edir...
- Əlbəttə. Qısa zamanda Azərbaycan musiqisini əcnəbilərə təqdim etmək, sevdirmək asan deyil. Elə götürək muğamı. Sonsuz ümman olan bu ecazkar sənəti məhdud zaman kəsimində öyrətmək mümkün deyil. Amma imkan daxilində Azərbaycan musiqisini, muğamını, bəstəkarlıq məktəbi ənənələrini caz qanunlarında, standartlarında təbliğ etməyə çalışıram. İstəyirəm ki, musiqilərimizi dinləyən insanlar bu melizmləri öz içlərindən keçirsinlər və tam başqa mədəniyyətdə necə böyük bir musiqinin mövcudluğunu anlasınlar. Həmkarlarıma da məhz bunu aşılamaq istədim və deyəsən nail oldum. Çünki onlar mənim vətənimlə bağlı az məlumatlı idilər. Onlar bu tanışlıqdan sonra, qəribə də olsa, Azərbaycanı tanımadıqlarına görə çox utanc duyduqlarını bildirdilər.
- Muğamdan danışdınız. Bəllidir ki, bu zəngin musiqi cazla sintez olundu və fərqli münasibətlərə rəğmən maraqla qarşılandı. Necə düşünürsünüz, milli caz improvizələri kifayət qədər auditoriyaya yayılıbmı, dünyaya inteqrasiya edə bilibmi?
- Çox gözəl məqama toxundunuz. Bu, əslində, çox uzun və bir o qədər də qəliz məsələdir. Hazırda bütün dünyada Avropa musiqisi, yəni pop, onun formaları artıq insanlara maraqlı gəlmir. Ona görə də indi bütün dünya miksə, sintezə çox böyük maraq göstərir. Məsələn, bizim musiqidə elə melizmlər, simli alətlərdə elə notlar var ki, onları klavişli alətlərdə, pianoda çalmaq mümkün deyil. Digər tərəfdən, standart caz musiqisi Amerikada hər zaman ifa olunub və yüksək səviyyədə də qarşılanıb. Amma indi onlar bu musiqini o qədər gözəl bilirlər ki, artıq yeni, fərqli nümunələr axtarırlar. Bu mənada uğurlu sintez hər zaman arzu olunandır, həm də çətindir. Çünki bizlərlə müqayisədə onların yeni nümunələrə yanaşması fərqli, bir az ehtiyatlı və ya tərəddüdlüdür. Ona görə də gərək ən yaxşı nümunələri yüksək səviyyədə təqdim edəsən.
- Musiqiyə yanaşmamızla bağlı maraqlı məqama toxundunuz. Biz cazı kütləviləşdirmək, Vaqif Mustafazadə dövründən çıxış edərək daha fərqli elementlərlə qəbul etdirmək üçün nə etməliyik?
- Bu məsələ bir problem olaraq artıq çoxlarını düşündürür. Çünki nəinki bizdə, bütün dünyada pop musiqisi birinci yerdə dinlənilir. Caz musiqisinə qulaq asanların faiz göstəricisi çox aşağıdır. Bu qaydanı biz qoymamışıq. Hərçənd bu musiqi mənim, eləcə də musiqinin köklərinə varan hər kəs üçün önəmli yer tutur. Çünki bir çox janrlar ondan mayalanıb, rişələnib. Çünki insan caz musiqisini bilməsə, onu dinləmək, anlamaq çətin olar. Bu mənada Azərbaycan xalqı çox istedadlı xalqdır və gözəl musiqini duymaq qabiliyyətindədir. Bu, mənim üçün ən yüksək keyfiyyətdir.
- Sintezdən söz düşmüşkən, sizin özünəməxsus element seçiminizin əsasında nə durur?
- Sintezdən danışarkən Vaqif Mustafazadə musiqisini xüsusi vurğulamaq lazımdır. O, sintezində cazı muğamla qarışdırmayıb, yeni bir janr yaradıb və gələcək musiqiçilər nəslinə yol göstərib, davam etdirmək şansı verib. Bu mövzu gözəl olduğundan onu miks edib modern şəkildə təqdim etdikdə tam fərqli effekt alınır. Amerikalılar bunu yüksək zövqlə dinləyirlər. Çünki mövzu maraqlıdır və müşayiət caz standartlarındadır. Bütün ölkələr sintezə çalışırlar, amma məncə, bu bizim musiqi ilə daha başqa rəngdə olur.
- Bu mənada sintez zamanı hansı məqamı önə çəkirsiniz?
- Caz azad musiqidir və onunla hər şey etmək olur. Həm də cazın özünəməxsus formaları var. Mənim üçün əsas cazın sxemidir. Başa düşülməsi üçün ondan kənara çıxmıram. Ona görə də o sxemə daxil ola bilən nümunələri seçirəm. Amma bu, o qədər də asan deyil. 16 taktın içinə Şərq musiqisini sığışdırmaq çətin, amma çox maraqlıdır.
- Doğrudur, caz sintezləri sevir. Amma hər “qarışıq” da uğurlu alınmır...
- Məsələyə bir az psixoloji faktorla yanaşmaq lazımdır. Baxır hansı musiqini və necə təqdim edirsən, bu, çox vacibdir. Azərbaycan musiqisini sintezdə təqdim edərkən daha çox asan, qulağa yatan əsərdən başlamaq və onu planlı, mərhələli təqdim etmək lazımdır.
- Bu səbəbdən daha çox seçilmiş, məşhur əsərlərə maraq göstərirsiniz? Yeni nümunələrə münasibətdə bəlkə qəbul olunmamaq, uğursuzluqdan ehtiyat edirsiniz?
- Maraqlı sualdır. Amma bu, qətiyyən belə deyil. Çox təəssüf ki, bu gün Qara Qarayev kimi yazan bəstəkarlar, Şövkət Ələkbərova kimi oxuyan ifaçılar yoxdur. Demirəm, yaranan nümunələr azdır və ya uğursuzdur. Sadəcə, o dövrlə müqayisədə zəifdir. Həm də o nümunələr bayağı mahnılar dənizində boğulurlar.
- Mən bunun özüm üçün izahını tapmışam. Musiqiçilərin əksəriyyəti dinləyicinin axtardığı, yeni bildiyi Avropa standartlı musiqiyə meyllənib...
- Vacib bir nöqtədə dayandıq. Götürək pop janrında, amma aşağı səviyyəli musiqiləri. Görün, bu, kütləvi şəkildə nə qədər insanın zövqünü korlayır. Şou-biznes əsl mədəniyyəti, pop janrı isə səviyyəli musiqini sanki unutdurmağa çalışır. Bu, mənim üçün böyük problemdir. İstərdim ki, peşəkar musiqiçi və bəstəkarların yaratdığı nümunələr, klassik əsərlər təbliğ olunsun. Özü də mütəmadi, efirin əsas saatlarında. Yalnız bu zaman insanlar musiqi seçimində əsl zövq aşılayan nümunələri mənimsəyəcəklər. Bəlkə onda korlanmış zövq bəlasından qurtulub ötən illərin gözəl musiqilərinin nostaljisini real, yüksək zövqlü dinləyicilərlə yaşayarıq.
- Yəqin bunun üçün kütləvi tədbirlər, festival formatlı layihələr vacibdir?
- Təbii, amma bu da tam çıxış yolu deyil. Baxın, caz festivalıdır, insanlar festivalın konsertlərinə bilet axtarırlar. Əlbəttə, konsertlərə gəlmək istəyənlər arasında fərqli maraqları olanlar da var. Kim zövq almağa, kim kiminləsə bəhsə, kim də gözəl geyimini, paltarını göstərməyə gəlir. Amma əsas odur ki, gəlirlər. Eyib etməz, iki-üç dəfədən sonra artıq paltar unudulacaq, musiqi dinləniləcək. İstənilən halda musiqi dinləyən, anlayan, sevən və qəbul edən hər bir tamaşaçı, dinləyici üçündür.

Söhbətləşdi:
Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar