“Yaxşı əsərin yaranması üçün rəssam səmimi olmalıdır”

Dünya bir nərdivandır... İnsan bu nərdivanı pillə-pillə qalxır. Hər pillədə bir xatirə, bir ömür yazısı qoyub qalxır. Pillələrin sayı artdıqca insanın həyat təcrübəsi də çoxalar. Adlayıb keçdiyimiz pillələrdə dünənimizdən bir iz qoyuruq ki, o izlər sabahımıza aparar bizi. O sabahlara ki, orada bizi nələr gözlədiyindən xəbərsizik. Amma hamımızın bu sabahlarımızla bağlı bir nağıl dünyamız var.

Xalq rəssamı Arif Hüseynov da “Mən nağılları oxuyaraq böyüdüm, yaşım çoxaldıqca klassika, dünya ədəbiyyatına keçdim, indi isə yenidən nağıllara qayıdıram” - deyir... Arif müəllimlə ömür nərdivanının 70-ci pilləsində görüşdük. Xalq rəssamı bu il yubileyini qeyd edir, söhbətimiz həm sənətdən, həm də həyatdan oldu.

- Arif müəllim, 70 yaşınız münasibətilə sizi təbrik edirik. Haqqınızda çəkilən televiziya filmində belə bir fikir söyləmişsiniz: “Yaşamaq imtahandır”. Bu imtahanda özünüzə neçə qiymət verirsiniz?
- Sovet dövründə nə qədər yaxşı çalışsan da “kafi” kimi qiymətləndirilərdi. O vaxt “yaxşı” deməzdilər, nədənsə həmişə bu “kafi” sözünü işlədərdilər. Ancaq mən belə hesab edirəm ki, 70 ili, sözün əsl mənasında, yaxşı yaşamışam. Yaradıcılığımda çoxlu uğurlarım olub. Məni tanıyanlar bilir ki, mən bir yerdə dayanan insan deyiləm həmişə çalışmışam, yenilik axtarmışam. 1970-ci ildən bu günə qədər saysız sərgilərim olub. 70 illiyimə isə xüsusi sərgilərlə hazırlaşırdım. Bu hazırlığın ilk mərhələsinə mart ayında “Four Seasons Baku” hotelində “Novruz rəngləri” adlı sərgi ilə start verildi. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan “Əsrlər və nəsillər” adlı sərgidə işlərim nümayiş olundu. Bu layihədə ilk dəfə Azərbaycan generallarının portretini yaratdım.
Bu yaxınlarda isə oğlum Orxanla birlikdə Moskvada Rusiya Dövlət Şərq Xalqları Muzeyində keçirilən sərgini qeyd etmək istərdim. Bu sərgi Heydər Əliyev Fondu, ölkəmizin Rusiyadakı səfirliyi, Azərbaycan və Rusiyanın müvafiq nazirlikləri və rəssamlar ittifaqları tərəfindən təşkil olunub. “Azərbaycan nağılları” adlı sərgi noyabrın 10-a qədər davam edəcək. Sərgini bu cür adlandırmaqda məqsədimiz var idi. Bu bir mesaj idi. Bu gün də mənim ölkəmin sürətli inkişafı, tərəqqisi bir nağıl olaraq davam edir. Mən gecələr şəhərin küçələrində gəzəndə gözlərim nağıl qəhrəmanlarımı axtarır. Bütün bu sərgilər 70 illik yubileyimə bir hesabatdır. Yubileyin final sərgisi isə dekabr ayında Milli İncəsənət Muzeyində təşkil ediləcək. Bundan əlavə, 2012-ci ildə bir sıra uğurlu işlərim oldu.
- Ötən il M.Ə.Sabirin 150 illik yubileyi çərçivəsində “Hophopnamə”yə çəkdiyiniz yeni illüstrasiyalar böyük rəğbətlə qarşılandı...
- Bəli, 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan “Hophopnamə”yə tərtibat verdim, kitab üçün 30-a yaxın rəsm əsəri işlədim. Bu, poliqrafik cəhətdən də Sabir adına layiq bir kitab idi. Bunu yaradıcılığımda xüsusi yeri olan bir iş kimi dəyərləndirirəm. Eyni zamanda, yay fəslində Gəncədə açılacaq Məhsəti muzeyi üçün 40 ədəd miniatür əsər yaratdım. Bu əsərlər Məhsətinin rübailərinə çəkilib. Onu da qeyd edim ki, bu günə kimi Məhsətinin rübailərinə heç bir miniatür işlənməmişdi. Bu da 70 illiyimdə özümə bir hədiyyə idi, bütün bunları böyük həvəslə işlədim. 70 illiyimlə bağlı digər bir layihəm isə Nizaminin əsərlərinə işlədiyim 15 rəsmi Gəncədəki Nizami muzeyinə hədiyyə etməyim oldu.
- Nağıllar seriyasından çoxlu əsərləriniz var. Bu maraq haradan qaynaqlanır?
- Mən 1968-ci ildən bu günə kimi “Göyərçin” jurnalında çalışıram, jurnalın baş rəssamıyam. Əvvəllər uşaq kitablarına, nağıllara tərtibatlar verirdim. 2006-cı ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Yaponiyanın Tokio şəhərində oğlum Orxanla birgə sərgim keçirildi. Bu vaxta qədər müxtəlif illüstrasiyalar və axtarışlar edirdim. Yaponiyada gördüm ki, bu xalq öz keçmişinə hörmətlə yanaşır. Əslində elə əvvəldən də miniatürlə maraqlanırdım, amma Yaponiyaya səfərimdən sonra nağıllar seriyasında daha da həvəslə işləməyə başladım. Fikirləşdim ki, bizim Təbriz miniatür məktəbimiz var, niyə başqa “izm”lərlə işləməliyik. Beləcə, ilk işlərim Novruz adətləri ilə bağlı oldu, sonra nağıllar və s. Yeni səpkidə miniatürlər yaratmağa başladım, xalça ilmələrini qrafikaya çevirdim. Gördüm ki, bu işlərim maraqla qarşılandı. Sonra isə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan nağıllarının ingilis dilində nəşri ilə bağlı layihəsi həyata keçirildi. Bu kitabda 30 nağıla miniatürlər işlədim.
Nağıllara marağımın digər səbəbi isə Bakının Qala kəndinə bağlılığımdan irəli gəlir. Uşaq vaxtlarımda tətil zamanı kənddə nənəmin yanında qalardım, onun danışdığı nağılları, adət-ənənələrimiz haqqında söhbətləri həvəslə dinləyərdim. Fikirləşirəm ki, insanlar nağılları ömürlərində iki dəfə oxumalıdırlar. Yəni bir uşaq yaşlarında, bir də mənim indiki yaşımda. Çünki bu yaşda nağılın dadı tamam başqa olur. Baxış da dəyişir. Mən Cırtdanı 40 ildir çəkirəm və hər dəfə də tamam başqa. Cırtdanın “Kim yatmış, kim oyaq” sualındakı fəlsəfə uşaq üçün bir məna verirsə, 70 yaşlı insan üçün tamam başqa məzmun daşıyır. Bu, böyük sualdır. Nağılları bu yaşda yenidən oxumaqla çox incəliklərlə rastlaşdım. Məişət, ailə, xalqın müdrikliyi, xəyanət, dəyanət və s. Mən kitab rəssamıyam. Kitaba tərtibat vermək üçün mütləq onu oxumalıyam. Amma inanmazdım ki, nağılları ikinci dəfə oxuyam.
- Bəs ilk tərtibat verdiyiniz kitab yadınızdadırmı?
- İlk tərtibatım Rəsul Rzanın “Vaxt var ikən” kitabı olub. O kitaba beş rəsm hazırladım, indiyə kimi də köhnəlməyib. Bu kitabdakı işlər böyük şairə münasibət idi. Həmin əsərlərimi müəyyən sərgilərdə də nümayiş etdirmişəm.
- Sabir yaradıcılığına marağınız da şairə münasibətinizi göstərir?
- Sabir elə bir şairdir ki, hər zaman müasirdir. Sabir bu günü də, sabahı da görür. Onun mövzularını kinematoqraf şəklində qabartmışam. Belə şəxsiyyət və sənətkarlar çox az olur. Onlar özlərini xalq yolunda, sənət yolunda qurban veriblər. Sənət xəyanəti qəbul etmir, yüz faiz ona xidmət etməlisən. Bu gün belə insanlar, demək olar ki, yoxdur. Yüz faiz özünü həsr edən insan Səttar idi.
- Artıq bir neçə ildir sərgilərinizi oğlunuz Orxanla birlikdə təşkil edirsiniz. Onun bu sənətə gəlişinə narazılıq etmədiniz ki?
- Qətiyyən. Bütün uşaqlar məktəb yaşlarında rəsm çəkməyi xoşlayırlar. Orxan da eləcə. Evdə çəkmək üçün hər şərait var idi, o da bundan bəhrələnirdi. Əvvəllər düşünürdüm ki, sadəcə maraqdır. Amma bir dəfə Vladiqafqazda səfərdə idik. Orda Murtuza Muxtarovun həyat yoldaşına tikdirdiyi məscid var. Həmin məscidin eynisi burada Əmircan kəndindədir. Orxan rəsm ləvazimatlarını götürüb getdi çayın sahilinə. Bir neçə saatdan sonra maraqlandım, görüm, Orxan nə edir? Gördüm məscidin rəsmini naturadan elə gözəl yaradıb ki. Beləcə, o da rəssam oldu. İlk sərgisi də “Mənim nağıl şəhərim” adlanırdı. 2003-cü ildən birlikdə sərgilər keçirməyə başladıq. Yaponiyada, Türkiyədə, Almaniyada, Hollandiyada onun fərdi sərgisi oldu.
- Müsahibələrinizin birində həyatda və yaradıcılıqda səmimilikdən bəhs etmisiniz. Səmimi olmaq çətindir, yoxsa asan?
- Çox çətindir. Ümumiyyətlə, insanın ömrünün sonuna qədər səmimi olması çətin məsələdir. Burada böyük komponent var. Cəmiyyət, cəmiyyətdə rolun, sözün və s. Səmimi olanda eyni cür qəbul edilə bilmirsən. Bəzən bu səmimiyyət başa düşülmür.
Yaradıcılıqda isə səmimi çəkilən iş tamaşaçıya təsir edir. Ola bilər ki, həmin iş professional cəhətdən zəif olsun, amma səmimi çəkilibsə, qəbul ediləcək. Bizim sənət hisslərin məfhumudur. Hissləri səmimi çatdırmaq vacib şərtdir. Fərq etməz, çəkilən əsər mənzərə də ola bilər, faciə də. Səmimidirsə qəbul ediləcək.
- Müasir rəssamlığı necə qiymətləndirirsiniz?
- Bu gün çox perspektivli gənc rəssamlarımız var. Təsviri sənətin siyasətini həyata keçirmək lazımdır. Sərgi salonlarımızda qeyri-peşəkar əsərlər olmamalıdır. Kitab tərtibatı sahəsində isə vəziyyət əfsuslar olsun ki, ürəkaçan deyil. Əvvəllər bütün nəşriyyatların baş rəssamı var idi və kitablara illüstrasiyaları da onlar çəkərdilər. Bu gün kompyuterdən köçürülmüş hazır materiallar kitab səhifələrinə yerləşdirilir. Bunun ən mənfi təsiri də elə uşaq kitabları ilə bağlıdır. Uşaq ədəbiyyatında kitab səhifələrindəki bütün rəsmləri “klipart”dan istifadə edərək səhifəyə qoyurlar.
- Kitab qrafikası ilə məşğul olan rəssam kimi həyatınızı kitaba bənzətsəniz bu kitabı hansı fəsillərə ayırardınız?
- Kitab dediniz, yadıma uşaqlığım düşdü. Dayım ədəbiyyat müəllimi idi və hər dəfə bizə gələndə kitab gətirərdi. Bakının “Sovetski” məhəlləsində böyümüşəm, anam məni evdən bayıra qoymazdı. Buna görə də bütün günü kitab oxuyardım. Homerin “İlliada” və “Odisseya”sından C.Cabbarlının bütün əsərlərinə qədər indi də əzbər bilirəm. Həyatımı kitaba bənzətsək, onu belə təsvir edərdim - uşaq nağılları, klassik ədəbiyyat, müasir ədəbiyyat və sonra yenə nağıllar.
- Yubileydən sonra hansı işləri planlaşdırırsınız?
- Allah imkan versə, hər şeyi sıfırdan başlamaq fikrindəyəm. Bilirəm, bu fikir sizə qəribə görünür. Mən sıfırdan başlamaqla həm də gələcək planlarımı nəzərdə tuturam. Mənə atamdan heç nə qalmayıb. Təkcə kitablar. O, ibtidai sinif müəllimi işləyib. Yubiley tədbirləri yekunlaşandan sonra onun oxuduğu qəzəllərə “Atamın qeydləri” adlı illüstrasiyalar çəkməyi planlaşdırıram. Bundan əlavə, vaxtilə xalq şairləri Məmməd Araz və Nəbi Xəzriyə öz şeirlərini əlyazma şəklində yazdırmışdım və həmin əlyazma şeirlərə də illüstrasiyalar işləməyi düşünürəm. Həyatda məqsədim yaxşı əsərlər yaratmaqdır. Yaxşı əsərin yaranması üçün rəssam səmimi olmalıdır.

Lalə Azəri