Peşəkar


“Məşğul olduğum sahələrdən heç birində özümü peşəkar hesab etmirəm”

Yumor hissi mənim üçün həyatı yüngülləşdirən, yaşamağı asanlaşdıran, insanı həyatda saxlayan ən üstün keyfiyyətlərdəndir.

“Peşəkar” rubrikasının budəfəki qonağı bütün MDB məkanında tanınan, adı çəkiləndə çöhrələrə təbəssüm qonan sənət adamı, çoxşaxəli yaradıcılığı ilə dövlətinə, millətinə xidmət edən Bəhram Bağırzadədir. Onu yalnız məşhur yumor ustası kimi təqdim etmək, əlbəttə ki, ədalətsizlik olardı. İxtisasca teatr rejissoru olan Bəhram Bağırzadə naşir, karikaturaçı rəssam, bir sıra televiziya verilişlərinin aparıcısı, eyni zamanda peşəkar aktyordur. Onunla görüşümüz şəhərin tanınmış ticarət və əyləncə mərkəzlərinin birində, yeni çapdan çıxmış kitabının imza günündə baş tutdu. Artıq 8-ci kitabını oxuculara təqdim edən Bəhram Bağırzadə peşəkarlıq və digər mövzularda fikirlərini bizimlə bölüşdü.

- Bəhram müəllim, sizə əvvəlcə rubrikamızın ənənəvi sualı ilə müraciət etmək istərdim. Sizin üçün peşəkarlıq nədir?
- Öncə onu deyim ki, mənim peşəyə və peşəkarlığa münasibətim tamam fərqlidir. Bəzən mənim haqqımda deyirlər ki, Bəhram Bağırzadə bu həyatda özünü tapmayıb, məşğul olduğu sahələri, peşələri tez-tez dəyişir. Bu cür yanaşma kökündən yanlışdır. Bu gün Amerikada, Avropa ölkələrində insanlar hər 5-10 ildən bir peşələrini dəyişirlər və bu olduqca normal sayılır. Səhv etmirəmsə, Fridrix Engels deyirdi ki, monoton və daha çox fiziki güc sərf etdiyiniz davamlı iş peşəkar idiotizmə gətirib çıxarır. Bunun baş verməməsi üçün isə müəyyən müddətdən bir insanlar çalışdıqları sahələri dəyişməlidirlər. Bu müddət isə hər insan üçün fərqli ola bilər. Məsələn, sizin üçün bir peşə 5 ildən sonra, digəri üçün isə daha tez və ya əksinə, gec tükənə bilər. Mən də özümü hər hansı sahədə 30 il çalışan, var-gəl edən biri kimi təsəvvür edə bilmirəm. Bura bütün sahələr aiddir, istər metro işçisi olsun, istər yol polisi əməkdaşı, istərsə də dövlət məmuru. Ona görə də çalışıram ki, həyatımda müxtəliflik yaradım. Həm naşir, həm aktyor, həm rejissor kimi fəaliyyət göstərirəm. Allaha daim şükürlər edirəm ki, mənə kreativlik verib və özümü sınadığım bütün sahələrdə uğur əldə edə bilirəm. Ancaq mənə sual etsəniz ki, Bəhram Bağırzadə məşğul olduğu sahələrdən hansında özünü peşəkar hesab edir, birmənalı cavab verərdim ki, heç birində. Mən nə peşəkar karikaturaçı rəssamam, nə naşirəm, nə də yazıçıyam.
- Bəs daha hansı sahələrlə peşəkar səviyyədə məşğul olmaq fikriniz var?
- Özüm ixtisaca teatr rejissoruyam, ancaq bu sahə ilə peşəkar səviyyədə məşğul ola bilmirəm. Bunun əsas səbəbi də ortaya daim yaxşı iş çıxarmaq istəyidir. Bilirsiniz ki, yaxşı film ekranlaşdırmaq üçün çox böyük vəsait, hətta milyonlar lazımdır. Bu gün bu vəsaiti əldə etmək üçün müəyyən imkanlarım olsa da, hesab edirəm ki, bir azərbaycanlı, bir vətəndaş kimi mənim mənəvi haqqım yoxdur ki, vergi ödəyicilərinin, millətimin pullarını, bu qədər böyük vəsaiti götürüb hansısa filmə yatırım, o da kobud desək, “Biləcəridən o tərəfə çıxa bilməsin”. Bu isə mənim aləmimdə ən azı günah və cinayətdir. Bu səbəbdən də peşəkar rejissorluqla məşğul olmuram. Ancaq nə vaxtsa özümün şəxsi olaraq kifayət qədər vəsaitim olarsa, könül rahatlığı ilə belə bir film çəkmək fikrim var. O zaman filmin uğursuzluğu da məni o qədər incitməz. Bütün bunlar, əslində, peşəkarlıqdan çox peşəkar məsuliyyətdən irəli gəlir. Mənim aləmimdə peşəkar məsuliyyət peşəkarlıqdan öndədir. Bir insan peşəkar ola bilər, ancaq onda peşə məsuliyyəti olmaz. Asfalt çəkən düşünməlidir ki, onun çəkdiyi yoldan Azərbaycan vətəndaşları keçəcək, aktyor oynadığı rola 9 milyon vətəndaşın deyil, dünyanın baxacağını düşünməlidir. Mənim peşəkarlıq anlayışım, yanaşmam budur. Bu isə təhsil, böyük zəhmət və təcrübənin məhsulu kimi ortaya çıxır. Bəlkə də “Şən və Hazırcavablar Klubu”nun üzvü olduğum ilk illərdə mənə sual versəydiniz ki, özünüzü peşəkar yumor ustası hesab edirsinizmi, yəqin ki, “bəli” deyə cavab verərdim. Ancaq 9 ildən sonra, əsrin çempionu olanda anladım ki, mən peşəkaram. Məni bir qədər yaş amili də sıxır. Artıq 40 yaşımı başa vurmuşam. Onunla təsəlli tapıram ki, dünyanın bir çox tanınmış rejissorları ən məşhur filmlərini 40 yaşdan sonra ekranlaşdırıblar. Bu məndə ümid yaradır. Bir də hesab edirəm ki, ortaya sanballı iş qoymaq üçün həyat təcrübəsi olmalıdır. İllər insana çox şeyi öyrədir, insan formalaşır, püxtələşir və nəhayət, müdrikləşir. Bununla heç də demək istəmirəm ki, daha aşağı yaşlarda gözəl işlər ərsəyə gətirmək olmaz, olar və nümunələr də var. Bu yəqin ki, böyük istedad və Allah vergisidir.
- Bir tamaşaçı və jurnalist kimi sizin zaman duyumunuz məni heyrətləndirir. “Şən və Hazırcavablar Klubu”nun aktyoru kimi fəaliyyətinizi də zirvədə dayandırdınız. Sonra səhv etmirəmsə, bir müddət karikaturaçı rəssam kimi fəaliyyətiniz oldu, sərginiz keçirildi. Daha sonra naşirlik bu silsiləni izlədi. Bu sahələrdə işləriniz necə gedir?
- Əvvəlcə onu deyim ki, karikaturaçılıq mənim üçün peşə deyil, hobbidir, çünki mən bu sahədən pul qazanmıram. Gördüyüm, satirik və yumor hissi ilə yanaşdığım vəziyyətləri, hadisələri, əşyaları təsvir etməyə çalışıram. Dediyiniz kimi, bu sahədə də uğur qazana bildim, işlərim geniş ictimaiyyət tərəfindən müsbət qarşılandı, sərgilərim təşkil olundu, işlərim müsabiqələrə çıxdı. Ancaq bütün bunlar karikaturanı mənim üçün peşəyə çevirmədi və hələ də həyatımda hobbi kimi öz yerini qoruyur. O ki qaldı “Şən və Hazırcavablar Klubu”nun aktyoru kimi fəaliyyətimə, mən səhnəyə gülüş ustası kimi çıxmağı dayandırdım, ancaq yumor, incə gülüş daim mənim həyatımdadır və olacaq da. Yumor hissi mənim üçün həyatı yüngülləşdirən, yaşamağı asanlaşdıran, insanı həyatda saxlayan ən üstün keyfiyyətlərdəndir. Nəşr etdirdiyim kitablarla bağlı isə onu deyə bilərəm ki, mütaliə mənim üçün əbədidir. Bu işə mən hobbi kimi yanaşmıram, ancaq hələ peşə də deyil. Bilirsiniz, uzun illər “Şən və Hazırcavablar Klubu”nda fəaliyyətim mənə çox şey qazandırsa da, mütaliə etmək imkanlarımı məhdudlaşdırdı. Mən bu gün həmin boşluğu doldurmaq üçün daha çox mütaliə etməyə çalışıram. Eyni zamanda, ərsəyə gətirdiyim kitabların da ana qayəsi savadsızlıqla, cahilliklə mübarizədir. Bunun üçün digər işlər də görürəm, oxuduğum kitabları hədiyyə edirəm və hamısının üzərinə “oxu, sonra başqasına ver” cümləsini yazıram. İçərişəhərdə belə bir kitab guşəsi yaradılıb. Ora çoxlu kitablar hədiyyə etmişəm. Artıq indiyə qədər 7 kitabım işıq üzü görüb. İmza gününü təşkil etdiyimiz “SSRİ-nin mənfi və müsbətləri” adlı kitabım sayca səkkizincidir. Onu da sizə etiraf edim ki, nəşr etdirdiyim kitablardan hələ ki, gəlir əldə etməmişəm. Əksəriyyəti kitabsevərlərə, oxuyacağını bildiyim insanlara hədiyyə olunub. Ancaq ümid edirəm ki, bizim insanımız da kitab oxumağa, kitaba pul xərcləməyə başlayacaq.
- Bəhram müəllim, belə bir kitab ərsəyə gətirmək hansı zərurətdən doğdu?
- Bu kitab əsasən gənc auditoriyaya ünvanlanıb. Biz o dövrün müsbət və mənfi tərəflərini görən insanlarıq, o dövrün hər üzünü görmüşük, o dövrdə təhsil almışıq, fəaliyyətimizin, kiçik də olsa, bir hissəsi o dövrə təsadüf edib. Şübhəsiz sevindirici haldır ki, biz müstəqil dövlətdə yaşayırıq və bu cür kitablar ərsəyə gətirə bilirik. Bu dövrün də öz müsbətləri, öz mənfiləri var. Mən bu kitabla istədim ki, bizim gənc nəsil o dövrün də müsbətləri və mənfiləri ilə tanış olsun, orta və yaşlı nəsil isə bir də o illərə qayıtsın, müsbətlərini indiki dövrümüzə, belə desək, transformasiya etsin, mənfilərini isə müsbətə çevirsin. Bu kitabda yalnız mənim fikirlərim yer almayıb, Çingiz Abdullayev, Xəyyam Mirzəzadə, Fərhad Bədəlbəyli, Vəfa Quluzadə və adlarını sadalamadığım digər çox tanınmış ziyalılarımız bu kitabda o dövrlə bağlı təəssüratlarını bölüşüblər. Qəzetiniz vasitəsilə onlara da öz təşəkkür və minnətdarlığımı bildirirəm ki, belə bir nəşrin ərsəyə gəlməsində iştirak ediblər.

Sadiq Musa