“Mədəniyyət bizim ortaq xəzinəmizdir. Hər bir türkdilli ölkə mədəni zənginliyi realizə etməklə qarşılıqlı münasibətlərə töhfə verməlidir”

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Xalqlarımız, digər türkdilli xalqlar kimi, ortaq mədəniyyətə malikdir. Hazırda ölkələrimiz arasında mədəni əlaqələr inkişaf etməkdədir. Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevlə müsahibəmiz də bu mövzudadır.

- Cənab nazir, Azərbaycanla Qırğızıstan arasında mədəni əlaqələri necə xarakterizə etmək olar?
- Hər şeydən öncə onu qeyd edək ki, ölkələrimizin rəhbərlikləri arasında yüksək səviyyəli münasibətlər və tərəfdaşlığı bütün sahələrdə inkişaf etdirmək üçün qarşılıqlı siyasi iradə mövcuddur. Xüsusilə son illər Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkələrimizin həm ikitərəfli kontekstdə, həm də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində əlaqələri genişlənir. Mədəniyyət və tarixi köklər baxımdan iki ölkənin əməkdaşlığında yeni səhifə açılıb. Bu gün, iqtisadi işbirliyi perspektivləri ilə yanaşı, iki ölkəni tarix, mədəniyyət, soy-kök və dini zəmində ortaq dəyərlər birləşdirir. Son illər əlaqələrimizin mühüm istiqamətini mədəniyyət sahəsində tədbirlər təşkil edir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 80 illik yubileyi Azərbaycanda geniş şəkildə qeyd edildi. Prezident İlham Əliyev Çingiz Aytmatovu Azərbaycan və Qırğızıstan arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif etdi. Qarşıdakı illərdə də birgə mədəniyyət layihələrimiz var.
- Həyata keçirilən birgə layihələr, qarşılıqlı mədəni mübadilə xalqlarımızı bir-birinə necə tanıdır?
- Son vaxtlar mədəni-humanitar istiqamətdə aktivlik müşahidə olunur. Ona görə ki, hazırda iki ölkə arasında mədəniyyət sahəsində çox sıx əlaqələr var. Bir sıra uğurlu layihələr həyata keçirmişik. Qırğız şairi Eqemberdi Ermatov Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını qırğız dilinə tərcümə edib. Bundan başqa, 2008-ci ildə Bişkekdə "Azərbaycanlılar Qırğızıstanda" kitabı rus dilində çap edilib. TÜRKSOY-un layihəsi olaraq qırğız sənətçilərinin də iştirakı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası Qırğızıstan Opera və Balet Teatrında da nümayiş etdirildi. Birgə mədəniyyət layihələri həyata keçiririk. Məsələn, bir neçə il öncə Qırğızıstanda “Azərbaycan kinosu həftəsi" keçirildi, "Nizami", "Arşın mal alan" və Azərbaycan kino sənətinin digər məşhur nümunələri ölkəmizdə nümayiş etdirildi. Bayaq qarşıda bizi bir sıra layihələrin gözlədiyini dedim. Noyabrın 30-da Qazaxıstanın paytaxtı Bişkekdə Azərbaycanın Xalq yazıçısı Anarın yaradıcılıq gecəsi keçiriləcək. Dekabrın 2-də isə Bakıda Çingiz Aytmatovun 85 illiyi ilə bağlı yaradıcılıq gecəsi gerçəkləşəcək. Sözsüz ki, bütün bu tədbirlər vasitəsilə xalqlarımızı bir-birinə yaxından tanıtmaq istəyirik və düşünürəm ki, buna yavaş-yavaş nail oluruq.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və şəxsən nazir Əbülfəs Qarayevlə yaxşı münasibətlərimizin olması da əlaqələrimizin genişlənməsinə öz müsbət təsirini göstərir. Muzey sahəsində də yaxşı əlaqələrimiz var. Bir sözlə, ölkələrimizin müstəqillik əldə etməsindən sonra münasibətlərimizdə yaranmış fasilə öz yerini aktivlik dövrünə verir və inanıram ki, bu əlaqələr bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq, iki ölkənin qarşılıqlı maraqlarına xidmət edəcək.
- Sizcə, türkdilli ölkələri birləşdirən başlıca element nə olmalıdır?
- Məncə, bizi birləşdirən əsas amil mədəniyyət olmalıdır. Mədəniyyət bizim ortaq xəzinəmizdir. Hər bir türkdilli ölkə mədəni zənginliyi realizə etməklə qarşılıqlı münasibətlərə töhfə verməlidir. Bütün türk xalqlarında müştərək hərəkət etmək üçün ruh, istək, həvəs olmalıdır. Bir neçə ay öncə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III zirvə toplantısında dövlət başçıları bir araya gəldilər, türk dünyasının gücləndirilməsi istiqamətində bir sıra sənədlər imzaladılar. Əlbəttə, başlıca amil dövlət rəhbərlərinin aldıqları qərarlardır və biz də bu istiqamətdə işləməliyik.
- Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələri haqqında nə deyə bilərsiniz?
- Bu sahədə də əlaqələrimizin inkişafı üçün yaxşı perspektivlər olduğu qənaətindəyəm. Qırğızıstan Bakıda keçirilən ənənəvi beynəlxalq turizm sərgisində iştirak edir. Əlbəttə, bu sahədə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün işləmək lazımdır. Burada isə əsas həlledici amil nəqliyyatdır. Əgər ölkələrimiz arasında birbaşa təyyarə reysləri olarsa, turizm sahəsində əlaqələri daha da inkişaf etdirə bilərik.

M.Sultanova