Aydan Qəmbərova: «Respublikamızda yüksək səviyyəli konqreslərin keçirilməsi üçün bütün şərait mövcuddur»
Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqreslər Bürosunun (Azerbaijan Convention Bureau) təqdimatı keçirildi. Məlumdur ki, respublikamızda müxtəlif beynəlxalq tədbirlərin, festivalların, forumların, sərgilərin keçirilməsinə ölkə rəhbərliyi tərəfindən xüsusi önəm verilir. Bu siyasət ölkəmizdə işgüzar turizm (MİCE turizmi) üçün zəmin yaradır. Azərbaycan Konqreslər Bürosunun təşkilində də məqsəd işgüzar turizmin inkişaf etdirilməsidir. Qurumun fəaliyyəti respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE turizm istiqaməti kimi təbliği, beynəlxalq tədbirlərlə əlaqədar tenderlərdə iştirak və s. məsələləri əhatə edir. Qurum dövlətin və özəl sektorun bu sahədə vahid siyasət yürütməsinə də imkan verir.
Azərbaycan Konqreslər Bürosunun direktoru Aydan Qəmbərova qəzetimizə müsahibəsində fəaliyyət sahələri, yeniliklər, müxtəlif ölkələrin analoji qurumları ilə əməkdaşlıq və s. məsələlərə aydınlıq gətirdi.
- Azərbaycan Konqreslər Bürosunun 2013-cü ilin iyununda təqdimatı keçirilsə də, əsas fəaliyyətimiz sentyabr ayından başlayıb, noyabrın 7-də isə rəsmi açılış olub. Büro dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaranıb, Mədəniyyət və Turizm Nazirliyi ilə milli turizm bazarında fəaliyyət göstərən turizm sektoru nümayəndələrinin birliyidir.
Konqreslər Bürosunun beynəlxalq layihələrə daxil olması bizə imkan verəcək ki, dünyada silsilə şəkildə keçirilən şəbəkə konqreslərin, forumların bir qismini Azərbaycana dəvət edək, beləliklə, mehmanxana fəaliyyətini gücləndirək, turizm şirkətləri tərəfindən təqdim olunacaq xidmətlərin çeşidini və keyfiyyətini artıraq. Bu qurumun niyə məhz bir neçə il əvvəl yox, məhz indi yaranmasının da səbəbi odur ki, artıq Azərbaycanda yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün infrastruktur mövcuddur. Bu istiqamətdə ölkə Prezidenti İlham Əliyevin dəstəyi də böyükdür. Respublikamızda ən müasir standartlara cavab verən hotellər, hava limanları fəaliyyət göstərməklə yanaşı, xüsusiləşdirilmiş konqres mərkəzləri də formalaşır. Heydər Əliyev Mərkəzi, Bakı Sərgi Mərkəzi indi böyük tədbirlərin keçirilməsinə xüsusi maraq göstərir. Ona görə də Azərbaycan Konqreslər Bürosunun başlıca fəaliyyəti ölkəmizi beynəlxalq biznes, konfrans, görüş və mərasimlərin məkanı kimi təbliğ etməyə yönəlib. Artıq bu istiqamətdə işlər görülür. Noyabr ayında İspaniyanın Barselona şəhərində keçirilən turizm sərgisində iştirak etdik. Sərgi çərçivəsində Azərbaycanı bir brend olaraq dünya turizm bazarında tanıtmağa xidmət edən müxtəlif təqdimatlarımız oldu. Onu da deyim ki, ölkəmizə xaricdə çox böyük maraq var. Xüsusilə «Eurovision-2012» müsabiqəsinin ölkəmizdə keçirilməsindən sonra bu marağın coğrafiyası daha da genişlənib.
Oktyabr ayında ölkəmizdə birinci «fam-trip» (turist agentlikləri üçün tanışlıq səfəri - red.) keçirildi. Rusiyanın 10 ən böyük MİCE kampaniyası Azərbaycana gəlmişdi. Burada geniş təqdimatlar keçirdilər. Onları brend hotellərimiz, konqres mərkəzlərimiz, məşhur restoranlarımızla tanış etdik. Azərbaycandan çox yüksək təəssüratla ayrıldılar. Bu görüşlərin artıq nəticələri də var. İki böyük tədbirin ölkəmizdə keçirilməsi barədə əməkdaşlıq təklifi almışıq. Biz də bu barədə yerli hotellərə məktub göndərmişik ki, öz təkliflərini versinlər. Sonda bu təklifləri müzakirə edəcəyik və yekun qərarımızı verəcəyik.
- Konqreslər Bürosuna üzv olmaq üçün yeni müraciətlər varmı?
- Noyabrın 27-də sıralarımıza daha bir hotel qoşuldu. Bu, «Qafqaz Baku City Hotel & Residences» mehmanxanasıdır. Azərbaycanın yerli brend mehmanxanalarındandır və müştərilərə yüksək səviyyədə xidmət göstərir. Bundan başqa, dekabrın 10-da «Victory Tour» turizm şirkəti Konqreslər Bürosuna üzv oldu. Şirkət daxili və xarici turizm sahəsində aktiv fəaliyyət göstərir. “Victory Tour" 2012-ci ildə Azərbaycanda MİCE (işgüzar) bazarının inkişafı və müştərilərin cəlb edilməsini təmin etmək məqsədilə "MİCE.az" layihəsini həyata keçirib və bu layihə çərçivəsində www.mice.az saytını yaradıb.
Hazırda Azərbaycan Konqreslər Bürosunun 12 üzvü var: «Fairmont Baku», «Four Seasons Hotel Baku», «Hilton Baku», «Hyatt Regency Baku», «Jumeirah Bilgah Beach Hotel», «JW Marriott Absheron Hotel», «Kempinski Hotel Badamdar», «Ramada Hotel & Suites Baku» kimi 8 beynəlxalq brend mehmanxana, «Qafqaz Baku City Hotel & Residences» və 3 turizm şirkəti - «ENC Tours», «Millennium Tourism & Congress DMC» və «Victory Tour» turizm şirkəti. Yaxın vaxtlarda digər şirkətlərin də büroya üzv olacağını gözləyirik.
Ümumiyyətlə, Konqreslər Bürosuna üzvlük bir neçə mərhələdən ibarətdir: “qızıl”, “gümüş” üzvlər və qoşulmuş üzvlər. Bu da üzvlərimizin böyük və ya kiçik müəssisə olması ilə bağlıdır. Böyük hotellər “qızıl”, turizm şirkətləri və nisbətən kiçik hotellər “gümüş”, restoranlar və daha kiçik müəssisələr isə qoşulmuş üzvlər hesab olunur. Quruma təkcə hotellər və turizm şirkətləri deyil, restoranlar, hava limanları, taksi şirkətləri və s. üzv ola bilər. Gələcəkdə sponsorlarımızın olmasını da nəzərdə tuturuq. Məqsədimiz yerli brendlərimizin, məsələn, «Jalə», «Qazelli», «Viva», «Milla» şirkətlərinin və s. dünyada tanıdılmasına nail olmaqdır.
Türkiyənin hər bir tanınmış turizm məkanının bir konqres bürosu var. Məsələn, Antalya, İstanbul konqres büroları və s. Onlar ölkədəki mövcud konqres obyektlərinin hamısı haqqında məlumatların yer aldığı kitab hazırlayırlar. Bu nəşrlər 2 il üçün nəzərdə tutulur. Biz də belə bir reklam-çap məhsulu hazırlayırıq.
- Büroya üzv olmağın şərtləri nədən ibarətdir?
- Elə bir şərtimiz yoxdur. Sadəcə, üzv olmaq istəyən müəssisə, şirkət bizimlə niyyət məktubu və əməkdaşlıq müqaviləsi imzalayır. Bir də üzvlük haqqını ödəyir.
- Xarici ölkədə fəaliyyət göstərən şirkət sizin quruma üzv ola bilərmi?
- Ola bilər. Amma bu, prioritetlərimizin sırasında deyil. Çünki bizim məqsədimiz beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə nail olmaqdır. Ona görə də xüsusilə xarici hotellərin bizim büroya üzv olmasına ehtiyac görmürük. Dünya miqyaslı konqreslərin bizim ölkəmizdə keçirilməsini təmin edə bilən şirkətlərin Azərbaycan Konqreslər Bürosuna üzv olmasında heç bir problem yoxdur.
- Hansı xarici ölkənin konqreslər bürosu ilə əməkdaşlıq edirsiniz?
- Bizim üçün ən vacib bazarlar Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstandır. Niyə bu ölkələri xüsusi qeyd edirəm? Çünki bu ölkələrlə viza və dil problemi yoxdur. Bizim işimizdə də bu məqamlar əsasdır. Biz istəyərdik ki, Rusiya və Türkiyədən bura daha çox turist axını olsun. Almaniyanın da bu sırada olmasını istərdik. Çünki bu ölkədə Azərbaycana maraq böyükdür. İtaliyanı da bu sıraya əlavə etmək olar.
Bu yaxınlarda Britaniyanın 10 şirkəti Bakıya «fam-trip» səfərinə gəlmişdi. Onların əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq idi.
- Öz fəaliyyətinizdə daha çox hansı ölkənin müvafiq qurumunun təcrübəsinə istinad edirsiniz? İndiyədək hansısa tədbirin təşkilinə nail ola bilmisinizmi?
- Azərbaycan Konqreslər Bürosu yeni yaradılanda tender elan olundu ki, hansı şirkət bu istiqamətdə təcrübəsini bizimlə bölüşə bilər. Tenderi Avstriyanın bir şirkəti qazandı. Bu şirkət eyni zamanda Vyana Konqreslər Bürosunun yaradıcısıdır. Yəni bu sahədə böyük təcrübəsi var. Həmin şirkətin rəhbəri Azərbaycana gəlib treninqlər keçirdi. Onların bizə böyük köməyi oldu.
Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətimizə verdiyi dəstək bizim üçün çox mühümdür.
Dünya təcrübəsi göstərir ki, yeni yaradılan konqreslər bürosunun effektivliyi 2-3 ildən sonra özünü göstərir. Biz bu istiqamətdə tenderlərdə iştirak edirik. Bu tenderlərdə bizdən başqa 6-7 ölkə olur. Məsələn, gələn ilin oktyabrında Bakının brend hotellərinin birində 250 nəfərlik beynəlxalq konfrans keçiriləcək.
Düşünürəm ki, yaxın vaxtlarda böyük tədbirlərin Azərbaycanda keçirilməsinə nail ola biləcəyik.
- Azərbaycan Konqreslər Bürosunun tanıtımı istiqamətində hansı işlər görülür?
- Gələn il Barselona, Frankfurt, İstanbul, Moskva, Abu-Dabi və Dubayda keçiriləcək turizm sərgilərində fərdi şəkildə iştirak etmək, müxtəlif təqdimatlar keçirməyi nəzərdə tuturuq. Təbii ki, bütün bunlar eyni zamanda Azərbaycanın tanıtımına xidmət edir. Qurumun məhz Azərbaycan Konqreslər Bürosu adlanmasının səbəbi odur ki, bütün Azərbaycanı tanıda bilək. Qəbələ, Gəncə, Şəki və s. kimi bölgələrimiz artıq bir turizm mərkəzi kimi formalaşıb. Gələcəkdə ölkəmizə gətirə biləcəyimiz beynəlxalq tədbirlərin regionlarımızda da keçirilməsini təmin etmək istəyirik. Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti nəticəsində ölkəmizdə konqres turizmi də inkişaf edəcək.
Fəxriyyə Abdullayeva