“Azərbaycan mətbəxini çox sevirəm. Süfrədə əvvəldən başlayıb sona qədər bütün yeməkləri yeyirəm, sonra da deyirəm ki, kökəlməmək üçün gərək pəhriz saxlayım”

Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və bu gün iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir. Fransanın Azərbaycandakı səfiri Paskal Monye ilə müsahibəmizdə daha çox mədəniyyət və turizm sahəsində də əməkdaşlıq məsələlərinə toxunduq.

- Cənab səfir, təxminən il yarımdır ki, ölkəmizdə diplomatik fəaliyyət göstərirsiniz. Daha öncə Azərbaycana gəlmişdinizmi və ötən dövrdə ölkəmizlə bağlı sizdə hansı təəssürat yaranıb?
- Azərbaycana ilk dəfə şəxsi səfər olaraq 2011-ci ilin noyabrında gəlmişəm. İkinci dəfə isə artıq səfir qismində buraya gəldim. Ölkənizlə elə ilk tanışlığımda böyük dəyişikliyin, inkişafın şahidi oldum. Bu mənə çox vaxt Yaponiyanın 70-ci illərdəki inkişafını xatırladır. Əlbəttə, dəyişikliklər məftunedicidir və buraya yeni gələn insanı təsirləndirir.

- Fransanın Azərbaycanla əməkdaşlıqda prioritet verdiyi sahələr hansılardır?
- Biz Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq edirik və siyasi dialoqumuz mütəmadidir. Bildiyiniz kimi, Fransa həm də Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. İkitərəfli münasibətləri inkişaf etdirərək elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığa üstünlük veririk. İnformasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kosmos, iqtisadiyyat, enerji sahələri əməkdaşlıqda prioritet verdiyimiz istiqamətlərdəndir. Fransanın iri energetika şirkətləri Azərbaycanda geniş təmsil olunublar. Bu yaxınlarda Bakıda “Şahdəniz-2” qazının Avropaya nəqlinə dair xarici şirkətlərlə uzunmüddətli sazişlərin imzalanma mərasimində mən də iştirak etdim. Sazişə əsasən Fransanın “Total” şirkəti gələcək 25 il ərzində Azərbaycan qazının əsas alıcılarından birinə çevrildi. Qeyd etdiyim sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsində də əlaqələrimiz genişlənir. İdman və turizm sahəsində sıx əməkdaşlıq etmək istəyirik. Ölkəmiz 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına xüsusi önəm verir və bu yaxınlarda bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinin və Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə seminar da keçirildi.

- Mədəniyyət sahəsində əlaqələri necə dəyərləndirirsiniz? Fransada tez-tez Azərbaycan mədəniyyət günləri keçirilir. Bu mənada Azərbaycan Fransanın mədəni həyatında necə yer tutur?
- Mədəni əlaqələrdən danışarkən ilk növbədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri qeyd etmək istərdim. Xanım Əliyevanın təşəbbüsü ilə istər Fransada, istərsə də Azərbaycanda reallaşdırılan layihələr iki ölkənin yaxınlaşmasında vacib addımlardır. Azərbaycan mədəniyyətinin tanıtımı ilə bağlı layihə Fransanın bir çox regionlarını əhatə edib. Sözsüz ki, bu tədbirlər fransızlarda Azərbaycan haqqında xoş təəssürat yaradır. Ümumiyyətlə, mədəniyyət sahəsində sıx əlaqələr və mübadilə mövcuddur. İki ölkənin müvafiq nazirlikləri arasında da yaxşı əməkdaşlıq qurulub. Fransa Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edir, qarşılıqlı sərgilər keçirilir. Mədəni və humanitar əlaqələrimizin bir istiqamətini də təhsil sahəsi təşkil edir. Mənim üçün bu sahə də prioritetdir. Məsələn, biz Fransız dilinin tədrisini Azərbaycanda genişləndirmək istəyirik, daha çox gənci təqaüd proqramları ilə Fransaya göndərmək niyyətindəyik. 2013-cü ilin sentyabrında Bakıda Fransız Liseyi fəaliyyətə başladı. Yeri gəlmişkən, 2013-cü ilin iyul ayında Avropada neft və qaz sahəsində mühəndis hazırlanmasına dair ən yaxşı tədris müəssisələrindən olan Fransa Neft İnstitutunun rəhbəri Bakıya səfər edərək Bakı Ali Neft Məktəbi ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Mən Turizm İnstitutunu da ziyarət etdim. Bu ali məktəblə əlaqələrimizi genişləndirmək istəyirik. Hazırda Turizm İnstitutu ilə Fransanın Vatel İnstitutu arasında əməkdaşlıqla bağlı danışıqlar aparırıq.

- Turizmdən söz düşmüşkən, bu sahədə əməkdaşlıq necə inkişaf edir?
- Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Lakin Azərbaycana fransız turistləri cəlb etmək sahəsində bəzi həlli vacib məsələlər mövcuddur. Bunlardan birincisi viza alınması prosesidir. Ölkəyə daha çox turist cəlb etmək üçün bu prosesi asanlaşdırmaq lazımdır. Elektron vizanın tətbiqi bu baxımdan müsbət yenilikdir. İkinci məsələ hotellərdə qiymətlərin baha olmasıdır. Azərbaycanda çoxlu sayda 4 ulduzlu, 5 ulduzlu hotellər tikilir ki, bu da konqres turizminin inkişafına istiqamətlənib. Lakin əgər ölkədə turizmi inkişaf etdirmək istəyirsinizsə, aşağı ulduz dərəcəli, uyğun qiymətlərə də hotellər olmalıdır. Nəhayət, üçüncü element xidmətlə bağlıdır. Turistlər tur paketləri xoşlayır. O bir neçə gün Bakıda qalıb, sonra Şəki, Qəbələ, Lənkəran, Qobustana səfər edə bilməlidir. Bütün xidmətlər yaxşı hazırlanmalıdır. Buna görə də biz Azərbaycana müxtəlif səpkidə kömək etmək istəyirik. Məsələn, hazırda bir fransız xanım fotoqraf yoldaşı ilə birlikdə Azərbaycan haqqında fransızca bələdçi kitabı hazırlayır. “France Televisions” kanalı Azərbaycan tarixi haqqında süjetlər verir, bu məlumat Fransa ilə yanaşı, digər Avropa, Afrika, Orta Şərq ölkələrinə yayılır. Fransa bu məsələdə Azərbaycana kömək edə bilər. Azərbaycan gözəl ölkədir, lakin turistlər üçün hələlik kifayət qədər bahalı istiqamətdir. Xarici turistlər isə baha qiymətə yüksək keyfiyyət istəyirlər.
Bu sahədə əməkdaşlığımıza nümunə olaraq sentyabrda Parisdə keçirilən “İFTM TOP RESA 2013” sərgisində Azərbaycanın iştirakını göstərə bilərəm. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi artıq dördüncü dəfə bu sərgidə iştirak etdi. Yavaş-yavaş fransız turistlərini Azərbaycana cəlb etmək olar. Bundan başqa, bəzi Fransa şirkətləri Azərbaycanda ekoturizmə sərmayə yatırmaqda maraqlıdır.

- Azərbaycanda olduğunuz müddətdə regionlarımıza səfər etmək imkanınız olub? İki ölkə arasında “Qardaş şəhərlər” layihəsi necə davam etdirilir?
- Gəncə, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Lənkəranda olmuşam. Biz regionlarımız arasında da əməkdaşlığımızı inkişaf etdiririk. Bu yaxınlarda Qəbələnin İcra Hakimiyyətinin başçısı Fransanın, Alp regionunun ən gözəl şəhərlərindən biri olan Sanjerveyə (Saint-Gervais) səfər etdi. Biz Fransanın Alp regionu ilə Qəbələ arasında da dostluq yaratmaq istəyirik. Kolmarın meri Şəkiyə gəldi və qərara alındı ki, əməkdaşlıq inkişaf etdirilsin. Regionlarararsı əməkdaşlığın davamı kimi Leql (Aigle) şəhəri ilə Naftalan arasında qardaşlaşma haqqında saziş imzalandı. Bu istiqamətdə işlər davam edəcək.
Bundan savayı biz hər il “Fransız kəndi” layihəsini həyata keçiririk. Bu zaman təqribən 50 fransız dili müəllimi üçün treninq keçirilir. Hər il Azərbaycanın müxtəlif bölgələrində reallaşan bu layihə 2013-cü ildə Gəncədə baş tutdu. Məlumat üçün onu da bildirim ki, Gəncədə fransız dilində inşa müsabiqəsi də keçirildi və nəticədə qalib Fransaya səyahət etmək şansı əldə etdi.

- Milli mətbəximizlə aranız necədir?
- Azərbaycan mətbəxini çox sevirəm və hərdən özümü azərbaycanlı kimi hiss edirəm. Süfrədə əvvəldən başlayıb sona qədər bütün yeməkləri yeyirəm, sonra da deyirəm ki, kökəlməmək üçün gərək pəhriz saxlayım. Milli mətbəxinizdə qutab, balıq və plov xüsusilə xoşuma gəlir. İlk dəfə təndiri Azərbaycanda gördüm. Biz belə çörəkləri xoşlayırıq. Mən də öz növbəmdə dünyada tanınan dadlı fransız çörəklərini Azərbaycana gətirmək istəyirəm.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar