“Peşəkar”


“Bizim vaxtımızda isə “gitaranı ağladır, dilləndirir” deyirdilər. İndi buna improvizasiya deyirlər. Bu həmin ifaya ən yüksək münasibət sayılırdı. Mənim üçün peşəkarlıqda əsas meyar budur”

“Peşəkar” rubrikamızın budəfəki qonağı hamının Rəmiş kimi tanıdığı, mahir gitara ifaçısı, respublikanın Əməkdar artisti Rafiq Hüseynovdur. Onunla görüşümüz əslində daha əvvələ planlaşdırılsa da, səhhətindəki problemlər səbəbi ilə bir qədər yubandı. Nəhayət, sənətkarla görüşümüz baş tutdu və onun tale yoluna, sənət dünyasına səyahət etdik. Səhhətindən giley-güzarlı sənətkara ilk sualımız da ənənəvi oldu.

- Rafiq müəllim, sizin üçün peşəkarlığın meyarları nədir?
- Mənim aləmimdə, peşəkarlıq ömrünün 99 faizini məşğul olduğu, çörək qazandığı sahəyə həsr etmək, bu işə qəlbini, ruhunu qoymaqdır. Bunlar olmasa, nə peşə ola bilər, nə də peşəkar. Xüsusilə bizim sahədə, yaradıcı işlərdə bunlar daha vacibdir. Hər kəs eyni mahnını notlarla düzgün, səliqəli ifa edə bilər, ancaq tamaşaçı, dinləyici savadlı ifadan çox, ruhunu oxşayan, hisslərinə toxunan ifa istəyir. İndi buna improvizasiya deyirlər. Bizim vaxtımızda isə “gitaranı ağladır, dilləndirir” deyirdilər. Bu həmin ifaya ən yüksək münasibət sayılırdı. Bax mənim üçün əsas meyar budur. Tamaşaçı ifanı eşidəndə laqeyd qala bilməsin, ürəyi ilə qulaq assın. Şükürlər olsun ki, keçdiyim sənət yolunda bunlara nail ola bildim. Ümumiyyətlə, bizim sənət aləmində çox peşəkarlar olub: Xan Şuşinski, Yaqub Məmmədov, Vaqif Mustafazadə, Qədir Rüstəmov, Əhsən Dadaşov, Həbib Bayramov və digərləri. Onların hamısı həyatlarını musiqiyə həsr ediblər. Peşəkar ifaçı, sənət adamı mənim üçün ona görə əzizdir ki, onların sənət ömrü əsl həyatlarından uzun, əbədi olur.

- Hamı sizi mahir gitara ifaçısı kimi tanısa da, əslində sənətə tarla gəlmisiniz. Tardan gitaraya keçid hansı zərurətdən yarandı?
- Bəli, mən sənətə milli alətimiz olan tarla gəlmişəm. Tardan gitaraya keçməyimin də maraqlı tarixçəsi var. Hələ uşaq vaxtı Ağdam şəhərində həm musiqi, həm də orta təhsil aldığım illərdə tar mənim əlimdən çox tutub. Oxuyan deyildim, bir “Segah”la qiymətlərimi yazdırırdım. Not imtahanlarından isə həmişə beş alırdım. Qulaq asdığım simfonik əsəri nota baxmadan ifa edə bilirdim. Ağdamda “Kölgələr sürünür” filminin çəkilişləri gedirdi. Filmin əslən Şuşadan olan Elxan adlı operatoru var idi. Onlar mənim haqqımda görkəmli muğam ustası İslam Rzayevə məlumat veriblər ki, Ağdamda belə bir uşaq var, tarda şalaxo, muğam ifa edir. Rəhmətlik İslam müəllim məni Bakıya çağırtdırdı və ifamı dinləyib bəyəndilər. Azərbaycan Televiziyasında çıxış etdik.
Gitara ilə “ünsiyyətim” tanınmış xanəndələr Rübabə Muradova və Süleyman Abdullayevlə birlikdə Göyçaya toya gedərkən yarandı. Avtomobilimizin arxasında rus gitarası var idi. Yoldaşların təklifi ilə gitarada ifa etdim və maraqlı alındı. İfa o qədər xoşlarına gəlmişdi ki, bu alətdə “Dəşti” muğamını radio üçün lentə yazdırdıq. O vaxtlar hələ gitaranı televiziya efirinə buraxmırdılar. Bu muğam radioda səslənəndən sonra camaatda gitaraya maraq yarandı.
Bir müddət sonra görkəmli müğənnimiz Zeynəb Xanlarova məni öz dəstəsinə dəvət etdi. Onunla bir çox ölkələrdə konsertlər verdik. Elə olurdu konsert arasında 20 dəqiqə “Segah” ifa edirdim. Ancaq gitaranın üzərində dayanmağımın iki əsas səbəbi var idi. Birincisi, tar solo ifa üçün nəzərdə tutulub və sirrini elə də tez açan alət deyil. Tarda dördlük tonlar var ki, mən o səsi gitarada almaq üçün ovcumun içindən istifadə edirəm və bu, hər ifaçıda alınmır. Gitarada həm pərdələr asandır, həm də ifa. İkinci səbəb isə, etiraf edim ki, toylar idi. El şənlikləri gitarasız keçmirdi. Eyni zamanda gitara ilə oyun havaları daha uğurlu alınırdı.

- Gitara ifaçılığına bir ömür sərf etmisiniz. Bu illər ərzində davamçılar yetişdirmisinizmi?
- Öncə onu deyim ki, indiki gitara ifaçılarından çox narazıyam. Sənətdən söz düşəndə heç biri ustad kimi mənim adımı çəkmir, xidmətlərimi danmağa çalışırlar. Düzdür, onlara bu sənəti birbaşa mən öyrətməmişəm, ancaq bu aləti mən milliləşdirdim, muğam ifa etdim, xalqa sevdirdim. Məndən əvvəl gitarada ancaq rus ritminə uyğun mahnılar ifa olunurdu. Mən ifa tərzimlə gitaraya yeni bir həyat verdim. Bu gün kamança ifaçıları sənətdən söz düşəndə Habil Əliyevin adını mütləq çəkirlər. O ki qaldı davamçı yetişdirmək məsələsinə, bir nəfər bərdəli oğlan var, adı da Rafiqdir, adaşıq. O uşaq vaxtından mənim musiqi tərbiyəmlə böyüyüb, indi Qarabağ bölgəsinin ən güclü ifaçısıdır, mənim dəst-xəttimi layiqincə davam etdirir. Qardaşı da nağaraçıdır. Ağcabədili bir şagirdim var idi. Həm rəssam idi, həm də gitarada gözəl ifa edirdi. Çox təəssüf ki, dünyasını tez dəyişdi. Onun parlaq gələcəyi var idi. Daha bir şagirdim isə İntizardır. Onun atasının toyunda mən ifa etmişdim. Sonra özünə gitara sənətinin sirlərini öyrətdim. Gözəl ifaçıdır, həmişə bir müəllim kimi hörmətimi saxlayır. Onu tez-tez Rusiyaya məclislərə dəvət edirlər. Düzdür, bəlkə də daha çox şagird, davamçı yetişdirmək olardı, yəqin qismət belə imiş. Bu sahəyə o qədər də diqqət ayırmamışam.

Söhbətimizin bu məqamında böyük aktyorumuz, Xalq artisti Rasim Balayev otağa daxil olur. Sənətkarla görüşdükdən sonra mövzunu xəbər alır. Müsahibə aldığımızı bilib Rafiq müəllimlə bağlı fikirlərini bizimlə bölüşür.

- Rəmişin sənətinin pik dövrləri bizim cavanlıq illərimizə təsadüf edir. Onun necə məşhurluq qazandığı indiki kimi yadımdadır. Ən təmtəraqlı məclislər, konsertlər Rəmişsiz olmurdu. Ancaq elə o vaxt da müəyyən adamlar var idi ki, onun sənətinə kölgə salmağa çalışırdılar. Deyirdilər ki, yad aləti gətirib tarı hörmətdən saldı və s. Ancaq bu heç də belə deyildi. Rəmiş rus aləti adlandırdıqları gitara ilə milli musiqimizi elə ifa edirdi ki, sanki müğənninin yerinə zəngulə vurur, bütün dünya dinləyicilərinə bizim musiqinin zənginliyini çatdırırdı, Zeynəb Xanlarovanın dəstəsi ilə stadionlarda konsertlər verirdi. SSRİ məkanında isə onu şəxsən toylara dəvət edirdilər. Bütün bunların hamısı Azərbaycan musiqisinə xidmət deyildisə bəs nə idi?! Rəmiş ifası ilə mahnılara, muğamlara möhür vurdu, yad bir aləti milli musiqi aləti səviyyəsinə qaldırdı.

Kinomuzun təkrarsız ustadına dəyərli fikirlərinə görə təşəkkür edib, hər iki sənətkara həyatda ən böyük nemət olan möhkəm cansağlığı arzulayırıq.

Sadiq Musa