“Bu il Novruz bayramı ilə bağlı yenidən Vaşinqtonda tədbirimiz olacaq”

Bu günlərdə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov şəhərimizin qonağı oldu. Onun ölkəmizə budəfəki səfərinin məqsədi təşkilatın həyata keçirdiyi layihələrdə mühüm xidmətləri olan Azərbaycanın mədəniyyət, incəsənət və mətbuat xadimlərinə “TÜRKSOY-un 20 illiyi” yubiley medalının təqdim edilməsi idi. Fürsətdən istifadə edib qurumun gələcək fəaliyyəti ilə bağlı suallarımızı baş katibə ünvanladıq.

- Düsen bəy, türk xalqlarının dostluq və əməkdaşlığında, ortaq mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynayan TÜRKSOY 2014-cü ilə hansı yeni layihələrlə daxil olur?
- TÜRKSOY ənənəvi olaraq hər ili türk xalqlarının görkəmli şəxsiyyətlərinin, yubileyləri qeyd olunan məşhur ədəbiyyat, mədəniyyət xadimlərinin şərəfinə onların adı ilə adlandırır. Təşkilatın 20 illik yubileyi çərçivəsində ötən il oktyabrın 3-də Ankarada üzv ölkələrin mədəniyyət nazirlərin iştirakı ilə keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” və “Qırğız şairi Toktoqul ili” elan etmişik. Bu il Məhdimqulu Fəraqinin 290 illiyi qeyd olunacaq. Onun yaradıcılığı türkmən ədəbiyyatında mühüm mərhələ hesab olunur. Eyni zamanda görkəmli qırğız şairi Toktoqul Satılqanovun anadan olmasının 150 illiyi qeyd ediləcək. Yanvarın sonunda TÜRKSOY-un Ankaradakı qərargahında hər iki şəxsiyyətin xatirə ilinə start verəcəyik. Eyni zamanda hər il yanvar ayının sonlarında TURKSOY-un fəaliyyətini işıqlandıran jurnalistlərə qurumun mükafatları təqdim olunur. Beləliklə, bu iki mühüm hadisə ilə TÜRKSOY yeni ilə başlayır.
Bundan başqa, bizim digər ənənəvi tədbirlərimiz var. Bildiyiniz kimi, artıq üçüncü ildir ki, “Türk dünyası mədəniyyət paytaxtı” layihəsi həyata keçirilir. Birinci dəfə Astana, ötən il Əskişəhər paytaxt seçildi. Bu il isə Tatarıstanın Kazan şəhəri türk mədəniyyətinin paytaxtı olacaq. Üzv ölkələrdən mədəniyyət xadimləri, şairlər, yazıçılar, teatr kollektivləri, rəssamlar il ərzində Kazanda bir araya gələcəklər. Artıq açılış təqvimi də bəllidir. Biz “Türk dünyası mədəniyyət paytaxtı” layihəsini bahar bayramımız olan Novruzda yekunlaşdırıb, növbəti paytaxt ilinə başlayırıq. Ona görə də builki Novruzda hər kəsi Əskişəhərə dəvət edirik. Martın sonlarında Əskişəhərin paytaxt statusu bitir və estafeti Kazan qəbul edir. Bu mərasim isə aprelin 26-da baş tutacaq.

- Ötən il TÜRKSOY-un da təşkilatçısı olduğu bir yeni mədəniyyət layihəsi - “Türkvizyon” mahnı müsabiqəsi ilə yekunlaşdı. Tədbirin təşkilatçılığı və ümumi nəticələr sizi nə dərəcədə qane etdi?
- Bu müsabiqə bizim çoxdankı istəyimiz idi və bununla bağlı fikirlər uzun müddət idi, səslənirdi. Nəhayət, biz bu tədbiri reallaşdıra bildik və sevindirici haldır ki, müsabiqə “Türk dünyası mədəniyyət paytaxtı” Əskişəhərdə baş tutdu. Hesab edirəm ki, layihənin yüksək səviyyədə gerçəkləşməsi üçün təşkilatçılar əllərindən gələni etdilər. Əlbəttə, təşkilatçılıq çox mürəkkəb bir prosesdir. Düşünürəm ki, tədbirdə bəlkə də təcrübə kifayət deyildi. Amma onun televiziya ilə birbaşa yayımı da göstərdi ki, təşkilatçılıq yüksək səviyyədədir. Müəyyən çatışmazlıqlar isə bu il Kazanda keçiriləcək növbəti müsabiqədə aradan qaldırılacaq.

- TÜRKSOY ənənəvi olaraq türkdilli xalqların şairlərini, rəssamlarını, teatr xadimlərini, opera sənətçilərini bir araya gətirir, təcrübə mübadiləsi məqsədilə layihələr gerçəkləşdirir. Bu il hansı yeniliklər gözlənilir?
- Artıq bizim coğrafiyamız genişlənir. Əgər əvvəllər tədbirlər Türkiyədə keçirilməklə məhdudlaşırdısa, amma indi başqa türkdilli ölkələr də mühüm layihələrimizə ev sahibliyi edirlər. Artıq bizim ölkələrin vilayət mərkəzlərində təşəbbüslər qaldırılır, insanların böyük hissəsi, təşkilatlar bizimlə birgə işləmək istəyirlər. Məsələn, bu il Azərbaycan Bəstəkarlar İttifaqının 80 yaşı tamam olur və Qazaxıstan musiqiçiləri də bu tədbirə hazırlaşır. Onlar öz repertuarlarına Azərbaycan bəstəkarlarının əsərlərini daxil ediblər. Qazaxıstan Bəstəkarlar İttifaqı isə 75 illiyini qeyd edir. Öz növbəsində Azərbaycan ifaçıları da öz repertuarlarına qazax musiqi nümunələrini daxil ediblər. 2014-cü ildə də qazax operası “Birjan və Sara”nın müxtəlif ölkələrdə nümayişi davam edəcək. Vaxtilə biz “Koroğlu” operasını da öz ölkələrimizdə nümayiş etdirirdik. Opera Qırğızıstanda - Bişkek Opera və Balet Teatrında səhnələşdirilmişdi, “Birjan və Sara” isə ötən il Türkiyədə - Samsun Opera Teatrının ifasında təqdim olundu.
Bundan başqa, bu il də türkdilli ölkələrin şairlərinin müsabiqəsi olan “Ak torna” (“Ağ durna”) layihəsi davam edəcək. Həmçinin Qazaxıstanın Qızılorda şəhərində Dədə Qorquda həsr olunmuş böyük konfrans keçiriləcək. Qazaxlar hesab edirlər ki, məhz Dədə Qorqudun qəbri bu torpaqdadır. “Məhdimqulu ili” ilə əlaqədar olaraq şairin həyat və yaradıcılığına həsr olunan tədbirlərdən biri də Azərbaycanda gerçəkləşəcək. Bu il Novruz bayramı ilə bağlı yenidən Vaşinqtonda tədbirimiz olacaq. Biz oraya musiqiçiləri, ifaçıları aparacağıq. Bu tədbir artıq bir neçə ildir ki, Vaşinqtonda yüksək səviyyədə keçirilir.

- Bakıya budəfəki səfəriniz əlamətdar hadisələrlə yadda qaldı. Sizin Azərbaycanın tanınmış mədəniyyət xadimlərinə “TÜRKSOY-un 20 illiyi” yubiley medalını təqdim etməyinizlə yanaşı, TÜRKSOY-a da “Türk mədəniyyətinin hamisi” mükafatı verildi...
- Azərbaycan TÜRKSOY-da yüksək səviyyədə fəallığı ilə seçilir. 2013-cü ildə TÜRKSOY-un 20 illik yubileyi dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda təntənə ilə qeyd edildi. Həmçinin Parisdə, Strasburqda, Astanada və digər şəhərlərdə yubiley tədbirlərimiz oldu. Bu tədbirlər çərçivəsində Azərbaycanın mühüm mədəniyyət hadisələri, məsələn, “Arşın mal alan”ın 100 illiyi geniş qeyd edildi. Var qüvvəmizlə mədəniyyətimizi təkcə öz ölkələrimizdə deyil, bütün dünyada təbliğ etməyə çalışırıq. Biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq dilimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı yerinə yetiririk. Eyni kökdən qaynaqlanan müştərək mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu təbliğ edirik. Bu, birgə əməyimizin nəticəsidir. Ona görə də TÜRKSOY-un medallarına layiq görülən hər kəsi təbrik edirəm.
TÜRKSOY-a “Türk mədəniyyətinin hamisi” mükafatının verilməsinə gəlincə, təqdimat mərasimində də məlumat verildiyi kimi, 2013-cü ilin əvvəlində “Türküstan” qəzeti və “Ortaq Dəyərlər” İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasına xidmət” devizi altında rəy sorğusu keçirilib. Məqsəd türk dövlətləri və toplumları arasında yaxınlaşma və inteqrasiya prosesinə ictimai dəstək vermək olub. Sorğunun yekunlarına görə türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə nominasiyası üzrə UNESCO ve İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və TÜRKSOY təşkilatı “Türk mədəniyyətinin hamisi” ödülünə layiq görülüb. Sevindirici haldır ki, sorğuda iştirak edənlər TÜRKSOY təşkilatının türk mədəni irsinin qorunması, dünyada təbliği sahəsində davamlı xidmətlərini qeyd ediblər. Türk coğrafiyasından olan böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi, ədəbiyyat adamlarının əsərlərinin nəşri, rəssamların dəstəklənməsi, xüsusilə BMT qərargahında türk dünyasının ortaq bayramı olan Novruz şənliyinin kecirilməsi TÜRKSOY-un fəaliyyətində böyük rəğbətlə qarşılanan hadisələrdir. Mükafata görə öz təşəkkürümü bildirirəm və əminliklə deyirəm ki, TÜRKSOY ailəsi bundan sonra da ona göstərilən etimadı doğrultmağa çalışacaq.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar