“Bu, dramaturqdan yaradıcı kollektivin ayrı-ayrı üzvünədək böyük fantaziya, ustalıq tələb edir ki, səhnədə, sözün əsl mənasında, komediya yarana bilsin”

Komediya əsərlərinin yüksək səviyyədə təqdimatı və ümumilikdə insanların, tələbkar tamaşaçıların bu səhnə nümunələrindən gözləntiləri, yumor hissinin estetik meyarlarla ifadəsi teatr sənətində hər zaman vacib məqam olub. Bu gün isə bu məsələ həm də tamaşaçının musiqili komediya anlayışı kontekstində sənət tələbatı ilə bağlı problemdir. Musiqili teatr anlayışının sırf komediya ilə məhdudlaşdırılması janrın daha geniş və yüksək səviyyəli təqdimatına mane olur. Elə ona görə də paytaxtımızın zəngin tarixə malik sənət ocağı olan Dövlət Musiqili Komediya Teatrı əsaslı təmir-bərpa və yenidənqurmadan sonra daha möhtəşəm görkəm almaqla yanaşı, adını da qismən yeniləmiş oldu və Dövlət Musiqili Teatrı kimi fəaliyyətə başladı. Sənət ocağı 10 mart - Milli Teatr Günündə qapılarını tamaşaçıların üzünə açacaq. Həmsöhbətimiz teatrın baş rejissoru, Prezident mükafatçısı Yusif Əkbərovdur.

- Teatrın adının dəyişdirilməsi ona həm də daha geniş yaradıcılıq imkanları verdi. Siz bu yeniliyi necə qarşıladınız?
- İlk olaraq onu deyim ki, teatrımız yaranandan bəri musiqili komediya teatrı adı altında fəaliyyət göstərib. Sənət ocağının zəngin tarixi var. Bu, özünəməxsus bir teatrdır, onun əsas fərqi isə, belə demək mümkünsə, bəstəkar teatrı olması idi. Təsadüfi deyil ki, böyük bir bəstəkar nəslinin yaradıcılığı bu teatrla sıx bağlı olub və bunun nəticəsində təkrarsız sənət nümunələri yaranıb. Bizim teatrda tamaşaya qoyulan əsərlərin libretto müəllifləri də ədəbiyyatımızın ən məşhur nümayəndələri olublar. Amma bu günün prizmasından yanaşanda artıq bu janr, bu dəst-xətt, daha dəqiqi desək, teatrı bir ampluada məhdudlaşdırmaq mümkünsüz görünür. Həm də teatrın yaradıcılıq imkanları, potensialı artmalı idi. Yəni teatr istər aktyor potensialı, istər rejissor yanaşması, istərsə də ümumilikdə teatr poetikası baxımından müəyyən bir çərçivədən çıxmış oldu. Eyni janrda tamaşalar həm tamaşaçını, həm də elə yaradıcı kollektivi bir növ yorurdu.
- Demək istəyirsiniz ki, teatr artıq dram əsərlərinə də müraciət edəcək? Yəqin dramaturgiyaya yanaşmada da fərqlilik olacaq?
- Biz burada dram janrında tamaşalarla yanaşı, rok operaları, ümumiyyətlə, musiqili nə varsa səhnələşdirəcəyik. Yəni musiqi ilə bərabər, dram nümunələrinin fərqli üslubda təqdimatını həyata keçirəcəyik. Xoru, baleti, orkestri ilə geniş imkanlara malik teatrımız istənilən əsəri götürüb, ona musiqi ilə qol-qanad verib təqdim edəcək.
- Bu gün musiqili komediya əsərlərinin yazılmasında da müəyyən problemlərin olduğu deyilir...
- Teatrın təmiri ilə bağlı bəstəkar və dramaturqların bizimlə əlaqələri də müəyyən mənada zəifləmişdi. Digər tərəfdən, qeyd etməliyəm ki, libretto dramaturgiyada tamam başqa bir janrdır və onun musiqi ilə əlaqəsi yüksək peşəkarlıq tələb edir. Hazırda bu janrı bilən və o yöndə yazan az sayda bəstəkarımız qalıb.
- Bunu yazılan əsərlərin sayına, yoxsa yaradıcı səviyyəsinə şamil edirsiniz?
- Ümumilikdə bu janra az müraciət olunur. Əslində teatrın son illərinin yaradıcılıq tarixinə nəzər salsaq, davamlı yaradıcılıq əlaqələri görkəmli bəstəkar Emin Sabitoğlu ilə sona yetdi. Düzdür, bəstəkarlar bizimlə əməkdaşlıq edirlər, amma o boşluğu hələ tam doldura bilmirlər. Ramiz Mirişli, Faiq Sücəddinov, Sərdar Fərəcov kimi bəstəkarlar bizim teatra nümunələr yazıblar, amma təbii ki, janr mürəkkəb olduğundan bu prosesdə fasilələr olur.
- Adlarını sadaladıqlarınız nisbətən yaşlı və orta nəslin nümayəndələridir. Gənc musiqiçilərin teatrınıza marağı, əsərləri barədə nə demək olar?
- Biz daha çox yaradıcı potensiallı gəncləri cəlb etmək, onlarla davamlı əlaqələr yaratmaq niyyətindəyik. Çünki gənclik yeni fikir, fərqli yanaşma, dəst-xətt deməkdir. Amma hələlik bizə edilən müraciətlər, əsərlərin təqdim olunması ilə bağlı elə də nikbin danışa bilmirik. Bəlkə də buna səbəb janrın mürəkkəbliyidir.
- Hər bir halda komediya tərəfini də unutmamalıyıq. Məsələnin bu yöndəki əsas məqamları, komediyanın bugünkü yükü barədə nə demək olar?
- İnsanların peşəkar səhnədən göstərilən komediya əsərlərinə münasibəti, gözləntiləri fərqli ola bilər. Mənim fikrimcə, əsl komediya güldürməkdən öncə düşündürməli, düşündürüb güldürməlidir. Komediya dramaturgiyanın ən mürəkkəb qoludur. Çoxlarına görə komediya yüngül bir janrdır, amma bu işlə peşəkar məşğul olanlar çox yaxşı bilirlər ki, bu janrda yazmaq və yüksək səviyyədə ərsəyə gətirmək çətin məsələdir. Bu, dramaturqdan yaradıcı kollektivin ayrı-ayrı üzvünədək böyük fantaziya, ustalıq tələb edir ki, səhnədə, sözün əsl mənasında, komediya yarana bilsin. Komediya hansısa aktyorun səhnədə şitlik etməsi, nəyin bahasına olursa-olsun tamaşaçıları güldürməsi deyil. Bu, komediya deyil, belə bayağı, yüngül və bəsit nümunələri komediya adı altında təqdim etmək kökündən yanlışdır. Bizim belə bəlamız da var və bu anlamda daha çox aktyorları günahlandırırlar. Amma mənim bu məsələdə əsas irad obyektim təbii ki, dramaturgiya, pyes, bu janrda yazılan nümunələrin səviyyəsidir. Yaxşı əsər mükəmməl komediya həllini tapdıqda aktyordan da artıq o şitlik elementləri tələb olunmaz.
- Bu teatrın yaradıcılıq tarixinə nəzər salarkən daha çox illər öncə səhnələşdirilən, sənət hadisəsi hesab olunan tamaşalardan və onların unudulmaz ifaçılarından danışılır. Bu gün də teatrın elə aktyorları varmı?
- Siz deyən dövrdə bəstəkarlar teatrın aktyorlarının səs tembrinə uyğun klavirlər yazır, müəlliflər onlara müvafiq librettolar, musiqilərə mətnlər işləyirdilər. Yəni bəstəkarla libretto müəllifinin, rejissorun, aktyorun üzvi yaradıcı əlaqəsi olurdu. Bu gün bax belə əlaqələr zəifdir. Son illər Tamara Vəliyeva bizim teatrın aktyorlarının potensialına uyğun “Mən dəyərəm min cavana” və “Bankir adaxlı” əsərlərini yazdı ki, onlar da səhnədə uğur qazandılar, repertuarda uzun müddət yer aldılar.
- Komediyadan çox danışmaq və ona fərqli yanaşmaq olar. Bu mənada rejissor kimi sırf sizin yanaşmanız necədir?
- Bilirsiniz, komediya özlüyündə satiradan faciəyə qədər ən fərqli qütbləri də birləşdirə bilir. Onun içində cəmiyyətdə olan naqis xüsusiyyətlərdən sosial problemlərin komik situasiyalarda təqdimatınadək ən müxtəlif baxışlar təqdim edilir. Biz nə qədər komediyadan janr olaraq tələblərimizi dəyişsək də, əslində, onun maarifləndirmə missiyasını gözardı edə bilmərik. Bütünlükdə komediya daim maarifləndirməni, böyük anlamda nadanlıqla mübarizəni özünün bayrağı etməlidir. Sadəcə onu lazımi səviyyədə təqdim etmək gərəkdir.
- Teatrı maarifləndirmə missiyası ilə yükləmək onu estetik zövq mənbəyindən uzaqlaşdırmır ki?
- Hər bir zövq, estetik tərbiyə də maarifləndirici olmalı, yüksək dəyərləri təlqin etməlidir. Çünki biz professional səhnədən, teatrdan danışırıq. Komiklik, yumoristik situasiyalar elə gündəlik həyat səhnəmizdə də baş verir və insanlar ona gülüb keçirlər. Burada vacib olan o komizmi yüksəltmək və tamaşaçını estetik təbəssümə, gülüşə, düşüncəyə kökləməkdir. Amma bir məqam da var, əgər teatr qarşısına tamaşaçıya ağıl öyrətmək məqsədini qoysa, tamaşaçı ondan qaçacaq. O səhnədə göstərilən situasiyalara baxarkən öz-özlüyündə analiz etməli, gülərək düşünüb müəyyən nəticələr hasil etməlidir.
- Teatr bu gün populyarlıq meyarlarına əsaslanan tamaşalar qoymalı, yoxsa ənənəvi formasında qalıb tamaşaçıları ardınca “səsləməlidir”?
- Mənə elə gəlir ki, teatr bütün ən yaxşı vasitələrdən istifadə edib, dövrlə ayaqlaşmalı və tamaşaçılarını saxlamalıdır. Amma bu, təbii ki, böyük sənət amallarına xidmət etməli və teatr adına xələl gətirməməlidir. Hər bir tamaşada janr öz sözünü deməli və onun baxımlılığından cəmiyyətə qlobal mesajlarınadək hər məqam qabarmalıdır. Bu meyarlar kontekstində hər bir rejissor kimi mən də öz rejissor qiymətimi, tamaşalarımın dəyərləndirilməsini edir və daim özümə tənqidi yanaşıram.
- Hazırkı aktyor potensialına nəzər saldıqda istənilən dramaturji məhsulun səhnə həllini mümkün görürsünüzmü?
- Təbii ki, teatr əsər seçib səhnələşdirəndə öz truppasındakı aktyorları nəzərə alaraq, onların potensiallarına uyğun olanı seçməlidir. O zaman tamaşa gözəl alınır. Bizim teatra gəlincə, onun yaxşı potensialı var. Özəlliklə son vaxtlar truppaya istedadlı, vokal və aktyorluq imkanları zəngin gənclər qəbul olunub. Bir müddət bu axın dayanmışdı, amma indiki gənclik teatrı sabaha aparacaq güc və potensialdadır. Təbii ki, əvəzolunmaz deməzdim, amma hər dövrün öz aktyoru olur və nəsil dəyişkənliyində sənət öz inkişafını dayandırmır.
- Teatrınız martın 10-da qapılarını tamaşaçıların üzünə açacaq. Bir növ yeni mövsüm başlanır. Tam yeni ab-havada nələr vəd edirsiniz?
- Sevimli tamaşaçılarımızla görüşə yeni yaradıcılıq əzmi, maraqlı və zəngin repertuar, eləcə də potensial enerji ilə gəlirik. Hazırda Xalq artisti İranə Tağızadənin quruluşunda "Bu bizik - Musiqili Teatr" adlı ikihissəli burleskin (əyləncəli teatr şousu) məşqlərini edirik. Martın 10-da teatrımızın pərdələri bu tamaşa-konsertlə açılacaq. Bir əsrdən artıq yol gələn sənət ocağı, musiqili teatr ənənələrinə sadiqlik nümayişi ilə yanaşı, müasir tələbkar tamaşaçıların da zövqünü oxşayacaq.

Söhbətləşdi:
Həmidə Nizamiqızı