«Mədəniyyət» qəzeti də qaliblər arasındadır

   Sentyabrın 28-də Dünya Turizm Günü münasibətilə «Hilton Baku» mehmanxanasında keçirilən daxili turizm konfransı çərçivəsində III Milli Turizm Mükafatı qaliblərə təqdim edildi.
   
   Müsabiqə barədə məlumat verən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev bildirdi ki, mükafatı təsis etməkdə məqsəd turizm sənayesinin inkişafına, turizm növlərinin stimullaşdırılmasına töhfə verməkdir.
   Müsabiqə xarici və daxili turizm sahəsində ən yaxşı turoperator, 5, 4, 3 ulduzlu hotel, ixtisaslaşdırılmış KİV, nəşriyyat evi, turizm sahəsində ən yaxşı internet portalı, turist kompleksi daxil olmaqla, ümumilikdə 14 nominasiya üzrə keçirilir.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mükafatları müxtəlif nominasiyalar üzrə qaliblərə təqdim etdi. «Ölkədaxili və gəlmə turizm sahələrində ən yaxşı turoperator» nominasiyası üzrə «Al Travel», «Xarici turizm sahəsində ən yaxşı turoperator» kimi «Geo Travel», «Ən yaxşı 5 ulduzlu hotel» kimi «Lake Palace», «Ən yaxşı 3 ulduzlu hotel» üzrə «Nur hotel», «Ən yaxşı kiçik hotel» kimi «Museum Inn», «Bakı şəhərində ən yaxşı turist kompleksi» nominasiyası üzrə «Sea Breaze» təltif olundu.
   «Turizm sahəsində tədrisin inkişafına edilən şəxsi töhfə»yə görə Faiq Qürbətov və Xəlil Duru, «Ən yaxşı hotel meneceri» kimi Eldar Əlimuradov (“Hilton”) və Sərxan Rəsulov (Şəki Olimpik), «Turizm sahəsində ən yaxşı internet portal» kimi «Azerbaijan.travel», «Ən yaxşı ixtisaslaşdırılmış kütləvi informasiya vasitəsi, nəşriyyat evi» nominasiyası üzrə isə «Mədəniyyət» qəzeti mükafata layiq görüldü.
   
   Fəxriyyə