“Üç il sonra yenidən Azərbaycana gəldikdə Bakının bu qədər sürətlə dəyişməsi məndə böyük təəccüb hissi yaratdı. Şəhəri tanıya bilmədim”

Mərkəzi və Şərqi Asiyanın ən böyük dövləti olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi ilə diqqəti cəlb edib. Qədim sivilizasiyalardan biri hesab edilən bu uzaq ölkə ilə Azərbaycan arasında əlaqələrin tarixi də qədimlərə, Böyük İpək Yolunun ilk dövrlərinə gedib çıxır. Hələ eramızdan əvvəl II əsrdən başlayaraq Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə ticarəti yolunda mühüm bir məkan idi və bu, həmin ölkələrlə mədəni əlaqələrin yaranmasına da imkanlar açırdı.

Müasir dövrdə də bu əlaqələrin zəngin tarixi var. Respublikamız Sovet İttifaqının tərkibində olarkən Azərbaycan musiqisi bu ölkədə də səslənib, 1959-cu ildə Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası Pekində səhnəyə qoyulub. Çin Xalq Respublikası (ÇXR) Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdəndir, ötən dövrdə ikitərəfli münasibətlər bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişaf edib.
ÇXR-in ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tszyun ilə müsahibəmizi də ölkələrimiz arasında əlaqələrin dünəni, bu günü və gələcək perspektivləri üzərində qurduq.

- Cənab səfir, Çinlə Azərbaycan arasında əlaqələrin dərin kökləri var. Bu baxımdan iki Şərq ölkəsi kimi bölüşəcəyimiz ümumi məqamlar mövcuddur. Siz bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, xalqlarımız arasında ənənəvi dostluqdan danışarkən, adətən Asiya, Avropa və Afrikanın qədim mədəniyyətlərini birləşdirən Böyük İpək Yolunu xatırlayırıq. Məhz bu yolla Çin ipəyi, ipək emalı texnologiyası, çini qablar, kağız və çap işləri (möhürlər) Avropaya yayılmışdı. Eyni zamanda bu yolla Çinə Orta Asiyadan və digər ölkələrdən pambıq, tütün, üzüm, nadir at növləri, xalça, musiqi alətləri və s. gətirilirdi. Hesab edirəm ki, Böyük İpək Yolu bizə ən mühüm konsepsiyanı verir: əcdadlarımız hələ 2 min il bundan əvvəl dərk etmişdilər ki, qarşılıqlı mübadilə və əməkdaşlıq bəşər mədəniyyətinin sosial-iqtisadi inkişafında vacib və əvəzedilməz rol oynayır. Xoşbəxtlikdən iki ölkənin xalqları öz əcdadlarını yaxşı başa düşür və diplomatik əlaqələrin qurulması bizə imkan verir ki, dostluğun və əməkdaşlığın ruhunu sonrakı dövrlərdə daha yüksək səviyyədə göstərək.

- Mədəni əlaqələrimizin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz? Səfirlik olaraq bu sahədə hansı işləri görürsünüz?
- Əvvəlcə deyim ki, Çin Azərbaycanın müstəqilliyini tanıyan və onunla əməkdaşlıq quran ilk ölkələrdən biridir. Diplomatik əlaqələrimizin qurulmasından ötən 22 il ərzində Azərbaycanla Çin arasında dostluq və əməkdaşlıq yüksək inkişaf həddinə çatıb və iki ölkənin birgə səyi ilə mühüm nailiyyətlər əldə olunub. Tərəflər bütün səviyyələrdə mübadiləni aktivləşdirib, hökumət, parlament, müxtəlif nazirliklər arasında əlaqələr genişlənir, iqtisadiyyat, ticarət, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq güclənir.
Kökləri tarixin dərinliklərinə gedən Çin-Azərbaycan əlaqələri bu gün möhkəm siyasi əsaslar üzərində davam edir, bu da digər sahələrə öz təsirini göstərir. Çox əsrlər əvvəl Çinlə Azərbaycan Böyük İpək Yolunun mühüm nəqliyyat qovşaqlarını təşkil edib və indi də iqtisadi münasibətlər, uzunmüddətli və stabil əməkdaşlıq iki ölkənin köklü maraqlarına və xalqların istəklərinə cavab verir. Çin sizin ölkənizlə əlaqələrə böyük əhəmiyyət verir və Azərbaycanı özünə etibarlı, səmimi tərəfdaş hesab edir.
Humanitar sahə də iki ölkənin əlaqələrinin vacib aspektlərini təşkil edir. Ölkələrimizin müvafiq nazirlikləri arasında imzalanan sənədlər mədəni əməkdaşlıqla bağlı proqramı aktiv şəkildə reallaşdırmaq imkanı verir. Təsadüfi deyil ki, ildən-ilə daha maraqlı və yeni mədəniyyət tədbirləri keçirilir. 2012-ci ildə Azərbaycanda Çin Mədəniyyəti Günləri keçirildi. Ötən il Azərbaycan Dövlət Simfonik Orkestri Çinə qastrol səfəri etdi. Çin tamaşaçıları bir daha Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanış olmaq imkanı qazandılar. Təhsil sahəsində əlaqələrimizdə də sürətli inkişaf müşahidə edilir. Bu istiqamətdə razılaşmaya uyğun olaraq hər iki ölkə arasında tələbə mübadiləsi keçirilir. Bakı Dövlət Universitetində artıq bir neçə ildir ki, Çin dili və ədəbiyyatı fakültəsi müvəffəqiyyətlə fəaliyyət göstərir. Eyni zamanda müəllim və tələbələrin Çin mədəniyyəti ilə tanış olması məqsədilə BDU-da Konfutsi institutu açılıb ki, onun Azərbaycanın digər təhsil müəssisələrində də filialları fəaliyyət göstərməkdədir. Hər iki ölkənin dövlət kitabxanaları əməkdaşlıq haqqında müqaviləni aktiv şəkildə yerinə yetirirlər. Beləliklə, ölkələrimiz arasında əlaqələrin inkişafı fonunda mədəni əməkdaşlıq da sonrakı mərhələlərdə genişlənəcək.

- Cənab səfir, bildiyimiz kimi, Çin həm də, böyük ixtiralar və kəşflər ölkəsidir. Bu amil ölkənin inkişafına necə təsir edib?
- Çin dünya tarixinin qədim sivilizasiyasına malikdir. Yazılı abidələrdən Çinin 5 minillik tarixə malik olduğu bəlli olur. Bu fakt özlüyündə indiki Çinin mədəni, texniki inkişafında güclü potensial yaradıb. İndi isə fəxrlə deyə bilərik ki, Çin müasir dövrdə də, texniki və yeni informasiya texnologiyaları sahəsində dünyanı təəccübləndirməkdə davam edir.

- Azərbaycan Çində nə dərəcədə tanınır? Buraya gələnə qədər ölkəmiz haqqında nə bilirdiniz? Burada olduğunuz müddətdə sizdə hansı təəssürat formalaşıb?
- Xoşbəxtlikdən 2009-cu ildə mənə ilk dəfə Azərbaycana gəlmək nəsib olub. O vaxt Bakıda cəmi iki gün qalmağıma baxmayaraq şəhər məndə böyük təəssürat yaratdı. Üç ildən sonra, yəni 2012-ci ildə yenidən Azərbaycana gəldikdə Bakının bu qədər sürətlə dəyişməsi məndə böyük təəccüb hissi doğurdu. Şəhəri tanıya bilmədim. Azərbaycanda insanların Çin mədəniyyətinə dərin sevgiləri olduğunu hiss etdim. Eyni zamanda məndə də bu xalqın mədəniyyətinə dərin maraq oyandı. Ölkənizin zəngin mədəniyyəti, musiqisi var. Azərbaycan muğamını ilk dəfə dinləyərkən sadəcə onun sehrinə düşdüm.

- Böyük bir ölkəni Azərbaycanda səfir kimi təmsil edirsiniz. İşləriniz də yəqin ki, çox olur. Mədəniyyət tədbirlərinə, teatr və konsertə getməyə vaxt tapırsınızmı?
- Bilirsiniz, Çinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri olmaq bir tərəfdən mənim üçün böyük şərəfdir, digər tərəfdən böyük məsuliyyətdir. Bu postda işimin əsas məqsədi iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrini ölkələrimizin çiçəklənməsi, xalqlarımızın yaxınlaşması naminə müxtəlif istiqamətlərdə inkişaf etdirməkdir. Təəssüf ki, boş vaxtlarım az olur. Lakin mən həmişə şəhərə çıxmağa, dəniz sahilində gəzməyə çalışıram. Əlbəttə, zaman-zaman konsertlərə də gedir, muzeylərə baş çəkirəm. İçərişəhərdə tez-tez keçirilən sərgiləri böyük məmnuniyyətlə ziyarət edirəm. İçərişəhərin belə qorunub saxlanılması çox xoşuma gəlir. Bu qədim məkanın gözəl, qənbər daşları döşənmiş küçələrində gəzmək insana xoş təsir bağışlayır və bu gözəlliklərə, əvəzolunmaz memarlıq üslublu tikililərə heyran olmaqdan yorulmursan.

- Regionlarımıza necə, səyahət edə bilmisinizmi?
- Bəli, Şəki, Qəbələ kimi gözəl məkanlara getmək imkanım olub. Ötən il mənə Göyçayda keçirilən “Nar bayramı”nda iştirak etmək də nəsib oldu. Bu, çox böyük xalq bayramı idi. Biz orada nardan hazırlanmış müxtəlif yeməklərin dadına baxdıq. Deyim ki, çox dadlı idi.

- Yeri gəlmişkən, Azərbaycan milli mətbəxi ilə aranız necədir?
- Azərbaycan milli mətbəxi mənə tanışdır. Mən bu mətbəxdə hazırlanan yeməklərin məhsullarına və dadına adət etmişəm. Ona görə ki, sizin mətbəxlə Çin mətbəxi arasında çox oxşarlıqlar var. Hər ikisində göyərtidən çox istifadə olunur. Lakin hər bir halda bu həm də mənim üçün ikinci təbiətə vərdiş etməkdir. Hərdən Çinin milli mətbəxi üçün darıxıram. Boş vaxtlarımda mətbəxdə işləməyi sevirəm. Ona görə ki, nəvələrim babalarının hazırladıqları yeməkləri çox xoşlayır.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar