“Ümid edirəm ki, gələcəkdə Azərbaycanın şef aşpazları da layihəmizin iştirakçısına çevriləcəklər”

Zəngin ənənələrə, özəlliklərə malik Fransa mətbəxi dünya kulinariyasında məxsusi yer tutur. Mayın 31-də Bakıda ilk dəfə keçirilən Fransa kulinariya festivalının da məqsədi bu özəlliklərin təqdimatı idi. “Fairmont Baku” hotelində (“Flame Towers” - “Alov qüllələri”) gerçəkləşən tədbir həm də maraqlı konsert və əyləncəli proqramla yadda qaldı. Layihənin rəhbəri, əslən Rusiyanın Şimali Osetiya bölgəsindən olan Natalya Marzoyeva ilə müsahibəmizdə festivalın əsas məqamlarına toxunduq.

- Əvvəlcə rəhbəri olduğunuz “Fransa kulinariya festivalı” layihəsi haqqında oxucularımıza qısa məlumat verə bilərsinizmi?
- Bildiyiniz kimi, Fransa kulinariyası UNESCO-nun irs siyahısına daxil olub və bu ölkənin əsas vizit kartlarından biridir. Fransanın kulinariya evləri, məşhur aşpazları və onların hazırladıqları yeməklər dünyada brendə çevrilib. Festivala gəlincə, bu layihə artıq beşinci ildir həyata keçirilir. Layihə ilk dəfə “Fransa-Rusiya kulinariya mövsümü” adı altında 2010-cu ildə Parisdə keçirilib. Biz oraya Moskvanın baş aşpazlarını dəvət etmişdik. Festival zamanı rusiyalı və fransız aşpazlar menyu mübadiləsi etmişdilər. Yəni tədbirdə rus-fransız menyusu təqdim edilmişdi. Ötən müddətdə layihəni Monakoda, Kannda, Moskvada gerçəkləşdirmişik. Bu il isə ilk dəfə tanınmış fransız baş aşpazlarının iştirakı ilə kulinariya festivalını Bakıda keçirdik. Bunun özü də bir tanıtım tədbiri idi. Bakıya gələn fransalı baş aşpazlar kulinariya vasitəsilə Fransa mədəniyyətini təqdim etdilər və azərbaycanlılar da bu mətbəxin özəlliyi ilə tanış olmaq imkanı əldə edə bildilər. Biz bu festivalla demək istəyirik ki, kulinariya mədəniyyətin bir hissəsidir. Məsələn, hər hansı ölkəyə və ya şəhərə ayaq basdıqda, hava limanından birbaşa restorana getmək istəyirsiniz. Bu isə o ölkənin mədəniyyəti ilə ilk tanışlıqdır. Hətta ölkənin kulinariyası onun insanlarını tanımağa da kömək edir. Biz masa arxasına toplaşırıq, söhbət və nahar edirik. Beləliklə, masa arxası ənənə ilə insanlar bir-birilərini tanıyırlar. Mədəniyyətin bir hissəsi olmaqla yanaşı, kulinariya həm də təyinedici faktordur ki, bu da aşpazlara stimul verir. Belə ki, aşpazlar yemək hazırlamaq üçün daha keyfiyyətli ərzaq axtarırlar. Misal üçün, mən də Bakıya gəldiyim ilk gün restorana gedib Azərbaycan mətbəxinin dadına baxmaq istədim. Restoranda nahar edərkən ofisiantlar yeməkləri bizə belə təqdim edirdilər: bizim Bakı pomidorları, gözəl pendirimiz, göyərtimiz... Əlbəttə, bütün bunlar sizin fermerlər tərəfindən istehsal olunur. Fermer istehsal edir, şef aşpazlar onları alır, yeməklər hazırlayır və təqdim edirlər. Bu bütöv bir prosesdir və hardasa kənd təsərrüfatına da stimulverici rol oynayır.
- Festivalın ideyası necə yarandı?
- Bu mənim layihəmdir. Əvvəlcə məndə belə bir ideya yarandı ki, ölkənin mədəniyyəti haqqında danışım, onu təqdim edim. Əlbəttə, mədəniyyət deyəndə - ədəbiyyat, rəssamlıq, musiqi yada düşür. Amma unuduruq ki, kulinariya da ölkənin mədəniyyətidir. O zaman düşündüm ki, ölkəni mətbəxi ilə tanıdım. Beləliklə, şef aşpazlar vasitəsilə ölkələrin kulinariya görüşmələrini, mübadiləsini keçirməyi qərarlaşdırdım. Yuxarıda qeyd etdiyim kimi, ilk dəfə bunu Parisdə təqdim etdim. Həmin ildə Parisdə Rusiya mədəniyyəti günləri keçirilirdi və bu festival da həmin proqrama daxil edildi. Fransa Mədəniyyət Nazirliyi nümayəndələrinin də daxil olduğu 60 nəfərlik heyətin yüksək səviyyədə şam yeməyini təşkil etdik. Bunun ardınca layihəni Monako, Monte-Karlo və Rusiyada reallaşdırdıq. Rusiyadakı tədbirdə fransız, rus və gürcü aşpazları arasında təcrübə mübadiləsi aparıldı. Ötən il Kannda keçirdiyimiz layihədə gürcü aşpazları da iştirak etdilər. Layihənin adı “Kannda Rusiya-Fransa kulinariya mövsümü” idi. Bu həqiqətən də, çox maraqlı təcrübə idi və insanların xoşuna gəldi. Yeni zövqlər, yemək reseptləri nümayiş olundu. Ümid edirəm ki, Bakıdakı festivaldan sonra Azərbaycanın baş aşpazları da layihəmizin iştirakçısına çevriləcək.
- Ötən müddətdə layihəyə hansısa yeni ideyalar əlavə olunubmu?
- Bu festivala tez-tez musiqini, fotoqrafiyanı, kino, modanı da birləşdiririk. Məsələn, Monakoda keçirdiyimiz layihəyə tanınmış modelyer-dizayner Maks Şaulu (Max Chaoul) dəvət etdik. O, Beyons, Sofi Marso kimi ulduz sənətçilərin modelyer-dizayneridir. Bundan başqa, layihələrimizin birində koreyalı fotoqraflar iştirak edirdi. Bütün bunlar yemək ətrafında baş verir və kulinariyanı kompleks halda təqdim etməyə imkan verir. Məsələn, koreyalı fotoqraf yeməklərdən maraqlı fotolar hazırlamışdı. Baş aşpaz isə Maks Şaulun modalarını əks etdirən desert hazırlamışdı. Festivala əlavə etdiyimiz yeniliklərdən biri də budur ki, baş aşpazların ustad dərslərini təşkil edirik. Bu isə, başqa kulinariya ənənələrini kəşf etmək üçün gözəl imkandır. Bir sözlə, hər dəfə bu festivala bir yeni detal əlavə edib onu kompleks halda təqdim edirik. Məsələn, moda və kulinariya və ya kino, opera və kulinariya. Bu dəfə isə Bakıya opera müğənnisi, beynəlxalq müsabiqələr laureatı, kinoaktrisa və televiziya aparıcısı Anna Zaytsevanı dəvət etmişdik.
Bakıda keçirdiyimiz tədbirdə Fransanın ən tanınmış baş aşpazlarından olan Frank Porsi və Laurent Moreno iştirak edirdi. Ümid edirəm ki, növbəti dəfə də bu tədbiri Bakıda keçirəcəyik. Eyni zamanda ona da ümid edirəm ki, növbəti dəfə Azərbaycan şef aşpazlarını Monakoya dəvət edəcəyik və oradakı insanlar Qafqazın yeni yemək dadlarını, zövqünü kəşf edə biləcək.
- Nə üçün məhz qaşığı layihənin simvolu seçmisiniz?
- Bilirsiniz, qaşıq uşaq vaxtı istifadə etdiyimiz ilk mətbəx əşyasıdır. Bu haradasa bütün dünyada dadlı yeməyi simvollaşdıran alətdir.
- İlk dəfə idi ki, Fransa kulinariya festivalı Bakıda keçirilirdi. Tədbirdən, şəhərimizdən hansı təəssüratlarla ayrılırsınız?
- Bakıda keçirilən tədbirdən zəngin təəssürat əldə etdim. Bu şəhərin özü ilə yanaşı, insanları da çox gözəldir. Müasir inkişaf burada çoxlu layihələr həyata keçirməyə imkan verir. Dənizkənarı bulvar, şəhərin görünüşü çox möhtəşəmdir. Ümid edirəm ki, biz növbəti dəfə Bakıya digər baş aşpazlarla gələcəyik və onların azərbaycanlı həmkarları ilə maraqlı bir layihəni gerçəkləşdirəcəyik. Bu layihənin adı isə “Fransa-Azərbaycan kulinariya mövsümü” olacaq.
- Yeni planlarınızda daha nələr var?
- İyulda Monakoda, sentyabrda Parisdə, sonra isə Cenevrədə festival təşkil edəcəyik. Və dediyim kimi, ola bilsin ki, növbəti dəfə Bakıya gəldik. Niyə də yox? Doğrudan da, gözəl təcrübə olardı. Son olaraq Bakıya demək istərdim ki, qonaqpərvərliyinizə görə sağ olun.

Mehparə