“Çox zəngin tədbirlər proqramı hazırlanır. Türk filmlərinin nümayişi, konsertlər, Azərbaycan və Türkiyə aşıqlarının birgə çıxışı olacaq. Foto, rəsm, əl sənətləri sərgilərimiz də nəzərdə tutulub”

Bu ilin sentyabr ayında Bakıda Türkiyə mədəniyyəti həftəsi keçiriləcək. Zəngin proqram çərçivəsində rəsm və foto sərgisi, kino, teatr, musiqi təqdimatları olacaq. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslanla müsahibəmizdə bu layihə ilə yanaşı, son illər iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı, qarşılıqlı tədbirlər barədə danışdıq. Söhbətə bu yaxınlarda Türkiyənin bir neçə abidəsinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsindən başladıq. Həmsöhbətim bu əlamətdar hadisə barədə məlumat verdi:

- İyunun 15-dən 25-dək Qətərin Doha şəhərində UNESCO-nun Dünya İrsi Komitəsinin 38-ci sessiyası keçirildi. Sessiyada Türkiyədən iki abidə - “Bursa Cumalıkızık - Osmanlı imperatorluğunun yaranışı” və "Çoxqatlı mədəni peyzaj yeri” - İzmirin Berqama bölgəsi Dünya İrs Siyahısına salındı. UNESCO-nun 1972-ci ildə qəbul etdiyi və 191 ölkənin qoşulduğu "Təbii və mədəni irsin qorunması haqqında müqavilə"yə əsasən, Türkiyədən indiyədək bu siyahıda 11 yer almışdı və indi onların sayı 13-ə çatdı. Son iki nümunə zəngin tarixi-mədəni qatları özündə yaşadır. Osmanlı dövlətinin ilk paytaxtı olan və imperatorluğun quruluş dövrünə aid bir çox tarixi əsəri saxlayan Bursa, sənayesi və təbii gözəllikləri ilə də önə çıxmaqdadır. Bursanın 700 illik keçmişə sahib olduğu Cumalıkızık kəndində Osmanlının erkən dövrünə aid tikililər günümüzə qədər qorunub saxlanmışdır. Bursa və Cumalıkızık ticarət mədəniyyəti və şəhərə yaxın çöl həyatının davamlılığı ilə Osmanlı həyat vizyonuna gözəl bir nümunə təşkil etməkdədir və altı tarixi komponentdən ibarətdir. Siyahıya daxil edilən digər nümunə mədəni irsi və zənginlikləri ilə İzmirin tarixə açılan qapısı olan Berqamadır. Bu yer antik dövrdə Perqamon adı ilə xatırlanır və Helenistik dövrün (qədim Yunanıstanda e.ə. IV əsrdən - Makedoniyalı İsgəndərin ölümündən sonra başlanan tarixi dövr - red.) ən əhəmiyyətli mədəniyyət və sənət mərkəzlərindən biri sayılmaqdadır. Helenistik dövrün ən böyük kitabxanalarından birinin qurulduğu Berqama “Mədəni peyzaj” kateqoriyasında siyahıya daxil olundu. Helenistik, Roma, Şərqi Roma və Osmanlı dövrlərinə aid layları içərisində saxlayan Berqama akropol, ətrafında yeddi sahə olmaqla doqquz komponentdən ibarətdir.

- Maraqlıdır, UNESCO-nun Dünya İrs Siyahısına Türkiyədən daha hansı abidələr namizəddir və ümumiyyətlə, bu amil ölkənin mədəni həyatında necə rol oynayır?
- Tarixi və mədəni zənginlikləri baxımından əvəzsiz imkanlara sahib olan Türkiyənin 2 qarışıq (mədəni-təbii), 1 təbii və 49 mədəni irs nümunəsi olmaqla 52 abidəsi UNESCO-da dünya irsinin müvəqqəti siyahısında yer almaqdadır. Zaman-zaman bir çox mədəniyyətlərin mövcud olduğu Türkiyədə bu abidələrdən bəziləri hazırda açıq havada muzeylər formasında fəaliyyət göstərir. Demək olar ki, hər il UNESCO-nun bəşəri irs siyahısına Türkiyədən tarixi nümunələr daxil edilir. Doha toplantısında qəbul edilən bu qərar da Türkiyə üçün çox önəmli oldu. Türkiyədə turizmin inkişafı, ölkəyə maraq yaradan yerlərin kəşf edilməsi, tanıtımı baxımdan da bu addımlar çox mühümdür. Təbii ki, artıq turizm sadəcə dəniz, çimərlik turizmi anlayışından çıxıb, mədəniyyət, tarix, təbii gözəlliklər, hətta konqres, sağlamlıq turizminə qədər inkişaf edib. Bir sözlə, bu sahədə alternativlərimiz çoxalıb. Türkiyə dünya turizminə öz yerini haqq edərək, həm də bu sıraya öz tarixi zənginlikləri ilə qoşulub. Deyərdim ki, ölkəmiz bu sahədə çox zəngin və şanslıdır. Bunun davamı olacaq və inşallah bayaq adını çəkdiyim tarixi abidələr də UNESCO-nun siyahısına daxil olacaq.

- Bildiyiniz kimi, Azərbaycanda da UNESCO-nun irs siyahısına daxil olan abidələr var...
- Mən Bakıya gələn qonaqlarımı imkan olduqca həmin yerlərə aparır və bu abidələrlə - Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı ilə tanış edirəm. Belə yerlərdə olduqda insanın ruhu dincəlir. Ticarət mərkəzlərində çox gəzib zövq almaq olmur, amma, məsələn, Qız qalasının yanında əyləşib bir stəkan çay içmək, tarixi abidənin içərisini gəzmək insana ayrı bir dinclik gətirir. Azərbaycanın bölgələri də tarixi-mədəni baxımdan çox zəngindir. Məsələn, götürək Şəkini. Azərbaycana gələn hər bir Türkiyə vətəndaşı Şəkini görmək istəyir. Çünki bu şəhər öz tarixi xüsusiyyətləri ilə bir cazibə yaradır və insanları özünə cəlb edir. Bu tarixin qorunması, gələcək nəsillərə ötürülməsi ölkənin dünyaya tanıdılması baxımından da çox önəmlidir. Bunun üçün belə abidələrin qiymətini bilməliyik.

- Bir qədər də fəaliyyətinizdən bəhs edək. Son vaxtlar Azərbaycanda keçirilən beynəlxalq mədəniyyət tədbirlərinə, festivallara hansı layihələrdə qatılıbsınız?
- Biz iki qardaş xalqımız arasında heç bir fərq görmürük. Azərbaycana Türkiyədən gələn hər bir sənətçi qrupunu insanlar bağrına basır. Bu bizim məsuliyyətimizi daha da artırır. Azərbaycanda keçirilən tədbirlərlə bağlı bizim səfirliyimizə gələn dəvətlərin heç birini diqqətsiz qoymadıq və hamısında iştirak etdik. Masallıda keçirilən beynəlxalq folklor festivalında iki ildir ki, Türkiyənin tanınmış folklor qrupları təmsil olunur. Bu ilin iyununda gerçəkləşən festivala Dövlət Xalq Rəqsləri Qrupu ilə qatıldıq və kollektivin çıxışı böyük maraqla qarşılandı. Əlbəttə, bu amil qarşıdakı illərdə çiyinlərimizə belə tədbirlərə daha böyük səylə qatılma məsuliyyətini qoyur.
Şəkidə keçirilən ənənəvi “İpək Yolu” musiqi festivalına da müxtəlif layihələrlə, kollektivlərlə qatılırıq. Burada xüsusi bir məqamı vurğulayım ki, bu gedişlə Şəki qarşıdakı illərdə bir mədəniyyət şəhəri olacaq. Tarixi xüsusiyyətləri və mədəni fəaliyyətləri ilə bütünləşən Şəki təkcə Azərbaycanda deyil, dünyada da diqqət çəkən bir şəhər olmaq yolundadır. Ötən il “İpək yolu” festivalına TRT-nin “Axşam səfası” musiqi qrupu ilə qatıldıq və çox yüksək səviyyədə qarşılandıq. Builki festivala İstanbul Dövlət Muzik Modern Folk qrupunu gətirdik ki, eyni qarşılanmanın şahidi olduq. Əgər qarşıdakı illərdə də bizi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi beynəlxalq tədbirlərə dəvət edərlərsə, bu tədbirlərə qatılmağı özümüzə borc bilərik.

- Ötən il ölkəmizdə Türkiyə mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılsa da, baş tutmadı. Yaxın vaxtlarda belə bir mədəniyyət tədbirinin keçirilməsi gözlənilirmi?
- Bu ilin sentyabr ayında Bakıda Türkiyə mədəniyyəti həftəsi keçirməyə hazırlaşırıq. Çox zəngin proqram olacaq. Türk filmlərinin nümayişi, konsertlər, o cümlədən mehtər orkestrinin konserti, aşıqların çıxışı olacaq. Bu proqramı Azərbaycan aşıqlarının birgə iştirakı əsasında planlaşdırırıq. Foto, rəsm, əl sənətləri sərgilərimiz də nəzərdə tutulub. Bir sözlə, zəngin proqram üzərində çalışırıq. Bunu Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirə edərək tədbirlərin proqramını Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə vermişik. Bakıda Türkiyə mədəniyyəti həftəsinin çox uğurla baş tutacağına əminəm.

- Son vaxtlar Azərbaycanla Türkiyə arasında “Qardaş şəhərlər” layihəsi də genişlənməkdədir. Qarşılıqlı əlaqələrdə, xalqlarımızın bir-birini daha yaxından tanımasında bu layihənin əhəmiyyətini necə görürsünüz?
- Türkiyədə Azərbaycan mənşəli çoxlu vətəndaşlar yaşayır. Biz Azərbaycanın Türkiyədə bir ölkə olaraq daha yaxından tanınmasını istəyirik. 77 milyon əhalisi olan bir ölkədə çoxlu fəaliyyətlər həyata keçirmək, daha çox şəhərlərə getmək lazımdır. Bu mənada xüsusilə də, “qardaş şəhər” münasibətlərinə önəm verirəm. Ona görə ki, şəhərlərin bir-birini tanıması lazımdır. Məsələn, Məram ilə Şəki qardaşlaşmış şəhərlərdir. Məramda bir park salıb və adını da Şəki qoyublar. Bu şəhərdə Azərbaycan və Türkiyə bayraqlarının yanaşı asılması, Şəki adına da park salınması önəmli hadisədir və insanlar da bunu görür. Bundan başqa, Sumqayıtla Samsun, Masallı ilə Sandıklı, Bakı ilə İzmir, Abşeronla Bursanın İldırım ilçəsi arasında da dostluq var ki, bunun artırılması lazımdır.

- İki ölkənin turizm əlaqələri, bu sahədə əməkdaşlıqla bağlı hansı yeniliklər var?
- Turizm əlaqələrimizin, əməkdaşlığımızın ən gözəl nümunəsi kimi Türkiyədən mütəxəssisləri Azərbaycana gətiririk və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə hotel və restoranlarda işləyənlərə treninqlər təşkil olunur. Məsələn, bu yaxınlarda İsmayıllıda və Xaçmazda treninqlər oldu. Yəni biz iki ölkənin nazirlikləri arasında təməli olan proqramları həyata keçiririk. Önümüzdəki aylarda Bakıda sağlıq turizmi üzrə konfrans keçirəcəyik.

- Tez-tez bölgələrimizə səfər edirsiniz. Bu yaxınlarda sizi Tovuzda əsgərlərimizin arasında gördük...
- Bu mənim Azərbaycana bağlılığımdan, sevgimdən qaynaqlanır. Azərbaycanda olduğum müddətdə mədəniyyət və turizmlə bağlı keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Amma mənə sual versələr ki, bunların içərisində sizə ən çox təsir bağışlayan hansı hadisələrdir, ilk olaraq cəbhə bölgəsində əsgərlərlə keçirdiyim anları deyərdim. Biz rayon kitabxanalarına Türkiyədən gətirdiyimiz kitabları hədiyyə edirik. Bu layihəni Tovuzda da həyata keçiririk və eyni zamanda bu kitabları əsgərlərin kitabxanasına təqdim etdik. Əsgərlərlə söhbət etmək, onlarla göz-gözə gəlmək mənə ayrı bir əhval gətirir. Şəkidə keçirilən tədbirə dəvət edilən İstanbul Dövlət Muzik Modern Folk qrupunu da Tovuza, əsgərlərin yanına apardıq. Düşünürəm ki, əsgərlər bu konsertdən ayrı bir zövq aldılar. Belə tədbirlər gələcəkdə də davam edəcək.

Mehparə Sultanova