“Tar Azərbaycan musiqisinin şah alətidir. Fəxr edirəm ki, mən bu alətin ifaçısıyam”

Xalq artisti, ustad tarzən Möhlət Müslümov avqust ayının 9-da 60 yaşını qeyd edəcək. Uzun illərdir tar sənətimizə töhfələr verən sənətkar həm solo ifaçı, həm də müşayiətçi kimi tamaşaçıların, musiqi ictimaiyyətinin sevgisini qazanıb. Tarzənin əməyi, sənətə xidməti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Möhlət Müslümov 2000-ci ildə respublikanın Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb, Prezident mükafatçısıdır. Yubilyarla ad günü ərəfəsində söhbətimizi təqdim edirik.

- 60 yaşın zirvəsindən keçmişə boylananda nələri xatırlayırsınız?
- Şagirdlikdən ustalığa gələn böyük bir yol canlanır gözlərim önündə. Bu, çətin və ağır bir yol olmaqla yanaşı, həm də şərəfli yoldur. Asan, hamar yol olmayıb. Sənətin bu zirvəsinə böyük çətinliklərlə gəlib çıxmışam. Amma, şükürlər olsun ki, sənətimi dövlətimiz də qiymətləndirib, xalqım da məni sevib dəyərləndirib. Buna görə şərəf duyuram.

- Həmin çətin yolda sizə arxa olan insanlar vardımı?
- Təbii ki, ustadlarım olmasaydı, mən bu günə gəlib çıxmazdım. Mənə ilk dəfə musiqi məktəbində tar tutmağı öyrədən müəllimim Nadir Hüseynov, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Bakı Musiqi Akademiyasında mənə dərs deyən Məmmədağa Kərimova minnətdar olmaqla yanaşı, sənətdə idealım olan tarzənlər - görkəmli sənətkarlarımız Əhsən Dadaşov, Həbib Bayramov, Hacı Xanməmmədov, Əliağa Quliyev, Kamil Əhmədov, Əhməd Bakıxanov və digərləri bu sənəti mənə sevdirdilər. Musiqi Texnikumuna daxil olmağımda Adil Gəray mənə kömək olub, günlərlə məşqlərimə və hazırlıqlarıma nəzarət edib. Əhməd Bakıxanov, Səid Rüstəmov kimi sənətkarlar qarşısında imtahan vermişəm. Bu gün o insanları dərin ehtiramla xatırlayıram. Sənət yolumda xeyir-dualarını verən unudulmaz bəstəkarlarımız Vasif Adıgözəlov, Süleyman Ələsgərovun adını qeyd etməyi özümə borc bilirəm.

- Sənətdə uğurlar əldə edən insanlar bəzən deyirlər ki, mən sənətə təsadüfi gəldim. Sizdə də belə oldu, yoxsa əvvəldən bu sahəyə marağınız vardı?
- Sadə bir ailəmiz olub. Anam evdar qadın olsa da, çox savadlı idi. Əruz vəznində olan ən qəliz qəzəlləri mənə təhlil edirdi. Tarı mənə atam sevdirdi. Bir vaxtlar onun da bu alətə böyük məhəbbəti olub, muğamları yaxşı bilirdi. Evdə milli musiqi ruhunda böyümüşəm. Mənim bütün musiqi alətlərinə marağım vardı. 5 yaşım olanda mənə nağara almışdılar, onda ifa edirdim. Sonra mənə tar aldılar. O vaxt 10 yaşım vardı. Beləliklə, artıq 50 ildir ki, tar mənimlədir.

- 50 il sizinlə birlikdə olan tarla keçdiyiniz yola nəzər salaq...
- 40 ildir ki, professional səhnədəyəm. Mən tara, tar da mənə başucalığı gətirdi. Dünyanın 50-dən artıq ölkəsində qastrol səfərində olmuşam. 200-dən çox şəhərdə musiqimizi təbliğ etmişəm. Tarın sayəsində artıq 20 ildir ki, “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyətinin Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəriyəm. 1975-ci ildən Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin, 1988-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün solistiyəm. 1988-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim işləmişəm. Hazırda Azərbaycan Milli Konservatoriyasının professoruyam, Xalq artisti fəxri adına layiq görülmüşəm. Məncə, sənətkar üçün bundan böyük xoşbəxtlik, uğur ola bilməz. Fərəh hissi duyuram ki, dövlətimiz muğam sənətimizi zirvələrə qaldırıb. Tar ifaçılıq sənəti UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi irs üzrə reprezentativ siyahısı”na daxil edilib. Bütün bunlar ilk növbədə dövlətimizin bu sahəyə diqqət və qayğısı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri sayəsində oldu. Xalq musiqisinə, demək olar ki, heç vaxt bu qədər dəyər verilməmişdi. Tar Azərbaycan musiqisinin şah alətidir. Fəxr edirəm ki, mən bu alətin ifaçısıyam. Bu gün tar aləti dünyanın böyük səhnələrindən Azərbaycana məxsusluğunu qürurla sübut edir. Sənətkar dövlətin qayğısını hiss edəndə bu ona stimul verir. O, yaşamağa, yaratmağa var gücü ilə çalışır. Mən bu gün də 30-40 il əvvəlki sənət eşqimlə yaşayıram. Deyirlər ki, muğamı yetkinləşmiş beyin qəbul edir. Bəlkə də buna görə yaşım artdıqca sənətə daha çox bağlanıram. Muğam böyük bir dəryadır. 40 il sənətdə olmağıma baxmayaraq, hələ də bu dəryada özümü professional üzgüçü saymıram. Bir insan ömrü muğamı öyrənməyə bəs etmir. Biz necə böyük xalqıq ki, belə bir nemətimiz var. Muğam Azərbaycanın böyüklüyünün, qədimliyinin simvoludur. Digər xalqlarda da muğam sənəti var. Amma bizdə daha dərin, daha fəlsəfidir.

- Deyirsiniz ki, bu gün də öyrənirsiniz. Amma həm də öyrədirsiniz. Gənc tar ifaçıları sizi qane edirmi?
- Gənc ifaçılara rəğbətim var. Tələbələrimdən ikisi artıq əməkdar artistdir. Bir çox tələbələrim istedadlı və sənətdə öz sözlərini deyə bilən ifaçılardır. Uzun illərdir dərs verirəm və hər gün tələbələrimə deyirəm ki, bu sənətə dərindən bələd olun. İfaçı ən qəliz muğamları da ifa etməyi bacarmalıdır. Həm solist, həm də müşayiətçi kimi öz işinin ustası olmalıdır. Bilirəm deyib kifayətlənməməlidir. Mənə də vaxtilə ustadlarım irad tutub sənəti öyrədiblər, yol göstəriblər. Tənqiddən də nəticə çıxarmağı bacarmaq lazımdır. Gəncləri özünütənqidə alışdırmaq lazımdır. Hazırda sənətə böyük axın var. Bu da məni sevindirir.

- Ad gününüzü necə qeyd etməyi planlaşdırırsınız?
- Heç vaxt ad günümü təntənəli qeyd etməmişəm. Ailəmlə birlikdə olmuşam. Yubiley ərəfəsində yaşanan son hadisələr, cəbhə xəttindən gələn xəbərlər də məni kövrəldib. Hələ 90-cı illərdə aylarla tarı əlimə almadığım vaxtlar olub. Ən böyük arzum qələbə xəbərini eşitmək və yeddi muğamımızın hər birini, gündə bir konsert olmaqla, Qarabağ torpaqlarında ifa etməkdir.

- Biz də bu arzuya qoşulur və Sizi yubileyiniz münasibətilə təbrik edirik.

* * *

 Sənət dostlarının ürək sözləri

Ustad sənətkarın müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları hər zaman rəğbətlə qarşılanıb. Möhlət Müslümov Türkiyə, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Belçika, Macarıstan, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, və s. ölkələrdə, keçmiş SSRİ-nin respublikalarında Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanıb. İfaçının sənət dostları 60 illik yubileyi münasibətilə ona xoş sözlər ünvanladılar, arzularını bildirdilər.

Xalq artisti, tarzən Ağasəlim Abdullayev:
- Uzun illərdir ki, Möhlətlə dostluq edirik. Bizim sənət yolumuz birlikdə başlanıb. Sənətə eyni vaxta gəlmişik. Bu gün 60 yaşını qeyd edir. Amma yenə də gənclik dövrümüzdəki kimi sənətə eşqi sönməyib. O, sənətinin aşiqidir. Azərbaycan muğamını, musiqisini hər zaman layiqincə təmsil edən sənətkarlardandır. Bu gün Milli Konservatoriyada öz davamçılarını yetişdirən sənətkarın oğlu Rüstəm də atasının yolunu davam etdirir. Uğurlarına sevinirəm. 60 yaşını təbrik edir, dostuma möhkəm cansağlığı arzulayıram.

Xalq artisti, xanəndə Mələkxanım Əyyubova:
- 30 ilə yaxındır ki, Möhlət Müslümovu tanıyıram. Bu müddətdə də onunla dünya səhnələrində, respublikamızın şəhər və rayonlarında konsertlərdə musiqimizi təbliğ etmişik. O, böyük sənətkardır. Öz dəst-xətti olan, məktəbini yaradan bir ifaçıdır. Neçə illərdir ki, yetirmələri bu məktəbin yolunu davam etdirirlər. Hazırkı gənc ifaçıların çalğısında Möhlət müəllimin dəst-xətti hiss olunur. Tarın simlərini sanki onun barmaqları deyil, ürəyi dilləndirir. Möhlət həm müəllimdir, həm də dirijorluğu bacarır, solo ifası mükəmməldir, böyük bir ansambla rəhbərlik edir. Böyük muğam dəstgahlarını onunla çox rahat və inamlı ifa edirsən. O, dəstgahları xanəndə qədər mükəmməl bilir. Gözəl ailə başçısı, etibarlı dostdur. Mən ona cansağlığı, uzun ömür arzulayıram. Xalqın sevimlisi olaraq neçə belə illər yaşasın. Dövlətimizin qayğısı hər zaman onun üzərində olub, bundan sonra da böyük həvəslə yaşayıb yaratsın.

Əməkdar artist Vamiq Məmmədəliyev:
- Möhlət Müslümov Azərbaycan tar ifaçılığı sənətində öz sözünü demiş sənətkarlardandır. Uzun illər böyük bir ansambla rəhbərlik edən tarzən eyni zamanda gənc və istedadlı tarzənlərin yetişməsində öz əməyini əsirgəməyib. Muğamlarımızın gözəl bilicisi olmaqla yanaşı, bu sənətin gələcək nəsillərə ötürülməsində bütün bilik və bacarığını əsirgəməyən Möhlət Müslumova cansağlığı arzulayır, həm şəxsi, həm də sənət yolunda uğurlar diləyirəm.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar