Oktyabrın 10-dan 14-dək Almaniyanın Frankfurt şəhərində 63-cü beynəlxalq kitab sərgisi keçiriləcək. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin İnformasiya və reklam sektorunun müdiri Tehran Vəliyev, sektorun baş məsləhətçisi Aslan Cəfərov, mətbuat katibi Zöhrə Əliyeva, Heydər Əliyev Fondunun əməkdaşı Elşad Bayramov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovdan ibarət nümayəndə heyəti təmsil edəcək.
   Beynəlxalq sərgidə 40 kvadratmetrlik sahəni əhatə edən stendimizdə dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, mədəniyyətimiz barədə 350 adda, 600 nüsxəyə yaxın Azərbaycan, ingilis, alman və rus dillərində çap məhsulları nümayiş olunacaq.
   Oktyabrın 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin, Almaniyanın Mayns Universiteti alimlərinin, Azərbaycan və Almaniyanın mədəniyyət xadimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulub.