“2015-ci ildə Tacikistanda Azərbaycanın, 2016-cı ildə Azərbaycanda Tacikistanın mədəniyyət günlərinin keçirilməsini planlaşdırırıq”

Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ilin avqust ayında ölkəmizin Düşənbədə, 2008-ci ildə isə Tacikistanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə regional və beynəlxalq təşkilatlarda, həmçinin TRACECA proqramda (Avropa-Asiya nəqliyyat dəhlizi) faydalı əməkdaşlıq edirlər. Dərin tarixi köklərə söykənən Azərbaycan-Tacikistan mədəni əlaqələri müstəqillik dövründə daha da inkişaf etməyə başlayıb. Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovla müsahibədə ikitərəfli münasibətlərin bu və digər tərəflərinə nəzər saldıq.

- Cənab səfir, Azərbaycanla Tacikistanın qədim və zəngin tarixi-mədəni irsə malik Şərq ölkələri olaraq paylaşdığı bir sıra məqamlar var. Bu kontekstdən çıxış etsək, əlaqələrimizin bu günü barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin dərin kökləri mövcuddur. Xalqlarımızın ümumi adət-ənənələri, bir çox cəhətləri var. Dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəviyə Tacikistanda da böyük hörmət bəslənilir, həyat və yaradıcılığı məktəblərdə öyrənilir. Eləcə də klassik tacik ədəbiyyatına Azərbaycanda maraq olduğunu bilirik. Bu köklər müasir dövrdə iki ölkələrin əlaqələrinə də müsbət fon yaradır. Qeyd etmək lazımdır ki, bu əlaqələrə iki ölkə rəhbərinin dostluq münasibətləri mühüm impuls verir. İqtisadi sahədə də əlaqələrimiz dinamik inkişaf edir, hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Bu il komissiyanın iclası Düşənbədə keçirildi, bir sıra məsələlər müzakirə olundu. Humanitar sahədə də əməkdaşlığımız qurulub. Bu gün Azərbaycanda 20-dən çox tacik tələbə oxuyur. İstərdik ki, gələcəkdə daha çox tələbəmiz Azərbaycanın ali məktəblərində də təhsil ala bilsinlər.

- Xalqları yaxınlaşdıran mühüm faktorlardan biri də mədəniyyətdir. Bu sahədə əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, ölkələrarası münasibətlərin inkişafı ilk növbədə məhz bu sahədən başlamalıdır. Çünki mədəniyyət xalqları birləşdirir, incəsənətin, xüsusilə musiqinin dili tərcümə tələb etmir, hər kəs tərəfindən başa düşülür. Mədəni əlaqələrimiz aktiv şəkildə inkişaf edir. 2013-cü ilin iyununda Düşənbədə Azərbaycan və Tacikistanın simfonik orkestrlərinin iştirakı ilə “Rast-muğam” adlı möhtəşəm konsert proqramı oldu. Konsert təkcə Düşənbədə deyil, Tacikistanın digər iki vilayət mərkəzində də baş tutdu və hər kəsdə dərin təəssüratlar yaratdı. Muğam musiqisi xalqlarımızı birləşdirən mədəni dəyərlərdən biridir. Azərbaycanda olduğu kimi, Tacikistanda da muğamı (“Şaşmakom”) qədim dövrlərdən bu günədək qoruyub saxlamışıq. Bundan başqa, Azərbaycanda olduğu kimi, bizdə də aşıqlar var ki, onlara “falak” deyilir. Bu janrla bağlı da oxşarlıqlarımız var. Falaklar da, aşıqlar kimi, gördüklərini şeirə, musiqiyə çevirib oxuyarlar. Musiqi alətinə gəlincə, bizim aşıqlar “dombra” ilə ifa edərlər. Bundan əlavə, bizdə də tar və kamança alətləri var. Bir sözlə, bizim mədəniyyət, musiqi sahəsində oxşarlıqlarımız qədim tarixə malikdir. Yeri gəlmişkən, 2012-ci ildə Azərbaycan və Tacikistanın ictimai televiziyaları vasitəsilə Bakı ilə Düşənbə arasında telekörpü keçirildi. Geniş tamaşaçı auditoriyasına təqdim edilən bu yayım elm, mədəniyyət, təhsil, humanitar mövzuları əhatə etdi. Əlbəttə, belə tədbirlər çox faydalıdır. Biz də səfirlik olaraq Azərbaycanda öz ölkəmizi daha yaxından tanıtmaq istəyirik. Məsələn, bu ilin mart ayında İçərişəhərdə keçirilən Novruz bayramında milli geyimlərimiz, musiqi alətlərimizdən ibarət sərgi ilə iştirak etdik. Sərgini çoxlu insanlar ziyarət edir, suallar verirdilər. Tacikistanda da Novruz böyük təntənə ilə bayram edilir. Bayram günlərində qala konsertlər, əl işlərindən ibarət sərgilər, idman oyunları keçirilir.

- Mədəni əlaqələrimizin inkişafı istiqamətində səfirlik olaraq planlarınız varmı?
- Əlbəttə, mədəni əməkdaşlıq bizim əlaqələrimizin mühüm istiqamətlərindən biridir. Sentyabrın sonlarında Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tacik-fars ədəbiyyatının dahi nümayəndəsi Əbdürrəhman Camiyə həsr olunmuş konfrans keçirəcəyik. Caminin 600 illiyi UNESCO-nun yubileylər proqramına daxil edilib. Mədəni əlaqələrimizin yaxınlaşmasında, xalqlarımızın bir-birlərini daha yaxından tanımalarında qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. 2007-ci ildə Azərbaycanda Tacikistanın mədəniyyət günləri keçirilib. 2008-ci ilin noyabrında isə Tacikistanda Azərbaycan mədəniyyəti günləri gerçəkləşib. Əlbəttə, bu əlamətdar hadisələrdən xeyli vaxt keçib. Bu ənənəni təkrarlamaq üçün 2015-ci ildə Tacikistanda Azərbaycanın, 2016-cı ildə Azərbaycanda Tacikistanın mədəniyyət günlərinin keçirilməsini planlaşdırırıq. Həm də belə tədbirlər təkcə paytaxtlarda deyil, ölkələrimizin başqa şəhər və rayonlarında da qeyd olunmalıdır ki, xalqlarımız bir-birilərini daha yaxından tanısın. Onu da qeyd edim ki, mədəni əlaqələrlə bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşmamız da var. Tələbə mübadiləsi ilə bağlı konservatoriyalarımız arasında razılaşma mövcuddur. Bu razılaşmaların bizə verdiyi imkanları genişləndirməkdəyik. Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edirik. Əlbəttə, bütün bunlar mədəni əlaqələrimizin inkişafına verilən töhfədir. Ümumiyyətlə, ölkələrimiz arasında gediş-gəlişin çox olmasını, qarşılıqlı olaraq daha çox tədbirlərdə iştirak etməyimizi istəyirəm.

- İki ildir ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərirsiniz. Bu müddətdə regionlarımıza, ölkəmizin görməli yerlərinə getmək imkanınız olubmu?
- Beynəlxalq “İpək yolu” musiqi festivalı günlərində Şəkidə olmuşam. 2013-cü ildə festivalda Tacikistanın ansamblı da çıxış etdi. Bu festival mənim çox xoşuma gəlir. Tədbirin belə bir şəhərdə keçirilməsi də gözəl seçimdir. Çünki Şəkinin küçələri ilə gəzdikcə, sanki tarixin içərisindən keçirsən. Qəbələ, Qax, Lənkəranda, Naxçıvanda da olmuşam. Naxçıvan da gözəl mənzərələri ilə diqqəti cəlb edir. Bu regionların hər birində əhali öz tarixinə, adət-ənənəsinə hörmətlə yanaşır və onu gələn qonaqlara göstərməyə çalışır. Əlbəttə, bunlar Azərbaycan xalqının gözəl xüsusiyyətləridir. Bakıya gəlincə, İçərişəhərdə, Qala etnoqrafik qoruğunda, Atəşgahda olmuşam. Təəssüf ki, vəzifə fəaliyyətimə görə bu səfərlərə getmək heç də həmişə mümkün olmur. Amma imkan yarandıqca, fürsəti dəyərləndirmə çalışıram. Bakı sanki hər gün inkişaf edir və bunları gözümlə görməkdən məmnunam.

- Maraqlıdır, səfir təyin olunmazdan öncə Bakı, Azərbaycan haqqında hansı məlumatlarınız vardı? Buraya gələndən sonra mədəniyyətimiz, tariximiz haqqında sizdə hansı təəssürat formalaşıb?
- Daha öncə Azərbaycana gəlməmişdim. Amma, təbii ki, ölkəniz haqqında məlumatım vardı. Unutmaq lazım deyil ki, biz 70 il bir ittifaqda yaşamışıq. O zaman bu əlaqələr daha intensiv idi. SSRİ zamanında Azərbaycanda olmasam da, digər vasitələrlə, məsələn, musiqi ilə xalqınız və ölkəniz ilə tanış idim. Tacikistanda çoxlu azərbaycanlılar yaşayır. Ölkəmizdə azərbaycanlı musiqiçilər də var. Musiqinin dili olmur, bu bəşəri bir sənətdir. Tacikistanda da Azərbaycan musiqisi, mədəniyyəti çox gözəl tanınır. Mən özüm sovet dövründə Rəşid Behbudovu, Polad Bülbüloğlunu dinləyərdim. Ümumiyyətlə, o zamankı nəsil belə gözəl ifaçıların mahnıları ilə böyüyüb.

- Ölkələrimiz arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz?
- Turizm Tacikistanda ölkə üçün vacib sahələrdən hesab olunur. Bu sahənin inkişafına çalışırıq. Bir neçə il öncə Bakı-Düşənbə birbaşa reysini təşkil etmişdik. Üç ay fəaliyyət göstərdikdən sonra iqtisadi səbəblərə görə bağlandı. Bu reysin bərpası istiqamətində yenidən işləyirik. Əgər bu reys açılarsa, qarşılıqlı turizm səfərlərinin, gediş-gəlişlərin sayı da artar. Ümumiyyətlə, elə bir şərait yaradılmalıdır ki, turist ölkəyə rahat daxil olsun, gəzsin, dincəlsin. Eyni zamanda turizm infrastruktursuz mümkün deyil. Bu gün Azərbaycanda turizmin inkişafı üçün çox işlər görülür. Məsələn, mən Şahdağ turizm kompleksinə heyran oldum. Turizmin inkişafı üçün Azərbaycanda çoxlu hotellər də tikilir. Amma bir şey mənə aydın deyil ki, niyə onların əksəriyyəti beşulduzludur. Məncə, əhalinin orta təbəqəsinə aid olan hotellərin tikilməsi də nəzərə alınmalıdır.
Tacikistanda da çoxlu görməli yerlər var. Məsələn, Dağlıq Pamir vilayəti turistlər üçün əla məkandır. Düşənbədə yay olanda, bu vilayətdə qış olur. Safedorak da gözəl turizm məkanı hesab olunur. Zamanında bu ərazidə dağ xizəksürmə növündə idman yarışları da keçirilib. Bu mənada daha çox turizm məkanlarını saymaq olar. Turistlər bizim görməli yerləri gəzir, ölkənin cənubuna səyahət edirlər. Bundan başqa dağ turizmi, ov turizmi də turistləri cəlb edir. Tacikistanda mədəniyyət turizmi də inkişaf edib. Ölkəmizdə qədim tarixi abidələr bərpa olunur. Bu ərazilərdə infrastruktur qurulur, hotellər tikilir.

- Milli mətbəximizlə aranız necədir? Yeməklərimiz arasında fərq varmı?
- Azərbaycan mətbəxi çox dadlı və cəlbedicidir. İnsanlar da çox qonaqpərvərdir. Azərbaycan süfrəsinin fonunda bunu bir daha hiss edirsən. Bütün Qafqaz deyir ki, dolma bizim milli yeməyimizdir. Amma mən deyirəm ki, onu ən gözəl Azərbaycanda hazırlayırlar. Azərbaycan plovları da çox dadlıdır.

Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar