“Məgər sizə elə gəlir ki, şəkil fotoaparatla çəkilir? Xeyr, şəkli aparatın arxasındakı beyin çəkir”

İsmayıl Haykır Türkiyənin tanınmış fotoqraflarındandır. Bu günə qədər dünyanın bir çox ölkələrində olan, bu sənətin incəliklərini öyrənən İsmayıl bəy həm də fotoqraflığın bir fəlsəfə olduğunu düşünür. Hesab edir ki, çəkdiyi fotoşəkil onu təmizləyir, saflaşdırır və xoşbəxt edir. Bununla da bir növ özünü müalicə edir. Ötən il TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar Bakıda türkdilli ölkələrin fotoqraflarının görüşündə iştirak edən İ.Haykır layihə çərçivəsində bölgələrimizdə də olmuşdu. Onunla müsahibəmizdə fotoqrafçılıq fəaliyyəti, bu sənətin fəlsəfəsi barədə danışdıq.

- İsmayıl bəy, fotoqrafçılıq fəaliyyətinə nə zaman başladınız? Bu işi sizin üçün önəmli və fərqli edən nədir?
- Fotoqrafçılıq mənim peşəmdir, bu iş mənə həyəcan verir, həyatıma bir sevinc gətirir. Mən tamamilə öz sevdiyim işlə məşğulam və xəyallarımın ardınca gedirəm. Bu peşə ilə 18 yaşımdan məşğul olmağa başlamışam. Şəkil çəkmək mənim üçün çox anlamlı bir ritualdır. Bu məqamda mən yaxşı konsentrasiya olunsam, bütün duyğu və düşüncələrimlə başqa bir aləmə gedirəm. Beləliklə, mənim üçün zaman anlayışı yox olur. Şəkil məni təmizləyir, saflaşdırır və xoşbəxt edir. Bununla da bir növ özümü müalicə edirəm. Fotoşəkil bir fərdi inkişaf vasitəsi, özümü davamlı hazırladığım, inkişaf etdirdiyim bir anlayışdır. İstər qaranlıq, istərsə də işıqlı məkanda şəkil çəkməyin mənim üçün heç bir fərqi yoxdur. Çünki bütün bu işlərin üstündə sehrli bir məqam dayanır. Şəkildə işıq, rəng-biçim, məzmunla bağlı ortaya nə qoydunuzsa, bu, “nəyi necə göstərdiyinizin, necə anlatdığınızın” fotosudur.

- Ən çox hansı mövzular, görüntülər diqqətinizi çəkir və nə üçün?
- Alış-veriş qayğıları ilə əhatələnən müştəriləri daha çox çəkmişəm. Buraya həm də təbiət, insan, onların münasibəti, kənd fotoları da aiddir. İndi bir az dayanıb, düşünürəm. Çünki xəyallarım var. Oxuyuram, araşdırıram. Tarix, psixologiya, antropologiya, mifologiya ilə bağlı kitabları oxuyuram və oxuduqca təsirlənirəm, gəzirəm və qeydlər götürürəm. Xəyalımda bir dünya qururam. O məkanı beynimə yerləşdirirəm. Hətta bəzən xəyallar, məkan yuxuma da girir. Zamanı, mövsümü gözləyirəm. Bəzən bir neçə dəfə o məkana gedirəm. Xəyalımdakı işıq, kölgə və rəng meydana gələnə qədər gözləyirəm. Bu proseslərin içində şəkil çəkirəm. Mən fotojurnalist deyiləm. Sadəcə o anı çəkirəm. Əslində, gerçəklik mənə xəyali görünür, şəkillərimdə bunu əks etdirməyə çalışıram.

- Bu günə qədər sizi ən çox məmnun edən layihəniz hansı olub?
- 1984-cü ildə Şərqi Qara dəniz bölgəsində ilin 4 fəslində çalışmışam. Bundan başqa, Kənd Xidmətlər Baş Müdirliyinin fotoqrafı olaraq kənd fotoları portfoliosunu yaratdım. 1995-ci ildə rəqəmsal fotoqrafiya təhsili almaq üçün Amerikaya getməyim və bu texnologiyanın ölkəmizə gətirilməsində müəyyən rol oynamağım da mənim üçün yaddaqalan layihələr sırasındadır. 2000-ci ildə İngiltərədə şair dostum Fadil Oktay ilə bir fotoqalereyaya getdik. Qalereyanın müdiri türk olduğumuzu və eyni zamanda fotoqraf olduğumuzu anlayınca bizə qarşı münasibəti dəyişdi. Deyirdi ki, Türkiyə bir fotoqrafiya muzeyidir. Türkiyəyə dönüncə bu mövzu üzərində düşündüm. Xeyli qurum, insan, alim, idarəçi, məsləhətçi ilə görüşdüm. Bölgə-bölgə gəzərək sənəd topladım. Hansı ölkəyə getdimsə, orada bir fotoqrafiya muzeyi, qalereyası axtardım. Fotoların saxlanması, təqdimatı, bu sahədə təhsil barədə çox şeylər öyrəndim. Demək olar ki, hər gün foto-muzeylərin internet səhifələrinə baxıram. Mən muzey işçisi deyiləm, bu sahədə təhsil almadım, amma 8 min səhifəyə yaxın sənəd, yazı və s. toplamışam. Ankarada bir foto-muzeyin olmasını istəyirəm.

- Bu sahədə peşəkar, sənətkar olmaq, sizcə, nə deməkdir?
- Sənətkar olmaq fərqli bir məqamdır. Məgər sizə elə gəlir ki, şəkil fotoaparatla çəkilir? Xeyr, şəkli aparatın arxasındakı beyin çəkir. Bu beynin inkişaf macərasına, işinə cəmləşməsinə, şüur səviyyəsinə baxmaq lazımdır. Əminliklə deyə bilərəm ki, şüurla çəkilən hər bir fotonun içərisində sənət var. Amma şüursuz çəkilən fotolar sadəcə görüntüdür. Bir fotoaparatınız ola bilər və şəkil çəkməyi öyrənə bilərsiniz. Əgər siz daha gözəl şəkil çəkməyi öyrənsəniz bu sənətdən bir daha əl çəkməyəcəksiniz. Çünki “sevən buraxmaz” deyirlər. Şəkil çəkmək sizin üçün bir istəyə çevriləcək. Fotoaparatınızla sizin aranızda sanki bir əlaqə yaranır. Beləliklə, sevdiyiniz aparatı əlinizə aldığınız an sizin üçün hər şey yaxşı olur.

- Fotoqraf kimi fəaliyyətinizdə yəqin sizi çox təsirləndirən hadisələr də olub?
- Bir dəfə Ankarada küçənin düz ortasında övladına süd verən ana ilə rastlaşdım. Bilirsiniz, Türkiyədə heç bir qadın küçədə bu hərəkəti etməz. Amma qadın o qədər sərbəst idi ki, sanki, ətrafında heç kim yoxdur. Həmin an mən ondan soruşdum ki, şəklini çəkə bilərəmmi? O isə cavabında, əlbəttə, nə var ki burda, dedi. Mən yalnız bir foto çəkə bilərdim və o uğurlu alınmalı idi. Belə də oldu. Mən çobanları da çox sevirəm. Bir çobanın şəklini çəkmişdim. Sən demə, 40 ildir ki, o bu işlə məşğul olurmuş. Bir kötüyün üstündə əyləşib söhbət etdik. Mən çobanın gözüylə qoyunları, daşları, ağacları, buludları, çayır-çəməni, bir sözlə, bütün ətrafı çəkdim. İllər sonra fotoqraflarla qrup şəklində yenidən o yerlərə gedəndə, çobanla rastlaşdıq, amma bir-birimizi tanımadıq. O bizdən “fotoqraf İsmayıl Haykırı tanıyırsızmı?” deyə soruşdu. Sonra cibindən kiçik fotoalbomunu çıxarıb bizə göstərdi və dedi: “İsmayıl bəy hər gün mənim baxdığım əşyaların, yerlərin şəklini çəkib, sonra da mənə göndərib. Beş ildir ki, onlara baxıram. Bu günə qədər mənim şəklimi çəkənlər çox oldu, amma heç biri mənə göndərmədi”. Təəccübdən donmuşdum və heç nə deyə bilmirdim. Bu hadisəni də unuda bilmirəm.

- Foto sənətində texnoloji yeniliklərə münasibətiniz necədir?
- Texnologiyanın inkişafı bir axın, sanki bir çaydır. Onu geriyə qaytarmaq, dayandırmaq mümkün deyil. Fotoqrafiyanın özü zatən bir texnologiyadır. Əgər bunu inkar edən varsa, həmin adam güzgü qarşısına keçib özünü sorğu-sual etsin. Bu işdə yeni, müasir avadanlıqların olması olduqca vacibdir. Mən bunu Amerikada olarkən anladım. Amma fotoqraflıq ayrı peşə, avadanlıqla məşğul olmaq isə başqa peşədir. Mənim hər zaman kifayət qədər avadanlığım oldu. Əlbəttə, bu həm də maliyyə tələb edir. Fotoqrafın avadanlığı olaraq üç ayaq (tripod) ən önəmlisidir. Yeni nəsil aparatlar da mütləq olmalıdır. Ən vacibi batareya və yaddaş kartlarımız bol olmalıdır.

- Ötən il Bakıda türkdilli ölkələrin fotoqraflarının görüşündə iştirak etdiniz. Paytaxtımızda və onun ətrafında müxtəlif məkanları lentə aldınız. Hansı təəssüratla ayrıldınız Bakıdan?
- Bakıya ilk dəfə gəlmişdim. Bu günə qədər Avropanın demək olar bütün şəhərlərində, Amerikada, Rusiyada olmuşam. Amma indi başa düşdüm ki, mən öncə Bakıdan başlamalı idim. Bakı doğrudan da fərqli bir şəhərdir. TÜRKSOY türkdilli ölkələrin fotoqraflarını bir araya gətirir, onların əsərlərindən ibarət kataloqlar tərtib edir. Bunlar çox gözəldir. Bu sırada Bakı və Azərbaycanın bir sıra rayonları ilə bağlı bir kataloq da hazırladıq. Bu çox möhtəşəm bir albom idi. Bakı fotoqraflar üçün heyrətamiz məkandır. Hətta mən Azərbaycan fotoqraflarına bir az əsəbiləşirəm də. Bakını yaxşı tanıda bilməyiblər. Mən binalar, küçələrlə yanaşı, insanların da fotolarını çəkirəm. Xüsusilə İçərişəhəri bəyəndim. Azərbaycan fotoqrafları ilə bir işbirliyi qurmaq, onların Ankarada sərgisini keçirməyi qərara aldıq. Mən özüm də Bakıda sərgi keçirmək niyyətindəyəm.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar