“Kağız kitab hələ yarım əsr də öz mövqeyində qala bilər” deyən nazirin fikrincə, insanlarda antikitab ovqatı yaradan kitabxanalar ləğv olunmalıdır

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev “Kitabçı” jurnalına geniş müsahibə verib. Səlim Babullaoğlu və Seyfəddin Hüseynliyə müsahibəsində nazir Əbülfəs Qarayev ölkənin mədəniyyət həyatına, turizm sferasına və digər mövzulara aid sualları cavablandırıb.

Səlim Babullaoğlu: Cənab nazir, əvvəla Sizə təşəkkür edirəm ki, “Kitabçı”ya müsahibə verməyə razılaşdınız və vaxt ayırdınız. Bilirik ki, Mədəniyyət və Turizm Nazirliyi özündə bir neçə sektoru birləşdirir. İstərdim, nazirliyin adında axırda gələn turizmdən başlayaq söhbətimizə. 2009-cu ildə Sizinlə söhbətimiz zamanı dediyiniz statistikanı xatırlayıram: 2002-ci ildə ölkəyə 850 min nəfər turist gəlmişdisə, 2009-cu ildə bu artıq 1 milyon beş yüz min nəfərə yaxın idi. Dövlət Statistika Komitəsinin son açıqlamalarından qeydlər elədim, belə məlum olur ki, son zamanlar turistlərin sayı dörd dəfədən də çox artıb. Bu göstərici nə qədər dəqiqdir?
Əbülfəs Qarayev: Bizim Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistika ölçüləri bir az beynəlxalq turizm təşkilatının ölçü vahidlərinə uyğunlaşmır. Ona görə də biz bu günlərdə turizmin idarəetməsində yeniliklərin tətbiqi məqsədilə Avropa İttifaqı ilə birgə layihə hazırladıq və təqdimatını da keçirdik. Növbəti mərhələdə Azərbaycanda turizm statistikasının təkmilləşdirilməsinə dair yenə də Avropa İttifaqı ilə yeni layihə üzərində düşünürük. Ümumdünya Turizm Təşkilatının verdiyi real rəqəmlər ölkənin sərhədlərini keçmiş insanların sayına əsaslanır. Tutalım, bu gün biz Fransa üzrə 30 milyon turistin sayından danışanda Fransa sərhədini keçmiş insanların sayını nəzərdə tuturuq. Bütün dünyada belə qəbul olunur, sərhədi keçən hər bir əcnəbi o ölkəyə getmiş turist sayılır. Bu, dünyada insanların gediş-gəlişini, mübadiləsini əks etdirən bir normadır. Statistika Komitəsinin turizmlə bağlı verdiyi rəqəmlər təxminən 4-5 dəfə artırılıb. Çünki mehmanxanaların, hotellərin və orada qalan insanların sayı artıb. 2005-ci ildə, məsələn, mehmanxanalarda 230 min insan qalırdısa, bu gün o rəqəm 999 mindir.
Səlim Babullaoğlu: Mehmanxana tikintisində də 5,5 dəfə artım qeyd olundu. Hazırda ölkədə neçə hotel, mehmanxana var?
Əbülfəs Qarayev: 2001-ci ildə hotellərin sayı 195 idisə, hazırda Azərbaycanda 550-dən artıq hotel var. Amma onlardan bir çoxu fəaliyyətini qanunsuz həyata keçirir. Biz onların bəzilərinin işini məhdudlaşdırırıq və bəzilərinin sənədləşdirilməsi prosesi gedir. Real olaraq, yataq yerlərinin miqdarı 2001-ci ilə nisbətən 4 dəfə artıb. Bu gün Azərbaycanda turistləri normal yerləşdirmək üçün 35-40 min yerlik yataq var, amma vaxtilə 9 min idi. Onların da cəmi 5 mini Bakıda olmaqla, səviyyəsi heç də müasir standartlara uyğun deyildi. Amma indi Bakı şəhərində 15 minə qədər yerimiz var. Onların da 7-8 mini artıq yüksək, yəni dördulduzlu, beşulduzlu hotellər səviyyəsindədir. Bu proses gedir və gedəcək. Ümumdünya statistikasına görə, Azərbaycanda 2001-ci ildə 436 min nəfər sərhədi keçmişdi, hazırda bu rəqəm 2 milyon 500 mini ötüb, yəni beş dəfə artıb.
Səlim Babullaoğlu: Cənab nazir, beynəlxalq tədbirlərin birində qeyd eləmisiniz ki, əcnəbi turistlər üçün Bakı və ətraf regionlar daha çox cəlbedicidir. Hansı regionlardan söhbət getdiyini bilmək istərdik.
Əbülfəs Qarayev: Sözsüz ki, bu gün Azərbaycanın inkişaf tempi hər yerdə qonaq qəbul etməyə imkan verir. Muzeylərimiz, saysız-hesabsız tarixi abidələrimiz var, şəhərlərdə, rayonlarda abadlıq, təmizlik işləri görülüb. Sözsüz ki, turizm istiqamətlərinin müəyyənləşməsinə iqlim, ənənəvi turizm maraqları, daha çox mədəni irs nümunələri - tarixi abidələrin mövcudluğu təsir göstərir. Və hər bir turizm növü üçün şərait olmalıdır. Əgər kiməsə mədəni turizm maraqlıdırsa, tarixi abidələrlə maraqlanırsa, İpək Yolu üzərində yerləşən Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax və Balakəndə dəyərli abidələrimiz var. Gədəbəy, Qazax zonası da həm arxeoloji, həm də tarixi-mədəni abidələr baxımından zəngindir. Ov ilə maraqlananlar, təbii ki, İmişli, Biləsuvar, Lənkəran zonasına üz tuta bilər. Bizdə Bakı şəhəri və 7 perspektiv istiqamət strateji əhəmiyyətli sayılır. Bunlardan biri Naxçıvandır. Çox böyük dəyər və maraq kəsb edən istiqamətdir. Digər bir istiqamət isə əzəli Azərbaycan torpağı olan Qarabağdır və hazırda real səfərlər həyata keçirə bilməsək də, bu istiqamət bizim turizm konsepsiyamızda xüsusi yer alır. Sonra, bayaq qeyd etdiyim, İpək Yolu üzərində olan şimal-qərb istiqamətini vurğulaya bilərəm. Ayrıca şimal istiqaməti - Xaçmaz, Dəvəçi, Quba, Qusarda müxtəlif növ turizm infrastrukturu mövcuddur. Cənub istiqaməti - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı gözəl mənzərəli, ekoloji turizm baxımından çox əlverişli yerlərdir. Qərb istiqaməti də perspektivlidir. Aran zonası özünəməxsus turizm imkanları ilə geniş istifadə oluna bilər.
Səlim Babullaoğlu: Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında turizmin qlobal etik kodeks sazişi imzalanıb. Burada, təbii ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti və bilavasitə tövsiyələri olub. Sizcə, bu saziş turizm biznesinə nə verəcək, nə cür təsir edəcək?
Əbülfəs Qarayev: Təsir deməzdim, amma bu, bizim məsuliyyətimizin artmasına təkan verəcək. Bu gün inkişaf etmiş ölkə kimi hər sahədə etik normaları da inkişaf etdirmiş olmalıyıq. Söhbət nədən gedir? Meşələri zibilləməmək, tarixi abidələrin üstündə yazılar yazmamaq kimi normal anlayışlar, bəlkə də, heç bir qanunvericilikdə öz əksini tapmayıb. Amma turistlərin etik davranış qaydaları, tövsiyə olaraq, ümumən bütün ölkələrə verilib. Assosiasiya tərəfindən onun imzalanması və əlbəttə, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə bunun hazırlanması da ondan xəbər verir ki, bu gün turist şirkətləri öz işlərini təşkil edərkən turistlərin düzgün davranışına xüsusi diqqət verməlidirlər və onların layihələrində bütün bu incəliklər öz əksini tapacaq. Və bu, daha sivil qaydada turizm axınının formalaşdırılması və gücləndirilməsi üçün bizə şərait yaradacaq. Bu, çox müsbət haldır. Qeyd etmək istəyirəm ki, son dövrlərdə Azərbaycan Ümumdünya Turizm Təşkilatı ilə əlaqələrini xeyli genişləndirib. Tariximizdə ilk dəfə olaraq Azərbaycan növbəti dörd il üçün Ümumdünya Turizm Təşkilatı icra komitəsinin üzvlüyünə seçilib. Heç də ondan az əhəmiyyətli olmayan başqa bir məqam da bizim Turizm Assosiasiyasının Ümumdünya Turizm Təşkilatında vitse-prezident seçilməsidir.
Səlim Babullaoğlu: Bu il turizmlə bağlı dövlət proqramı başa çatır. Sizcə, proqramda qarşıya qoyulmuş məqsədlərə, hədəflərə nə dərəcədə nail olunub?
Əbülfəs Qarayev: Rəsmi olaraq o proqramda nəzərdə tutulmuş bəndlərin 90-95 faizi artıq icra edilib. Cənab Prezident tərəfindən 2011-ci ilin Turizm İli elan olunması da proqramın uğurla həyata keçirilməsində böyük rol oynadı, proqramın icrasına çox müsbət təsir göstərdi. Sadəcə, xarakterim etibarilə, yəni bütün məsələlərə çox ciddi tələbkarlıqla yanaşdığım üçün hər bir görülən iş məni tam qane etmir, buna görə də hesab edirəm ki, şəxsən mən bəzi işləri kifayət qədər uğurla, arzuladığım səviyyədə görə bilmədim. Məsələn, görürəm ki, bu sistemdə - turizm və mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi istədiyim səviyyədə deyil. Baxmayaraq ki, böyük nailiyyətlərə imza atmışıq. Kataloqlaşdırma işləri yüksək səviyyədə aparılıb. Ölkədə yeganə olan GoMap var. Gündə 12 min adam oraya daxil olub özünə lazım olan informasiyanı ala bilir. Ancaq mən bundan da artığını istəyirəm. Nazirliyin daxilində müasir informasiya texnologiyaları vasitəsilə idarə oluna biləcək yeni bir sistem haqqında düşünürəm. Bu günlərdə Kukla Teatrında iclas keçirdik, orada da müasir texnologiyalardan istifadənin vacibliyini vurğuladım. Bu işləri gecikmədən, vaxtında həyata keçirmək lazımdır.

(Ardı var)

“Kitabçı”, №5, iyul-avqust 2014
Fotolar Orxan Əzimindir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar