“Mədəniyyətlə bağlı silsilə tədbirlər keçirmək istəyirik. Bu sıraya musiqi qruplarının səfərləri, sərgilər daxildir. Əminəm ki, səfirliyin açılması bizə bu əlaqələri inkişaf etdirməyə və əməkdaşlığın daha da möhkəmlənməsinə yardımçı olacaq”.

Azərbaycan və Kolumbiya arasında diplomatik münasibətlər 1994-cü il dekabrın 13-də qurulub. Ölkələrimiz arasında kifayət qədər uzaq məsafənin olmasına baxmayaraq, artıq müxtəlif sahələrdə əməkdaşlıq qurulub. Kolumbiyanın müvəqqəti işlər vəkili cənab Assad Jose Jater Pena ilə müsahibəmizdə bir sıra məqamlara toxunduq.

- Kolumbiyanın ilk diplomatik nümayəndəsi kimi Azərbaycana təyinatı necə qarşıladınız? İki ölkə arasında əlaqələrin perspektivini necə görürsünüz?
- Azərbaycana müvəqqəti işlər vəkili təyinatını böyük məmnuniyyətlə və məsuliyyətlə qarşıladım. Bizim işimiz iki ölkə arasında yaranmış əlaqələri müxtəlif sahələrdə daha da dərinləşdirməkdir. Kolumbiyanın Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması bizim münasibətlərimizin yaxşı olmasından xəbər verir və biz bu əlaqələri daha da möhkəmləndirməyə çalışacağıq. Ümidvaram ki, mövcud münasibətlərimiz inkişaf edərək ticarət, mədəniyyət, təhsil və s. sahələri əhatə edəcək.

- Ölkəmizə gələnə qədər onun tarixi, mədəniyyəti haqqında nə bilirdiniz və hazırda sizdə necə bir təəssürat formalaşıb?
- Ölkələrimiz arasında kifayət qədər uzaq məsafə mövcuddur. Buna baxmayaraq, Azərbaycanın qədim və maraqlı tarixi, mədəni zənginliyi barədə məlumatım vardı. Bilirdim ki, Azərbaycan musiqinin çox inkişaf etdiyi ölkədir, muğam musiqisi, dahi klassik musiqiçiləri və caz korifeyləri var. Əlbəttə, buraya gələndən sonra sizləri daha yaxından tanımaq imkanına nail olmuşam. Azərbaycanda olduğum qısa müddətdə Quba, Qəbələ və Naxçıvana getmək imkanım olub. Ümid edirəm ki, gələcəkdə bu səfərlərimin sayı artacaq. Vəzifə fəaliyyəti müddətində xalqınızı, tarixinizi, mədəniyyətinizi və coğrafiyanızı daha yaxşı tanımaq imkanım olacaq.

- Kolumbiyada Azərbaycanı nə dərəcədə tanıyırlar?
- Kolumbiyalılar Azərbaycan haqqında az məlumatlıdırlar. Keçmiş Sovet İttifaqı haqqında məlumat daha genişdir. Bizim məqsədlərimizdən biri də Azərbaycanı Kolumbiyada, Kolumbiyanı isə burada daha çox tanıtmaqdır. Əlbəttə, qarşılıqlı səfirliklərin fəaliyyəti bu prosesi daha da sürətləndirəcək.

- Xalqları yaxınlaşdıran ən mühüm amillərdən biri də mədəniyyətdir. Məsələn, Azərbaycanda Kolumbiyanı dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes, məşhur müğənni Şakira və bir də qəhvəsi ilə tanıyırlar. Bu mənada mədəniyyət sahəsində əlaqələrimizi necə inkişaf etdirmək olar? Səfirlik olaraq hansı mədəniyyət layihələrini həyata keçirməyi planlaşdırırsınız?
- Bu istiqamətdə çalışırıq. Kolumbiyadan bir sıra incəsənət qruplarını (Colegio del Cuerpo, Süing Latino və Yurgake) Azərbaycana gətirdik. Mən əminəm ki, səfirliyin açılması bizə bu əlaqələri inkişaf etdirməyə və əməkdaşlığın daha da möhkəmlənməsinə yardımçı olacaq. Eyni zamanda dinamik şəkildə digər sahələr üzrə mübadiləyə də yol açacaq. Ümid edirik ki, Bakıda Kolumbiya mədəniyyəti tədbirləri, eləcə də Kolumbiyada da Azərbaycan mədəniyyəti tədbirləri keçirəcəyik. Məsələn, bu yaxınlarda bizim dahi yazıçımızın anımı ilə bağlı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında, digər bilik ocaqlarında olduq, onlara Qabriel Qarsia Markesin kitablarını hədiyyə etdik. Milli Kitabxananın direktoru ilə Azərbaycan-Kolumbiya mədəni əlaqələrindən, kitab və təcrübə mübadiləsi imkanlarımızdan söhbət açdıq. Bu işləri ilboyu davam etdirəcəyik. Markesin xatirə tədbirini də keçirmək fikrindəyik.
Ümumiyyətlə, mədəniyyətlə bağlı silsilə tədbirlər keçirmək istəyirik. Bu sıraya musiqi qruplarının (yeri gəlmişkən, bir neçə ay əvvəl “Monsier Perine” musiqi qrupu səfirliyin iştirakı olmadan Azərbaycana gəlmişdi) səfərləri, sərgilər daxildir. Təhsil sahəsində əlaqələrimizi də qeyd etmək lazımdır. İki ölkənin Xarici İşlər nazirlikləri arasında bağlanmış müqaviləyə əsasən Kolumbiyadan bir neçə müəllim Azərbaycanda diplomatlara ispan dili dərsi deməyə gəliblər. Azərbaycanlı diplomatlar arasında bu dərslərə böyük maraq var.

- Ölkəmizdə qısa müddətə olmanıza baxmayaraq, bəzi regionlarımıza səfər edibsiniz. Təəssüratınız necədir?
- Qeyd etdiyim kimi, Qubada, Qəbələdə, Naxçıvanda və həmçinin Qobustanda olmuşam. Hamısı çox böyük tarixə malik, cəzbedici yerlərdir. Kolumbiya da, Azərbaycan kimi, müxtəlif iqlim şəraitinə malikdir. Hətta demək olar ki, Latın Amerikası ölkələri arasında coğrafi baxımdan ən çox müxtəlifliyi olan ölkələrdəndir. Ölkəmizin bir tərəfi Amazon cəngəlliyi, digər tərəfi And dağlarıdır, həmçinin Sakit okean, Karib dənizi sahilləri var. Hər regionun da özünəməxsus iqlimi və təbiəti. Üstəlik, bu cür fərqli özəlliyə malik bölgələrin mədəniyyəti, məişəti, musiqisi və s. fərqlidir. Məsələn, Bakı Karib hövzəsindəki şəhərlərə bənzəyir. Eyni zamanda Quba da Kolumbiyanın dağlıq regionlarına oxşayır.

- Turizm əlaqələrimizlə bağlı nə deyə bilərsiniz? Ölkələrimiz arasında kifayət qədər uzaq məsafənin olmasına baxmayaraq, bu sahədə əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, turizm əlaqələrimizi inkişaf etdirmək mümkündür. Müasir və qloballaşan dünyada məsafə problem deyil. İstənilən hər bir yerə təyyarə və digər nəqliyyat vasitəsilə getmək mümkündür. Ötən ilin dekabrında Kolumbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi. Beləliklə, əgər Azərbaycan turisti Kolumbiyaya gəlmək istəsə, heç bir vizaya ehtiyac yoxdur və əlbəttə ki, bu sizin turistlərin ölkəmizə girişini asanlaşdırır. Ümid edirik ki, Azərbaycanda da bizim turistlər üçün viza rejimi ləğv ediləcək. Birbaşa uçuşun olmaması heç də turizm səfərlərini mürəkkəbləşdirmir. Düşünürəm ki, turizm Azərbaycanda da inkişaf etdirilir və bu öz uğurlu nəticələrini verməkdədir. Ölkələrimiz arasında qarşılıqlı turizm səfərlərini genişləndirmək, inkişaf etdirmək həm də diplomatik nümayəndəliklər olaraq bizim üzərimizə düşür. İstəyirik ki, yaxın gələcəkdə Azərbaycandan daha çox insan Kolumbiyaya, bizim ölkəmizdən isə Azərbaycana gəlsinlər.

- Kolumbiya Azərbaycan turistlərinə hansı turizm növlərini təklif edə bilər?
- Biz turistlərə turizmin hər bir növünü təklif edə bilərik: mədəni, çimərlik, ekoloji və s. Həmçinin hamısını bir yerdə təqdim edə bilərik. Məsələn, bizim Karib dənizi və Sakit okean sahilləri boyunca uzanan gözəl, kəşf olunmamış çimərliklərimiz var. Bildiyiniz kimi, Kolumbiya dünyada qəhvə istehsalında Braziliyadan sonra ikinci, həmçinin dünya bazarına ən yumşaq qəhvə çıxaran ölkədir. Kolumbiyanın bir çox ərazilərində qəhvə yetişdirilir. Lakin bir region var ki, orada bu məhsulu həm yetişdirir, həm də onu turistlərə təqdim edir. Bu məkana səfər edən turistlər qəhvənin yetişdirilməsindən tutmuş onun hazırlanmasına qədər bütün detalları öyrənə bilirlər. Bundan başqa, turistlərin Kolumbiyada müxtəlif turizm növlərini birləşdirmək imkanları da var. Ona görə ki, ölkə həm iqlim, həm də coğrafi baxımdan müxtəlifliyə malikdir. Məsələn, Karib ətrafı ilin bütün fəsillərində isti və günəşli olur. Amma dağlıq yerlər bir az daha soyuq olur. Bir səyahətlə Kolumbiyada müxtəlif yerlər, iqlim, fərqli insanlar, müxtəlif musiqi növləri kəşf etmək olar. Ölkəmiz həm də dünyada quş turizmi ilə də tanınır. Dünyanın istənilən ölkəsindən Kolumbiyaya xüsusi olaraq bu quşları görmək üçün turizm səfərləri edirlər. Ölkədə həmçinin dərin cəngəlliklər də mövcuddur. Məsələn, Panama, Amazon cəngəllikləri. Bundan başqa, dağlarda da müxtəlif turizm növləri aşkar etmək olar. Bütün bu zənginliyi görmək üçün hər il ölkəmizə xeyli turist səfər edir.

- Milli mətbəximizlə aranız necədir?
- Sizin milli mətbəxi ilk gündən çox bəyəndim və ona görə də burada yemək yeməyimdə heç bir problem olmadı. Sizin ət, balıq yeməkləri çox dadlıdır. Plovu isə çox xoşladım. Plov Kolumbiya mətbəxində bir yeməyə bənzəyir.

- Bakıda olduğunuz müddətdə teatra, konsertə getmək imkanınız olubmu? Ümumiyyətlə, boş vaxtlarınızda nə etməyi xoşlayırsınız?
- Çox şadam ki, bu günə qədər bir sıra musiqi tədbirlərində iştirak edə bilmişəm. Kolumbiyada olarkən Azərbaycan xalq musiqisi - muğam haqqında eşitmişdim. Burada isə onu dinlədim və çox zövq aldım. Ümid edirəm ki, Bakıda işləyəcəyim müddətdə daha çox tədbirdə iştirak etmək imkanım olacaq. Boş vaxtlarımda bulvara gedirəm. Çünki bu məkanı çox sevirəm. Qədim şəhərdə gəzməyi, tarixi yerlərlə tanış olmağı da xoşlayıram. İçərişəhər turizm baxımından çox gözəl məkandır. Kolumbiyada da UNESCO-nun irs siyahısına düşən belə yerlər var.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar