Kişilər

Dünyada gör necə kişilər vardı
Dünyadan gör kimlər köç etdi, qardaş?
Bu dünya nədi ki, dünənin ardı,
Kişidən kişiyə keçiddi, qardaş!

Ayrılıq

Görürəm, məni eşitmirsən,
Məni görmürsən, görürəm...
Harda durmusan, qardaş, -
görüşdüyümüz
o gözəl yerdə.
Hara cəhənnəm olub
getmişəm ee... qardaş, -
dünyanın  bu başıdı,
      mənəm bir də!
Necə eşidəsən məni, qardaş,
necə eşidəsən?
Necə görəsən məni, qardaş,
necə görəsən?
Sən görüşdüyümüz
o gözəl yerdə,
mən dünyanın bu başında,
cəhənnəmin dibində!

Tüstü və isti

Bir az tüstü,
dalınca isti...
Bir az tüstü,
dalınca isti...
Bir qullab tüstü,
dalınca isti;
Qutuda siqaretlər
Balalayır elə bil,
Araq şüşəsinin dibindən -
Çeşmə çağlayır elə bil.
Nə tüstü tükənir,
nə də ki, isti!
Bir az tüstü;
bir az isti...
Canı qoymağa
ən sərin yer
torpağın altıdı, qardaş, -
orda nə tüstü var,
nə də ki, isti...

Təvəqqe

Sizə göndərirəm təzə şeirimi,
"A"dan, "Ze"yə kimi məzə şeirimi.
Sevişin onunla, oynaşın, gülün,
Amma gətirməyin gözə şeirmi.
Halal olsun

Üstümə sığmayan dərd - qaynar ütü
Baxmır ki, fəqirəm, gəlmişəm kənddən.
Mənə halal olsun anamın südü,
Çünki sağ çıxıram hər fəlakətdən.

Anama doğru

Hər an bir an
Gedirəm anama doğru ,
Hər saat bir saat
gedirəm anama doğru,
Hər ay bir ay
gedirəm anama doğru,
Hər il bir il
gedirəm anama doğru...
Elə bil gəlir yuxum,
elə  bil gəlir yuxum
Vaxt ötür oğrun-oğrun..
gedirəm anama doğru!

Kitab

Demə ki, varağımdan
Niyə boylanır qüssə...
Çünki köhnə kitabam -
tirajsız,
     bircə nüsxə.

Qız və söz

Qız var, yerişi gözəldi,
qız var, gülüşü gözəldi,
Qız var, hər işi gözəldi...
Söz var, könül açır,
Söz var, qüdrət saçır,
Söz var, gəlişi gözəldi...

Bu da belə bir sözdü,
ucun  tutduq, düzəldi!

Uzaq ətraf

Bir də gördün ki, Ay
        toxundu mənə,
ya
   qanım qaynadı Gün işığından...
Uzaqlar...
         nə qədər yaxındı mənə,
Nə qədər uzağam öz ətrafımdan?..

Keşkə

Ana haqqında
ana südü kimi
pak və halal
bir şeirim olaydı
     keşkə -
mənim kimi
atasız, anasız
yetimin
anası haqqında,
planetimin
anası haqqında...

Əsl yanmaq

Nə var e.. səril quma
Canın bişsin ət kimi.
Tər axsın dama-dama,
Qan bərkisin mət kimi.

Göz qırpımında nədən
Alışmaq istəyirsən?
Üstünə benzin tökən
Gəlin deyilsən ki, sən!

Od alıb qəfil yanmaq
Bir az harın yanmaqdı.
Dərdə müvafiq yanmaq
Korun-korun yanmaqdı...

Gecə qadın

Üzüb əldən salır qayğı canımı,
Adam gözün örtüb necə yeriyir?
Bürünüb qaraya ərəb xanımı
Elə bil üstümə gecə yeriyir...

Getmək

Yerinə getmək nədi ki? -
dibə  getməkdi!
Dərinə getmək nədi ki? -
çöpə getməkdi.
Yeməyə getmək nədi ki? -
axura getməkdi.
Diləyə getmək nədi ki? -
başqa bir adı yox;
         xain getməkdi.
Cənnətə getmək nədi ki? -
yerin üstündən
yerin altına
arxayın getməkdi...

Xoşbəxtlik anı

Bilirsənmi, qardaş,
mən xoşbəxt oluram
nə zaman,
hansı anda? -
Nəfəsim
axıra qədər gedib
qayıdanda...
Bu,
xoşbəxtliyə verilən
əsl qiymət, deyil fəqət!
Nəfəsim  oldu, olmadı; var o -
O xoşbəxtlik,
mənə qismət deyil fəqət!

Vedrə

Kasam dolsun deyə gəzmədim çeşmə,
Su alıb gedirəm,
              vədə vaxtıdı,
Axıtdım gözümdə nə qədər yaş var -
Dolub-daşdı vedrəm,
                vida vaxtıdı!

Fəlsəfi qafiyə

Nədir dinin
Dövlətdən ayrı olmağı? -
                 Siyasət!
İnsanın
Allahdan
ayrı olmağı nədir bəs? -
               Fəlakət!

Yarımçıq

Zəhləm gedir
yarımçıq işdən.
Yarımçıq işlərin
mənası yoxdu -
məsələn,
mənə görə ölmək
susuzluqdan  yanarkən
su içmək kimi xoşdu...
Ölmək istəmirəm di gəl,
Çünki əlimdə
yarımçıq işlərim çoxdu.

Sözə baxmayan

Baxmaram heç kəsin sözünə
Deyilən sözdən çıxaram.
Söz baxsa mənim sözümə
Mən sözün sözünə baxaram.

Qızıl orta

Sən mələk deyildin,
amma necə xoşbəxt idin,
                        xoşbəxt...
Yuxarıda Allah vardı,
aşağıda xalq -
Allah aparmaq,
xalq boğmaq
istəyirdi səni...

Amma ki, eyninə deyildi
nə göydəki qızıl baxt,
nə yerdəki qızıl taxt...

Qızıl orta deyirlər buna,
Qızıl ortada yaşayan
Yenilmir heç vaxt...

Yastıq

Saçımı yolmuram keçəl başımdan
Nağara çəkməyə, dəf eləməyə.
Gəlir gözləmirəm heç bir işimdən,
Mən iş görmürəm ki, nəf eləməyə...

Kiməmsə işim də adıma layiq
Yastıq düzəldirəm,
            əlimdə qıyıq;
Öləndə başımın altına qoyub
Axirət taxtında kef eləməyə.

Yoxluq

Qara daşa çırpılan
ucu yanıq ox idim.
Nə idim ki, nə qalam,
yalan sözdü çox idim.

Qupquru şaxşax idim -
Puçluq içində yaxam.
Min il əvvəl yox idim,
Elə indi də yoxam!

İstəyirəm, istəmirəm

Niyə beləyəm axı,
Halım dəmbədəm gedir?
Bir damarım süd arxı,
O birindən qəm gedir.

Haçan ki tünlük olur  -
açılmayan xəmirəm,
hamı  mənə yük olur,
hamıdan zəhləm gedir;
üzlərinə demirəm.

Elə ki, vaxtı yorub,
Elə ki, qalıram tək
Az qalıram ki, durub
divarları gəmirəm.

Bir mənəmmi dəmbədəm? -
Heç kimi pisləmirəm.
Tək olmaq istəyirəm,
həm də ki, istəmirəm...







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar