Oktyabrın 20-21-də Moskvanın ən böyük konsert zalında - “Krokus Siti Holl”da Vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq müsabiqəsi keçiriləcək.

   Müsabiqə ilə bağlı “Metropol” hotelinin konfrans salonunda münsiflər heyətinin sədri, SSRİ Xalq artisti Tamara Sinyavskayanın və Müslüm Maqomayev adına Fondun təsisçisi Araz Ağalarovun mətbuat konfransı keçirilib.
   Tamara Sinyavskaya müsabiqəyə hazırlığın son mərhələsindən danışaraq bildirib ki, bu il sənət yarışmasında 10 ölkədən - Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Almaniya, Koreya Xalq Demokratik Respublikası, Monqolustan, ABŞ, Özbəkistan və Ukraynadan 18 ifaçı iştirak edəcək: “Müsabiqə həm də ona görə unikal xarakter daşıyacaq ki, burada vokalçılar öz istedad və bacarıqlarını həm klassik, həm də estrada repertuarının ifasında göstərməlidirlər, bundan başqa, iştirakçıların ifa edəcəyi proqram təkrar olunmayacaq. Birinci gün vokalçılar opera və estrada əsərlərini, ikinci gün isə SSRİ Xalq artisti Müslüm Maqomayevin repertuarından əsərlər ifa edəcəklər”.
   Araz Ağalarov bildirib ki, müsabiqədə iştirak etmək üçün 230 ərizə verilib və son dərəcə ciddi seçim olub. Bu seçim çox gözəl vokal göstəriciləri olan layiqli ifaçıları aşkara çıxarmışdır: “Müsabiqə maraqlı olacaq, çünki bərabər imkanlar şəraitində ən yaxşı ifaçı qalib gələcək”.
   Bu il müsabiqənin münsiflər heyətində Rusiya, Azərbaycan, İtaliya və Latviyadan görkəmli incəsənət xadimləri, musiqiçilər yer alıb. Onların arasında SSRİ-nin və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də var.