Prezident İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan Respublikası vətəndaşlarını və xarici ölkələrdə yaşayan soydaşlarımızı təbrik edib. “Qurban bayramı islamın bir din kimi tamamlandığı və insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümüdür. Əksər müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına kəsilən qurbanlarla Allaha yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Qurban bayramı həm də xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. Azərbaycanda hər il böyük fərəh hissi ilə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir. Mübarək Qurban bayramı günündə hamınıza Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram”, - deyə təbrikdə vurğulanır.