Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində əlaqələri ilbəil genişlənir. Bu əməkdaşlığın inkişafına qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də əhəmiyyətli töhfə verməkdədir. Belə tədbirlər sayəsində dünya xalqları Azərbaycanın, xalqımız isə dünya ölkələrinin mədəniyyəti, sənət inciləri ilə tanış olur.
Cari il noyabrın 11-15-də Moldovada keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri də ikitərəfli əməkdaşlıq və mədəni mübadiləyə töhfə olacaq. Zəngin proqramı olan tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 49 nəfərdən ibarət nümayəndə heyəti iştirak edəcək.
Nümayəndə heyətinə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin rəhbərliyi ilə teatrın kollektivi daxildirlər.
Noyabrın 12-də rəsmi heyətin Moldova Respublikasının Mədəniyyət Nazirliyində görüşü olacaq. Sonra isə Mədəniyyət Günləri ilə bağlı mətbuat konfransı keçiriləcək. Həmin gün "Odeon" Mədəniyyət Mərkəzində "Çölçü" bədii filminin nümayişi ilə Azərbaycan Kino Günlərinə start veriləcək. Üç gün davam edəcək kino günlərində moldovalı tamaşaçılara tammetrajlı "Girov" və "Vəkil haradadır?" bədii filmləri də təqdim olunacaq.
Noyabrın 12-də axşam Azərbaycan Dövlət Rus Dram Teatrının "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə Moldovada Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi baş tutacaq. Səhnə əsəri A.P.Çexov adına Moldova Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək. Qeyd edək ki, bu tamaşa noyabrın 14-də Moldovanın Beltsı şəhərində də göstəriləcək.
Noyabrın 13-də Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi münasibətilə abadlaşdırılmış bağın açılışı nəzərdə tutulub. Həmin gün axşam Komrat şəhərində Gənclər və Mədəniyyət Mərkəzində cazsevərlər Azərbaycan caz qrupunun ifasında konserti dinləyəcəklər.
Mədəniyyət günləri çərçivəsində maraqlı tədbirlərdən biri də noyabrın 14-də Moldova Azərbaycanlıları Konqresi tərəfindən 4 dildə hazırlanmış "Nizaminin aforizmləri" miniatür kitabının təqdimat mərasimi olacaq. Eyni zamanda A.P.Çexov adına Moldova Dövlət Rus Dram Teatrında "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" adlı foto və turizm sərgisi açılacaq. Bundan əlavə, "Qafqaz əsiri" restoranında "Azərbaycanın milli mətbəxi günləri" də keçiriləcək.
Moldovada Azərbaycan Mədəniyyəti Günləri qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasına, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.