Dmitri Makarov: “Azərbaycan kitabları həm dizayn, həm də məzmun baxımından dünyanın ən yaxşı nümunələrindəndir”

Bu gün bütün dünyada kitab, mütaliə elektron nəşrlər və internet oxusu ilə rəqabət aparmaq zorundadır. Bir sıra mütəxəssislər bu rəqabətdə kitabın, bütövlükdə kağız-çap məhsullarının elektron dünyaya məğlub olaraq tədricən sıradan çıxacağını düşünürlər. Bunun əksini iddia edənlər də az deyil. Hər il müxtəlif ölkələrdə keçirilən kitab sərgilərinin bir məqsədi də kitab və mütaliənin təbliğidir.

16-18 sentyabrda gerçəkləşən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının iştirakçılarından biri, Belarusun “Makbel” kitab ticarəti və nəşriyyat müəssisəsinin baş direktoru Dmitri Makarovla söhbətimizdə də bu məsələlərə toxunduq. Həmsöhbətim eyni zamanda MDB üzrə kitab sərgi-yarmarkaları təşkilatçıları Şurasına rəhbərlik edir. Öncə bu barədə danışdı.
- Bir neçə il əvvəl həmkarlarım məni MDB ölkələri kitab sərgi-yarmarkaları təşkilatçıları Şurasının sədri seçiblər. Bu gün təkcə MDB deyil, bütün dünyada kitab sərgi-yarmarkalarının sayının artması prosesi gedir. Ona görə də keçmiş sovet ölkələri olaraq belə sərgilərdə bir-birimizi dəstəkləməliyik. Belə tədbirlərin təşkilində bir-birimizə kömək edirik: sərgilərdə maksimal şəkildə təmsil olunuruq, bir-birimizə ödənişsiz yer veririk, bir-birimizə qonaq gedirik və s. İndi ən mühüm beynəlxalq kitab sərgilərində MDB ölkələrinin hər birinin öz stendi olur. İqtisadi çətinlik üzündən budəfəki sərgidə isə Belarusu yalnız mən təmsil etdim. Bu yaxınlarda postsovet məkanında ən böyük sərgimiz Moskvada təşkil olundu. Bu il 28-ci dəfə keçirilən Moskva sərgi-yarmarkası dünyanın ən böyük kitab sərgilərindən biridir. Bakıdan sonra daha bir sərgi-yarmarka Türkmənistanın paytaxtı Aşqabadda olacaq. Uzunillik təcrübə göstərir ki, MDB kitab bazarı ilə əlaqə, əməkdaşlıq münasibətlərini inkişaf etdirərək möhkəmləndirir. Əməkdaşlıq həm də yarmarkaların təşkili üçün vacibdir.
- Yeri gəlmişkən, sərgi təşkil etmək çətindir?
- Əlbəttə, çətindir. Kitab sərgisi birinci növbədə mədəniyyətlərin mübadiləsi vəzifəsini yerinə yetirir. Məsələn, sərginin keçiriləcəyi məkan böyük olmalıdır. Bəzi yerlərdə belə sərgilər tamamilə kommersiya xarakterli olsa da, dövlət ona dəstək verdikdə uğurlu alınır. Bu həm də həmin ölkə rəhbərliyinin kitaba münasibətini göstərir. Ona görə də, bir çox dövlətlər sərgilərin təşkilinə kömək göstərirlər. Məsələn, mən özüm də Minskdə dövlət dəstəyi ilə çox böyük sərgi təşkil edirəm.
- Bəzi ekspertlər çap kitabının “öləcəyini” proqnozlaşdırırlar. Sizin məsələyə münasibətiniz maraqlı olardı...
- Mən inanmıram ki, elektron kitab çapın yerini tamamilə tutsun. Bəli, razılaşmaq lazımdır ki, elə kitablar ola bilər ki, yavaş-yavaş öz yerini tamamilə elektron formaya versin. Bunlar - dərsliklər, ensiklopedik ədəbiyyatdır. Ona görə ki, dərsliklər tez-tez dəyişir. Məktəbli və tələbə özü ilə böyük bir çanta daşımalı olur. Bunu isə sadəcə bir planşet də əvəz edə bilər. Digər ədəbiyyata gəlincə, Avropada aparılan tədqiqat nəticəsində bəlli olub ki, eyni mətni monitordan oxumaq kitabla müqayisədə gözlərə 100 qat artıq yükdür. Çoxdandır ki, deyirlər, kağız ədəbiyyatı öləcək və hər kəs kompüterlə mütaliə edəcək. Amma, gördüyünüz kimi, bu belə olmadı.
- Bu gün Belarusda kitab bazarının vəziyyəti nə yerdədir?
- Bizim bazarlar tamamilə spesifikdir. Belarusda nəşr edilən kitabların 90 faizi Rusiya bazarına gedir. Digər tərəfdən isə bizim bazarlarda satılan nəşrlərin 90 faizi Rusiyadan gəlir. Mənim rəhbərlik etdiyim “Makbel” kitab ticarəti və nəşriyyat müəssisəsi 1991-ci ildən fəaliyyət göstərir. Bu, Belarusda ilk və ən böyük müəssisələrdən biridir. Əsas fəaliyyətimiz Minskdə beynəlxalq sərgi-yarmarkasının təşkilidir. Bundan başqa, Minskdə “Kitab aləmi” yarmarkasını keçiririk. Belarusda böyük kitab mağazalarımız da fəaliyyət göstərir. Bizim mağazalarda kitabların qiyməti digərlərindən iki dəfə ucuz olur. Ona görə də, Moskvadan Belarusa kitab sərgisinə gələnlər bizim mağazalardan kitab alırlar.
- Oxucunu daha çox nə - kitabın dizaynı, yoxsa məzmunu cəlb edir?
- Əgər kitab yaxşı nəşr edilibsə, onun alınma şansı daha çox olur. Hətta çox maraqlı bir kitab elə bir aşağı tərtibata malik ola bilər ki, heç onu oxucu əlinə də almaz. Yəni kitabın məzmunu və tərtibatı yaxşı olmalıdır ki, oxucunu cəlb etsin. Belarusda ilk kitab çapından 500 il keçir və biz onu qeyd edəcəyik. Kitab heç vaxt ölməyəcək. İllüstrasiya çox yaxşı olmalıdır. Məsələn, hər il MDB üzrə “Kitab sənəti” müsabiqəsi keçirilir. Burada məhz kitabın tərtibatı nəzərə alınır. Bizim çoxlu nominasiyalarımız var. Budəfəki müsabiqədə Azərbaycan kitabları da daxil olmaqla 117 nəşr iştirak edirdi. Deyərdim ki, Azərbaycan kitabı həm dizayn, həm də məzmun baxımından dünyanın ən yaxşı kitablarındandır və hər il sizin nəşrlər “Kitab sənəti” müsabiqəsində müxtəlif nominasiyalarda qalib olur.
- Azərbaycanla əməkdaşlığı hansı istiqamətdə qurmağı düşünürsünüz?
- Bizim Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə, tanınmış şair-tərcüməçi Çingiz Əlioğlu ilə çox gözəl münasibətlərimiz var. Hər il Azərbaycan Minsk kitab sərgisində geniş təmsil olunur. Kitab sərgisi ünsiyyət, fikir mübadiləsi, müəlliflərin qarşılıqlı tərcüməsi deməkdir. Hər belə sərgi ölkəyə üstünlük gətirir. Əminliklə deyə bilərəm ki, artıq ənənə halını alan Bakı kitab sərgi-yarmarkası da ölkənizin nüfuzunu daha da artıracaq.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar