Təbrizdə yaşayan soydaşımız Rəhim Baqqal Əsgəri dünyada tanınan karikatura ustasıdır. Rəssamın bununla bağlı ayrıca məktəbi var. Onunla müsahibəni təqdim edirik.
- Rəhim bəy, karikatura sənətinə necə gəldiniz?
- 1975-ci ildə Təbriz şəhərində anadan olmuşam. Uşaqlığım ağır keçib, müxtəlif sahələrdə çalışmışam. Dəmirçilik, meyvə satmaq, maşın təmiri, qəzetləri evlərə daşımaq kimi işlər görmüşəm.
Bir gün mexanik şagirdi olan zaman əlimə “Çuvalduz” adlı bir qəzet keçdi. Satirik qəzet idi, başında belə yazılmışdı: “Alın hər ay başında bir “Çuvalduz”, var onda bir pətək bal, bir çuval duz”. Qəzeti alıb evə döndüm, amma karikaturalarını bəyənmədim. Onlar karikaturadan çox illüstrasiyaya bənzəyirdilər. 10 karikatura çəkib həmin qəzetin redaksiyasına getdim. Orada böyük yazıçı və şairlər yığışmışdılar. Onlar əsərlərimi bəyənib dərc etdilər, üstəlik, qonorar da yazdılar. O zaman 16 yaşım vardı.
Pedaqoji təhsil almışam. 32 kitabım işıq üzü görüb. İranda və başqa ölkələrdə keçirilən 80 beynəlxalq karikatura müsabiqəsində jüri üzvü olmuşam. 300-dən artıq beynəlxalq karikatura yarışmasının kataloqunda əsərlərim çap olunub. İndi Təbriz Karikaturaçılar Birliyinin rəhbəri və Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının (FECO) İran təmsilçisiyəm. Eləcə də Azərbaycan Karikatura Muzeyinin qurucusu, Təbriz Karikatura Evinin və www.tabrizcartoons.com saytının rəhbəriyəm.
Son illərdə karikatura dərnəyimiz dünya səviyyəsində tanınıb. Səbəbi həmkarlarımızın bir olmasındadır. Düz 15 ildir birlikdə çalışırıq. Təbrizdə çalışmağım millətin mənə sayğı və sevgisindəndir. Dərslərimdə rəsm və karikatura ilə yanaşı, insanlıq haqqında danışıram. 4 il öncə Təbriz televiziyasında 100 veriliş hazırladım, tamaşaçılar yüksək səviyyədə qarşıladılar.
- Uzun illərdir Təbriz karikaturaçılarının rəhbərisiniz, Təbrizdə beynəlxalq karikatura festivalları keçirirsiniz. Nə qədər yetirməniz var?
- “Arsoy” adında iki sənət məktəbim var, orada 42 müəllim dərs deyir. Karikatura və rəsm bölməsində 1500 tələbəmiz var. Bizlər Molla Nəsrəddinin nəvə-nəticələriyik. Məktəbimiz bu tay Azərbaycanda çox tanınır. Tələbələrimin çoxu indi özləri dərs verirlər. Ölkəmizdə karikaturaya dövlət qayğısı var, ona görə indiyədək 20-dən artıq beynəlxalq müsabiqə keçirmişik. Dünyanın 80 ölkəsinin tanınmış karikaturaçıları Təbrizdə qonaq olublar, o sıradan bu taydan gələn azərbaycanlı karikaturaçılar da. Beynəlxalq yarışma və sərgiləri başa gətirmək çox çətindir. Dünyada elə beynəlxalq yarışmalar olub ki, bir-iki il keçirilib və dayanıb. Biz 25 ildir bu işlə məşğuluq.
- İran karikatura sahəsində dünyada ilk yerlərdən birini tutur. Bunun səbəbi nədir?
- Səbəblər çoxdur. Bunlardan biri odur ki, rəssamlıq tarixində Təbriz məktəbi var. Səkkiz yüz il öncə Behzad kimi rəssamımız olub. İndi də çox istedadlı rəssamlarımız, beynəlxalq karikatura saytlarımız var. Təbriz yüz illər boyu İpək Yolunun üstündə yerləşib. Burada ipək parçalar istehsal edilər, onların üzərində sənət əsərləri yaradılar, dünyanın hər yerinə göndərilərdi. Bu səbəbdən də İran təsviri sənətində Təbrizin rolu inkar oluna bilməz. İndi Təbrizdəki muzeyimiz İranda yeganə karikatura muzeyidir və FECO-nun İran mərkəzi bu şəhərdə yerləşir. Məncə, bunlar önəmli məsələlərdir.
- Türkiyə kanallarının birində karikatura sənəti ilə bağlı hazırladığınız proqram da çox maraqlıdır...
- “TRT okul”da bununla bağlı 22 proqram çəkildi. İlk başda onlara təəccüblü gəlirdi ki, Azərbaycan türkü Türkiyə türkcəsində karikatura dərsini necə anladacaq? Hər proqramın çəkilişi sonunda sevinirdilər, ona görə 12 proqram 5 dəfə yayımlandı. Sonra daha 10 proqrama da dəvət olundum. Sevinirəm ki, Anadolu Universitetinin sponsorluğu ilə bildiklərimi bu kanaldan dünyaya çatdırdım.
S.Soltanlı