1986-cı ildən xaricdə yaşayan İlyas Mirzəyevin musiqi əsərləri müxtəlif ölkələrin konsert salonlarında, radio efirində səslənir

Bəstəkar İlyas Mirzəyev 1961-ci ildə Bakıda anadan olub. 1984-cü ildə indiki Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib. Müəllimi görkəmli bəstəkar Cövdət Hacıyev olub. 1986-cı ildə Rusiyaya gedib. Sonra Estoniya və Finlandiyada yaşayıb. Yaşadığı ölkələrin dillərini öyrənib, indi 6 dil bilir. Müxtəlif ölkələrdə istedadlı musiqiçi kimi tanınan soydaşımızla Vətənə növbəti gəlişində görüşüb söhbətləşdik.

- İlyas bəy, uzun illərdir xaricdəsiniz, indi hansı ölkədə yaşayırsınız?
- İki ildən çoxdur Almaniyanın Leypsiq şəhərində yaşayıram. Burada çox tanınmış bir radio orkestrinin bəstəkarıyam, onlar üçün müxtəlif janrlarda musiqi əsərləri yazıram. Amma daha çox Türkiyədə yaşamışam. 1992-ci ildə qardaş ölkəyə getdim, 20 ilə yaxın İstanbulda yaşadım. Orada da musiqi ilə məşğul olmuşam. Başlıca olaraq klassik musiqi bəstəkarıyam, daha çox simfonik əsərlər yazıram. 5 simfoniyam, 8 konsertim var. Konsertləri skripka, ney, violonçel, qanun və başqa alətlər üçün yazmışam.

- Türkiyədə simfonik musiqiyə tələbat necədir?
- Türkiyədə klassik bəstəkarlar o qədər də çox deyil. Orada həm bəstəkar, həm dirijor, həm də pianoçu şəxslər var. Ali təhsil ocaqlarında bəstəkarlıq fakültəsi yoxdur. Türkiyədə pop musiqisi daha yayğındır. Düzdür, mən də pop musiqiləri yazıram və ciddi popu çox sevirəm. Hətta caz əsərlərim də var. Gəncliyimdə iki il Vaqif Mustafazadə ilə dostluq elədim, cazı ondan öyrəndim.

- Qardaş ölkədə hansı pop sənətçiləri ilə çalışmısınız?
- Sezen Aksu, Ajda Pekan, Nilufər, Candan Erçetin, Fatih Erkoç və başqaları ilə çalışmışam. Onu da deyim ki, Türkiyə mənə çox şey verdi. Məni daha çox türk bəstəkarı olaraq tanıyırlar. Azərbaycanda elə də tanınmıram. Dünyanın çox yerində əsərlərim səslənib.

- Əsərləriniz Azərbaycanda səslənibmi?
- 2002-ci ildə Türkiyədə “Ney və orkestr üçün konsert”imi yazdım. Bu əsər dünyanın 30 ölkəsində ifa olunub. Həmin vaxt Türkiyədə beynəlxalq tədbir vardı. Prezident Heydər Əliyev də ora gəlmişdi. O, əsərimi dinlədi və çox bəyəndi, məni Azərbaycana dəvət etdi. 2003-cü ildə Türkiyə Simfonik Orkestri ilə Bakıya gəldim, əsərim burada da ifa olundu.

- Ziyalı ailədə böyümüsünüz, ailəniz haqqında nə deyə bilərsiniz?
- Atam bəstəkar, Xalq artisti Musa Mirzəyevdir. Özü də dahi bəstəkar Qara Qarayevin tələbəsi olub. Anam mərhum jurnalist Svetlana Mirzəyeva idi. Ailənin tək övladı olmuşam. Onlar mənim layiqli insan kimi yetişməyimdə çox zəhmət çəkiblər. Ona görə atamın xəstə çağında Bakıya gəlib onun qayğısına qalmağı özümə borc bilirəm. Eyni zamanda hər il atamın simfonik əsərlərdən ibarət konserti olur, mənim əsərlərimi də ora daxil edirlər.

- Almaniyada işləriniz necə gedir?
- Bizim sənətdə də şəxsi münasibətlər rol oynayır. 5-6 ildir dünyanın ən məşhur dirijorlarından estoniyalı Kristian Yarve ilə işləyirəm. Almaniyadakı işlərim başlıca olaraq ona bağlıdır. İndi o, Leypsiq Radio Orkestrinin rəhbəridir. Məni də həmin şəhərə o çağırdı, orkestrlə əsərlərimi tez-tez ifa edir. Oktyabrın 17-də orada yenidən mənim əsərlərimi ifa edəcəklər. Bununla bağlı olaraq ikigünlük Almaniyaya gedəcəyəm. Ayın 19-da isə İstanbula yollanacağam, həmin gün orada əsərim ifa olunacaq.

- Çevrəmizdə gərəksiz səslər çoxalıb. Belə bir çağda bəstəkar üçün əsər yazmaq çətin deyil ki?
- Çətindir. Belədə mücərrəd əsərlər çoxalır. Polşalı Bendelevski dünyanın məşhur bəstəkarlarındandır. Mücərrəd əsərlər yazıb, amma beş dəfə “Qremmi” mükafatı alıb. Özümə gəldikdə, indi romantik üslubda yazıram. Mücərrəd əsərlər yazmıram, ona görə ki, bu janrı sevmirəm. Hazırda rok-opera üzərində işləyirəm. Burada həm rok, həm də simfonik musiqi var. Maraqlı bir əsər olacaq.

- Caz yazırsınız, onda mücərrədlik yoxdurmu?
- Mən Vaqif Mustafazədənin və Rafiq Babayevin yetirməsiyəm. Caz yaradıcılığımda onların yolunu davam etdirirəm.

- Beynəlxalq musiqi yarışmalarına qatılırsınızmı?
- Gəncliyimdə belə yarışmalarda iştirak etmişəm, mükafatlar da qazanmışam. Ancaq ümumən yarışmaları sevmirəm, ona görə ki, kiminsə xeyrinə tərəfkeşlik eləyirlər. “Qremmi” mükafatını qazanmaq istərdim.

- Ailədə sənətinizi davam etdirən varmı?
- Qızım Günay Mirzəyeva da bəstəkardır, Ştutqartda yaşayır. Əsərlər yazır, indi onu pop musiqisinə yönəldirəm...

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar