Dilbər Yunus: “Hazırda bununla bağlı böyük layihə üzərində işləyirik”

Onunla Ankarada Çin Xalq Respublikasının dövlət bayramı münasibətilə bu ölkənin səfirliyinin təşkil etdiyi mərasimdə görüşdük. Tədbirin bədii hissəsində Çin dilində ifalardan sonra sanki doğma dilimizdə, bir az da ürəyəyatımlı mahnılar səslənməyə başladı. Maraqlandıqda, bu əsrarəngiz səs sahibinin “Bel Cantonun kraliçası”, “Uyğur bülbülü” adlandırılan məşhur opera müğənnisi Dilbər Yunus olduğunu öyrəndik. Fürsət düşmüşkən, ondan qısa müsahibə aldıq.

- Dilbər xanım, Azərbaycan oxucusuna özünüz haqqında qısa da olsa, məlumat verə bilərsinizmi? Necə oldu ki, siz həm də “Uyğur bülbülü” təxəllüsünü qazandınız?
- Mən Çinin Sincan Uyğur Muxtar Rayonun tarixi Kaşğar torpaqlarında anadan olmuşam. Musiqiyə həvəsim hələ uşaqlıqdan yaranıb. Çin Musiqi Akademiyasının opera ifaçılığı bölməsində təhsil aldıqdan sonra Asiyada müvəffəqiyyətlə karyerama başladım. Bir qədər sonra Avropada da səhnəyə çıxdım. Yaradıcılığımla bağlı olaraq 30 il Avropada yaşamışam. Helsinkidə Mirjam Helin mahnı yarışmasında qalib oldum. 1997 və 1998-ci illərdə ən yaxşı ifaçı nominasiyası üzrə Brayt Nilson mükafatına layiq görülməyim həyatımda yeni bir səhifə açdı: mən “Uyğur bülbülü” təxəllüsünü qazandım. Bundan sonra rejissorlar mənim yaradıcılığımla bağlı bu adda sənədli film də çəkdilər. Sevinirəm ki, bu müvəffəqiyyət Finlandiya, Avropanın digər yerlərində məni izləyir. Bu günə qədər Amsterdam, Bonn, Bremen, Düsseldrof, Frankfurt, Göteborq, Hamburq, Münhen, Stokholm, Venesiya, Vyana və digər şəhərlərin opera salonlarında konsertlərim olub. Finlandiya Milli Opera Evi ilə daimi müqaviləm var. 2003-cü ildə isə Çində ən nüfuzlu mükafat olan “Qızıl səs” və “Ən yaxşı ifaçı” mükafatlarına layiq görülmüşəm.
- Sizi incəsənət sahəsində universal sənətçi adlandırmaq olarmı?
- Düşünürəm ki, olar. Bilirsiniz, əgər mən opera müğənnisi olmasaydım, musiqinin başqa sahələrində də uğur qazana bilərdim. Ona görə ki, hətta bu gün müxtəlif musiqi alətlərində ifa edə bilirəm, səhnədə solo rəqslər nümayiş etdirirəm. Bundan başqa, uyğur folkloruna əsaslanan televiziya seriallarında rollar oynayıram. Bir neçə il öncə Çində mənim üçün çox maraqlı olan bir opera layihəsinə qatıldım. Bu tamaşada zəngin uyğur ailəsindən olan bir qız rolunu ifa etdim.
- Yeri gəlmişkən, repertuarınızda uyğur mahnıları nə dərəcədə yer alır?
- Mən istər Avropa, istərsə də Asiya səhnələrində ifa etdiyim konsert proqramlarıma mütləq uyğur folklor mahnılarını, doğma diyarımın populyar mahnılarını daxil edirəm. Dünyada da bu mahnılarla tanınmışam. 2000-ci ildən Sincan-Uyğur Vilayəti İncəsənət Kollecinin fəxri professoruyam və həmin vaxtdan Uyğur Universitetində “Dilbər vokal musiqi incəsənəti araşdırma mərkəzi” fəaliyyət göstərir.
- Bu günə qədər hansı türkdilli ölkələrlə əməkdaşlıq əlaqələriniz olub və ya konsert proqramları ilə çıxış etmisiniz?
- İlk dəfə bu ilin sentyabrında türkdilli ölkələrin beynəlxalq mədəniyyət təşkilatı olan TÜRKSOY-un Opera Günləri layihəsi çərçivəsində “Türk dünyası opera ulduzları” konsertində iştirak etdim. Çox xoşuma gəldi və qərara aldım ki, bundan sonra türkdilli ölkələrlə əməkdaşlıq edim. Türkdilli ölkələrin sənətçiləri ilə birgə çıxış etmək istərdim.
- Bu mənada əgər sirr deyilsə, siyahınızda birinci yeri hansı ölkə tutur?
- İlk yerdə Azərbaycan dayanır. Ölkənizdə heç vaxt olmasam da, amma müəyyən bilgilərim var. Azərbaycanda konsert proqramı ilə çıxış etmək niyyətindəyəm. Hazırda bununla bağlı böyük layihə üzərində işləyirik. Biz azərbaycanlı bəstəkar Ceyhun Allahverdiyevlə əməkdaşlıq edirik. Yəqin siz mənim Azərbaycan haqqında bilmədiyimə təəssüf edirsiniz, necə ki, mən də sizin Dilbər Yunusu tanımadığınıza təəssüflənirəm. İnşallah, bir-birimizi yaxından tanıyarıq.

Mehparə Sultanova,
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar