“Yaratdığım animasiya personajlarının sayı 1000-i keçib. Heç ağlıma da
gəlməzdi ki, bir zaman sevimli məşğuliyyət kimi başladığım iş sənətə çevrilsin”

Bugünlərdə Türkiyənin İzmir şəhərində olarkən soydaşımız, tanınmış animasiya ustası Elçin Orucovla tanış oldum. O, iki ildir yaşadığı şəhərdə özünün animasiya studiyasını yaradıb. Yaratdığı mindən çox orijinal animasiya personajı ilə diqqətləri özünə çəkə bilib. Yerli qəzetlər və televiziyalar onun qeyri-adi bacarığını geniş işıqlandırırlar.

- Elçin müəllim, zəhmət olmasa, özünüz barədə məlumat verərdiniz...
-1969-cu ildə Azərbaycanda doğulmuşam. M.T.Sidqi adına Naxçıvan şəhər 4 saylı orta məktəbdə təhsil almışam. Rəsm ən çox sevdiyim dərs idi. Uşaqlıqda çəkdiyim şəkillər “Göyərçin” jurnalında dəfələrlə dərc olunub. 1980-ci ildə “Aprel-80” uşaq rəsm müsabiqəsinin qalibi olmuşam. Sonra orta təhsilimi Naxçıvan dəmiryol məktəbində davam etdirdim, Xarkov Dövlət Dəmiryol Akademiyasına qəbul olundum. Amma məndən dəmiryolçu çıxmadı. Daha sonralar Xarkov Dövlət Universitetinin sosiologiya fakültəsini bitirdim. Sənətdən qaçsam da, o, həyatımın anlamına çevrildi.
18 yaşından Azərbaycandan kənardayam, 27 il Ukraynada yaşadım. Xarkov şəhərində azərbaycanlıların milli-mədəni cəmiyyətində uzun illər fəaliyyət göstərdim. Həyatımın sonrakı dövrü Türkiyə ilə bağlıdır. 2013-cü ildən İzmirdə yaşayıram.
- Animasiya ilə nə vaxtdan məşğul olursunuz?
- 8 il öncə böyük personajlar layihəm yarandı. Layihənin adını “Var olmayan varlıqlar” qoymuşdum. Sonradan onu “Tartoniks” adlandırdım. Bir-birinin ardınca çoxlu personajlar yaratdım, içimdə yeni bir dünya qurdum. Bir gün animasiya filmi çəkmək fikrinə düşdüm. 2-3 aya plastilin fiqurlardan 12 dəqiqəlik animasiya filmi çəkdim. Ssenarisini, quruluşunu, səsləndirilməsini, çəkilişini, montajını özüm etdim. Sonra Ukraynada animasiya studiyası yaratdıq. Bir müddət kiçik filmlər çəkdik. Animasiya çox ağır, bahalı, digər tərəfdən də maraqlı və çox gəlirli sahədir. Animasiya uşaq xəyal dünyasının təzahürüdür, onsuz uşaqların xəyal dünyası geniş ola bilməz.
- İndiyədək neçə film çəkmisiniz?
- Ukraynada 15-dən çox qısametrajlı animasiya filmi çəkmişdik. Bundan əlavə, bir ssenari üzrə plastilindən 7 dəqiqəlik “Tartoniya möcüzəsi” filmi və kompüter texnologiyası ilə 9 dəqiqəlik “Sevimli Tartoniya” adlı film çəkmişik. Türkiyədə isə 15 dəqiqəlik “Dudonun çiçəyi” adlı bir bölüm çəkmişik. İndi ikinci bölümün çəkilişləri başlanıb.
- “Tartoniks” haqqında nə demək olar?
- “Tartoniks” pozitiv konsepsiyalı bir animasiya layihəsidir. Tartoniya dünyası uşaqlarımıza göstərə biləcəyimiz ən gözəl dünyadır. Burada ancaq yaxşılıq və barış var. Biz ssenarilərimizlə uşaqlara bağışlamağı, sevməyi, dostluğu, gücsüzləri müdafiə etməyi, böyüklərə hörməti, valideynlərin sözünə qulaq asmağı və başqa insani dəyərləri öyrədirik. Bugünkü gərgin və həyəcanlı dünya uşaqların psixologiyasında mənfi izlər buraxır. Biz uşaq dünyasının problemlərini tartoniklərin dili ilə həll etməyə çalışırıq. Tartoniklər uşağı da, böyüyü də cəlb edir. İnanıram ki, bu personajlar Türkiyədə məşhurlaşdıqdan sonra dünyaya da yol açacaqlar. Çünki 21-ci əsr transmilli personajların əsridir. Yaratdığım layihə Azərbaycan layihəsidir.
- Bildiyimə görə, bu sahədə mükafatlar da qazanmısınız...
- “Tartoniya axtarışında” adlı qısametrajlı bir filmimiz 2014-cü ildə Xarkovda keçirilən beynəlxalq festivalda mükafata layiq görülüb. Festivalda 40-dan çox ölkə nümayəndəsi iştirak edirdi. 2014 və 2015-ci illərdə Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasında mənim “Tartoniks” layihəm üzrə 4 diplom işi müdafiə olunub. Bu da mənim üçün böyük dəyər və layiqli mükafatdır. Bu yaxınlarda isə İzmirdə 509 personajla “Ukrayna Milli Rekordlar Kitabı”nda animasiya rekordum rəsmi olaraq qeydə alındı. Rekordun kateqoriyası belə adlanır: “Plastilindən ən çox animasiya personajı yaradan insan”. Bu hadisə Türkiyə və Ukrayna televiziya kanallarında geniş işıqlandırıldı. Mən Ukrayna vətəndaşıyam və həmin ölkənin milli rekordunu qazanan tək azərbaycanlıyam. İndi “Ginnes”in dünya rekordunu qazanmaq üçün hazırlaşıram.
- İndiyə kimi nə qədər animasiya personajı yaratmısınız?
- Bu günə qədər yaratdığım animasiya personajlarının sayı 1000-i keçib. Heç ağlıma da gəlməzdi ki, bir zaman sevimli məşğuliyyət kimi başladığım iş sənətə çevrilsin. Bu, böyük səbrin, işə olan sevginin və uzun illər boyu çəkilən əməyin nəticəsidir. Bütün personajları plastilindən düzəltmişəm. Plastilinlə işləmək, onu formaya salmaq mənə ayrıca zövq verir. Heç vaxt standart plastilin rəngləri ilə işləmirəm. Onları qarışdırıb çoxlu rənglər alıram. Əlimin altında həmişə bir rəngin 15-20 çaları olur. Personajlarımın hansısa biri başqasına bənzəmir. Tartoniklər nəinki öz aralarında, bir-birlərindən forma və xaraktercə fərqlənirlər, eyni zamanda onlar bizim dünyada mövcud olan heç bir canlıya da oxşamırlar. Plastilini əlimə alıram, o zaman ağlıma hansısa forma gəlir. Ən maraqlı məqam odur ki, gözümün önündə yeni bir varlıq, obraz yaranır.
- Türkiyədə animasiya sektorunun inkişafı necədir?
- Burada animasiya sektoru Avropa ölkələri ilə müqayisədə güclü inkişaf etməsə də, Türkiyə miqyasında rəqabət çox güclüdür. Son 10-15 ildə animasiya sahəsində çox böyük irəliləyiş var, ciddi layihələr həyata keçirilib. Uşaq kanalları indiyə qədər Türkiyədə çəkilmiş onlarla animasiya serialını yayımlayıblar. Türk animatorları Avropada təhsil alaraq ölkəyə qayıdır və türk animasiyasının tarixini yazırlar. Bu sırada biz də varıq. Düşünürəm ki, 4-5 ildən sonra türk animasiya sektoru Avropa ilə rəqabət aparacaq. Türkiyədə 11 uşaq animasiya kanalı var. Bu, bir ölkə üçün böyük göstəricidir. Animasiya studiyalarına dəstək verilir, çünki ölkədə animasiyanın inkişafı iqtisadiyyatın böyük bir hissəsini - uşaq əyləncə sektorunu hərəkətə gətirir.
- Animasiya çəkmək üçün studiyanızı qura bilmisinizmi?
- Ukraynada fəaliyyətimizi dayandırandan sonra, Türkiyədə studiya yaradıb çəkilişlərimizə davam etdik. Konsepsiyamız dəyişməsə də, filmin formatı və çəkiliş üslubu dəyişdi. Filmin ruhu onu yaradan insanlardan, animatorlardan, rəssamlardan, rejissordan, proqramçılardan və s. qaynaqlanır. Studiyamızda çalışanların hamısı türklərdir. Biz bu komanda ilə iki il ərzində filmin bəlli bir formatını yaratdıq. Animasiya serialı çəkirik, kanallarla razılıq əldə etmişik. Bir mövsüm üçün 26 bölüm çəkəcəyik. 1-ci bölümün çəkilişlərini bitirdik. Hədəfimiz bir ayda 4 bölüm ortaya qoymaqdır. Bizim layihə Türkiyədə yayımlanan bütün animasiya seriallarından fərqlidir. Ona görə layihənin uşaqlar tərəfindən çox seviləcəyinə inanıram. Komandamızın bir hissəsi Ukraynadadır. Onlar indiki çəkilişlərimizdə uzaqdan internet vasitəsilə iştirak edirlər. Onları da Türkiyəyə gətirib ümumi bir “Tartoniya” komandası yaradacağıq.
- “Tartoniks” animasiya layihəsinin gələcəyini necə görürsünüz?
- “Tartoniks” çox geniş animasiya layihəsidir. Biz bu layihəni Türkiyədən başladıq. Türkiyədə patent və müəllif hüquqları yaxşı qorunur. Hədəfimiz gələcəkdə Türkiyənin bir turizm bölgəsində uşaq əyləncə şəhərciyi olan “Tartoniya Land” yaratmaqdır. Türkiyə turizm ölkəsidir və belə möhtəşəm layihələrə ehtiyac həmişə var. Hazırda studiyamızın dizaynerlər qrupu kompüterdə personajlara oxşayan Tartoniya binaları yaradırlar və bu qəribə binalar “Tartoniya Land”ın binaları olacaqlar. Uşaqlar üçün bu, sehrli bir dünyaya düşmək deməkdir. İndiyə qədər 6-7 binanın qrafik modelini yaratmışıq. Tartoniklərin bənzəri olmadığı kimi, “Tartoniya Land” binalarının da dünyada oxşarı yoxdur. Bu şəhərcik uşaqlar üçün möcüzəli, əfsanəvi və nağılla dolu bir məkan olacaq.
- Siz həm də peşəkar naxış ustasısınız...
- “Naxışlar” layihəsini Azərbaycanda həyata keçirmək istəyirəm. Biz həmişə xalçalarımızla, naxışlarımızla məşhur olmuşuq. Uzun illər boyu 2500-dən artıq naxış yaratmışam. Bu, çox böyük səbir tələb edir. Xalça eskizlərində də özümü sınamışam. Gələcəkdə “100 xalça” layihəsini həyata keçirmək, təbiət, insan və ornament haqqında kitab yazmaq istərdim. Naxış haqqında çoxlu fəlsəfi fikirlərim və yazılarım var. Onları sistemləşdirib kitab halına salacağam.
- Azərbaycanla bağlı layihələriniz varmı?
- Studiyamızda “Tartoniks” animasiya serialını Azərbaycan dilində dublyaj etmək planımız var. Qoy ölkəmizdə də uşaqlar tartonikləri görsünlər və sevsinlər.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar