Xalq artisti Afaq Bəşirqızı: “Sənətkar mənsub olduğu sənət məktəbini, sadiq qaldığı səhnə prinsiplərini qorumalıdır”

O, tamaşaçıların sevimlisi, səhnəmizin bənzərsizidir. Heç biri sadəcə söz xatirinə deyilməyən, zəhmət və istedadı, bacarıq və əzmkarlığı ilə rəsmi və qeyri-rəsmi titulları təqdimatının sonuna yazdırmağı bacaran və bunların hər birindən öncə xalqın sevimli sənətkarı adını daşıyan Afaq Bəşirqızı bu gün ömrünün 60-cı dayanacağındadır. Bu yuvarlaq rəqəmdən üzü gələcəyə inamla baxan və keçmişin ağır yükünü, sənət və yaşam qayğılarını yorulmadan daşıyan sənətkarla elə yeni səhnə əsərinin məşqində, daha doğrusu, yubileyi tədbirinin və tamaşanın hazırlıq prosesində söhbətləşdik.

Beləliklə, həmsöhbətimiz Xalq artisti, “Şöhrət” ordenli‚ Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin professoru Afaq Bəşirqızıdır.

- Afaq xanım, illər nə tez keçdi?
- Vallah, elə bil həftənin birinci günü soruşdular neçə yaşın var, dedim 19, 6-cı günü də soruşurlar, deyirəm 60. Amma buna heç özüm də inanmıram. Ya zamanın gərdişi, dedikləri bu olmalıdır, ya da vəfasız ömür gileyləri yerindədir. Amma illər tez keçdi və bu marafonda adam heç durub nəfəs dərməyə belə macal tapmadı. Sevincliyəm, çünki insan bir işlə məşğul olursa və həyatının bütün dolğunluğu ilə yaşamağı bacarırsa, onun yaşının tez ötməsi elə də kədərli deyil.
- Bəklə daim sənətdə, yaradıcılıqda olmaq bu zaman qovhaqovunda sizi qalib etdi?
- Ola bilər. Amma həyat tərzimdən çox razıyam. Çünki mən işsiz qala, səhnəsiz yaşaya bilmərəm. Biz elə bil sənət yetimləriyik. Taleyimizi də hətta səhnə, sənət yazıb müəyyən edir.
- Bu sənət təsvir-təşbehinizdə yəqin 60-dan sonrakı yolu də müəyyən etmisiniz. Yəni zamanın axarında səhnədən getmək qorxusu çoxalmır ki?
- Yaş yox, amma səhnəsizlik mənə daha qorxuludur. Ümumən gəncliyimdən səhnə ilə bağlı bir şeydən qorxmuşam: adım çəkiləndə “kablukumun” səsini eşidərək səhnəyə çıxıb elə o səsin müşayiəti ilə də səhnədən getmək. Həyatımda bunu heç bir sənətkara arzu etmirəm, elə özümə də. Amma yenə də deyirəm, mən 60 yaşınadək oynamışam və bundan sonrası üçün isə hər şey səhhətdən asılıdır.
- Səhnə möcüzəli məkandır və o, sənət adamlarını özünə qəribə bir tilsimlə bağlayır. Bu bağlılığı bir də tamaşaçı sənətçiyə hiss etdirir. Bu mənada Afaq xanım özünü xoşbəxt sayırmı?
- Zaman dəyişir, amma sənətkarın qiymətini onun tamaşaçısı mütləq verir. Sadəcə olaraq mütəmadi yaradıcılıq tərzi fəaliyyət istiqamətimin hər hansı birində fasilə tələb edir. Tamaşaçı daim aktyoru axtarmalıdır, ona mənəvi tələbatı olmalıdır. Təəssüf ki, bu gün tamaşaçıların daha çox efirə marağı olduğuna görə sənətə münasibətdə də müəyyən aşınmalar var.
- Deməli, televiziyanın sənət və sənətkara münasibəti onu şou pəncərəsində görüb-göstərir?
- Mən telekanalları tam qınamazdım. Sənətkar mənsub olduğu sənət məktəbini, sadiq qaldığı səhnə prinsiplərini, onun müqəddəsliyini daim qorumalıdır. Sadəcə teatrlara, onların aktyorlarına ayrılan vaxt çox məhduddur. Sanki bu təbliğat növündə teatr unudulur və belə olduqda şou sənətə münasibəti üstələyir. Beləliklə, bəzi səhnə adamları da sırf efirdə olmaq xətrinə o şouların qurbanı olur. Təəssüf ki, bu belədir.
- Afaq xanım, bir neçə müsahibənizdə komediya aktrisası sözünü sevmədiyinizi demisiniz. Uzun vaxtdır bu janrda oynayırsınız. Sizə dramatik, yaxud faciəvi obraz versələr ifa edərsiniz?
- 43 illik səhnə fəaliyyətimin 18 ilini dramatik teatrda işləmişəm. Lənkəran və Sumqayıt Dövlət Dram teatrlarında dəfələrlə dram əsərlərində rol almışam. Təməlim dramatik obrazlarla qoyulduğundan o rollara xüsusi marağım var. Ümumiyyətlə, gülüşümə baxmayaraq, ironiya ilə olsa belə, o faciəni daim ciddi şəkildə çatdırmağa çalışmışam.
- Amma gəlin etiraf edək ki, sənətdə tənqid, onun komik həlli bir az bəsitdir. Bəzən peşəkarlar da bu bayağılığın ardınca qaçırlar.
- Bilirsiniz, biz fanatlarıq, yəni aktyor fədailərik. Amma indi bir də aktyorluğun biznesini edənlər yetişib və onlar səhnəni ucuz şouya çevirirlər. Hansında insaf var, verilən meydanda sənətin yerini bilir, yoxdursa, o meydanda elədən-belə cəng edir. Çox təəssüf ki, elələri çoxdur və nəticədə gülüşə bayağılıq, sürüşkənlik, bəsitlik qatıldı. Etiraf edək ki, bu qarğaşada sənətkar məktəbi zəiflədi, daha doğrusu, onların sırası seyrəldi.
- Bəzi aktyorlar, elə rejissorlar da yaxşı dram nümunələrinin, xüsusən də komediya janrına uyğun əsərlərin olmamağından gileylənirlər...
- Musiqili Komediya Teatrı əvvəldən repertuar barədə çox çətinlik çəkib. Ümumən müəlliflərdə bu janra maraq az olub. Səbəblərdən biri cəmiyyətdəki tənqid hədəflərinin səhnəyə gətirilməsinin çətinliyi ilə bağlıdır.
- Kütləvi tamaşaçı sizi Söylü kimi tanıyıb sevdi. Yəqin buna da öz yanaşmanız var.
- Məni geniş tamaşaçı kütləsinə Xalq yazıçısı Anar tanıtdı, Xalq şairi, yoxluğuna heç cür inana bilmədiyim dostum Vaqif Səmədoğlu sevdirdi. Əlbəttə, aktyorun ən böyük xoşbəxtliyi yaratdığı obraza görə sevilməsidir. Elə ən böyük bədbəxtliyi də həmin o rolda qalmasıdır. Bir çox aktyorlar tanındıqları bir adla kifayətlənir və o tamaşada ilişib qalırlar. Bayaq bir sual verdiniz, yaş və səhnədən getməklə bağlı. Bilirsiniz, problemlər bu sözü deməyə məcbur edir. Aktyor onsuz da özünə məxsus deyil. Bir növ tamaşaçı qarşısında dəyişir və bəzən də yox olur. Yəni sabah siz səhnədə mənim bu yerişimi, bu gülüşümü, çevikliyimi, şənliyimi görməyə bilərsiniz. Amma yenə də israrla mən bunu qəbul etmir və səhnədə qalıramsa, bu artıq faciəmdir. Və bu faciəmə rəğmən siz məni bu cür qəbul edəcəksinizmi?
- Tamaşaçı üçün çətin sualdır...
- Yox, əminəm ki, qəbul etməyəcəksiniz.
- Afaq xanım, səhnədən getməyin zamanı və vəziyyətini elə ilk olaraq aktyor özü duymalıdır...
- Mən şəxsən buna başqa cür yanaşıram. Baxın, bu gün müəyyən məqamlarda sənət dostlarım, səhnə yoldaşlarım hörmət əlaməti olaraq əlimdən tuturlar, mənə hər hansı fiziki hərəkətdə kömək edirlər. Amma qoluma girib sürüklənərək səhnəyə çıxarılmaq mənim həyat prinsipimə tam yaddır və bunu özümə heç vaxt rəva görmərəm. Tamaşaçılarım elə bir replikam üçün məni səhnədə görmək istəsə belə. Yəni yaş, zaman və səhhət səhnə taleyimizə nə yazıbsa, biz onunla barışmağa borcluyuq və mən də buna hazıram.
- Sizi kövrəltmək istəmirdim, gəlin, söhbətin məcrasını dəyişək.
- Niyə ki, mən güclü qadınam və hər kəs bilir ki, realistliyim daim qərarlarımda diktəçi olub.
- Aktyoru bir ampluaya sığdırmaq onun istedad və potensialını məhdudlaşdırmır ki?
- Ona görə də bu amplua sözünü heç sevmirəm. Düzdür, elə aktyor var ki, onun komik obrazlarda təqdimatı daha uğurlu alınır. Bunu da aktyor özü hiss eləməlidir və rejissor ona diktə etməməlidir. İnsan özünün güzgüsü olmalı, özünü görməlidir. Mən bu dəqiqə Cülyettanı da oynayaram. Amma reallıq başqadır. Daxilim Cülyettadır, amma yaşım, boy-biçimim? Bu mənada deyirəm ki, aktyor ilk olaraq özü-özünü görməlidir.
- Yaxşı məqama çatdıq. “Ürək qocalmır” ifadəsini yəqin siz də tez-tez təkrarlayırsınız...
- (Gülür). Qəribədir, həqiqətən də, ürək qocalmır, sənətkarlarda isə heç qocalmır. Amma sənətkarın da yeri-yolağı var. Adam gərək bir az realist və məntiqli olsun. Nə edirsən et, Cülyettanı 16 yaşından 60 yaşına qaldıra bilməzsən, lap yeniyetmə qız kimi səhnədə atılıb-düşsən də.
- Nənə, ana, sevilən qadın və aktrisa. Afaq xanım həyatda hansı obrazda və neçə yaşındadır?
- Hər zaman fərqli olmağı sevmişəm və buna da nail olmuşam. Söylüdən çıxanda, xarici görünüşüm tamamilə başqa bir təəssürat bağışlayanda, hətta bu görünüşümə belə iltifat ediləndə özümü udmuş hesab etmişəm. Amma aktrisa var ki, kimisə təqlid edir və o obraza düşərək həyatda da elə olur. Yəni 30 yaşından elə səhnədə canlandırdığı 60 yaşında qadın kimi hərəkət edir. Beləcə, özünü qadın və aktrisa kimi məhv edir. Mən isə, əksinə, nənə kimi də, ana kimi də, sevimli həyat yoldaşı kimi də hər zaman təravətli olmaq istəmişəm. Çünki gözəl gülün yanından heç kim laqeydliklə keçə bilməz. Odur ki, insan, xüsusən qadın hər zaman özünə qiymət verməyi bacarmalıdır.
- Zamanla, xüsusən məşhurluq və fəxri adlardan sonra, yəni səhnə adətə çevrildikcə onun həyəcanı itmir ki?
- Özündən müştəbehlik sənətkarın evini yıxır. Mən həyəcanımı heç vaxt itirmirəm.
- Yüksək fəxri adlara, təltiflərə, müxtəlif mükafatlara layiq görülmüsünüz. Yaradıcı proses də titulların sırası ilə yekunlaşır?
- Elə bir aktyor yoxdur ki, səhnəyə çıxsın, işləsin və ad, titul istəməsin. Çünki aktyoru yaşadan da məhz sənətinin qiymətləndirilməsidir. Təbii ki, buna haqqı varsa. Fəaliyyət isə nə yaşa, nə də fəxri ad sıralamasına baxır. Əsas odur ki, sağlamlığın sənə imkan versin. Mənim də səhnə-sənət arzularım çoxdur və Allahın verdiyi cansağlığı ilə bunları reallaşdırmağa çalışıram. Çünki bu, mənə qiymət verən xalqım və dövlətim qarşısında ən azı borcumdur.

Söhbətləşdi: Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar