2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Azərbaycanın Şəki şəhəri qəbul edəcək

TÜRKSOY təşkilatı son bir neçə ayda ortaq türk mədəniyyətinin tanıdılması və təbliği istiqamətində maraqlı layihələr gerçəkləşdirib. Qurumun baş katibi Düsen Kaseinovla budəfəki söhbətimiz də onun Cənubi Koreyaya səfərdən dönüşündən sonra baş tutdu. İlk sualımız da bu barədə oldu.

- Düsen bəy, Cənubi Koreyaya səfərinizin məqsədi nə idi?
- 15-16 oktyabrda Koreya Respublikasında “İpək yolu və Orta Asiya” mövzusunda simpozium keçirildi. Məlumat üçün bildirim ki, VII əsrdə Koreyada Silla imperiyasının mərkəzi Genju şəhəri olub. Koreyalılar Böyük İpək Yolunun bu şəhərdən başlandığını deyirlər. Şəhərin qalıqları hazırda UNESCO-nun dünya irs siyahısına daxildir. Eyni zamanda Koreya dili Altay dil qrupuna mənsub olduğundan onlar öz köklərinin Altaydan gəldiyini düşünürlər. Bu baxımdan da tədbir əhəmiyyətli idi.
Simpoziuma Dayqu şəhərində yerləşən Kemyunq Universiteti ev sahibliyi edirdi. Tədbir TÜRKSOY və mərkəzi Səmərqənddə olan UNESCO-ya bağlı Orta Asiya Araşdırmaları İnstitutu ilə birgə təşkil olunmuşdu. Yeri gəlmişkən, gələcəkdə universitetdə TÜRKSOY-un iştirakı ilə Türk Mərkəzinin açılması barədə danışıqlar da apardıq.
Biz həm alimlərin toplantısına dəstək verdik, həm də türk dünyasının ənənəvi musiqisi mövzusunda konsert düzənlədik. Konsertə Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Rusiya Federasiyasının Tuva, Başqırdıstan, Xakasiya, Yakutiya bölgələrindən sənətkarlar qatılmışdı. “Dastandan əzgiyə” (melodiyaya) adlı türk dünyası musiqiləri konserti çox gözəl keçdi. Konsertdə təkcə türk dünyasından deyil, Amerikadan, Britaniyadan, digər ölkələrdən də sənətkarlar iştirak edirdi. Mərasimdə çıxış etdim. Bu tədbir türk mədəniyyətinin dünyaya tanıdılması baxımından çox önəmlidir. Ümumiyyətlə, hər il müxtəlif ölkələrdə türk dünyası mədəni irsinin, musiqisinin təbliği, tanıdılması ilə bağlı müxtəlif layihələr həyata keçirir, festivallara, beynəlxalq tədbirlərə qatılırıq.
- Bu yaxınlarda keçirdiyiniz tədbirlərin sırasında ilk dəfə Monqolustan da yer aldı. Maraqlıdır ki, bu ölkə TÜRKSOY-un üzvü deyil...
- Mədəniyyətimizi bütün dünyaya tanıtmaq bizim hədəfimizdir. TÜRKSOY-un fəlsəfəsi məhz budur: başqalarında oxşarlıq axtarmaq. Bununla biz sadəcə qazanırıq. Əgər biz fərqlilik axtarsaq, o zaman uduzarıq. Bilirsiniz ki, tarixən monqollar bizə yaxın xalq olub. Bu ölkədə qədim türk yazılı abidələri var. Daha çox ünsiyyətdə olduqca bir-birimizi daha yaxşı tanıyırıq. TÜRKSOY Monqolustan hökuməti, ölkənin Mədəniyyət, Təhsil və Elm Nazirliyi ilə birlikdə sentyabrın 23-də Ulan-Bator şəhərində türkdilli ölkələrin dizaynerləri və modelyerlərinin də iştirakı ilə “Avrasiyanın bütün rəngləri: köçəri dəbi” adlı böyük dəfilə keçirdi. TÜRKSOY-un bu layihəni dəstəkləməkdə məqsədi dizaynerlərin diqqətini cəlb etməklə tarixi-mədəni irsin aktuallaşdırılması və milli geyimlərin tarixinin öyrənilməsi, ənənələrin qorunub-saxlanması və inkişaf etdirilməsidir.
Ümumiyyətlə, aramızda fərqləri deyil, oxşarlıqları axtarmalıyıq. Bu gün dünyada siyasi böhranlar var, iqtisadi böhran var. Bir jurnalistin mənə, “Böhran əleyhinə hansısa dərman varmı?”, sualına belə cavab vermişdim: “Böhran əleyhinə ən güclü vasitə mədəniyyətdir”.
- Bu baxımdan TÜRKSOY-un rolunu necə görürsünüz?
- Bu gün, həqiqətən də, mürəkkəb bir zamanda yaşayırıq. Dünyada çox ciddi hadisələr, münaqişələr baş verir. Bir tərəfdən islamofobiya, digər tərəfdən radikal islamçılıq. Hərçənd o radikalları islam dünyasına, gerçək islama aid etmək olmaz. İslam sülh, dostuq, dialoq, anlaşma dinidir. Eyni zamanda, bizim ümumi mədəniyyətimiz, dilimiz var, bir-birimizə və bütün dünyaya göstərəcəklərimiz var.
Dünyada nə qədər anlayışlı və nə qədər də anlayışsız insan mövcuddur. Bu isə sübut edir ki, dillə, mübahisələrlə deyil, mədəni layihə ilə, qarşılıqlı fəaliyyətlə iş görmək lazımdır. Biz yalnız mədəniyyət sahəsində işləyirik. Hər bir işi elə görməyə çalışırıq ki, insanlar bir-birlərini daha yaxşı tanısınlar. Ümumi mədəniyyətimizi və dilimizi, qarşılıqlı əlaqələrimizi paylaşsaq gözəl olar. Bu baxımdan çoxlu ideyalarımız var. Baxın, bizim son tədbirlərimiz Monqolustan, Koreya ilə bağlı idi. Artıq iki ildir ki, müntəzəm şəkildə bizə Çindən sənətkarlar gəlir. Məsələn, götürək tanınmış uyğur müğənnisi Dilbər Yunusu. O, türkdilli ölkələrlə əməkdaşlığa məhz TÜRKSOY-un “Opera günləri” layihəsi ilə başladı. Koreyada olanda isə bildik ki, onlar Orta Asiya ölkələrinə, ümumilikdə türk xalqlarının tarixinə böyük maraq göstərirlər.
- Türkdilli xalqların mədəni irsinin qorunması, təşviqi və inkişafı məqsədilə 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilmiş dövlət başçılarının zirvə toplantısında qəbul edilmiş qərara əsasən təsis olunan Türk Mədəniyyəti və İrsi Fondu artıq Bakıda fəaliyyətə başlayıb. Gözləntiləriniz nədir?
- Belə bir fondun təşkil olunmasına çox sevinirəm. Bizim iştirak etdiyimiz son sammitdə qurumun yaranması təsdiqləndi. Nə qədər ki, türk dünyası böyükdür, mədəniyyət rəngarəngdir, belə təşkilatların sayı çox olsun. Onda daha çox müvəffəqiyyət əldə edərik və tanınarıq. O zaman bizi daha çox dəyərləndirərlər.
- Yeri gəlmişkən, yaxın vaxtlarda Azərbaycanla bağlı hansı planlarınız var?
- Bu il Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin 90 illiyini qeyd edirik. Bilirsiniz ki, TÜRKSOY-da fəaliyyətə başladığım ilk ildə tərcümə ilə bağlı tədbirimizi Bəxtiyar Vahabzadəyə həsr etmişdik. Şəkidə olanda məmnuniyyətlə onun abidəsini ziyarət edirəm. O, mənim qəlbimə çox yaxın bir adamdır. TÜRKSOY-un layihəsi ilə Bəxtiyar Vahabzadənin seçmə 90 şeiri 6 türk respublikasının dilinə çevrilərək nəşr edildi. Bu yaxınlarda Bakıda kitabın təqdimatı keçirildi. Bu təqdimatlar noyabr və dekabr aylarında Bişkekdə, Almatıda, Aşqabadda və Ankarada keçiriləcək.
Bildiyiniz kimi bu il türkiyəli dramaturq Haldun Tanerin 100 illiyi ilə əlaqədar TÜRKSOY tərəfindən “Haldun Taner ili” elan edilmişdir. Onun dram əsərləri bu çərçivədə müxtəlif türkdilli ölkələrdə səhnələşdirilir. TÜRKSOY-un təklifi ilə Şəki Dram Teatrı da Haldun Tanerin əsərini tamaşaya qoyur və dekabrda premyerası planlaşdırılıb.
- 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türkmənistanın Mərv şəhəri öz missiyasını başa çatdırmaq üzrədir. Nəticələr necədir?
- Nəticələrdən çox məmnunam. Ona görə ki, Mərv şəhəri açılış mərasiminə və digər tədbirlərə çox yaxşı hazırlaşmışdı. Hətta “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə əlaqədar olaraq Mərvdə beşulduzlu mehmanxana da tikilib. Orada çox gözəl konsert salonu, dram teatrı binası var. Şəhər özü çox gözəldir. Bu yaxınlarda Mərvdə türkdilli ölkələrin milli teatr rəhbərlərinin toplantısı da çox uğurla keçirildi. Şəhərin simvolu Alp Arslanın məqbərəsidir. Mərv bu gün qədimliklə müasirliyi özündə birləşdirib. Əlbəttə, türk dünyasının belə şəhərlərini tanıtmalıyıq.
- “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini hansı şəhər davam etdirəcək?
- Bu ay (noyabr - red.) Mərv şəhərində paytaxt ilinin bağlanış mərasimi və TÜRKSOY Nazirlər Şurasının toplantısı keçiriləcək. Orada bununla bağlı qərar rəsmiləşəcək. Növbəti iki il üçün paytaxt şəhərləri elan edəcəyik. Başqırdıstanın Ufa şəhəri 2016-cı il, Azərbaycanın təklifi ilə Şəki şəhəri isə 2017-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunacaq. Beləliklə, Mərv şəhəri paytaxt simvolunu Ufa şəhərinə verəcək. Ondan estafeti isə Şəki qəbul edəcək.

Mehparə Sultanova,
Ankara