Metin Ekici: “Türkcə tədris verdiyimiz insanların bəziləri indi öz ölkələrinin tanınmış dövlət xadimləri, diplomatlarıdır”

Müsahibimiz Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Metin Ekicidir. Onunla oktyabrın 19-23-də İzmirdə keçirilən “Dədə Qorqud və türk dünyası” beynəlxalq konqresində görüşüb söhbətləşdik.

- Metin bəy, 23 il öncə Ege Universitetində yaradılan Türk Dünyası Araşdırmaları İnstitutunun məqsədi nədən ibarətdir?
- Bu il 60-cı ildönümünü qeyd edən Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun məqsədi cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün göstərdiyi hədəfləri - türk dilini, tarixini, mədəniyyətini, ədəbiyyatını, sənətini, sosial və siyasi əlaqələrini çağdaş elmi yöndən araşdırmaq, incələmək, əldə edilən nəticələri türk dünyasına və başqa xalqlara yaymaqdır. Məqsədimiz həmçinin türk dünyasında yaşanan problemləri öyrənmək, çözmək, türk boyları ilə bağlı elmi araşdırmalar aparmaq, təlim və təhsil yönlərində işlər həyata keçirməkdir.
Bu günə qədər gördüyümüz işlərlə öyünə bilərik, ancaq onları yetərli saya bilmərik. Biz türk dünyasından gələn gəncləri yetişdirməklə yanaşı, türk boyları içərisində mədəni araşdırmalar həyata keçiririk. Əldə etdiyimiz elmi nəticələri Türkiyə və dünyaya konfrans, simpozium, konqreslər keçirməklə çatdırırıq.
- İndiyə kimi nə qədər mütəxəssis hazırlamısınız, layihələr gerçəkləşdirmisiniz?
- Bu günə qədər 200-ə qədər doktorant və magistr institutumuzda təhsilini tamamlayıb. İndi 186 doktorant və magistr müxtəlif sahələrdə təhsillərini davam etdirirlər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO və başqa qurumlarla birgə 30-dan çox layihə gerçəkləşdirmişik, hazırda bir sıra layihələrimiz də davam etməkdədir. UNESCO-nun 2003-cü ildə imzalanan qeyri-maddi mədəni miras haqqında konvensiyasına uyğun olaraq İzmirdə “Yaşayan aşıqlar” layihəsi, “Səyyah Övliya Çələbinin gözüylə İzmir və çevrəsi” layihəsi institutumuz tərəfindən gerçəkləşdirilib. Azərbaycandakı məzar daşlarında təsvirlər, türk adətləri, qədim inanclarla bağlı araşdırmaları əhatə edən layihə də həyata keçirmişik.
Ən önəmli təhsil çalışmalarımızdan biri də türkcə öyrətməkdir. Bu günə qədər Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığı vasitəsilə və öz imkanlarımızla ölkəmizə gələn minlərlə tələbəni türkcə tədris vermiş, onlara türk mədəniyyətini, İzmiri, Türkiyəni və türk dünyasını dərindən tanıtmışıq. Onların bəziləri indi öz ölkələrinin tanınmış dövlət xadimləri, diplomatlarıdır. Türkmənistanın xarici işlər nazirini, Qazaxıstanın Vyanadakı səfirini örnək göstərə bilərik.
- Düzənlədiyiniz “Dədə Qorqud və türk dünyası” beynəlxalq konqresi haqqında nə deyə bilərsiniz?
- Türkologiyanın qurucusu sayılan Fuad Köprülünün “Tərəzinin bir gözünə türk ədəbiyyatını və mədəniyyətini, o biri gözünə “Dədə Qorqud Kitabı”nı qoysanız, “Dədə Qorqud Kitabı” ağır gələr” sözləri məncə, bu bənzərsiz söz abidəmizə verilmiş ən yüksək dəyərdir. Dünyada bu kitabın iki nüsxəsi vardır. Bir müqəddimə və 12 boydan ibarət kitab Almaniyanın Drezden kitabxanasında, bir giriş və 6 boyu əhatə edən yarımçıq kitab isə Vatikan kitabxanasında saxlanılır. Drezden nüsxəsi 1815-ci ildə tapılıb və bununla da dastan elm dünyasına məlum olub. Bu il “Dədə Qorqud Kitabı”nın elm dünyasına məlum olmasının 200 illiyidir.
Bu il həm də Türkiyənin ən önəmli elm, araşdırma və təhsil qurumlarından biri olan Ege Universitetinin qurulmasından 60 il ötür. Eləcə də dünyada təhsil və mədəniyyət qurumu olan UNESCO-nun yaradılmasının 70-ci ildönümüdür. Biz də, “Dədə Qorqud Kitabı”nda olduğu kimi, ildə bir dəfə toplaşan Oğuz bəyləri kimi türk dünyasının tanınmış elm və sənət adamlarını bir araya toplayıb bu konqresi keçirməyə qərar verdik. Azərbaycanda “Dədə Qorqud”u araşdıranlar “qorqudşünas” adlandırılırlar. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda Qorqud Ata şeirləri musiqilə çalınıb tərənnüm edilməkdədir. Bütün bunları bir araya gətirmək, yeni düşüncələrlə tanış olmaq, mədəni irsimizə yiyə durmaq üçün buraya toplaşmışıq. Bu elmi toplantıya 22 ölkədən 330-dan çox elm adamı gəlib. Türk dünyasının fərqli bölgələrindən 15 dəyərli sənətçi konqresdə iştirak etməklə babalarımızın dastançılıq ənənəsinin necə yaşatdıqlarını bizə göstərirlər.
Eləcə də biz burada türk dünyasının mədəniyyətini əks etdirən döyüş silahları, musiqi alətləri, kitab sərgisi təşkil etmişik. Bütün bunlar Qorqud Atanın kim tərəfindən yazıldığı bilinməyən kitabını, keçmişdən bizə miras qalanları xatırlamaq, paylaşmaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün hazırlanıb.
Öz adımdan türk coğrafiyasının uzaq bölgələrindən buraya gələn bütün elm insanlarına, sənətçilərə, eləcə də işimizə dəstək verən hər kəsə sayğımı bildirirəm.

S.Soltanlı