Yaqub Öməroğlu: “Mükafata layiq görülmüş pyeslər TÜRKSOY ölkələrinin dövlət teatrlarının repertuarına tövsiyə olunacaq”

Məlum olduğu kimi, TÜRKSOY görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə 2015-ci ili “Haldun Tanerin ili” elan edib. Yubiley çərçivəsində keçirilən tədbirlərdən biri də Haldun Taner adına beynəlxalq dramaturqlar müsabiqəsidir. Avrasiya Yazarlar Birliyinin (AYB) təşkilatçılığı, Türkiyə Baş Nazirliyinin Tanıtma Fondunun dəstəyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Baş Direktorluğunun işbirliyi ilə təşkil edilən yarışmaya çox sayda iştirakçı qatılıb və nəticələr artıq bəllidir. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu ilə söhbətimiz bu barədədir.

- Türk dünyasının ilk pyes yarışması olan bu layihənin ideyası necə yarandı?
- Bundan öncə iki ildən bir olmaqla Mahmud Kaşğarlı hekayə müsabiqəsini təşkil etmişik. Müsabiqənin Bakıdakı mükafatlandırma mərasiminə qatılan Türkiyə mədəniyyət və turizm nazirinin müavini belə bir fikir irəli sürdü ki, türk dünyasını əhatə edən bir pyes yarışması da keçirək. Təklif digər iştirakçılar tərəfindən də dəstəkləndi. Tərəfdaş qurumlar kimi bu layihə TÜRKSOY, Avrasiya Yazarlar Birliyi və Türkiyə Dövlət Teatrları Baş Direktorluğuna həvalə olundu. Doğrusu, bu təklif irəli sürüləndə mən buna bir qədər tərəddüdlə yanaşdım. Ona görə ki, teatr bizim üçün yeni bir sahə idi. Dramaturqlarımızın bu məsələyə maraq göstərib-göstərməyəcəyi də bizi düşündürürdü. Amma yarışma uğurla gerçəkləşdi. Bu qədər iştirakçı olacağını gözləmirdik. Hətta bizim hekayə müsabiqələrinə qatılmayan Xakasiyadan, Sibirdən də əsərlər gəldi. Buna görə hər kəsə öz minnətdarlığımızı bildiririk.
- Layihədə ən çox fəallıq göstərən hansı ölkə oldu?
- Bu layihə həm də türk dünyasında həyata keçirilən ilk pyes yarışması özəlliyini daşıyır. İlk təqdimatı Konyada baş tutan “Min nəfəs - bir səs” yarışına 18 ölkədən 109 əsər təqdim olundu. Müsabiqəyə hər hansı türk dillərindən birində yazılan, həcmi iki pərdədən çox olmayan, daha öncə çap olunmayan, tamaşaya qoyulmayan pyeslər qəbul olunurdu. Çox dəyərli qələm sahiblərinin öz əsərlərini göndərdikləri yarışda jüri də gərgin fəaliyyət göstərdi. Nəticə belə oldu: Başqırdıstandan Məryəm Burakayeva “Kölgə”, Qazaxıstandan Əkrəm Ahmetov “Kaşğarlı Mahmud”, Azərbaycandan Afaq Məsud “Mənsur Həllac”, Qaqauziyadan (Moldova) Todur Zanet “Sistema” və Türkmənistandan Nobatguli Recepov “Nəsrəddin hoca, sən kimsən?” əsərləri ilə mükafata layiq görülüblər.
Azərbaycan Milli Dram Teatrı, Azərbaycan Yazıçılar Birliyi layihəyə çox aktiv şəkildə dəstək verdilər. Əslində, hansı ölkənin aktiv olması iştirak sayından da bəllidir. Azərbaycan, Tatarıstan, Qazaxıstan və Qırğızıstanda təqdimat tədbirləri keçirdik. Nəticə göstərir ki, təqdimat mərasimləri keçirdiyimiz ölkələrdə fəallıq daha çox oldu. Məsələn, Tatarıstandan 26 əsər, Azərbaycan və Qazaxıstandan isə 16 əsər təqdim olundu. Düşünürəm ki, bu ilk təcrübəmiz olduğu üçün iştirakçı sayı kifayət qədərdir.
- Yaqub bəy, layihənin türk dünyası üçün önəmi nədir və yarışın qaliblərini hansı mükafatlar gözləyir?
- Dekabrın 8-də Ankarada mükafatlandırma mərasimi olacaq. İstərdik ki, yarışın nəticəsi hər kəs üçün faydalı olsun. Birinci yerin qalibinə 15 min, 2-ci yer üçün 10 min, 3-cü yer üçün 5 min türk lirəsi nəzərdə tutulub. Bundan əlavə, iki dramaturqa da həvəsləndirici mükafatlar veriləcək. Mükafata layiq görülmüş pyeslər TÜRKSOY ölkələrinin dövlət teatrlarının repertuarına tövsiyə olunacaq. Öz mədəniyyətimizi, ədəbiyyatımızı dünyada tanıtmaq istəyiriksə, əvvəlcə bir-birimizə tanıtmalıyıq. Yəni əgər bir yazıçının əsəri həm Azərbaycanda, həm Qazaxıstanda, həm də Türkiyədə nəşr olunursa, deməli, o, dünyaya bir beynəlxalq yazıçı kimi çıxır.
Bu pyeslərin oynanıldığı ölkələrə yazıçılarımızla birlikdə gedib onları izləmək istəyirik. Doğrudan da, Halun Taner pyes yarışması çox önəmli layihədir. UNESCO kimi qurumlar bir ili hansısa önəmli şəxsiyyətə həsr edər, ilboyu tədbirlər keçirər, amma sonra unudular. Biz isə bu layihənin qalıcı olmasını istəyirik. Mahmud Kaşğarlı layihəsi kimi, bu layihənin də ənənəvi olması, gələcək illərdə xatirəsinin yaşadılması önəmlidir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan teatrları pyesləri oynayacaqlarını deyiblər. Bu mənada mənim üçün layihənin ikinci bölümü daha önəmlidir. Yəni əgər bir Azərbaycan pyesi Qazaxıstan səhnəsində oynanılarsa, o zaman xalqlar bir-birilərinin tamaşalarını daha yaxşı tanıyarlar.
- Azərbaycanla əlaqələriniz necə davam edir?
- Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi ilə yaxşı əlaqələrimiz var. Bizim bir çox üzvlərimiz Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eynilə onların üzvləri Avrasiya Yazarlar Birliyinin üzvləridir. Yeni kitablarımızın təqdimatını keçirəcəyik. Onların arasında Azərbaycanın Xalq yazıçısı Anarın “Gözmuncuğu” kitabı da var.

Mehparə Sultanova,
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar