Hulusi Kılıç: “Mənim düşüncəmdə Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaq, Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaq deməkdir”
Türkiyənin Azərbaycandakı sayca 9-cu böyükelçisi olmuş Hulusi Kılıç aktiv fəaliyyəti ilə yadda qalmışdı. 2008-ci ildən 2012-ci ilədək Bakıda çalışan diplomatı müxtəlif, o cümlədən mədəniyyətlə bağlı tədbirlərdə tez-tez görmək olardı. Hazırda Türkiyə Xarici İşlər Nazirliyinin Afrika idarəsinin direktoru olan Hulusi bəy bizimlə söhbətində Bakı xatirələrini yada saldı, yeni fəaliyyətindən söz açdı.
- Türkiyənin Azərbaycandakı ən uzunmüddətli səfiri olmusunuz. Bu illər həyatınızda necə bir iz qoydu?
- Əvvəlcə onu xüsusi qeyd etmək istərdim ki, mənim Azərbaycan sevgim hər kəsə yaxşı bəllidir. İçimdən gələn sevgimi hər zaman bu sözlərlə ifadə etdim: Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan da bizim qardaş ölkələrimizdir. Amma bizim bir əkiz qardaşımız var, o da Azərbaycandır. Can Azərbaycan, qardaş vətən... Bu ölkədə səfir kimi çalışmaq ən böyük arzum idi. O zaman istədiyim ölkəyə səfir təyinatı ala bilərdim. Amma həmin vaxt baş nazir Rəcəb Tayyip Ərdoğandan xahiş etdim ki, məni qardaş ölkəyə - Azərbaycana təyin etsin. Deyirdim ki, mən bir millətin səfiri olmağa çalışacağam. Çünki mənim düşüncəmdə Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaq, Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaq deməkdir. Gələcək nəsil bunu daha yaxşı anlayacaq və mən buna inanaraq işlədim. Doğrudan da, Azərbaycanda çox gözəl işlər gördük. Azərbaycanın bütün bölgələrinə getdik. Orada uşaq vaxtlarımdan mənə tanış olan sözləri eşitdim. Məsələn, “üzünü yu” (bu gün Türkiyə türkcəsində “yüzünü yıka” deyilir - red.) kəlməsini eşidəndə yadıma düşdü ki, bir vaxtlar anamız da bizə belə deyərdi. Bütün bunlar o qədər fərqli bir duyğudur ki, sadəcə hiss edib yaşamaq lazımdır. Həyat yoldaşım Günay xanım da mənə dəstək oldu. Azərbaycandan geri dönmək bizim üçün çətin idi. Amma hər işin bir sonu var.
- Məlumdur ki, sizin təbirinizcə desək, iki əkiz qardaşı istəməyən qüvvələr də var. Bu səbəbdən Azərbaycanda çalışdığınız dövrdə həssas məqamlar da yaşandı...
- Bəli, belə günlər də yaşadıq. Yadımdadır ki, bir sabah oyananda dodaqlarımın stressdən çatladığını gördüm. Amma mən hər zaman bu mesajı verdim: bu bir imtahandır və bundan uğurla çıxacağıq. Və çıxdıq. Ortaya çıxan problemləri isə bir ailənin problemi kimi gördük. Hər hansı bir əcnəbi diplomat mənim yanımda Azərbaycan əleyhinə danışa bilməzdi. Necə ki, Prezident İlham Əliyev Praqada “Türkiyə Cümhuriyyəti burda yoxdur, amma mən burdayam” dedisə, mən də eynisini təkrar edirəm. Hər yerdə Azərbaycanın təmsilçisiyəm. Qarabağla bağlı tez-tez mesajlar verdim: Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var, o torpaqlar Azərbaycanındır və geri qaytarılmalıdır. Bizim kimsə ilə düşmənçiliyimiz yoxdur. Ermənilər Azərbaycan torpaqlarını qaytarsın və ondan sonra biz də sərhədləri açaq. Bu, bölgəyə sülh və sabitlik gətirər.
- Hulusi bəy, Azərbaycanla bağlı bütün kəlmələri böyük sevgi ilə dilə gətirirsiniz. Azərbaycanda sizin üçün ən çox yadda qalan hadisə nə oldu?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mənə təqdim etdiyi “Dostluq” ordeni həyatımın ən unudulmaz hadisəsidir. Böyük fəxrlə deyə bilərəm ki, bu ordeni alan ilk Türkiyə böyükelçisi də mən oldum. Prezidentin qəbuluna gedənə qədər belə bir orden alacağımdan xəbərsiz idim. Hər zaman öz-özümə deyirəm ki, bu orden mənim Azərbaycandan aldığım diplomumdur. Bu gözəl duyğunu bu gün də yaşayıram. Mən Bakıya 2008-ci ildə getdim və o zaman Bakının sürətli inkişafını gördüm. Bunları heç vaxt unutmayacağam. Türk dünyasının inkişaf edib güclənməsini görməkdən qürur duydum. 2010-cu ilin oktyabrında imzalanan Naxçıvan sazişindən sonra İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibliyi, Bakıda isə Parlament Assambleyası quruldu. Bakıda keçirilən beynəlxalq tədbirlərin sayı artdı. Azərbaycan “Eurovision” kimi çox möhtəşəm tədbirə ev sahibliyi etdi. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv olduğu gün biz cənab Prezidentlə İzmirdə idik. Bu, çox böyük uğur idi və mən də Azərbaycanla birlikdə o hissləri yaşadım. 2012-ci ildə baş nazir Ərdoğanın Qəbələyə səfərinin şahidi oldum. O coşqu, o həyəcan unudulmaz idi. O zaman mənim təşəbbüsümlə nəşr edilən “Bir millət, iki dövlət - tək ürəyik”, “Bir millət-iki dövlət” adlı jurnallar da həmin görüşlərdə paylanıldı. Yadımdadır ki, Prezident İlham Əliyevin çox xoşuna gəlmişdi.
Azərbaycana yeni getdiyimiz günlərdə, 2008-ci ilin iyunu idi. Avropa çempionatında Xorvatiya ilə Türkiyə arasında keçirilən futbol yarışında Türkiyə qalib gəldi. O zaman hər kəs bizi təbrik etdi. Yəni demək istəyirəm ki, biz dostluğu, səmimiyyəti ortaq yaşadıq. Azərbaycan ürəyimdəki sevgidir və onu heç kim silə bilməz. Gələcəkdə bütün xatirələrimi kitaba çevirəcəyəm. Azərbaycanın gələcəyi parlaqdır və biz hər zaman Azərbaycanı Türkiyənin yanında görürük. Azərbaycanın problemlərini də öz problemlərimiz kimi görürük. Ona görə də Türkiyə 20 ildən çoxdur Ermənistanla sərhədləri bağlayıb. Dünyada belə bir nümunə yoxdur ki, bir dövlət digər dövlətə görə sərhədlərini bağlasın. Bu qardaşlığın nümunəsidir. Siyasətimizi də birlikdə yürütməliyik və ortaq məqamlarımız olmalıdır. Səfirlik binası ilə üzbəüz bağda Atatürkün heykəli ucaldıldı, Prezident İlham Əliyevin dəstəyi ilə Şamaxıdakı türk şəhidliyini abadlaşdırdıq. Orda ağaclar əkdik. Ürəyimin yarısı Azərbaycandadır. Mən Fəvvarələr bağında gəzərkən çox insanlar mənimlə şəkil çəkdirmək istəyirdi. Bu o qədər xoş hisslərdir ki. Biz Azərbaycanda yaşamaqdan, işləməkdən böyük zövq aldıq. İnşallah, gələcək nəsillərimiz bir-birilərinə daha çox qaynayıb-qarışacaq.
- Sizin səfir olduğunuz vaxtlarda mədəniyyət tədbirlərinə də geniş yer verilirdi. Günay xanımın da təşəbbüsü ilə Türkiyədən gələn mədəniyyət insanları ilə görüşlər keçirilərdi...
- Mədəniyyət, incəsənət qarşılıqlı münasibətlərdə çox önəmlidir. Biz 70 il bir-birimizdən ayrı qaldıq. Arada yaranmış boşluqları doldurmaq, bir-birimizə daha çox yaxınlaşmağımız lazımdır. Novruz şənlikləri düzənləyər, tonqal qalayardıq. “Gənclik həftəsi” keçirərdik. Tədbirlərimizə dövlət rəsmiləri, nazirlərdən başlayaraq hər kəs gəlirdi. Günay xanım da mənimlə bərabər çalışdı və hər zaman mənə dəstək oldu. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin də bu illərdə aktiv fəaliyyətinin, çoxlu mədəniyyət tədbirlərinin, layihələrin şahidi və iştirakçısı olduq. İki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun bir ənənə halı alması bizi çox sevindirir. Belə layihələr Azərbaycanı dünyada daha çox tanıdır. İşlə bağlı olaraq indi də Azərbaycana gedib-gəlirəm. Dostlarımla görüşürəm, Fəvvarələr bağında, Dənizkənarı parkda gəzmək, insanlarla söhbət etmək xoşuma gəlir. Azərbaycanın inkişafı ilə fəxr edirəm.
- Hazırkı fəaliyyətiniz də oxucularımız üçün maraqlıdır...
- Azərbaycandan döndüyüm gün, 2012-ci ilin 15 sentyabrında Türkiyə Xarici İşlər Nazirliyində işə başladım və Afrika şöbəsinin baş direktoru oldum. Türkiyə Afrikaya 2005-ci ildən sonra açılmağa başladı. 2009-cu ildə səfirliklərimizin sayı 12 idisə, indi 39-a çatıb. Bu il bu sayı 40-a çatdırmaq niyyətindəyik. Afrika Türkiyə üçün çox önəmli bir qitəyə çevrildi. Ankarada əvvəl Afrikanın 8 səfirliyi fəaliyyət göstərirdisə, indi onların sayı 32-yə çatıb. “Türkiyə-Afrika sammiti” var. Bu çox önəmli bir vəzifədir və sevinirəm ki, öhdəsindən gələ bildim. Bizi Afrikada çox sevirlər və orada Türkiyə adından bütün türk dünyasını təmsil etməyə çalışırıq. Türkiyənin dünyanın hər hansı bir yerində uğuru Azərbaycanın da uğurudur.
- Hulusi bəy, ali təhsil aldığınız Ankara Hacettepe Universitetində fransız dili və ədəbiyyatı fakültəsini bitirmisiniz. Bu gün ədəbiyyata nə qədər yaxınsız?
- Doğrudur, əvvəlcə ədəbiyyat fakültəsini bitirdim, sonra Strasburqda siyasət üzrə təhsil aldım. Şeiri, sənəti sevirəm. İşdən sonra Azərbaycan, türk musiqisini dinləyəndə bütün yorğunluğum çıxır. Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadənin əsərlərini hər zaman oxuyuram. Mən Bəxtiyar Vahabzadənin Şəkidə qonağı olmuşam. O, sovet dövründə türk dünyası üçün çoxlu mücadilə aparıb. Dəfn edilərkən tabutunda Azərbaycan və Türkiyə bayraqları vardı. Azərbaycan ədəbiyyatı çox zəngindir. Sovet İttifaqının tərkibində olmasına rəğmən bu xalq öz dilini, ədəbiyyatını qoruyub. Şeir, sənət bir millət üçün çox böyük amillərdir. Yeri gəlmişkən, evimdə bir “Azərbaycan guşəsi” qurmuşam, Azərbaycandan aldığım bütün kitablar da həmin guşədə yer alıb.
Mehparə Sultanova
Ankara