Yalçın Topçu: “Bu, ümumilikdə dünyanın inteqrasiyasına, əlaqələrin sıxlaşmasına zəmindir. Ziyalılarımız bunu israrla dünyaya anlatmalıdırlar”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın baş müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçu öz fəaliyyətində türk dünyası, mədəniyyəti istiqamətində aktivliyi ilə nəzərə çarpır. Onun zaman-zaman Azərbaycanla bağlı söylədiyi fikirlər də təqdirəlayiqdir. Əslən Ahıska türkü olan Y.Topçu bizimlə söhbətində də türk dünyası, onun problemləri və həlli yolları barədə fikirlərini bölüşdü.

- Yalçın bəy, əvvəlcə ondan başlayaq ki, sizin türk dünyasına, türkçülüyə marağınız nə vaxtdan başlayıb və bu anlayış sizin üçün nəyi ehtiva edir?
- Türk dünyasına marağım 15-16 yaşlarımda başlayıb. O zaman məktəbdə oxuyurdum, şagird qurumunun rəhbəri idim. “Kərkük türkdür, türk qalacaq” kimi şüarları divarlara yazıb, sərhədimizin o tayındakı soydaşlarımızla həmrəylik nümayiş etdirirdik. Türk dünyası ilə bağlı xəyallarımız gənc yaşlarımızda içində yetişdiyimiz fikir məktəbindən qaynaqlanırdı. Təbii ki, bu fikir türk dünyası ilə bizi görüşdürdü, bir araya gətirdi. Türk dünyasının bir gün yeni müstəqil dövlətlərin yaranacağını xəyal edər və buna daxilən inanırdıq. Azərbaycanı da o vaxtlar qiyabi də olsa tanımağa başlamışdıq və bu, əsəsən Türkiyəyə gələn azərbaycanlı sənətçilər sayəsində olurdu. Heç yadımdan çıxmaz ki, Zeynəb Xanlarova 70-ci illərdə Türkiyəyə konsert verməyə gələndə onu görmək, salamlaşmaq üçün qapıda növbəyə dayanırdıq. Bu bir anlamda bizim o yaşlardakı dünyamızda bütün türk dünyasına toxunmaq, ünsiyyətdə olmaq qədər çox maraqlı bir duyğu idi. Zeynəb xanımın Azərbaycandan gəldiyi üçün və türk dünyasını təmsil etdiyi üçün konsert zamanı Azərbaycan türkcəsində dediyi hər kəlməyə görə salonlar az qala yıxılardı. Bu gün mənim 59 yaşım var, amma o təəssüratı sonra heç bir yerdə nə duydum, nə də gördüm. Dediyim kimi, bizim türk dünyası ilə bağlı xəyallarımız var, onlar bitməyib, hələ də davam edir. Bunu yorulmadan, bezmədən hər yerdə söyləyəcəyik. İsmayıl Qaspıralının dediyi kimi, inşallah, bir gün bərabər, “işdə, fikirdə, dildə” bir olan, iqtisadi əlaqələri genişlənmiş, mədəni və turizm əlaqələri güclənmiş ölkələr olmalıyıq. Bunun həm bizim üçün, həm də dünyanın barışı üçün ciddi əhəmiyyəti olacaq. Yəni dünyadakı hökmran güclər əgər Yaxın Şərqdə, bütövlükdə Asiyada etibarı, insanların ədalət və vəfa içərisində yaşamalarını istəyirlərsə, bunun da açarı türk dünyasıdır. Yəni Azərbaycan torpaqlarının 20 faizini 3 milyonluq bir ölkəyə işğal etdirirsinizsə, bunun arxasında durursunuzsa, XXI əsrdə 600 milyonluq türk dünyasının gözü önündə Xocalıda törədilən insanlıq vəhşətinə, soyqırımına göz yumursunuzsa, bunları həll etmədən bu coğrafiyaya sülh gələrmi?
- Yeri gəlmişkən, Ermənistanın işğal etdiyi Qarabağda bugünlərdə yeni müharibə alovunun şahidi olduq, cəbhə xəttində hərbçilərimiz şəhid oldu. Bu münaqişənin həllini necə görürsünüz?
- Qarabağ məsələsi bütün türk dünyasının məsələsidir. Daha geniş mənada bütün insanlığın məsələsidir. Baxın, kiçik bir ölkə super gücün olduğunu iddia edən başqa bir ölkə tərəfindən maşa kimi istifadə olunur, Azərbaycanın torpaqları işğal edilir. Bu münaqişənin həll edilməsi üçün də o işğala son qoyulmalı, super güclər istifadə etdikləri bu maşanı o torpaqlardan geri çəkməlidirlər. İşğal edilmiş torpaqları Azərbaycana qaytarılmalı və başqa türk dünyası olmaqla bütün demokratik ölkələrdə Xocalı soyqırımı tanınmalı, bunu cinayətləri beynəlxalq hüququn qarşısına çıxarılmalıdır. Hazırda Qarabağda yeni müharibəni alovlandırmaq istəyən, atəşkəsi açıq təhdid edən Ermənistandır və onun arxasındakı güclər buna göz yumur. Nəticədə Azərbaycanın özünü müdafiə haqqı var, bunu beynəlxalq hüquqa uyğun olaraq da tətbiq edir.
- Türk dünyası ilə bağlı maraqlı fikirləriniz var. "Biz dünyanın böyük bir ailəsiyik, yalnız oturduğumuz evlərin adları fərqlidir” deyirsiniz. Bu evləri yaxınlaşdırmağın yolu nədən keçir - siyasət, iqtisadiyyat, turizm, mədəniyyət?
- 1926-cı ildə Bakıda ilk türkologiya qurultayı oldu, türk dünyasının vahid əlifbasının yaradılması müzakirə edildi, müəyyən qərarlar da qəbul edildi. Amma həmin təşəbbüslər, qərarlar Rusiyanın basqısı, sovet rejiminin təzyiqi ilə həyata keçmədi. Bunların hamısı təkrar canlandırılmalıdır. Bunun üçün türk dünyasındakı bütün ziyalılar, tarixçilər, qeyri-hökumət təşkilatları üzərinə düşən işi görməlidir. Necə ki, Avropa Birliyi öz içərisində iqtisadi birlikdən başlayaraq siyasi, mədəni birliklərə getdisə, 600 milyonluq böyük bir gücün də həm mədəni, həm turizm, həm iqtisadi sahədə birlikləri möhkəmləndirməlidir. Yəni bir-biriləri ilə daha çox ticarət etməli, turizm əlaqələri saxlamalı, təhsil, mədəniyyət mübadiləsi aparmalıdırlar. Əlbəttə, bundan da başqa dövlətlər narahatlıq hissi keçirməməlidir. Bu, ümumilikdə dünyanın inteqrasiyasına, əlaqələrin sıxlaşmasına zəmindir. Belə bir birliyin dünyanın xeyrinə olacağını ziyalılarımız israrla dünyaya anlatmalıdırlar.
- Bu gün ümumtürk birliyi anlayışına həm müsbət, həm də mənfi mənalarda müxtəlif yanaşmalar var. Sizin yanaşmanızdan çıxış etsək, türk dünyası necə olmalıdır?
- Bəzilərinin bizim birliyimizi pantürkizm və s. ifadələrlə adlandırmalarını diqqətə almamalıyıq. Onlardan heç biri doğru deyil. Yəni bizim türk dünyasında birlik istəməyimiz ziyanlı deyil və dünya sülhünə zərər vermir. Bizim istəyimiz aydındır və hər kəs də anlayır. Millətlərin qədim xüsusiyyətləri var. Məsələn, biz heykəltəraşlıq, sənət, musiqi, idman desək, yunanlar bizimdir deyər, din desək, yəhudilər deyəcək ki, ən qədim din bizimdir, hüquq desək, Roma yada düşür. Amma qəhrəmanlıq, mərhəmət, əxlaq deyildiyi zaman türk milləti yada düşür. Və bu özəlliklərə 10 min illik tarixin hər səhifəsində rast gələrsiniz. Tanrı dağından endiyimiz gündən bəri bütün dünyaya əxlaqı, mərhəməti, qəhrəmanlığı gətirən millət bizik. Tariximiz budur. Türk döyüşçüsünün uşaqları, qadınları, yaşlıları qətlə yetirdiklərini görə bilməzsiniz. Bizim millətimiz çörəyini belə cəbhədə düşməni olan insanla bölə bilir. Biz Yaxın Şərqdə 500-600 il mövcud olmuşuq. Amma onlardan heç bir türkcə düzgün danışmır. Amma ingilis və fransız 40-50 il hökmran olduqları Pakistana, Hindistana, Afrikaya öz dillərini öyrədiblər. Biz millətlərin inanc və mədəniyyətlərinə qarışmamışıq. Mərhəmət, əxlaq və qəhrəmanlıq türk dünyasının qədim özəllikləridir. Qədim özəlliklərə malik millətlərin iqtisadi, mədəni və turizm nöqtəsində bir araya gəlməsi, güc birliyi ortaya qoyması dünyanın barışına, rifahının artmasına ciddi töhfələr verər. Yaxın tarixə baxsaq görərik, Birinci və İkinci dünya müharibələrindən sonra böyük dövlətlərin hakimiyyət qurmaq üçün bir sıra maşaları olub və var. Bu mənada Ermənistanı Azərbaycana qarşı, terror təşkilatını Türkiyəyə qarşı istifadə edirlər. Nə qazanırlar bundan? Sadəcə silah tacirləri qazanır. Acından ölən insanların olduğu bir dünyada BMT-dəki 5 ölkə özünü dünyanın sahibi kimi görür. Bunlardan utanmalı, insanlığa hesab verməlidirlər. Savaşlar mədəniyyətləri yox edir. Məsələn, Şam, Bağdad mədəniyyəti qalmadı. Bu mədəniyyətlərin yox edilməsinə səbəb olan, bütün dünya insanlığına qarşı hesab verəcək ölkələr bəllidir. Mədəniyyətin zəngin olduğu Yaxın Şərqə, Balkanlara heç cür sülh gəlmir. Amma əvvəlcə evimizin içini qurmaq lazımdır. Bir xəyalımız var: Adriatik dənizindən Çin səddinə qədər qaynaşan və birləşən dildə, əməldə, fikirdə bir olan türk dünyasını qurmaq. Bu bizim bugünkü xəyallarımız deyil, universitet illərində, liseylərə dərsə gedəndə də deyərdim ki, əvvəlcə özümüzü yaxşı yetişdirəcəyik. Burdan icma yaradacaq, sonra cəmiyyət, millət, millətin tamamını topladıqdan sonra ümmətə də çatacağıq.
- Yalçın bəy, Azərbaycanla bağlı fikirlərinizi eşidirik. Heç ölkəmizdə oldunuzmu? Ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsi yetərincədirmi?
- Azərbaycanla Türkiyə arasında mədəni əlaqələr indikindən qat-qat yüksək olmalıdır. Heydər Əliyev doğru söyləmişdir: “Biz bir millət, iki dövlətik”. Azərbaycan Asiya, Qafqaz və Xəzərin bir incisidir. Yeraltı zənginlikləri, insan potensialı, mədəniyyəti, ziyalıları ilə Azərbaycanın dünya dövlətləri arasında çox nadir yeri var. Azərbaycanda çox görkəmli ziyalılar olub. Bizim uşaqlarımızın onları öyrənməsi, bir-birimizin yaxın tariximizi çox yaxşı bilməyimiz lazımdır. Eyni zamanda ortaq qəhrəmanlarımız tanınmalıdır. Bunun üçün mədəniyyət, təhsil sahəsində görüşlərimiz daha sıx olmalıdır. Bu günə kimi mənə Türkmənistana getmək nəsib oldu, Pakistanda oldum, amma ürəyimizin həssas nöqtəsində olan Azərbaycana gedə bilmədim. Hər dəfə planladım, bir şeylər baş verdi. Amma özümü hər zaman Azərbaycanla bir hiss edirəm, ona ana yurdum kimi baxıram.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar