Yay məktəbindən dönən aktrisa «Leyli və Məcnun»da çıxış edəcək

Artıq bir neçə ildir ki, Azərbaycanın gənc teatr aktyorları Rusiyada Beynəlxalq Yay Teatr Məktəbində bir ay təlim keçirlər. Rusiya Teatr Xadimləri İttifaqı ilə ölkənin Mədəniyyət Nazirliyi bu il artıq onuncu dəfə bu layihəni təşkil etmişdilər. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Polşa və ev sahibi (Rusiyanın 40 şəhərindən teatr sənətçisi) də daxil olmaqla 30 ölkədən 87 aktyorun qatıldığı təlimlərdə Azərbaycanı Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva da iştirak edib. Vətənə dönüşündən sonra yeni mövsümdə təhvil veriləcək «Leyli və Məcnun» tamaşasının məşqlərində məşğul olan aktrisa ilə bugünlərdə görüşdük.

- Asya xanım, bildiyim qədər Yay Teatr Məktəbindən zəngin təəssüratla qayıtmısınız. Bu bir ayda təlimlərdə nə öyrəndiniz, nə yeniliklər gördünüz?
- Yay məktəbində hər gün məşğul idik. Səhərlər ustad dərsləri keçirdik. Ardınca dərslər başlayırdı: səhnə danışığı, səhnə hərəkəti, vokal-ritmika, qılıncoynatma və rəqs. Universiteti bitirəndən sonra tələbə vaxtı öyrəndiklərimin bir qismi elə bil köhnəlmişdi. Yay məktəbində keçdiklərimiz bir növ mənim unutduğum, beynimdə köhnəlmiş biliklərimi təzələdi. Müəyyən metodlarla tanış oldum, yəqin ki, öyrəndiklərimdən yeni mövsümdə istifadə edəcəyəm.
Bir dəfə tamaşadan başqa, küçə performansı adlanan bir göstəridə iştirak etdik. Hamımız qulaqcıq taxmışdıq, neyləyəcəyimizi bizim qulağımıza söyləyirdilər. Yəni, sonadək bilmirsən ki, sənin çıxışın necə qurtaracaq, maraqlı psixoloji priyom idi, çox xoşuma gəldi. - Bəs teatr tamaşalarına necə, baxdınızmı?
- Bir dəfə Obrazsovun teatrına apardılar bizi. Tamam fərqli tamaşa gördüm. Ümumiyyətlə isə, tamaşalara baxmağa vaxt yox idi. Üç şəhərdə Moskvada, Zveniqorodda, İstrada məşqlər, məşğələlər keçirdi. Bir ay ərzində plana görə, bizim iştirakımızla kukla, plastik, küçə və iki dramatik tamaşa qoyulmalı idi. «Üç bacı. Üçüncü pərdə», «Puşkin. Kiçik faciələr», «Sakitlik», «Canto delle ombre/Kölgələrin şərqisi», bir də «Kiçik mismarlar». Mən yay məktəbinə məhz plastika məşğələlərinə görə getmişdim deyə, tamaşa seçəndə də elə «Kölgələrin şərqisi»ni seçdim. 17 nəfər iştirakçı idik və bizim hər birimizin tərəfdaşı stul idi.
Ustad dərslərində iştirak etmək də çox maraqlı idi. Tanınmış rejissorlar Yuri Butuzov, Konstantin Raykin və Sergey Jenovaçın, məktəbin rəhbəri - Aleksandr Kalyaginin söhbətləri insanı zənginləşdirirdi. Hamı ustad dərsini sual-cavab şəklində qurmuşdu, amma Raykin düz iki saat özü danışdı. Mən bir dəqiqə də gözümü ondan çəkmədi. Üstəlik, «Romeo və Cülyetta» əsərini xırdalıqlarınadək təhlil etməsi mənim üçün göydəndüşmə oldu. Yay məktəbində xeyli qeydlər etmişəm, video çəkmişəm. Ümid edirəm ki, öyrəndiklərimi tətbiq edə biləcəyəm.
- Mən elə Cülyetta ilə bağlı bir sual verəcəkdim. Baş rolda çıxış etdiyiniz «Romeo və Cülyetta» indi də teatrın repertuarındadır. Digər tərəfdən də, «Leyli və Məcnun»da Leylini hazırlayırsınız. Belə bir təhlükə gözlənilmir ki, Leyliniz Cülyettaya bənzəyər?
- Məncə, Leyli Cülyettadan qat-qat çətin obrazdır. Obrazın daxili aləmi bir tərəfə, elə mətn üzərində nə qədər çalışırıq. Füzulinin dilində ərəb-fars sözləri, izafətlər çoxdur. Onları başa düşərək əzbərləmək, düzgün vurğu ilə söyləmək lazımdır. İnanırsınız, saatlarla məşq edirik, məşqdən sonra da Nicat müəllimlə (quruluşçu rejissor - Əməkdar artist Nicat Kazımov) mətn üzərində işləyirik. Hər halda çalışaram ki, mənim Leylim Cülyettaya oxşamasın. Yəni bu, mənim rejissorun tələblərini yerinə yetirmək, öyrəndiklərimi tətbiq etmək fərasətimdən asılıdır.
- Tamaşa hazır olanda baxıb deyərik. Mən sizin Cülyettanızı görmüşəm deyə, Leylinizə qiymət vermək çətin olmaz...
- Məşqlərimiz sentyabrda, məzuniyyətdən qayıtdıqdan sonra davam edəcək. Ola bilsin ki, «Leyli və Məcnun» növbəti mövsümün ilk premyerası olsun.
- Başqa tamaşa, yaxud serial-film təklifi varmı?
- Hələ ki, teatrda «Leyli və Məcnun»u məşq edirəm. Yeni təkliflər yəqin ki, yeni mövsümdə olacaq. Həm də üç il demək olar ki, həftədə dörd-beş gün «Həyat, sən nə qəribəsən» serialında çəkilişlərdə olmuşam. Eyni vaxtda teatrdakı məşqlərimi, tamaşalarımı da axsatmamışam. İndi istəyirəm ki, heç olmasa, bir ay dincəlim... Bir də Leyli üzərində çox çalışmaq lazımdır, diqqətimi yayındırmaq istəmirəm.
- Mən sizin rejissor kimi quruluş verdiyiniz diplom tamaşasına da baxmışam. Düzü, o zaman gözləyirdim ki, sizi teatr rejissoru kimi qazanacağıq... Amma siz aktrisa kimi tanındınız.
- Elədir. Məni teatra aktrisa ştatına qəbul edəndə düşünürdüm ki, yəqin ki, tezliklə rejissor assistenti kimi işləyəcəyəm. Amma mənə rol verildikcə alışdım, tamaşaçı da məni qəbul etdi. Düşünürəm ki, yaxşı ki, aktrisayam. Tamaşa qoymaqla bağlı bəzi ideyalarım var, lakin onların məqamı hələ yetişməyib, mənim üçün tamaşa hazırlamaq hələ çox tezdir.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar