İraq Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən İraq Türkmən Şair və Yazıçılar Birliyinin rəhbəri, keçmiş millət vəkili Fövzi Əkrəm Tərzioğlu Azərbaycan ədəbiyyatının vurğunudur. Onunla qısa söhbətimizdə Kərkük-Azərbaycan mədəni, ədəbi əlaqələrinə toxunduq.

- Azərbaycan ilə İraq (Kərkük) türkləri arasındakı mədəni əlaqələrin dərin kökləri var. Bu əlaqələr necə davam etdirilir?
- Bizim xalqlarımız arasında mədəni əlaqələrin tarixi uzundur. Nəsrəddin Tusi Bağdada, ortaq irsimiz olan dahi Füzuli Kərbəlada uyuyur. Azərbaycan ədəbiyyatına vurğunam. Hətta ölkəni görməzdən öncə Azərbaycanla bağlı bir kitab yazmışdım: “Azərbaycan dastanı”. Ümumiyyətlə, İraq türkmənləri Azərbaycana heyrandır.
Türk dünyasında və eləcə də Azərbaycanda düzənlənən müxtəlif ədəbi-mədəni tədbirlərə qatılıram. Düşünürəm ki, xalqlarımız arasında mövcud olan tarixi mədəni bağlılığın davamlı və möhkəm olması üçün bir sıra şərtlər də vacibdir. Məsələn, İraqda Azərbaycan səfirliyi olsa, aramızdakı bu dostluq daha da inkişaf edər. Eyni zamanda çox istərdik ki, Bakıda İraq-Türkmən Mədəniyyət Mərkəzi fəaliyyət göstərsin. Bu mərkəz vasitəsilə mədəni mübadilə daha da intensivləşər. Bildiyiniz kimi, son günlərdə Nəcəfdən Bakıya hava uçuşları oldu. İstədik ki, uçuşlar hər zaman birbaşa olsun.
Vaxtilə Füzulinin 500 illiyi münasibətilə Azərbaycandan böyük heyət - 100-dən çox şair, yazıçı, sənətkar Kərbəla, Nəcəf, Bağdad şəhərlərində keçirilən tədbirlərdə iştirak etdilər, Kərkükü də ziyarət olundu. Onların arasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, professor Qəzənfər Paşayev və başqaları var idi.
Buna görə də İraq türkmənləri Azərbaycan mədəniyyətinə, necə deyərlər, bələddir. Bu gün də internet, sosial şəbəkələr vasitəsilə Azərbaycan mədəniyyətini izləyirlər. Xalqımız görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin şeirlərini əzbər bilir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı ilə Kərkük ədəbiyyatı arasındakı bənzərlik həm də hər ikisində səmimiyyət, istiliyin çox olmasından irəli gəlir. Bizim ədəbiyyatımız İraq ədəbiyyatından deyil, türk ədəbiyyatından qidalanır. Kərkükdə Yunus Əmrə, Karacaoğlan, Osmanlı divan ədəbiyyatı, Mehmet Akif Ərsoy, Tevfik Fikrət, Yahya Kamalın əsərləri çox oxunur. Uşaqlarımız Mehmet Akif Ərsoyun şeirlərini, xüsusilə də “İstiqlal marşı”nı əzbər bilir. Məclislərimizdə manqalın başında çay və qəhvə içə-içə saatlarla şeir söhbətləri edilir.
- Bu gün İraq türkmənləri öz mədəniyyətini, adətlərini qoruyub saxlamaq üçün hansı addımları atır?
- Səddam Hüseyn dönəmində 35 il bizim məktəblərimiz olmayıb. Amma hər kəs bilir ki, bizim xalqımız öz tarixinə, dilinə, dininə, söykökünə necə bağlıdır. 2003-cü ildən başlayaraq Kərkükdə məktəblər açıldı və indi bizim uşaqlar türk və türkmən dillərində danışa, yaza bilirlər. Bununla yanaşı, biz həm də kitablar çap etməkdəyik. Amma bu günə qədər qəzetimiz yoxdur. Bundan başqa, öz adətlərimizi, mədəniyyətimizi yaşatmaq üçün Bağdad, Kərkük, Ərbildə və bütün türkmən bölgələrində davamlı mədəniyyət tədbirləri keçiririk. Bu günə qədər mənim Azərbaycan, türkmən, türk, ərəb, kürd, ingilis dillərində kitablarım çap edilib. İraq türkmənləri ilə Azərbaycan türklərinin adət-ənənələri, geyim, mətbəx, danışıqları arasında çox bənzərliklər var. Hətta mahnılarımız da oxşardır. Bütün bunlar da deməyə əsas verir ki, biz tarixən eyni xalqlarıq, sadəcə bölünmüşük.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar