“Türkiyədə rəssamlığa yüksək qiymət verirlər. Universitetlərdə çalışan rəssamların dolanışığı daha yaxşıdır”

Tanınmış rəssam, soydaşımız Mənsur Cəfərov Türkiyənin Trabzon şəhərindəki Karadeniz Texnik Universitetinin Gözəl sənətlər fakültəsinin rəsm bölümünün professorudur. Bu günlərdə vətənə gələn Mənsur müəllimlə görüşüb söhbətləşdik.
M.Cəfərov 1957-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Dəstə kəndində anadan olub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


- Mənsur müəllim, sənətə gəlişinizi necə xatırlayırsınız?
- Rəssamlığa gəlişim 10-12 yaşlarımda olub. Yerlimiz Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində oxuyurdu, bir dəfə Naxçıvana gələndə rəssamlıq bacarığımı gördü və məni bu sənətlə məşğul olmağa ruhlandırdı. 8-ci sinfi bitirən il sənədlərimi Rəssamlıq Məktəbinə verib, daxil oldum. Dörd illik təhsildən sonra Naxçıvana qayıtdım, oradakı Rəssamlıq Kombinatında çalışmağa başladım. Bir müddət çalışdıqdan sonra ali təhsil almaq məqsədilə Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinə qəbul oldum. Ali təhsili başa vurandan sonra universitetdə müəllim olaraq çalışmağa başladım, 1997-2001-ci illərdə rəngkarlıqdan dərs dedim. Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradıldı və orada müəllim fəaliyyətimi davam etdirdim. 2007-ci ildən Türkiyədə, Trabzondakı Karadeniz Texnik Universitetinin Gözəl sənətlər fakültəsində çalışıram.
- Bildiyimə görə, universitetdə bu fakültəni quranlardan biri də sizsiniz...
- Doqquz il öncə ora dəvət əsasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından göndərildik. Dörd rəssam - iki professor və iki dosent olaraq ora gedib, indi çalışdığım fakültəni qurduq. Ancaq sonradan dərs deməyə Arif Ələsgərovla məni çağırdılar. Hər ikimiz orada çalışmaqdayıq. İndi başqa bir rəssam həmkarımız Yusif Əlizadə də bizimlə birlikdə işləyir.
- Türkiyədə sənətə münasibət, dolanışıq necədir?
- Orada rəssamlığa yüksək qiymət verirlər. Türkiyədə rəssam əsərlərini satıb dolana bilir. Universitetlərdə çalışan rəssamların dolanışığı daha yaxşıdır. Bizim universitetin müəllimlər üçün tikdiyi evlər var, mən orada yaşayıram. Fərdi sifarişlərdən başqa, sərgilərdə əsərlərin satılmasına da imkan olur. Bir neçə il öncə “Trabzonda tarix, tarixdə Trabzon” adlı sərgidə “Sultan Süleyman Qanuni” əsərim Trabzon valisi tərəfindən dövlət muzeyi üçün alındı.
- Siz rəssamlığın hansı sahəsini tədris edirsiniz? Tələbələrin sənətə münasibəti necədir?
- Universitetdə magistrlərə rəsmdən və kompozisiyadan dərs deyirəm. Azərbaycandakı təcrübəmi türkiyəli tələbələrə öyrədirəm. Hər bir rəssamın akademik qayda-qanunları bilməsi gərəkdir. Ümidverici tələbələr çoxdur. Düzdür, bizim zamanımızdakı tələbələrlə indikilər arasında fərq çoxdur. Onda biz ixtisasdan çox imtahan verirdik. İndi bir gün içində imtahanlar bitir. Bir də ixtisasa az saat ayrılır. Türkiyədə rəssamlar soyut (mücərrəd) sənətə çox yer verirlər. Onlar akademizmi öyrənmədən birbaşa mücərrədliyə meyillənirlər. - Orada sərgiləriniz olurmu?
- Birgə sərgilərimiz çox olur. 2007-ci ildə bura çalışmaq üçün dəvət aldığımızda ilk işimiz sərgi açmaq oldu. Hər il Azərbaycanın Ankaradakı səfirliyi 28 May - Respublika Günü ilə bağlı sərgi düzənləyir. Biz azərbaycanlı rəssamlar bir-birimizlə orada görüşür, hal-əhval tuturuq. 2013-cü ildə Trabzon Dövlət Gözəl Sənətlər Qalereyasında ilk fərdi sərgim keçirildi. İndi İstanbulda olacaq sərgimə hazırlaşıram. Həmin sərgiyə 50 əsər çıxarmaq istəyirəm.
- Öz üslub və texnikanızdan danışardınız.
- Mən realist rəssamam, bu üslub mənə çox doğmadır. Hər bir rəssamın öz texnikası var. İllər keçdikcə texnika kamilləşir. İndiyə kimi 300-ə qədər rəsm çəkmişəm. 19 əsərim Türkiyədə kolleksiyalarda saxlanılır. Hər bir rəssam çalışır ki, özünəməxsus olsun, başqasından seçilsin, fərqlənsin. Bu baxımdan fərdi üslub hər bir yaradıcı üçün qaçılmazdır. Yaradıcılığımda yaddaqalan məqamlar çox olub. Belə ki, 2005-ci ildə Bakıda rəssamlar arasında keçirilən “Azərbaycan - yurdum mənim” adlı yarışmada mükafat aldım. 20 Yanvar günlərində həmin qırğına həsr etdiyim əsərimi bir fransız məndən pulla almaq istədi, satmadım, ona bağışladım...

S.Qaliboğlu