İnsan zəkasının yaratdığı bəşəri dəyərlərdən biri də musiqidi. Xalqımız bu gözəl neməti daim sevib və inkişafı üçün qayğı göstərib. Son zamanlar respublikada keçirilən “ Muğam” ,
“Yeni ulduz “ və “ Xalq “ müsabiqələri bu qayğının bariz nümunəsidir. Söz yox ki , milli musiqimizi yaşadan və onu gələcək nəsillərə çatdıran məhz bu müsabiqələrin qalibləri olacaq...
“ Muğam müsabiqəsi 2008 “ -in laureatlarından biri Vüsal Zamanov redaksiyamzın qonağıdı:
Qarabağın gözəl guşələrindən olan Cəbrayıl rayonunun Nüsüs kəndindənəm . 1986-cı ildə anadan olmuşam. Atam kənd orta məktəbinin direktoru , anam isə evdar qadındı .
Şəcərənizdə musiqiçi olubmu ?
Hə , olubdu ! Respublikamızda taninmış müğənni Zahid Quluyev bizim nəsildəndi. Onu da qeyd edim ki, nəslimizdə yaxşı səsə malik şəxslər olub. Elə atam Sahib Zamanov, əmim Nadir Zamanov el arasında səsli – avazlı şəxslər kimi tanınır. Əmim vaxtı ilə Asəf Zeynallı adına musiqi texnikumunda oxuyub. Hansı səbəbdənsə, bilmirəm, sonra təhsilini yarımçıq qoyub. “ Anamın dayısı Mustafa da rayonda yaxşı bir aşıq kimi hörmət qazanmışdı...
İlk musiqi təhsilini harda , hansı musiqi məktəbində almısınız?
Cəbrayıl rayonu işğala məruz qalandan sonra bizim ailə Füzuli rayonunun Əhmədbəyli kəndində məskunlaşdı. Onu da deyim ki, mənim uşaqlıq illərim məhz orada keçdi . Kəndin yaxınlığında “ Fin şəhərciyi “ salınmışdı. Şəhərcikdə Füzuli rayonunun Qarabağ yeddiillik musiqi məktəbi fəaliyyət göstərirdi. Həmin musiqi məktəbində 1999 – 2004 –cü il tarixdə orta musiqi təhsili aldım. O ili orta məktəbi də qurtardım və hərbi xidmətə getdim. Hərbi xidmətdən sonra Şuşa musiqi texnikumunda təhsilimi davam etdirdim .Orada iki il oxudum...
Nə vaxt hiss etdiniz ki, səsiniz var ?
Hələ Cəbrayılda olarkən kənddə mal-qoyun dalınca örüşə - çölə gedərdik. Yamaca qalxıb daşa – ağaca söykənib astadan züm-zümə edərdik . Bəzən də astadan, zildən, necə gəldi, oxuyardıq. Bizim kənddə səsli uşaq çox idi ... «Fin şəhərciyi»ndə də eynən yeni il ərəfəsində , el bayramlarında da böyük həvəslə oxuyurduq. Bu da olduğu kimi, musiqi məktəbinin direktor müavini tarzən Novruz müəllimin diqqətindən kənarda qalmadı . Sonra o, atama müraciət edir. Bildirir ki , sizin uşağın gözəl səsi var ... Atam da axşam evdə söhbət açdı . Sonda belə qərara gəlindi ki, musiqi təhsili almağım lazımdır.
Hazırda nə ilə məşğulsunuz , təhsilinizi davam etdirirsinizmi?
İki il Şuşa musiqi məktəbində oxuduqdan sonra , göndərişlə Asəf Zeynallı adına musiqi texnikumuna dəyişildim. İndi orada IV kursda , respublikanın xalq artisti , professor Arif Babayevin sinfində oxuyuram.
“ Muğam müsabiqəsi 2008 “-ə qatılmağınız necə oldu ?
Bilirsiniz, müsabiqəyə hələ bir – iki ay qalmış dövrü mətbuatda, televiziya ekranlarında və radio dalğalarında reklamlar gedirdi. Biz bu haqda professor Arif Babayevlə məsləhətləşdik. O , bizə bildirdi ki , bu müsabiqədə əsasən siz iştirak etməlisiniz. Axı siz mükəmməl muğam təhsili almısız. Professorun bu məsləhətindən sonra AzTv- nin “Musiqi verilişləri “ redaksiyasına getdik. Orada müsabiqədə iştirak etmək istəyənlər üçün komissiya yaradılmışdı. Həmin komissiyaya ərizə ilə müraciət etdik... Beləliklə müsabiqədə iştirak etmək üçün vəsiqə aldıq. Üç ay davam edən müsabiqədə mən də yaxından iştirak etdim . Nəticə də çox yaxşı oldu . Həyatımda silinməz izlər qoydu.
Heç xarici ölkələrə qastrol səfərinə dəvət almısız ?
Əvvəlcə onu qeyd edim ki , hələ təhsilimi başa vurmamışam, tələbəyəm. Ona görə də xarici qastrollara – səfərə çıxa bilmərəm. Müsabiqədən sonra isə “Muğam teatrı“nın direktoru Arif Qazyev məni orada işə dəvət etdi . Dəvəti çox böyük sevinclə qəbul etdim.İndi “Muğam teatrı”nın solistiyəm.
Söhbəti qələmə aldı:
Savalan Fərəcov