Ölkəmiz  beynəlxalq və yerli əhəmiyyətli tədbirlərlə, festivallarla zəngin olmuş daha bir ilini başa vururuq. Yəqin ki, bu həyatın birbaşa iştirakçıları və onu müşahidə edənlər ilin yekunlarını  nəzərdən keçirib, fikir, xəyallarında götür-qoy ediblər. Növbəti ili yeni əhval-ruhiyyədə, təzə arzu və planlarla qarşılamaq üçün yola saldığımız ilə də çevrilib baxıblar. Bəs, görəsən, ictimamai-siyasi həyatın digər sahələrində çalışanlar 2008-ci ilin mədəni həyatını necə xatırlayır, bu il onların yaddaşında necə qalıb, son günlərini yaşadığımız bu ilə hansı qiyməti verirlər? Cəmiyyətdə kifayət qədər tanınmış bəzi şəxslər ilin yekununda mədəni həyatımızla bağlı fikirlərini bizimlə bölüşürlər.

Rəşad Məcid, «525-ci qəzet»in baş redaktoru:
- Hesab edirəm ki, bu il mədəniyyətimiz üçün xüsusilə önəmli il olub. Həyata keçirilən kifayət qədər beynəlxalq və yerli layihələr yaddaşlarda iz qoydu. Özüm isə Tuncay Cücənoğlunun «Uçqun» tamaşasına baxdım. Bu  tamaşa teatrımızın inkişaf göstəricisi sayılmalıdır. Həmçinin «Cavid ömrü» filmi bu il izlədiyim ən yaxşı filmlərimizdəndir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan Gənc Ədiblər Məktəbi də yola  saldığımız ilin payına düşən lazımlı mədəni layihədir. Ukraynada «Azərbaycan ədəbiyyatı antologiyası» kitabının hazırlanmasında iştirak etmişəm. Bu kitabın nəşri də ədəbiyyatımızın tanınmasına xidmət edən bir aksiya olmuşdur.  Bir sözlə, 2008-ci il mədəni həyatımızda rəngarəngliyi ilə seçildi.

Aydın Mirzəzadə, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü:
 - Hesab edirəm ki, yalnız teatr və digər incəsənət sahələri ilə mədəniyyəti təsvir etmək olmaz. Bütün ölkə boyu gedən quruculuq işləri, yeniləşmə ab-havası, ümumi mədəniyyət faktorudur, bir mədəni inkişafın göstəricisidir. Bu il teatr və bir çox mədəniyyət ocaqlarının əsaslı təmirini önə çəkərdim.
Spesifik mədəni həyata gəldikdə isə hesab edirəm ki, bu il yeni istedadların üzə çıxarılması istiqamətində böyük işlər görülüb.
Bizim gözəl və çox istedadlı aktyor truppalarımız var. Bir çox teatrlarda olmuşam, bəyəndiyim tamaşalar var. Kinodan danışarkən bir məsələni vurğulayardım.  Elə filmə baxmaq istərdim ki, bu film 10 illərlə göstərilsin, fərqlənsin. Ümid edirəm ki, növbəti ildə belə filmimiz çəkiləcək.
Mədəniyyət sahəsində çalışanlara 2009-cu ildə yaradıcılıq uğurları arzulayıram. Qoy bütün sahələrdə mədəni həyatımız inkişafda olsun. Dünyanın mədəni dəyərlərini  də yaradıcılıqla mənimsəməli, modern mədəniyyətin nümunələrini yaratmalıyıq.

Aynur Sofiyeva, Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsinin sədr müavini:
- Dövlətin bütün  sahələrdə yürütdüyü uğurlu siyasəti mədəni sferada da davam edib.Mədəniyyət və Turizm Nazirliyi, H.Əliyev Fondunun mədəni sahənin inkişafında əhəmiyyətli işlər görüblər. Şəxsən Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın səyi ilə muğam sənətinə qayğının artırılması 2008-ci ildə fərqləndirdiyim mədəni hadisələrdənir. O cümlədən AŞ üzv ölkələrinin mədəniyət nazirlərinin Bakıda keçirilmiş «Mədəniyyətlərarası dialoq» konfransı mədəni həyatımızda iz qoydu. Bu il baxdığım «Cavid ömrü» filmini bəyənmişəm. Eyni zamanda «Yeddi gözəl» baletini yeni quruluşda izləmişəm. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi «Yaddan çıxmaz Qarabağ» devizi altında nümayiş etdirilən filmlərə də tamaşa etmişəm. «Ağ qayıq» filmi çox xoşuma gəlib. Arzu edirəm ki, 2009-cu ildə 2008-ci ilin qaynar mədəni həyatı davam etsin.

Əjdər Ol, şair:
- 2008-ci il Azərbaycanın mədəni  həyatında zəngin hadisələrlə yadda qaldı. Mən, ilk növbədə, mədəniyyətimizin inkişafı üçün Azərbaycan Respublikasının Prezident İ.Əliyevin imzaladığı çoxsaylı sərəncamları qeyd etmək istəyirəm. H.Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin də əhəmiyyəti böyükdür. Bakıda Sankt-Peterburq Opera  və Balet Teatrının ifasında dünya şöhrətli bəstəkarımız A.Məlikovun «Məhəbbət əfsanəsi» baletinin  oynanılması, 18 illik fasilədən sonra növbəti Aşıqlar qurultayının baş tutması, Avropa Şurasına daxil olan ölkələrin mədəniyyət nazirlərinin iştirak etdiyi «Mədəniyyətlərarası dialoq» adlı beynəlxalq konfrasın keçirilməsi, görkəmli fırça ustası  T.Salahovun ev-muzeyinin açılmasını yola saldığımız ilin böyük mədəni hadisələri kimi qiymətləndirirəm.
Arzu edirəm ki, 2009-cu ildə bu işlərin çevrəsi daha da genişlənsin.
2008-ci il mənim üçün də yaddaqalan olub. Rus dilində «Gələcəkdə yaşayıram» və İranda «Günəbaxan zəmisi» adlı kitablarım və «Azərbaycan» jurnalında «Dubay vaxtı» pyesim çap olunub.

Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar