Diasporumuz fəaliyyətinin 18-ci ilinə qədəm qoyur

Artıq 17 ildir ki, dünya azərbaycanlıları 31 dekabr gününü həmrəylik günü kimi qeyd edirlər. Bu günün tarixi Naxçıvan MR Ali Məclisinin «Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında» 1991-ci il 16 dekabr tarixli qərarı və bilavasitə bu işlərin təşəbbüskarı və həmin tarixi qərara imza atmış şəxs - Heydər Əliyevin adı ilə bağlıdır. 

Azərbaycanda 31 dekabrın bayram kimi qeyd olunması milli diasporun formalaşmasında, Azərbaycan lobbisinin inkişafında mühüm əhəmiyyət kəsb edib. Hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Azərbaycanın tam müstəqillik qazanması Azərbaycan diasporunun həyatına mühüm canlanma gətirdi. Soydaşlarımızın diaspor fəaliyyətini vahid mərkəzdən koordinasiya edən Diaspor ilə iş üzrə Dövlət Komitəsinin yaradılması buna gözəl nümunədir. Bu günə qədər komitənin xətti ilə diaspor təşkilatlarımızın Bakıda bir araya gətirilərək keçirdiyi tədbirlər və fəaliyyət göstərdikləri ölkələrdə onlara verilən dəstək bu istiqamətdə nikbin perspektivlərdən xəbər verir. Yeni il ərəfəsində diaspor fəallarımızın qəzetimizin verdikləri açıqlamalar da maraqlı oldu.

Azərbaycan Amerika Şurasının sədri Cavid Hüseynov:
«Heç bir dövlətə bağlı olmadan birgə fəaliyyət göstərməliyik»

- ABŞ-da diaspor quruculuğundan danışanda hər kəs öncə azərbaycanlıların siyasi həyatda iştirakını başa düşür. Amma azərbaycanlıların bir icma olaraq bu səviyyəyə çatmaları üçün əvvəlcə onları ideoloji cəhətdən hazırlamaq lazımdır. Təəssüf ki, Amerikadakı bir çox soydaşımız nə dilimizə, nə mədəniyyətimizə maraq göstərir. Onlar rus dilində danışırlar. Bu insanlarda müstəqil azərbaycançılıq ideologiyasını formalaşdırmaq üçün müəyyən proqramlar tədris etmək lazımdır. ABŞ-da, xüsusilə də Kaliforniya ştatında cənubi azərbaycanlılar böyük qüvvədir. Biz onları diaspor işinə cəlb etmək üçün üç dəfə böyük forum keçirmişik. Nəticə olaraq isə bu, bizə elmi-tədris nöqteyi-nəzərindən bir azərbaycançılıq prinsipi qurmağa kömək edib. Ermənistandan kənarda yaşayan ən böyük icma, yəni erməni kütləsi Los-Ancelesdədir. Bu şəhər dünyada ikinci ən böyük ermənilər yaşayan şəhərdir və bu baxımdan fəaliyyət göstərmək çox çətindir. Çünki diasporda olan ermənilər, hətta mən deyərdim ki, Ermənistanda yaşayan ermənilərdən daha aqressivdir. Bu insanlar xaricdə böyüyüb və ömrü boyu türkə nifrətlə yaşayıblar. Onların Azərbaycana və Türkiyəyə qarşı xüsusi nifrətləri var. Buna görə də biz başqa icmalarla da yaxın əlaqə qurmalıyıq.

Yəhudilərlə, ispan dilli icmalarla tədbir keçirməyi planlaşdırırıq. Çünki artıq, bildiyiniz kimi, Kaliforniya dünyanın 5-ci iqtisadi mərkəzi və Amerikanın ən böyük ştatıdır. Amerikada konqresmenlərin 20-30 faizi Kaliforniyadan gəlir. Məhz bu ştatda cəmlənmək çox vacibdir. Mən sevinirəm ki, Azərbaycanın Los-Ancelesdə konsulluğu açılıb və diasporun formalaşmasında, tədris sahəsində konsulluq heyəti ilə birlikdə baş konsulumuz Elin Süleymanov çox geniş fəaliyyət göstərir. Amma onlar üçün də çətindir. Çox zaman zarafatla deyirlər ki, bu konsulluq Ermənistan daxilində açılmış ilk səfirlikdir. Çünki ermənilərin təsiri də çox böyükdür. Bildiyiniz kimi, 70-80-ci illərdə Los-Ancelesdə iki türk konsulu qətlə yetirilib.  Amma bir məsələni də nəzərə almaq lazımdır ki, bu şəhərdə 200 minə yaxın cənubi azərbaycanlı yaşayır. Bu da soydaşlarımızın təsirini artırmaq üçün kifayətdir. Sadəcə, onları müstəqil Azərbaycan prinsipinə maraqlandırmaq lazımdır. Amma sırf icmanın inkişafı üçün icmanın özünün əsaslı olması çox vacibdir.


Eyni zamanda, mənə elə gəlir ki, diasporun inkişafı və formalaşması üçün ən vacibi Azərbaycan diasporunun kimliyi məsələsidir. Bunun özü böyük bir problemdir ki, azərbaycanlılar özlərini Amerikada nə dərəcədə azərbaycanlı kimi hiss edirlər. Çünki elələri var ki, Cənubi Azərbaycandan gəlir, amma özünü iranlı adlandırır və ya Şimali Azərbaycandan gəlir, amma mədəniyyətimiz haqqında o qədər də anlayışları yoxdur. Bu insanları bir araya gətirmək üçün türk diasporu ilə daha yaxın işləməliyik. İdeologiyamız azərbaycançılıq, geniş mənada türkçülük prinsipi əsasında qurulmalıdır. Amma heç bir dövlətə, yəni başqa quruma İran və Rusiyaya bağlı olmadan birgə fəaliyyət göstərməliyik. Bunun üçün təbii ki, tədris proqramları və mədəni proqramlar icmanın daxilində böyük rol oynaya bilər.
Eyni zamanda, icmanın Amerikada təsirini qüvvətləndirmək üçün  azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatında iştirakı vacibdir. Yəni diaspor nümayəndələrimizin konqresmenlərlə, senatorlarla görüşləri, hətta Amerika dairələrində seçkilərdə iştirak etmələri, özlərinin namizədlərini vermələri çox önəmlidir.

Beniluks Azərbaycan Konqresinin sədri Sahil Qasımov:
«Təşkilatın əsas missiyası Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır»


- Təşkilatımız Belçika, Niderland və Luksemburqda yaşayan soydaşlarımızı özündə birləşdirir. Bizim təşkilatda 3 ölkədən 15 Azərbaycan cəmiyyəti və qurumları birləşib. O cümlədən konqresdə müxtəlif coğrafi məkanda olan təşkilatlar bir araya gələrək 2006-cı ilin noyabr ayında Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Beniluks Azərbaycanlıları Konqresini (BAK) yaradıblar. Türkiyə, Cənubi Azərbaycan, İraq və Yunanıstandan olan həmvətənlərimiz təşkilatın üzvləri sırasındadır. Təşkilatın tərkibində 5 cəmiyyətdən ibarət olan qurum fəaliyyət göstərir. BAK-ın yaranması Beniluks məkanında fəaliyyət göstərən cəmiyyət və təşkilatların gücünün bir yerə toplanması və mərkəzdən idarə olunması zərurətindən irəli gəldi.


Təşkilatın iki yaşı yeni tamam oldu. Təvazökarlıqdan uzaq olsa da, iki il ərzində çox işlər həyata keçirmişik. Azərbaycanlı şagirdlər üçün Amsterdamda həftəsonu məktəbi açmışıq. Maraqlıdır ki, bu məktəbdə azərbaycanlı uşaqlarla yanaşı, holland, eston və türk uşaqlar da təhsil alırlar. Məktəbin direktoru Sima Babayeva və müəlliməsi Ofeliya Babayeva bütün şagirdlər üçün eyni şəraiti yaradıblar. Şagirdlər burada lazımi biliklərə yiyələnə bilirlər. Məktəbdə uşaqlara Azərbaycan dili, Azərbaycan tarixi ilə bağlı müfəssəl məlumatlar verilir. Bir növ Azərbaycanla bağlı təbliğat aparırıq. Əsas iş bizim təşkilatımızın üstünə düşsə də, Azərbaycandan da bizə dəstək gəlir. Heydər Əliyev Fondu məktəbimizə texniki yardım göstərir. Fondun prezidenti Mehriban xanım Əliyeva şəxsən özü bizi təbrik edib və məktəbə texniki avadanlıq-kompyuter, dərs vəsaitləri hədiyyə edib. Bu, bizim işlərimizin bir istiqamətidir. Təşkilatın əsas missiyası Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun üçün Qərb hədəf seçilib. Tarixi günlərdə mütəmadi olaraq aksiyalar, yürüşlər keçiririk. Ötən il Xocalı soyqırımı ilə bağlı aksiya təşkil etmişdik. Brüssel şəhərində Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında Xocalı soyqırımına həsr edilmiş yürüş, ABŞ-ın Nümayəndələr Palatasına göndərilmiş bəyannamə, «France-24» Beynəlxalq News kanalına Qarabağ münaqişəsini təhrif etdiyi üçün göndərdiyimiz müraciət və s. BAK-ın 2 il ərzində gördüyü işlərdir.


Bundan başqa, bildiyiniz kimi, ötən həftə Bakıda şuranın növbəti iclası keçirildi və toplantıda Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul olundu. Üzərində 20-dək alimin işlədiyi sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin Azərbaycan dövlətçiliyi və xalqın mənafeyini əks etdirən prinsiplər ətrafında  azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanı hazırlamaqdır. Xartiyada nəzərdə tutulmuşdu ki, hər bir diaspor təşkilatı soyqırım muzeyi yaratsın və biz artıq bu işə başlamışıq.
Xartiyada belə bir maddə var ki, diasporların öz KİV-i olsun. Hesab edirəm ki, bu realdır və olmalıdır. Xartiyanın lobbiçilik sahəsində əhəmiyyəti olacaq. İndiki xartiyanın konsepsiyası bizim müzakirəmizə verilib. Bu, böyük əhəmiyyətə malik olan və bizim yolumuzu müəyyənləşdirən bir sənəddir. 

Amerika Azərbaycanlıları
Cəmiyyətinin sədri Tomris Azəri:
«Diasporumuz hələ də mənim görmək istədiyim vəziyyətdə deyil»

- Əgər AAC-nin fəaliyyətini əvvəlki illərlə müqayisə etsək, ideyalarımızda dəyişiklik var. Amma deyə bilərəm ki, ötən illərə nisbətən güclənmişik. Diaspor təşkilatlarının birləşməsi, onların gücləndirilməsi ideyası ilk dəfə 2001-ci ildə keçirilən  Dünya Azərbaycanlılarının Qurultayında ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandı. Onun bu istiqamətdə çıxışı bütün dünya azərbaycanlıları kimi, məni də çox həyəcanlandırdı. Dahi rəhbərin belə bir çıxışı bizlərə böyük ümidlər və stimul vermiş oldu. İndi isə belə bir dəstəyi bizə prezidentimiz İlham Əliyev verir. Ötən il Nyu-York şəhərində 50 illik yubileyimizi qeyd etdik. Bunun üçün Azərbaycan Prezidenti bizə çox böyük dəstək verdi. Diasporumuz günü-gündən güclənir, gördüyümüz işlər də az deyil. Lakin buna baxmayaraq, diasporumuz hələ də mənim görmək istədiyim vəziyyətdə deyil. Həll olunmayan problemlərimiz var. Düzdür, çalışırıq ki, bu problemləri vaxtında həll edək. Amma çalışmaq hələ hər şeyin yaxşı olması demək deyil. İllər keçdikcə bizi birləşdirməyə çalışanların yanında bölmək istəyənlər də tapılırdı. Əlbəttə, bunlar da azərbaycanlılar idilər və belə insanlar öz mənafelərini düşünərək bu addımları atırdılar. Bəzən Amerikada düşmənlərlə deyil, öz adamlarımızla mübarizə aparırıq. Bizim öz binamız və məscidimiz olsa da, görəcəyimiz işlər üçün vəsaitimiz yoxdur. Buna görə də bir yerə yığışıb, toplantılar keçirə bilmirik. Əgər yerimiz yaxşı olsa, gənclər yığışar, işimizi davam edərlər. ABŞ böyük dövlətdir. Onun hər ştatında, hər şəhərində diasporumuzun fəaliyyət göstərməsi üçün məkan olmalıdır ki, azərbaycanlılar da yığışıb müxtəlif tədbirlər keçirə bilsinlər.

Zümrüd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar