(Sən - rejissor Əli İsa Cabbarov
Mən - kinoşünas Aygün Aslanlı)

“Bu, sadəcə içimizdəki mənlərin söhbəti deyil. Həm də bizi narahat edən məsələlər, mövzular ətrafında Sən və Mənin düşündükləridir.   

Bakılılar və kəndlilər

 
Sən - Sovet dövləti  kino siyasətində  ardıcıl idi. İstədiyi mesajı vətəndaşların beyninə yeritmək üçün onu bir neçə istiqamətdən fəth edirdi.  “Qolçomaqlar düşməndir”, “Bolşeviklər kəndlilərin dostudur”, “Bolşeviklər fəhlələrin dostudur”, “Ruslar başqa sovet xalqlarından bir pillə yüksəkdir, ona görə bu xalqın ətrafında birləşmək lazımdır”. Bu kimi mesajları çatdırmaq üçün filmlər istehsal edilirdi. İstehsal olunan filmlərdəki mesajların kimə ünvanlandığı adından görünür. Ona görə uğurlu “Kəndlilər” filminin dalınca tez-tələsik “Bakılılar” filminin çəkilməsi təsadüfi deyildi. Sovetlər PR texnologiyalarında bir postulatı gözəl dərk etmişdilər: beyinlərə həkk etdirmək istədiyin mesaj sistematik olaraq ardıcıl təkrarlanmalıdır. Ardıcıllığın pozulması təbliğatı effektsiz edə bilər. Sözügedən iki filmin istehsalında ardıcıllığı qoruyublar. Filmlərin adının ümumiləşdirilmiş simvol xarakteri daşıması, obrazlılıqdan daha çox təbliğati instruktaj kitabçalarının adlarına bənzəməsi sovet ideoloqları üçün bu filmlərin nə qədər konseptual xarakter daşımasının sübutudur. Sovet təbliğat maşını bu iki filmi istehsal etməklə Azərbaycan mentalitetini nə qədər gözəl bildiyini sübut etdi. Onlar sanki bəyan etdilər ki, Azərbaycan “Bakılılar”dan və “Kəndlilər”dən ibarətdir. Sovetlərin bu konsepsiyası, əlbəttə ki, çox böyük bir kəşfdir...

Mən -  Birinci, əyalət və şəhər problemi təkcə Azərbaycana aid deyil ki, bunu hərfi mənada unikal hadisə, kəşf adlandırmaq mümkün olsun. Dünyanın hər yerində şəhər və kənddən gələn problem var. Dünya kinosunun şedevrlərindən tutmuş müasir “İblisin vəkili”, “Qodzilla”, “Eybəcər koyotların barı” və başqa ekran əsərlərində bu “qarşıdurmanı” müxtəlif variantlarda izləyə bilərsiniz.
İkincisi isə Azərbaycanda şəhər mədəniyyəti var. Mən Bakıda yaşayan bəzi ziyalılarımızın indi həsrətini çəkdikləri yəhudilərin, ermənilərin, rusların Bakıda yaratdıqları mədəniyyəti nəzərdə tutmuram. Bu, onların mədəniyyətidir. Şimal-qərb zonasında - Şəkidə, Qubada, Şirvanda, Xızıda, qismən Gəncədə rastlaşdığımız şəhər mədəniyyətini nəzərdə tuturam. O, mədəniyyət ki, o insanların qanında, zahiri görünüşündə, davranışında, genlərində özünü büruzə verir. Ola bilər ki, bu bizim görmək istədiyimiz qədər geniş arealı əhatə etmir, amma əsas odur ki var.     

Sən - Və onlar bu kəşflərinə sədaqətli idilər. Hər sahədə olan addımlarını onlar “Bakılılar” və “Kəndlilər” üçün ayrıca versiyalarda  hazırlayırdılar. Azərbaycan adlı əsrlər boyu formalaşmış böyük məmləkətin məğzi sadə bir formulada açılır. İmperiya üçün Azərbaycan bundan ibarətdir: Bakılılar və Kəndlilər. Maliyyə siyasəti, vəzifə bölgüsü, təhsil, kənd təsərrüfatı, ədəbiyyat və incəsənət, ziyalılarla iş - bütün sahələrdə bu iki faktor həmişə nəzərə alınıb. Bu iki faktor xalqın idarəsində çox effektli rıçaqa çevrilib. İmperiya bu iki qüvvə arasında  rəqabət yaradıb və ondan da həmişə məharətlə istifadə edib.

Bakılılar və Kəndlilər:
siyasətdə, ədəbiyyatda
və toyxanada…

Sən -  XX əsrin axırlarında bu iki sözü birləşdirən, daşıdığı siyasi yükə görə çox vacib bir təşkilat da vardı - “Bakı və Kəndlər birliyi”. 80-ci illərin sonlarında Mütəllibov iqtidarı ilə mübarizədə “Bakı” və “Kənd”in birliyinə nail olmaq çox vacib idi. Siyasi kursundan asılı olmayaraq bütün hakimiyyətlər Azərbaycan mentalitetinin “bakılı” və “kəndli” qütblərini həmişə nəzərə alıb. Əgər “kəndlilər” üçün bir xalq şairi “təyin edilirdisə”, tez tələsik “bakılılar” üçün də bir “xalq yazıçısı” “təyin olunurdu”. Eləcə də iqtisadiyyatda, elmdə, şou-biznesdə və s. hər cür təbliğat iki nüsxədə hazırlanırdı - “şəhərlilər” üçün və “kəndlilər” üçün. Şou-biznesimizin ulduzlarına fikir versəniz, mentalitetimizin bu fenomenini onların necə yaxşı əxz etdiyini görərsiz. Hər bir müğənni “Canım Azərbaycan” deməsinə baxmayaraq, repertuar, geyim, imic seçimində tam şüurlu olaraq “canım şəhərlim” və “canım kəndlim” deyir, məhz öz elektoratına xidmət edir.

Mən - Məhz, şou-biznes ulduzlarının geyimini, imicini misal gətirməklə özünü təkzib edirsən. Demək istəyirəm ki, “kəndliləri” və “şəhərliləri” qütblərə ayırmaq düzgün deyil. Belə eləməklə, biz onları heç vaxt bir-biri ilə barışmayacaq, bir-biri ilə yola getməyəcək qatı düşmənlərə çeviririk. Sənin dediyin kimi ən qatı “kəndçi” müğənnilərin nümunələrində - Rəqsanədə, Nadir Qafarzadədə, Yeganədə onların nə qədər dəyişdiyini asanlıqla izləmək mümkündür.

Problem ondadır ki, onlar yalnız zahirən inkişaf edirlər. “Düşmənin acığına” zahirən dəyişirlər. Beləcə şəhər yenə də şər yuvası, kənddən gəlmiş təmiz, saf uşaqları, gəncləri pozan obyekt olaraq qalır.
Mənim faktım: Bir dostum var. Şeir yazır. Onun 17-20 yaşlarında yazdıqları ilə indi yazdıqlarını müqayisə etməklə dostumun dünyagörüşündəki mərhələli dəyişmələrin şahidi olursan. Amma məhz, şəhər və kənd arasındakı düşmənçiliyə görə o, heç cürə ortaq nöqtəni tapa bilmir. Fikirlərində, ideyalarında şəhərlidir, ancaq iş məişətə çatanda kəndliləşir. Ona görə də ailəsinin məsləhətinə qulaq asaraq kəndli qızla  ailə qurub, şəhərli qızla sevişməkdə ilə davam edir. Bu çox primitiv nümunə kimi görünə bilər. Amma mən düşünmürəm ki, səbəb sadəcə kişi psixologiyası, kişi eqoistliyidir. Problem daxili buxovlarda, kənd və şəhər qarşıdurmasının yaratdığı stereotiplərdədir.

Gözlənilməz şərh

Mən - Yazıçılardan birinin fikridir - Xalq Cümhuriyyətinin taleyinin həllində iki siyasi qüvvənin addımları daha çox rol oynayırdı: mülkədarlar (kəndlilər) və sənayeçilər (şəhərlilər). Mülkədarlar  torpağa bağlı idilər, çörəkləri torpaqdan çıxırdı. Ona görə müstəqillik tərəfdarı idilər. Sənayeçilərin isə müştəriləri əsasən Rusiya idi. Ona görə imperiya ilə münasibətlərini pozmaq istəmirdilər. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyi milli mülkədarlarımızın siyasi mərkəzi olan Gəncədə elan olundu. “Bakılı” sənayeçilərin müstəqilliyimizə biganə münasibəti isə Xalq Cümhuriyyətinin taleyini  həll etdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar