Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksindən reportaj
  
   Bəzən «Hər daşın altında bir tarix yatır» deyən şairin elə bu misrasındakı hikməti duymaqdan ötrü özümüzdən əvvəlki nəsillərin yadigarı ilə qarşılaşmaq kifayət edir. Bu halda istər-istəməz qan yaddaşına güvənib geriyə boylanır, tarixi vərəqləyir, bilmədiklərinin bildiklərindən nə qədər çox olduğuna təəssüflənirsən. Axı, tarixinə bələd olmayınca, keçmişini bilməyincə özünü də bir o qədər pis tanımış olursan. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksindən yazı hazırlamaq niyyətninin arxasında da özünə qayıdış (lap Orxon-Yelisey abidəsindəki «Özünə qayıt...» çağırışının əks-sədası kimi) dururdu.
  
   Bu yol Qalaya gedir...
  
   Metronun “M.Əzizbəyov” stansiyasında Qala kəndinə (Buradaca bir haşiyə çıxım: bütün paytaxt qəsəbələri kimi, Qala da inzibati-ərazi bölgüsünə görə şəhər tipli qəsəbə sayılır. Amma tarixi minilliklərlə hesablanan qədim yaşayış məskəninə qəsəbə demək ən azı insafdan deyil. Çünki qəsəbə kəlməsi, nədənsə, qəsb sözü ilə güclü assosiasiya doğurur. Bir növ sonradan gəlmə, məqsədli şəkildə məskunlaşma mənasını xatırladır. Amma kənd kəlməsinin məna tutumunda bir ilkinlik var. Bu səbəbdən də sürətlə urbanizasiyaya uğrayan Bakının, Abşeronun içində tarixi keçmişi anklav kimi yaşadan Qalaya qəsəbə deməyə dilim gəlmir.) gedən marşrut avtobusuna minən kimi sürücüdən xahiş edirəm ki, qoruğa çatanda mənə xəbər eləsin. Sərnişinlər, görkəmindən, simasından əsl kəndli sadəliyi yağan yaşlı qadınlar yerbəyerdən «elə bizimlə, kənd yolunda düşərsən», «narahat olma, biz deyərik» deyə səslənirlər. Onlara minnətdarlıq edib əyləşərkən ağlımdan keçir ki, deyəsən, doğrudan da, əsl kəndə gedirəm. Hər halda şəhərli ona ünvanlanmayan suala cavab verməyi çoxdan yadırğayıb.
   Yerlilərin reaksiyasından qətiləşdirirəm ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə təkcə tədbirdən-tədbirə gələn olmur, bu yer təkcə xaricdən gələnlərə göstərmək üçün deyil. Belə olsaydı, nabələdliyimi görüb ora niyə getdiyimlə də maraqlanardılar.
   Nəhayət, kənd yoluna gəlib çatırıq, həmin qadınlarla birlikdə mən də avtobusdan düşürəm. Qadınlardan biri düz asfalt yolu göstərib bələdçilik edir: «Bax, qızım, elə bu asfalt yolu tutub düz gedərsən. Ağ bayraqları görəndə biləcəksən ki, qoruğa az qalıb». Təşəkkür edib, ayrılıram.
  
   Ağ bayraq altında
  
   Kompleksə yaxınlaşınca uzaqdan Abşeron küləyinin hökmü ilə yellənərək ağ göyərçinləri andıran həmin ağ bayraqların üstündəki yazı da, emblem də aydın seçilir. Heydər Əliyev Fondunun bayraqlarıdır dalğalanan. Ünvana yetişənədək Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi barədə bildiklərimi bir daha yadıma salıram.
   Qala kəndi 1988-ci ildə qoruq elan edilib. Bu kənddə 216 abidə qeydə alınıb. 5 məscid, 3 hamam, 4 ovdan, 70-dən artıq yaşayış evi, yaşayış qəsrinin qalıqları, türbələr, sərdabələr, kurqanlar 156 hektar ərazisi olan qoruğun sahəsinə daxildir. Beş min illik tarixə malik Qala kəndi bir neçə məhəlləyə bölünürmüş. Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çənbərəkənd məhəllələri bu gün də mövcuddur. Ötən ilin yayında qoruğun ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Məqsədi - açıq səma altında muzey ilə yanaşı, həm də interaktiv turizm kompleksi yaratmaq olub. Bu muzey kompleksi hələlik ölkəmizdə ilk etno-turizm obyekti sayılır. Ərazisi 1,2 hektardır. Ötən ilin yayında kompleksin yaradılmasına başlanılıb. Vətənpərvər ruhlu, səriştəli insanların gərgin əməyi sayəsində qısa müddətdə muzey kompleksindəki işlər yüksək səviyyədə başa çatdırılıb. 2008-ci il oktyabrın 10-da Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak edib. Bildiklərimiz bu qədər. İndi də keçək gördüklərimizə...
  
   Han, xırman, dulusçu sexi, keçə alaçıq görmək istəyirsinizsə...
  
   ...Orta əsr yaşayış evinə daxil oluram. İçəri döşənmiş xalıların şux naxışları adamın gözünü oxşayır. Qonaq otağında üstünə iri yorğan salınmış kürsü qurulub. Gözlərimi yumuram, Abşeronun sümüyə işləyən şimal küləyindən qorunmaq istəyən, uzun gecələri kürsü yorğanının altında qısaldan mehriban ailəni xəyalımda canlandırıram. 
    Adam necə də «can nənə, bir nağıl de» demək istəyir.
   Cingiltili uşaq səsləri məni diksindirir. Görəsən, mən keçmişdəyəm? Yox-yox, sadəcə, keçmişə qayıtmaq istəyən bugünkü uşaqlar da Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qonaqdırlar. Şövqlə, həvəslə kompleksin həyətində qaçışır, istədiklərinə toxunur, səliqəli, gözoxşayan çəmənləri ayaqlayır, suallarını yağdırırlar. Neyləsinlər, bəlkə də, evdə çox şeyə toxunmaq onlara yasaqdı, amma bura başqa aləmdir... Hananın qarşısında əyləşib ilmə vurmaq da olar, hələ desən, təndirə öz əlinlə çörək yapmaq da!
   Ən maraqlı hadisə isə dulusçu emalatxanasında baş verir. Hər kəs, oğlanlar da, qızlar da dulusçu çarxının qarşısında əyləşib nəsə düzəltməyə can atırlar. Həm də uşaq saflığı ilə inanırlar ki, 5-10 dəqiqənin içində nəsə düzəldə biləcəklər. Qıvrımsaç, sarışın, totuq bir oğlan isə buna, deyəsən, hər kəsdən çox inanır. Yoldaşlarının tələsdirməsinə baxmayaraq, Toğrul ayağa qalxmaq istəmir. Çiçək kimi bir qızdan öyrənirəm ki, Bakıdakı 6 saylı məktəbin III sinfində oxuyurlar. Lalə də, Həmidə də deyirlər ki, bura onların çox xoşuna gəlir. Hətta o qədər maraqlıdır ki, vaxtlarını yenicə tanış olduqları jurnalistlə söhbətə yox, qədim dövrün əyləncələrinə sərf etmək istəyirlər. Axı, şəhərdə onlardan Qalada kimi yox, nələri gördüklərini soruşacaqlar.
   Balacaları qınamıram, elə mənim də ürəyimdən keçdi ki, bəlkə, mən də dulusçu çarxının qarşısında əyləşim, uşaqlıqda rəsm dərnəyində öyrəndiklərimi yada salım... Qalsın başqa vaxta...
   Ekskursiyamı başa vurandan sonra muzey kompleksinin direktoru Fikrət Abdullayev ilə söhbətdə ürəyimdən keçən dulusçuluq həvəsimi gizlətmirəm. Fikrət müəllim isə heç təəccüblənmir: «Siz tək deyilsiniz. Böyüklər uşaqlardan az maraqlanmırlar. Valideynlər deyirlər ki, hamımız təndir çörəyinin dadını bilirik. Amma nə təndirxana görmüşük, nə də xırman». Düz deyirlər, heç mən də indiyədək görməmişdim. Xırman da, keçə alaçıq da, tacir evinin interyeri də, dəmirçixana da çox maraqlı idi.
  
   Qala Muzey Kompleksi belə yarandı...
  
   Ekskursiyamı başa vurub inzibati binaya yollanıram. Bu müasir tikilidə də qədim dövrlə canlı ünsiyyətin təəssüratından ayrıla bilmirəm. Amma gəlişimin məqsədi yazı hazırlamaq olduğundan fantaziyamı cilovlayıb müsahibəyə başlayıram. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin direktoru Fikrət Abdullayev suallara ətraflı cavab verir.
  
   - Belə bir muzey kompleksin yaradılmasından məqsəd odur ki, gələn qonaq təkcə qədim yaşayış məskəninə tamaşa etməsin, bütün emalatxanalarda işləsin, əcdadlarımızın həyat tərzini təsəvvür etsin, bir anlıq özünü keçmişdə hiss etsin. Bu, etnoqrafiyanın, milli mədəni irsin yadda qalması, yaşaması üçün lazımdır, digər tərəfdən də buraya gələn qonaq gördüklərini təkcə muzey əşyası kimi yox, canlı orqanizm kmi qavrayır. Şüşənin altındakı eksponatlara baxmaq müasir insana keçmişdən yalnız xəbər verir, onların arasında ünsiyyət yaranmır.
   - Fikrət müəllim, buradakı ən qədim eksponatın yaşı nə qədər olar?
  
- Muzeydəki eksponatların arasında eramızdan əvvəlki 2-3-cü minilliklərin qayaüstü rəsmlərdən başlayaraq, ta XX əsrə aid məişət əşyalarına da rast gəlmək mümkündür. Abşeron yarımadasının tarixinə aid qəbir daşları, kurqanlar da burada toplanıb. Beş min il tarixi əks etdirən keramika nümunələrini də özünüz gördünüz.
   - Açıq səma altında muzey kompleksinin yaradılması barədə qərarın qəbul edilməsi ilə açılış arasında çox az vaxt keçdi. Adamın inanmağı gəlmir ki, təxminən iki ay yarım ərzində belə böyük bir layihə gerçəkləşsin...
 
  - Düz deyirsiniz. Çoxları buna inanmır. Hətta muzey komleksinin layihəsini Türkiyə mütəxəssislərinin hazırladığını güman edənlər də tapılır. Bəri başdan onu deyim ki, Heydər Əliyev Fondu təkcə açıq səma altında muzey layihəsinin təşəbbüsçüsü deyil, həm də bilavasitə iştirakçısıdır. Həm də layihəyə cəlb edilən hər kəs əsl vətənpərvər kimi peşəkarcasına calışıb burada. Bütün gördükləriniz təxminən 70 gün ərzində ərsəyə gəlib. Tikililər Abşeron memarlıq ənənələrinə uyğun olaraq tikilib. Müasir materiallardan istifadə etməli olsaq da, inşaatçılar çalışıblar ki, müasirlik nəzərə çarpmasın. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri namizədi İdris Əliyevin də əməyi çoxdur. Təsəvvür edin ki, eyni vaxtda bir neçə iş görülürdü - həm arxeoloji qazıntı, bərpa-tikinti, abadlaşdırma işləri aparılırdı, həm ekspozisiya yaradılırdı. H.Əliyev Fondunun rəhbərliyinə, şəxsən Mehriban xanım Əliyevaya çox minnətdarıq. Qarşıya çıxan hansısa problem, layihədəki hər hansı dəyişiklik yerindəcə həll olunurdu. Əgər Heydər Əliyev Fondu bu işin başında durmasaydı, qısa vaxt ərzində bu qədər iş görmək mümkün olmazdı.
   - Muzey-kompleks açılandan bəri qonaqlarınızın ardı-arası kəsilmir... Böyük Britaniya şahzadəsi, York hersoqu Endrudən başlayaraq, ölkəmizin bütün ali qonaqları Qalaya tamaşa etməyə gəlir.
 
  - Elədir. Ən müxtəlif beynəlxalq tədbirlərin iştirakçıları, diplomatlar, ziyalılar, hətta Azərbaycana şəxsi dəvətlə gələn əcnəbilər muzey-kompleksdə olublar. Paytaxt yaxınlığında belə qədim tarixi yerlə tanışlıq hamı üçün maraqlıdır.
   Təsəvvür edin, 2008-ci ilin oktyabrın 10-dan ötən ilin sonunadək 2 mindən çox adam muzeyə ekskurs edib. Novruz bayramı günlərində isə təxminən üç min nəfər qonaq qəbul etmişik. Havalar istiləşdikcə qoruğa gələnlərin sayı getdikcə artır. Məktəblilər üçün xüsusi turlar nəzərdə tutulub. Əslində bu layihə elə uşaqlar üçündür. Təndirdə çörək bişirməkdən tutmuş xalça toxumaq, dəmirçixanada dəmir döymək, dulusçu çarxında gil qab düzəltmək daha çox şəhər uşaqlarını maraqlandırır. Özünüz də gördünüz ki, onlar hər şeylə necə yaxından maraqlanırlar. Bu gün onların qoruqda gördüyü hər şey yaddaşlarına həkk olunur, onlarda vətən tarixinə, milli adət-ənənələrə bağlılığı tərbiyə edir.
  
   Gülcahan MİRMƏMMƏD,
   Bakı-Qala-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar